Məhkəmə qərarları › İş №2-1(120)-378/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-378/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-378/2023 25.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirаkı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1988-ci ildən xx.xx.2004-cü ilə kimi "xxxx" ASC-də (əvvəlki adı X3 zavodu) işlədiyi illərin iş stajı kimi nəzərə alınaraq hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin 2 saylı X1 qarşı “əmək kitabçasında qeyd edilən və möhürlə təsdiq edilən xx.xx.1988-ci ildən xx.xx.2004-cü ilə kimi "xxxx" ASC-də (əvvəlki adı X3 zavodu) işlədiyi illərin iş stajı kimi müəyyən edilməklə onun pensiyasına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.1988ci ildən xx.xx.2004-cü ilə kimi "xxxx" ASC-də (əvvəlki adı X3 zavodu) işlədiyi illərin iş stajı kimi nəzərə alınaraq hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1955-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, bu günə kimi bir çox İdarə və müəssisələrdə işləmiş və əmək stajı qazanmışdır. Eləcədə xx.xx.1988-ci ildən xx.xx.2004-cü ilədək “Lənkəran Məişət- Təmir" ASC-də (əvvəlki adı X3 Zavodu) işəmişdir. Belə ki, "xxxx" ASC-də (əvvəlki adı X3 Zavodu) xx.xx.1988-ci il tarixli, 56 nömrəli əmri ilə işə qəbul edilmiş və xx.xx.2004-cü il tarixli, 10 nömrəli əmrlə işdən azad edilmişdir. Lakin “Lənkəran Məişət-Təmir" ASC-nin Arxivində xx.xx.1988-ci ildən xx.xx.2004-cü ilə kimi işlədiyi müddətə dair hər hansı bir sənəd (əmr kitabları və əmək haqqı cədvəlləri) aşkar olunmadığına görə həmin illəri təsdiq edə bilməmişdir. İşləməyi ilə bağlı ona əmək kitabçasıda verilmişdir. Həmin əmək kitabçası əsasında işlədiyi illərin pensiyasına hesablanması üçün Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı regional ərazi filialına (Masallı rayon şöbəsinə) müraciət etsə də, əmək kitabçasında işlədiyi illərə dair əmirlərin və möhürün olmasına baxmayaraq halhazırda “Lənkəran Məişət-Təmir" ASC-də (əvvəlki adı X3 Zavodu) işləməyi ilə bağlı əmr və əmək haqqı cədvəlləri aşkar olunmadığından yuxarıda göstərilən müddətin əmək pensiyasına hesablanması mümkün olmadığı bildirilmişdir. Hazırda iş stajını təsdiq edən arxiv arayışı və əmək haqqı cədvəllərini başqa yolla alınması mümkün olmadığından işləməyi ilə bağlı faktın təsdiq olunmasından ötrü məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən xx.xx.1988-ci ildən xx.xx.2004-cü ilə kimi "xxxx" ASC-də (əvvəlki adı X3 zavodu) işlədiyi illərin iş stajı kimi nəzərə alınaraq hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Fondun Masallı rayon şöbəsinə xx.xx.2020-ci il tarixdə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının təqdim etdiyi xx.xx.1976-ci il tarixli ПT-l № ******* nömrəli əmək kitabçasına əsasən sığorta stajının tələb olunan 25 il sığorta stajından az olması səbəbilə, cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məktubu ilə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün (xx.xx.2020-ci il tarixədək) 64 yaş 6 ay müəyyən edilib. Həmin Qanunun 1.0.2ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosiai sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək əmək fəaliyyəti dövrü 8 ay 9 gün, xx.xx.1977-ci il tarixdən xx.xx.1988-ci il tarixədək əmək fəaliyyəti dövrü 11 ii 6 ay 19 gün, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən xx.xx.1974-cü ii tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü 2 il 8 gün olmaqla mübahisələndirilməyən ümumi iş stajı 14 il 3 ay 6 gün təşkil edir. İddiaçının əmək kitabçasında xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 15 il 11 ay 17 gün əmək fəaliyyəti dövrü "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, 66 nömrəli arayışına əsasən mübahisələndirilərək onun ümumi iş stajına daxil edilməmişdir. İşə, tam obyektiv və hərtərəfli baxılmasını təmin etmək məqsədilə tətəflərindən xx.xx.2020-ci il tarixli, ********** nömrəli qarşılıqlı yoxlama aktı tərtib olunmuşdur. Akta əsasən "xxxx" ASC-nin 1991-2004-cü illərə aid əmək haqqı kitabları və 1991-ci ilə aid əmrlər kitabı saxlanılmamışdır. İddiaçı xx.xx.2020-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdən isə 180 manat çatdırılmışdır. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı işlədiyi illərin iş stajı kimi müəyyən edilməklə pensiyasına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçının xx.xx.1988-ci ildən xx.xx.2004-cü ilə kimi "xxxx" ASC-də işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.1976-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyətində olmuş, xx.xx.1988-ci ildən xx.xx.2004-cü ilə kimi "xxxx" ASC-də işləmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 204 nömrəli arayışından görünür ki, 1955-ci il təvəllüdlü İddiaçı həqiqətən 20 may 1974-cü ildən 28 may 1976-cı ilədək keçmiş SSRİnin Silahlı Qüvvələrinin tərkibində xidmət etmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 66 nömrəli arayışının surətindən görünür ki, həqiqətən xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi "xxxx" ASCdə fəaliyyət göstərmişdir. Lakin göstərilən dövr üçün məvacib cədvəlləri saxlanılmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 8 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən kişilərə yaşa görə (xx.xx.2020-ci il tarixədək 64 yaş 6 ay) əmək pensiyası-fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. Təqdim etdiyi əmək kitabçasında 1988-2004-cü illərdə "xxxx" ASC-də (əvvəlki adı X3 Zavodu) işlədiyi qeyd olunmasına baxmayaraq, DSMF –nin Lənkəran şəhər filialının göndərdiyi yoxlama aktına əsasən işlədiyi dövrlərin əmək haqqı kitabları müəssisədə saxlanılmadığından, işləmə faktının düzgünlüyünün yoxlanılması mümkün olmadığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2.1-ci maddəsinə əsasən işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti iş stajına daxil edildiyindən yaşa görə əmək pensiyası hüququndan imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2021 -ci il tarixində daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, vətəndaşların əmək pensiyası hüququnun müəyyənləşdirilməsi üçün tələb olunan sığorta stajına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hüquqi şəxs yaıaimadan sahibkarlıq fəaliyyəti ilə məşğul oian fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri daxil edilir. Eyni zamanda bildiririk ki, “Əmok pensiyalar: haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1 -ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı ilin 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın 3.2,ci bəndinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Lənkəran şəhər Statistika İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 49 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC X6 reyestrində qeydiyyatdadır. Müəssisə xx.xx.1988-xx.xx.2004-cü illərdə və hal hazırda fəaliyyət göstərir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********297500 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1988-xx.xx.2004-cü il tarixlərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki adı X3 Zavodu) qeydiyyatda olması və fəaliyyət göstərməsi barədə məlumatın verilməsi haqqında müraciətinizə aidiyyəti üzrə 6 saylı Ərazi Vergilər Baş idarəsində baxılmışdır. xx.xx.2022-ci il tarixə baza və arxiv məlumatlarına əsasən bildiririk ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 770 saylı Sərəncamına əsasən X3 Zavodunun bazasında "xxxx" ATSC-nin yaradılması və onun hüquqi varisi olması, xx.xx.2015-ci il tarixdən tam özəlləşməsi nəticəsində təşkilat-hüquqi formasının dəyişilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi barədə məlumatlar mövcuddur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi xx.xx.1976-cı il tarixində tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixindən 21,03.1977-ci il tarixinədək əmək fəaliyyəti dövrü 8 ay 9 gün, xx.xx.1977-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək əmək fəaliyyəti dövrü 11 il 6 ay 19 gün, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən xx.xx.1974-xx.xx.1976-cı il tarixinədək hərbi xidmət dövrü 2 il 8 gün olmaqla 01.01,2006-cı il tarixinədək mübahisələndirilməyən ümumi iş stajı 14 il 3 ay 6 gün təşkil edir. Əlavə olaraq bildiriri ki, iddiaçının əmək kitabçasında xx.xx.1988-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək 15 il 11 ay 17 gün əmək fəaliyyəti dövrü Lənkəran "xxxx" ASC-nin 12.11,2020-ci il tarixli, 66 nömrəli arayışına əsasən mübahisələndirilərək onun ümumi iş stajına daxil edilməmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 2 halı əsas götürmüşdür: - xx.xx.1988-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" ASC-də (əvvəlki adı X3 Zavodu) işlədiyi illərin əmək haqlarının yoxlanılmasının mümkün olmaması; - iddiaçının 25 il ümumi iş stajının toplamaması; Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2019-cu il tarixdən 30 iyun 2020-ci il tarixədək kişilərin pensiya yaşı 64 yaş 6 ay müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (64 yaş 6 ay) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1955-ci il tarixdə doğulması və xx.xx.2020-ci il tarixində, yəni 64 yaş 6 ayından pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan İddiaçı məxsus 5.07.1976-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına və inzibati orqan tərəfindən verilən etiraza nəzər yetirdikdə məlum olur ki, iddiaçının: - xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək əmək fəaliyyəti dövrü 8 ay 9 gün, xx.xx.1977-ci il tarixdən xx.xx.1988-ci il tarixədək əmək fəaliyyəti dövrü 11 il 6 ay 19 gün, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin xx.xx.2020ci il tarixli arayışına əsasən xx.xx.1974-cü ii tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü 2 il 8 gün olmaqla mübahisələndirilməyən ümumi iş stajı 14 il 3 ay 6 gün təşkil etmişdir. - İddiaçının əmək kitabçasında xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 15 il 11 ay 17 gün əmək fəaliyyəti dövrü "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, 66 nömrəli arayışına əsasən mübahisələndirilərək onun ümumi iş stajına daxil edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçının hərbi xidmətdə olan dövrü cavabdeh mübahisəsiz hal kimi qəbul etmişdir. Belə ki, İddiaçı xx.xx.1974-cü ii tarixdən xx.xx.1976-cı il tarixədək olan 2 il 8 gün hərbi xidmət dövrü olmuşdur ki, həmin müddət də iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Qeyd olunmalıdır ki, iddiaçının hərbi xidmətdə olduğu və əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox təşkil edir. Lakin, nəzərə alınmalıdır ki, cavabdeh ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi qənaətinə gələrkən, iddiaçının xx.xx.1988-xx.xx.2004-cü il tarixlərdə "xxxx" ASCdə işlədiyi dövrün əmək haqlarının yoxlanılmasının mümkün olmadığını əsas götürmüşdür. Məhkəmə cavabdehin irəli sürdüyü bu mülahizələr ilə razılaşmır. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı (15 il 11 ay 17 gün) “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığörta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016- 2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. İddiaçının işlədiyi "xxxx" ASC-də (əvvəlki adı X3 zavodu) ilə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)- 594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.” Məhkəmə diqqətə çatdırır ki, yuxarıda göstərilən qərarda Ali Məhkəmənin formalaşdırılmış təcrübəsi odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinin müəyyən edilməsi güzəştli arayış əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, şəxsin işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərən müəssisə olub-olmamasının müəyyən edilməsi mühüm olan məsələlərdən biridir ki, bu zaman müvafiq araşdırmanın aparılması üçün aidiyyəti orqanlara müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, bu araşdırma təkcə güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Ali Məhkəmə xüsusi ilə vurğulamışdır ki, əgər hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Nəzərə alınmalıdır ki, bu hissə məhz güzəştli arayış ilə bağlı olmuşdur ki, vətəndaşın ümumi iş stajının yoxlanılması zamanı hər hansı oxşar müəssisəyə sorğu verilməsi zərurəti yaranmır. Yuxarıda göstərilənlər əsasında öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş və məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki: - "xxxx" ASC X6 reyestrində qeydiyyatdadır. Müəssisə xx.xx.1988-xx.xx.2004-cü illərdə və hal hazırda fəaliyyət göstərir. (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Lənkəran şəhər Statistika İdarəsi - xx.xx.2022-ci il tarixli, 49 nömrəli məktub) - xx.xx.1988-xx.xx.2004-cü il tarixlərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki adı X3 Zavodu) qeydiyyatda olması və fəaliyyət göstərməsi barədə məlumatın verilməsi haqqında müraciətinizə aidiyyəti üzrə 6 saylı Ərazi Vergilər Baş idarəsində baxılmışdır. xx.xx.2022-ci il tarixə baza və arxiv məlumatlarına əsasən bildiririk ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 770 saylı Sərəncamına əsasən X3 Zavodunun bazasında "xxxx" ATSC-nin yaradılması və onun hüquqi varisi olması, xx.xx.2015-ci il tarixdən tam özəlləşməsi nəticəsində təşkilat-hüquqi formasının dəyişilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi barədə məlumatlar mövcuddur. (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi - xx.xx.2022-ci il tarixli, **********297500 nömrəli məktub) - X8 həqiqətən xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi "xxxx" ASC-də fəaliyyət göstərmişdir. Lakin göstərilən dövr üçün məvacib cədvəlləri saxlanılmamışdır. ("xxxx" Açıq Səhmdar Cəmiyyəti - xx.xx.2020-ci il tarixli, 66 nömrəli arayış) - "xxxx" ASC-nin 1991-2004-cü illərə aid əmək haqqı kitabları və 1991-ci ilə aid əmrlər kitabı saxlanılmamışdır. xx.xx.2004-cü il tarixli 10 nömrəli əmrdə İddiaçı adı qeyd olunmuşdur. əmrdə başqa xəttlə yazılma aşkar edilmişdir. (xx.xx.2020-ci il tarixli qarşılıqlı yoxlama aktı) - "xxxx" ASC-nin 1988-1991-ci illərə aid əmrlər kitabları və əmək haqqı cədvəlləri saxlanılmadığından İddiaçı işləməsi faktını yoxlamaq mümkün olmamışdır. (xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktı) - "xxxx" ASC-nin sənədləri dövlət arxivinə təhvil verilməmişdir. (X12 filialı – xx.xx.2022-ci il tarixli, B/340 nömrəli arayış) Beləliklə, iddiaçının əmək fəaliyyəti göstərdiyi "xxxx" ASC fəaliyyətdə olan təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxiv və müəssisə də saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv və müəssisədə məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Belə ki, əgər arxiv və müəssisədə yalnız İddiaçı ilə bağlı əmək haqqı arayışı və cədvəlləri olmasaydı o halda məhkəmə bu halı iddiaçının ziyanına şərh edə bilərdi. Sorğu cavablarına əsasən müəssisənin işçilərinin o cümlədən İddiaçı əmək haqqı cədvəlləri, eləcə də digər maliyyə sənədlərinin arxivə təqdim edilmədiyi aşkar qeyd edilmişdir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində (əvvəlki adı X3 Zavodu) işlədiyi illəri onun sığorta stajına daxil edir. Qeyd olunan iş stajı və orduda xidmət illəri cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən (ilkin müraciət xx.xx.2021-ci il tarixdə edilmişdir) əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında Məhkəmə hesab edir ki, iddiaçıya pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2020-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1988-ci ildən xx.xx.2004-cü ilə kimi "xxxx" ASC-də (əvvəlki adı X3 zavodu) işlədiyi illərin iş stajı kimi nəzərə alınaraq hüququnun yarandığı tarixdən (xx.xx.2020-ci il tarixdən) ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar