Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3773/2024 22.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməyən sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 üzrə Mərkəzi Filialına qarşı ödənilməyən sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 22 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci ilin oktyabr ayından 2024-cü ilin fevral ayına kimi ödənilməyən sosial müavinət pulunun ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonunun Xırmandlı kəndində yaşayır. Uzun illərdir ki, gözdən əllil olmağı ilə bağlı ümumi xəstəliklə 2-ci qrup əlildir. Buna görə də ona pensiya təyin olunmuşdur. Əlilliyi Tibbi Sosial Ekspertiza tərəfindən 2021-ci ilin oktyabr ayında əsassız olaraq dayandırılmışdır və həmin tarixdən ona ödənilən müavinət pulu da, dayandırılmışdır.O, təkrarən Tibbi Sosial Ekspert Komissiyasından keçmişdir.Lakin müayinəsi əsassız olaraq 2024-cü ilin fevral ayının 12dək davam etmişdir. 2024-cü ilin fevral ayında cavabdeh inzibati orqan qərar vermişdir ki, onun xəstəliyi sağalmazdır və ona 3-cü qrup əlillik təyin olunmuşdur. Ondan asılı olmayan səbəblərdən ona 3 il müddətinə sosial müavinət ödənilməmişdir. Halbu ki, ödənilməliydi. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciəti təmin olunmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2-151471/2024 saylı iddiaya dair yazılı etirazında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.Qanunvericiliyin tələblərinə uyğun olaraq, İddiaçı əlilliyin müddətinin bitməsi ilə əlaqədar ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. X1 Sisteminin Əlillik altsisteminə əsasən iddiaçının xx.xx.2024-cü il tarixdən əlilliyi bərpa edilmiş və müvafiq olaraq xx.xx.2024-cü il tarixdən əlilliyə görə əmək pensiyasının ödənişi 342.61 manat olmaqla bərpa edilmişdir.Cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırılmış olduğu iddia tələbində qeyd olunan dövlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz.İddiaçı əlillik statusunu xx.xx.2024-cü il tarixdə yenidə qazandığından həmin tarixdən etibarən ona əlilliyə görə pensiya bərpa edilib ödənilir. Lakin əlilliyin bitdiyi - xx.xx.2021-ci il tarixdən 6 ay ötürüldüyündən sözügedən qanunun 3.3-1-ci maddəsinin tələblərinə müvafiq olaraq mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir.Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.Sözügedən Qanunun 3.3cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.Sözügedən Qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.Sözügedən Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.Cavabdeh inzibati orqan qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə iddiaçıya qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin sabəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: Məhkəmənin müvafiq sorğusuna əsasən: Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının 3-17-1/2-141255/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş İddiaçı (Biləsuvar, №042600, №160376) pensiya və müavinət ödənişinə dair aşağıdakı: Biləsuvar rayon Müavinət Təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 473 №-li, xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı 2-ci qrup əlilliyə görə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 50,00 manat məbləğində müavinət təyin olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2020-ci il tarixli 32 №-li qərarı ilə İddiaçı 2-ci qrup əlilliyinə görə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə kimi 143,73 manat pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0011 №-li qərarının surətindən müəyyən olunur ki, İddiaçı orqanizim funksiyasının 50 faiz pozulması görə ümumi xəstəliklə ( gözdən əlil) 2 il -xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək təkrar əlillik təyin olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul olunmuş “Ümumi əsaslarla əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/1-O-103063/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı əlilliyə görə ( 50 faiz) xx.xx.2016-cı ildə pensiya təyin olunmuşdur. Hazırkı pensiya məbləği 342 manat 61 qəpik, yenidən hesablanmış əmək pensiyasının məbləği 342 manat 61 qəpik, yenidən hesablanmanın ödəniş tarixli xx.xx.2024-cü ildən xx.xx.2026-cı il tarixədək qeyd olunmuşdur. Eyni zamanda qərarda qeyd olunmuşdur ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3.1-ci maddəsinin tələblərinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qeyd olunanları nəzərə alaraq ona ötürülmüş müddət üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 3-17-1/2-148378/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Nazirliyin X1 sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2015-ci il tarixində ümumi xəstəlik əsasında İİ qrup əlilliyə görə sosial müavinət təyin edilmiş və xx.xx.2020-ci il tarixinədək tam ödənilmişdir.Adıçəkilən şəxsin əlilliyə görə pensiya hüququ yarandığından xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək ona əlilliyə görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir.Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçıya orqanizmin funksiyalarının 31-60% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs statusu verilmişdir. Buna əsasən isə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarı ilə ona xx.xx.2024-cü il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmiş və ödənişi davam etdirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2- 18470/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki,şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilir. İddiaçı müraciəti əsasında xx.xx.2024cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Qəbul zamanı təqdim edilən tibbi sənədlərin araşdırılması və sağlamlıq vəziyyətinin təkrar müayinəsi həyata keçirilmişdir. Müayinə zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilmiş göndərişdə qeyd edilmiş diaqnoza əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq barəsində xx.xx.2024-cü il tarixdən 2 (iki) il müddətinə (28.02.206-cı il tarixədək) ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərarı qəbul olunmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Qanunun 3.3.1-ci maddəsinin tələblərinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlillik yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddətdə daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qeyd olunanları nəzərə alaraq ona ötürülmüş müddətdə daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qeyd olunanlara əsasən ona ötürülmüş müddət üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyə uyğun hesab edilmir. Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əlillik – müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; -Maddə 1.0.2. əlilliyi olan şəxs – müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; Maddə 3.1 Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3 Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən dayandırılmışdır.İddiaçının əlilliyi xx.xx.2024-ci il tarixdən yenidən müəyyən edildiyi üçün həmin tarixdən ona əmək pensiyasının ödənişi bərpa edilmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi 2021-ci ilin iyun ayından xx.xx.2024-cü ilə kimi pensiya məbləğinin ödənilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə, yəni iddiaçının əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən onun əlilliyinin yenidən müəyyən olunduğu xx.xx.2024-cü il tarixədək 6 aydan çox müddət keçdiyinə istinadən həmin müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsindən imtina etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun istinad olunan həmin normasına əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı (hazırkı halda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq tibbi-sosial ekspert komissiyası) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Hazırkı iş üzrə cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsinin tələblərinə uyğun hərəkət etmiş, yəni iddiaçıya əmək pensiyasının ödənilməsini onun əlillik müddətinin bitdiyi tarixdən dayandırmış, onun yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa etmişdir. Yuxarıda istinad olunan norma baxımından, əlillik müddəti bitdikdən sonra əlilliyi yenidən 6 ay ərzində müəyyən edilmədiyi üçün iddiaçı həmin müddət üzrə əlilliyi olan şəxs hesab edilə bilməz. Cavabdeh, iddiaçıya qeyd edilən müddət üzrə əmək pensiyasının ödənilməsindən imtina etmişdir. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçıya ötən müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğini ödəmək öhdəliyi yalnız iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində 6 ay ərzində onun əlilliyinin yenidən müəyyən edilməsi barədə aidiyyəti inzibati orqanın müvafiq qərarı əsasında yaranır. İddiaçının əlilliyinin 6 aydan çox müddət keçdikdən sonra yenidən müəyyən edilməsi hazırkı iş üzrə cavabdehin deyil, iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun əlilliyini müəyyən edən aidiyyəti inzibati orqanın məsuliyyət sferasına aiddir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə görə, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bu baxımdan,əlillik müddəti bitdikdən sonra 6 ay ərzində yenidən müəyyən olunmuş əlillik təyinatı zamanı, qanunun birbaşa göstərişinə əsasən, əlilliyə görə ödəmə əvvəlki əlillik müddətinin bitdiyi tarixdən həyata keçirilməlidir. Bu halda, şəxsin üzərinə əlilliklə bağlı qərarın tarixinin dəyişdirilməsinə dair iddia qaldırmaq vəzifəsi qoyula bilməz. Ödəməni həyata keçirən orqanlar onlara təqdim edilmiş qərarın tarixini nəzərə almaqla qanunun göstərişinə əsasən müddətin bitdiyi tarixdən ödəməni aparmalıdırlar. Əgər müddətin bitdiyi tarixdən ödəmələr aparılmamışsa və ya natamam aparılmışsa, bu halda ödəməni həyata keçirən orqanlara qarşı iddia qaldırılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsi ilə bağlı nəzərə alınmalıdır ki, həmin norma “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna uyğun olaraq şəxsin yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən pensiyanın bərpa edilməsini nəzərdə tutulur. Bundan əlavə yenidən qiymətləndirmə nəticəsində şəxsin əlilliyinin onun əlillik müddətinin bitdiyi tarixdən yuxarıda istinad olunan normada təsbit edilmiş 6 ay ərzində deyil, həmin müddətdən sonra müəyyən olunduğu hallarda, şəxs ilk növbədə əlillik tarixinin dəyişdirilməsinə nail olmalıdır. Başqa sözlə, belə hallarda hüququnun pozulduğunu güman edən şəxs öncə əlilliyin təyinat tarixinin dəyişdirilməsi barədə əlilliyi müəyyən edən inzibati orqana qarşı hüquqi müdafiə imkanlarından istifadə etməlidir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, şəxsin əlilliyinin əvvəlki əlillik müddətinin bitdiyi tarixdən və ya həmin tarixdən ən azından 6 ay ərzində müəyyən olunması üçün üzrlü səbəblər və yetərli əsaslar olmalıdır. Təyinat tarixinin dəyişdirilməsi üçün yetərli əsasların mövcud olduğu təqdirdə və yalnız əlilliyin təyinat tarixinin dəyişdirilməsinə nail olduqdan sonra şəxs ödəməni həyata keçirən orqandan həmin tarixdən ödəmənin həyata keçirilməsini tələb edə, bundan imtina olunduğu təqdirdə isə həmin orqana qarşı iddia qaldıra bilər. Hazırkı mübahisəyə münasibətdə səlahiyyətli inzibati orqan tərəfindən iddiaçının əlilliyi, əlillik müddətinin bitdiyi tarixdən 6 ay ərzində deyil, 2 (iki) ildən çox müddət keçdikdən sonra müəyyən edilmiş və bu barədə müvafiq qərar qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı da bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh həmin qərarın məzmununa bağlıdır və ona uyğun davranmağa, yəni pensiya ödənişini iddiaçının əlilliyi olan şəxs hesab edildiyi tarixdən həyata keçirməyə borcludur. Həmin qərarda iddiaçının əlilliyinin onun əlillik müddətinin bitdiyi tarixdən müəyyən olunmasına dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Buna baxmayaraq, iddiaçı əlillik tarixinin dəyişdirilməsi ilə bağlı qanunla müəyyən olunmuş qaydada səlahiyyətli inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququndan istifadə etməmiş və əlillik tarixinin dəyişdirilməsinə nail olmamışdır. Halbuki, iddiaçı yalnız bundan sonra hazırkı məzmunda iddia tələbi ilə hazırkı cavabdehə qarşı iddia qaldırmaqda haqlı sayıla bilərdi. İPM-yə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (52-ci maddə). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 üzrə Mərkəzi Filialına qarşı ödənilməyən sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-3773/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3773/2024
22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver