Məhkəmə qərarları › İş №2-1(120)-377/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-377/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-377/2022 11.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X9 Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. t ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialı əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, əlilliyə görə əmək pensiyası alırmış, lakin sonradan ona məlum olmayan səbəbdən aldığı əlilliyə görə əmək pensiyası dayandırılıb və o, Dövlət Sosial Müdafiə Fondunun Dövlət Sosial Müdafiə X11 şəxsin 4 saylı ərazi regional filialına müraciət edib. Dövlət Sosial Müdafiə Fondunun Dövlət Sosial Müdafiə X11 şəxsin 4 saylı ərazi regional filialı ona xx.xx.2021-ci il tarixli **********9 nömrəli cavab məktubu göndərərək yenidən əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Dövlət Sosial Müdafiə X11 şəxsin 4 saylı ərazi regional filialı tərəfindən verilmiş imtina məktubunda bildirilmişdir ki, audit yoxlamaları nəticəsində onun 1985-2002-ci il tarixlərdə 83 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə əmək fəaliyyətinə dair sığorta stajı araşdırılarkən müəssisənin sənədləri arxivə təhfil verilmədiyi üçün araşdırmaq mümkün olmamışdır. Nəticədə qeyd edilən illər yəni 1985- 2002-ci illərdə 83 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə əmək fəaliyyətinə dair sığorta stajın nəzərə alınmasına imtina edilmişdir. O, artıq neçə ildir 2-ci dərəcəli əlildir əmək qabiliyyəti məhdutdur. 1985-2002-cı illərdə 83 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə işləməyi haqda sənədləri müəssisə arxivə təhvil verməyibsə bu artıq onun günahı deyil çünki qeyd olunan illər müəssisə rəhbərinin imzası və möhürü ilə əmək kitabçasında qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlillliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən məhkəmə Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin üzərinə əlilliyə görə pensiya təyin edilməsindən ötrü qərar qəbul edilməsi öhdəliyi qoya bilər. Onun 1985-2002-ci illərdə 83 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək Dövlət Sosial Müdafiə X11 şəxsin 4 saylı ərazi regional filialının üzərinə əlilliyə görə pensiya təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X10 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddiaçının əlil olması işin mübahisəsiz halıdır, bununla belə iddiaçının əlil olmasına dair iş materiallarında sübutlar vardır. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür və o, 06 dekabr 2017-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ikinci dərəcəli əlil hesab edilmişdir. Onun əlilliyinə uyğun tələb olunan sığorta stajına malik olması, iş materiallarında olan əmək kitabçası və hərbi bileti ilə təsdiq olunur. Lakin, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1985-ci ildən xx.xx.2002-ci ilə kimi 83 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə işlədiyi dövrlər mübahisələndirilir. Həmin dövrlər nəzərə alınmadıqda iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı kifayət etmir. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının xx.xx.1985-ci ildən xx.xx.2002-ci ilə kimi 83 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə işlədiyi dövrlərdən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (əmək kitabçasında göstərilən digər iş illəri və hərbi xidmət illəri və s.) mübahisə edilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajını təsdiq edilməsində mötəbər sübut kimi qiymətləndirərək, cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.2.1-ci maddəsinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Beləliklə, hazırkı iş üzrə iddiaçının xx.xx.1985-ci ildən xx.xx.2002-ci il tarixinə kimi işləməsi, əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr bütünlüklə iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması, iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işdən xaric olması halı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1985-ci ildən xx.xx.2002-ci ilə kimi 83 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə işləmişdir. - Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 4 saylı ərazi regional filialının xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubun məzmunundan müəyyən olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixli qərarla xx.xx.2017-ci il tarixdən 22 il 7 ay 5 gün sığorta stajı, 21207,33 manat pensiya kapitalı ilə ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Belə ki, ona hüququ yarandığı tarixdən, yəni xx.xx.2017-ci il tarixdən ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunması üçün 14 il 4 ay sığorta stajı, 14190 manat pensiya kapitalı tələb olunur. Təqdim etdiyi sənədlərə əsasən (əmək kitabçası, hərbi xidmət dövrü) onun ümumilikdə 22 il 7 ay 5 gün sığorta stajı və 21207,33 manat kapitalı hesablanmışdır ki, bu da ona ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunmasına kifayət etmişdir. Lakin, Audit yoxlamaları nəticəsində 1985-2002-ci illərdə 83 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə əmək fəaliyyətininə dair sığorta stajı araşdırılarkən müəssisənin sənədləri arxivə təhvil verilmədiyi üçün araşdırmaq mümkün olmamışdır. 1985-2002-ci illərin araşdırılması mümkün olmadığı üçün həmin illərin sığorta stajı kimi nəzərə alınmasına imtina edilmişdir. Həmin illəri nəzərə almadıqda onun 6 il 1 ay 19 gün sığorta stajı və 4037,20 manat pensiya kapitalı müəyyən edilir. Ona görə də tələb olunan pensiya kapitalı çatmadığından əmək pensiyası xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. - İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********2 nömrəli etirazında qeyd edilmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. İddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 41 / 83 saylı X2 işləməsi faktı hər hansı sənədlə təsdiq olunmadığından həmin dövr sosial sığorta stajı kimi nəzərə alınmamalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Bundan başqa iddiaçıya pensiya təyin olunan zaman qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”-nın 4.1.2-ci maddəsinə görə işləyən şəxslərin ərizələrinə pensiya təyin edilməsi üçün zəruri sənədlərlə birlikdə onların işlədikləri müəssisələr tərəfindən tərtib edilmiş sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumat da əlavə edilir; Sığortaolunanların ümumi iş (sosial sığorta) stajı barədə məlumatda onun verildiyi tarix, sığortaedənin adı, ünvanı, telefon nömrələri, əmək pensiyası təyin olunması üçün təqdim edilən şəxsin soyadı, adı, atasının adı, yaşadığı ünvan, pensiyasının növü, himayəsində olan əmək qabiliyyətsiz ailə üzvləri, əmək kitabçasının doldurulma tarixi, işə götürülməsi, bir işdən başqa işə keçirilməsi, işdən azad edilməsi haqqında əmək kitabçasındakı qeydlər göstərilməlidir. Dövlət Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialından göndərilmiş xx.xx.2021 -ci il tarixli məktubdan da göründüyü kimi iddiaçının qeyd olunan illərdə olan stajı nəzərə alınmadıqda onun sığorta stajı və kapitalı qanunda nəzərdə tutulmuş staj və kapital tələbindən az olur. Beləliklə, hazırkı iş üzrə iddiaçının “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq kifayət qədər sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə slınmış və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı olmadığından onun əlilliyə görə əmək pensiyası hüququ yaranmır. Məhkəmədən qərar qəbul edərkən yuxarıda qeyd olunanları nəzərə alınmasını və İddiaçı “əlilliyə görə pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. - İş materiallarında olan Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 119 nömrəli məktubunda qeyd olunmuşdur ki, Sabirabad rayon Dövlət Arxivində mühafizə olunan 83 saylı Səyyar Mexanikləşdirilmiş dəstənin müvafiq sənədlərindən İddiaçı aid əmrlərdən çıxarışlar məhkəməyə göndərilmişdir. 83 saylı Səyyar Mexanikləşdirilmiş dəstənin sənədləri 1988-1996-cı illərə aid olan dövrləri arxivə təhvil verilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********315400 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində olan məlumatlara əsasən 83 saylı Mexanikləşdirilmiş Dəstə vergi orqanında vergi ödəyicisi kimi xx.xx.1999-ci il tarixdə 9 (doqquz) rəqəmli ********* saylı VÖEN i!ə uçota alınmışdır. 83 saylı Mexanikləşdirilmiş Dəstənin xx.xx.2004-cü il tarixdən tətbiq olunan 10 (on) rəqəmli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi uçotuna alınması barədə məlumat aşkar edilməmişdir. 1985-ci ildən xx.xx.2001-ci il tarixədək olan ödənişlər və vergi ödəyicisinin fəaliyyəti barədə məlumatlar vergi orqanının məlumat bazasında olmadığı üçün həmin məlumatları təqdim etmək mümkün olmamışdır. Eyni zamanda 83 saylı Mexanikləşdirilmiş Dəstə tərəfindən xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək dövlət büdcəsinə hər hansı məbləğdə vergi ödənilməsi müəyyən edilməmişdir. xx.xx.2018-ci il tarixdən əvvəlki dövr üzrə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişləri barədə vergi orqanında məlumat olmadığı üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 müvafiq filialına müraciət edilə bilər. - İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********27 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət əmlakının Registrindən məlumatların əldə edilməsi üçün qeydiyyat obyektini müəyyən etməyə imkan verən rekvizitlərin (ünvanı, tabe olduğu yuxarı idarəetmə orqanının adı və s.) göstərilməsi zəruridir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.11-ci yarımbəndinə əsasən kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hüquqi şəxslərin qeydiyyatı ilə bağlı tələb olunan məlumatların əldə olunması üçün aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyə olunur. - İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Sabirabad rayon Statistika İdarəsinin xx.xx.2021-ci il tarixli, 79 nömrəli məktubunda qeyd edilmişdir ki, 83 saylı Səyyar Mexanikləşdirilmiş dəstə xx.xx.1996-cı il tarixdə X4 reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda sözü gedən müəssisəyə dair Sabirabad rayon Statistika idarəsində hər hansı əlavə məlumat yoxdur. Bununla yanaşı nəzərə çatdırılır ki, X4 reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. - İş materiallarında olan Azərbaycan Respublikası Sabirabad rayonu İcra Hakimiyyəti Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin xx.xx.2021-ci il tarixli, 3/2961 nömrəli məktubunda qeyd edilmişdir ki, 83 saylı Səyyar Mexanikləşdirilmiş dəstə xx.xx.1996-cı il tarixdə Sabirabad rayon Statistika İdarəsində X4 Reyestrində qeydiyyata alınmışdır. Statistika İdarəsində sözü gedən müəssisəyə dair hər hansı əlavə məlumat yoxdur. - İş materiallarında olan Dövlət Sosial Müdafiə X11 Şəxsin 4 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubundan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ikinci dərəcəli əlilliyə görə hüququ yarandığı tarixdən, yəni xx.xx.2017-ci il tarixdən 22 il 7 ay 5 gün sosial sığorta stajı və 21207,33 manat pensiya kapitalı ilə ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Belə ki, İddiaçı xx.xx.2017-ci il tarixdən ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunması üçün 14 il 4 ay sığorta stajı və ya fərdi hesabında 14190,00 manat pensiya kapitalı tələb olunurdu. İddiaçı təqdim etdiyi sənədlərə əsasən (əmək kitabçası və hərbi xidmət dövrü) 22 il 7 ay 5 gün sığorta stajı və 21207,33 manat kapital hesablanmışdır ki, bu da ona ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunmasına kifayət etmişdir. Lakin audit yoxlamaları nəticəsində müəyyən edilmişdir ki, xx.xx.1985-xx.xx.2002-ci illərdə 83 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə işləməyinizə dair sığorta stajı araşdırılarkən müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən yoxlanılması mümkün olmamışdır. 1985-2002-ci illərin araşdırılması mümkün olmadığı üçün həmin illərin sığorta stajı kimi nəzərə alınmasına imtina edilmişdir. Həmin illəri nəzərə almadıqda İddiaçı 6 il 1 ay 19 gün sığorta stajı və 4037,20 manat pensiya kapitalı müəyyən edilir. Ona görə də M.Bəşirovun sığorta stajı və pensiya kapitalı çatmadığı üçün əmək pensiyası xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçı mübahisəli və mübahisəsiz illərlə birlikdə 22 il 7 ay 5 gün sığorta stajı və fərdi hesabında 21207,33 manat pensiya kapitalı toplanır ki, bu da ona əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan staja kifayət edir. Lakin, xx.xx.1985-xx.xx.2002-ci illər (16 il 5 ay 16 gün) mübahisəli olduğundan həmin illər sığorta stajı kimi nəzərə alınmır. - İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Müraciətlə əlaqədar olaraq bildirilir ki, xidməti araşdırma zamanı İİ dərəcə əlilliyə görə əmək pensiyası hüququ olmadığı halda xx.xx.2017-ci il tarixindən 22 il 7 ay sığorta stajı nəzərə alınmaqla əmək pensiyası təyin edildiyi məlum olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 63 nömrəli məktubuna əsasən əmək kitabçanın surətində qeyd olunmuş xx.xx.1985-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək “41 saylı SMD”-nin sənədləri X6 Filialına təhvil verilmədiyindən həmin dövrlərin araşdırılması və sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********561100 nömrəli məktubunda qeyd edilmişdir ki, “83 saylı Səyyar Mexanikləşdirilmiş dəstə” xx.xx.1989-cu il tarixdə ********* nömrəli VÖEN-lə vergi uçotuna alınmışdır. 2004-cü il 12 aprel tarixinədək vergi ödəyiciləri 9 rəqəmli VÖEN ilə uçota alınmışdır. Azərbaycan Respublikası Prezidentinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 aprel tarixli 48 nömrəli fərmanına əsasən vergi ödəyiciiəri inventarlaşdırmadan keçərək yeni 10 (on) rəqəmli eyniləşdirmə nömrələri ilə qeydiyyata alınmalı və hər hansı tədiyə, bank və gömrük sənədində (vergilər və sosial sığorta üzrə ödəniş halları istisna olmaqla) VÖEN köhnə qayda ilə 9 (doqquz) rəqəmlə göstərildikdə, həmin sənədlər etibarsız sayılmalı və ödənişi aparan müvafiq bank idarələri, vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilməməlidir. Vergi ödəyicisi 2004-cü il 12 aprel tarixindən hal-hazırkı tarixədək inventarlaşmadan keçmək və yeni VÖEN almaq üçün vergi orqanlarına müraciət etməmişdir“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”-yə məxsus tələb olunan təsis sənədləri 5 saylı Ərazi Vergilər İdarəsində mövcud deyildir. - İş materiallarında olan Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 97 nömrəli məktubunda qeyd olunmuşdur ki, 07 sentyabr 2022 -ci il tarixli soğunuza cavab olaraq bildiririk ki, 83 saylı X1 Dəstənin sənədləri mühafizə üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə, daha doğrusu iddia tələbində göstərdiyi dövrlərə uyğun həmin müəssisədə işləməsi və əmək kitabçasının düzgünlüyü tam sübuta yetirilir. Odur ki, məhkəmə iddiaçının xx.xx.1985-ci ildən xx.xx.2002-ci il tarixə kimi işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir ki, iddiaçı da, xx.xx.1985-ci ildən xx.xx.2002-ci ilə kimi 83 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə işləməsinə dair qeydləri olan əmək kitabçasını cavabdehə təqdim etmişdir. Cavabdeh isə qanunsuz olaraq, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının xx.xx.1985-ci ildən xx.xx.2002-ci il tarixə kimi işləməsi və digər iş illəri iddiaçıya məxsus əmək kitabçasında qeyd olunduğu üçün həmin müəssisə tərəfindən sənədlərin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud fəaliyyətinə dair hesabatları vaxtlı-vaxtında aidiyyatı qurumlara təqdim etməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Başqa sözlə, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud müəssisənin fəaliyyətinə dair sənədlərin müəssisə tərəfindən düzgün təşkil edilməməsi, həmin işlərə görə heç bir cavabdehlik daşımayan, həmin müəssisədə fəhlə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə araşdırması nəticəsində iddiaçının 83 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə işləməsinə dair xx.xx.1989-cu il tarixli, xx.xx.1992-ci il , xx.xx.1992-ci il, xx.xx.1992-ci il, 1994-cü il tarixli əmrlərdən çıxarışlar aşkar olunmuş, həmçinin 83 saylı X1 Dəstənin mübahisələndirilən dövrlərdə (1989-cu il tarixdən vergi uçotuna alınması barədə 5 saylı Ərazi Vergilər İdarəsinin məlumatı, xx.xx.1996-cı il tarixdən X4 reyestrində qeydiyyata alınması barədə Sabirabad Rayon Statistika İdarəsinin məlumatı) fəaliyyət göstərməsi barədə sübutlar əldə edilmişdir. Azərbaycan Respublikasının da qoşulduğu, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyanın 4-cü maddəsinin 1-ci hissəsində əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrı seçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarının və əsas azadlıqlarının tam realizəsini təmin etməyi və həyata keçirməyi öhdələrinə götürürlər. Beləliklə də məhkəmə müəyyən etdi ki, iddiaçı xx.xx.1985-ci ildən xx.xx.2002-ci il tarixə kimi işləməyi ilə bağlı əmək stajı nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddia ərizəsi təmin olunsun. İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərək, əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar