Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-377/2020 11.03.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Lənkəran rayonu, Daşdatük kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq, onun 23 aprel 1994-cü il tarixdən 12 sentyabr 1994-cü il tarixədək N saylı hərbi hissədə xidmət etdiyi müddət ərzində dəfələrlə Füzuli rayonu ərazisində döyüşən hərbi hissənin tərkibində xidmət keçməyini nəzərə alıb ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, keçmiş SSRİ ordusunda həqiqi hərbi xidmətini başa vuraraq, ehtiyata buraxılmışdır. X2 hadisələri ilə əlaqədar onu əvvəllər qüvvədə olan Lənkəran hərbi komissarlığı xətti üzrə toplanışa çağırılaraq Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. Həmin h/h komandirinin 23 aprel 1994-cü il tarixli 213 saylı əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir və həmin vaxt bu h/h-nin tərkibində daima aktiv döyüşlərdə iştirak etmişdir. O, cəbhəyə gedərkən artıq iki övladı var idi. Xidmət dövründə komandanlıq tərəfindən qısa müddətə məzuniyyətə buraxılmışdır və bu məzuniyyət müddətində üçüncü övladı doğulmuşdur. Bu səbəbdən də o, bir daha hərbi xidmət yerinə qayıtmamışdır. N saylı h/h komandirinin 12 sentyabr 1994-cü il tarixli 255 saylı əmri ilə qazan təminatından çıxarılmışdır. Azərbaycan Respublikası Prezidentinin 14 fevral 1994-cü il tarixli 313 saylı Fərmanının 1-ci bəndində təsbit edilmişdi ki, himayəsində 2 və daha artıq uşaqları olan çağırışçılar hərbi vəzifəlilərin qismən səfərbərlik üzrə çağırışına xüsusi sərəncam olanadək möhlət verilsin. Məhz bu səbəbdən də o, bu fərmanın təsir dairəsində olan şəxslərdən olduğunu hesab edərək h/h-yə qayıtmamışdır. Bu səbəbdən də bu günə kimi ona veteran statusu verilməmişdir. Baxmayaraq ki, o, Azərbaycan Respublikası NK-nin 22 oktyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün hərbi qulluqçu kimi orada xidməti vəzifələri yerinə yetirmişdir, yəni o, döyüşən orduda döyüş təminatı ilə bağlı tapşırıqları vicdanla yerinə yetirmişdir. Ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün AR MN-nin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ərizə ilə müraciət etsə də, komissiyanın 26 noyabr 2019-cu il tarixli, 1/Ş-16762 №-li cavab məktubu ilə bildirilmişdir ki, onun müraciətinə komissiyanın 22 noyabr 2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Belə ki, Mərkəzi Arxivin 09 oktyabr 2019-cu il tarixli 9/2-N nömrəli arayışda hərbi hissəni özbaşına tərk etməyi bilinmədiyindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. O, komissiyanın bu cavabı ilə razı deyildir. Hesab edir ki, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi AR MN-in üzərinə vəzifə olaraq qoyulmalıdır. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 13.02.2020-ci il tarixli münasibət məktubunda qeyd edilmişdir ki, Müdafiə nazirinin 06.01.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, müharibə veteranı adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı adı verilə bilməz. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 09 oktyabr 2019-cu il tarixli 9/2-N nömrəli arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparan dövrdə hərbi hissəni özbaşına tərk etmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materialında olan 26.09.2017-ci il tarixdə SƏYYAR ASAN 8 tərəfindən verilmiş Seriya AZE 16624129 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 25.11.1960-cı il tarixdə Lənkəran rayonu, Daşdatük kəndində anadan olmuş, Lənkəran rayonu, Daşdatük kəndində qeydiyyatdadır. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Xanbulan kənd inzibati ərazi dairəsində nümayəndəliyi tərəfindən verilmiş 05.12.2019-cu il tarixli 628 saylı arayışdan görünür ki, Suvarov X1 rayonunun Daşdatük kəndində yaşayır. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 26.11.2019-cu il tarixli 1/Ş-16762 saylı məktubunda qeyd edilmişdir ki, sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın 22.11.2019-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 09.10.2019-cu il tarixli 9/2-N nömrəli arayışında hərbi hissəni özbaşına tərk etməyiniz tarixi dəqiq bilinmədiyindən sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 09.10.2019-cu il tarixli 9/2-15076 saylı arxiv arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Lənkəran RHK-dan toplanışla gəlmiş, 1960-cı il təvəllüdlü sıravi İddiaçı Əlibəy oğlu N №-li hərbi hissə komandirinin 23.04.1994-cü il tarixli 213 №-li əmrilə (əsas: səh 106, § 2, sıra 5, əmrdə atasının adı Əlibəy yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi İddiaçı Əlibəy oğlu N №-li hərbi hissə komandirinin 12.09.1994-cü il tarixli 255 №-li nizami hissə üzrə əmrilə (əsas; səh 35, § 7, sıra 2, əmrdə atasının adı Əlibəy yazılmışdır) qazan təminatından çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 15 yanvar 2020-ci il tarixli 9/2-510 saylı məktubunda qeyd edilmişdir ki, Lənkəran RHK-dan toplanışla gəlmiş, 1960-cı il təvəllüdlü sıravi İddiaçı Əlibəy oğlu N №-li hərbi hissə komandirinin 23.04.1994-cü il tarixli 113 №-li əmrilə (əsas: səh 106, § 2, sıra 5, əmrdə atasının adı “Əlibəy” yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi İddiaçı Əlibəy oğlu N №-li hərbi hissə komandirinin 12.09.1994-cü il tarixli 255 №-li nizami hissə üzrə əmrilə (əsas; səh 35, § 7, sıra 2, əmrdə atasının adı “Əlibəy” yazılmışdır) 4-cü MAT-ın qazan təminatından çıxarılmışdır. N №-li hərbi hisənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab- “a, b, s, o”, səh 84, sıra 473, məlumatda atasının adı “Əlibəy” yazılmış, hərbi hissə komandirinin əmri və verilmə tarixi qeyd edilməmişdir) Lənkəran RHK-dan çağırılmış, 1960-cı il təvəllüdlü İddiaçı Əlibəy oğlunun hərbi hissəni özbaşına tərk etdiyi üçün Baş Qərargah rəisinin 27.06.1995-ci il tarixli müvafiq Direktivinə əsasən şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı N №-li hərbi hissə komandirinin 23.04.1994-cü il tarixli 213 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Lakin hərbi hissəni özbaşına tərk etdiyi üçün N №-li hərbi hissə komandirinin 12.09.1994-cü il tarixli 255 №-li nizami hissə üzrə əmrilə qazan təminatından çıxarılmışdır. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun hələ ilkin redaksiyasının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarla «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni (bundan sonra Əsasnamə) təsdiq etmişdir. Əsasnamənin 1-ci bölməsinin 9-cu abzası nəzərdə tuturdu ki, müharibə veteranı adı «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında» verilir. Əsasnamənin 10-cu abzası isə nəzərdə tuturdu ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 saylı qərarı ilə Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara–müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsinə əsasən hərbi xidmətin başlanğıcı və sonu birmənalı müəyyən edilmişdir: başlanğıc - hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün, sonu - hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında» 1992-ci il 19 fevral tarixli 313 №-li Fərmanı ilə elan olunmuş qismən səfərbərlik faktiki 25 dekabr 1999-cu il tarixədək davam etmişdir. Yəni səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılmasının ilk mərhələsi «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 1996-cı il tarixli 433 №-li Fərmanı ilə həyata keçirilmişdir. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun «Səfərbərlik üzrə çağırış və tərxis olunma haqqında» 24-26-cı və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 186-cı maddəsinə əsasən “səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, həm də səhhətə görə möhlət və azadetmə istisna olmaqla, digər möhlət növləri və çağırışdan azadetmənin tətbiqi dayandırılır; səfərbərlik elan edildikdə səfərbərlik müddəti ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər xüsusi sərəncam alınanadək saxlanılırlar. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» 23.01.1996-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır, xidmətdən ehtiyata buraxılması barədə hərbi biletində qeydlər yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 09.10.2019-cu il tarixli 9/2-15076 saylı arxiv arayışında isə hərbi hissəni özbaşına tərk etdiyi üçün onun N №-li hərbi hissə komandirinin 12.09.1994-cü il tarixli 255 №-li nizami hissə üzrə əmrilə qazan təminatından çıxarılması qeyd edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması müəyyən olunmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə nzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməməlidir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-377/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-377/2020
11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver