Məhkəmə qərarları › İş №2-1(120)-379/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-379/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-379/2022 05.04.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh Füzuli rayon Vergilər Şöbəsinin nümayəndəsi X1 iştirаkları ilə, İddiaçı MMC-nin cavabdeh Füzuli rayon Vergilər Şöbəsinə qarşı İddiaçı MMC tərəfindən artıq ödənilmiş 52628,53 manat vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı MMC cavabdeh Füzuli rayon Vergilər Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 52628,53 manat məbləğin və 08.10.2021-ci il tarixdən sonra artıq ödəmənin qaytarılacağı günə qədər hesablanmış faizlərin qaytarılması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-1(120)-379/2022 saylı qərardadı ilə iddia tələbinə İddiaçı MMC tərəfindən artıq ödənilmiş 52628,53 manat vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Füzuli Rayon Vergilər Şöbəsi tərəfindən qəbul olunmuş 18 mart 2016-cı il tarixli **********013900 saylı «vergilərin hesablanması barədə» qərarı ilə "xxxx" MMC-yə 56248,71 manat məbləğində vergilər hesablanmışdır. Qeyd olunan qərar əsassız və qanunsuz olmuşdur. Buna görə də, Füzuli Rayon Vergilər Şöbəsi tərəfindən qəbul olunmuş 18 mart 2016-cı il tarixli **********013900 saylı «vergilərin hesablanması barədə» qərarın ləğv edilməsi barədə qərar çıxarılması üçün 17.10.2018-ci il tarixdə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 11.11.2020-ci il tarixli qərarı ilə İddiaçı MMC-yə vergilərin hesablanması barədə Füzuli rayon Vergilər şöbəsinin 18 mart 2016-cı il tarixli **********013900 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərara əsasən Füzuli Rayon Vergilər Şöbəsi tərəfindən cəmiyyətin şəxsi hesab vərəqəsində düzəlişlər aparılmış, düzəlişlər aparılan tarixə cəmiyyətin dövlət büdcəsinə olan 3624,54 manat borcu silinmiş və bunun da nəticəsində cəmiyyətin 52628,53 manat məbləğində artıq ödəməsi yaranmışdır. Cəmiyyətin şəxsi hesab vərəqəsində yaranmış 52628,53 manat artıq ödəmənin qaytarılması üçün 23.06.2021-ci il tarixdə ərizə ilə Füzuli Rayon Vergilər Şöbəsinə müraciət etmişdir. Şöbədən alınmış cavab məktubunda ərizənin düzgün tərtib edilmədiyi üçün yenidən tərtib edərək göndərməsi bildirilmişdir. 24.08.2021-ci il tarixdə 52628,53 manat artıq ödəmənin qaytarılması üçün yenidən ərizə tərtib edərək vergi orqanına göndərmişdir. 08.09.2021-ci il tarixdə vergi orqanından alınmış cavab məktubunda artıq ödəmənin yaranma tarixinin 04.11.2015-ci il tarixdə olduğunu və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən artıq ödəmənin yarandığı tarixdən 5 il müddət keçdiyinə görə artıq ödəmənin qaytarılmasının məqsədə müvafiq hesab olunmadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-2-ci maddəsi 30 noyabr 2018-ci il tarxili 1356-VQD nömrəli qanuna əsasən 01.01.2019-ci il tarixdə qüvvəyə minmişdir. Onun tərəfindən iddia ərizəsi ilə məhkəməyə 17.10.2018-ci il tarixdə müraciət olunmuşdur. Yekun məhkəmə qərarı 11.11.2020-ci il tarixdə qəbul edilmiş və məhkəmə qərarı 30 gün sonra yəni 11.12.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. 52628,53 manat artıq ödəmənin yarandığı 04.11.2015-ci il tarixdən 5 il müddət hesablanmağa başlamış və müddətin hesablanması tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-2-ci maddəsinə əsasən 01.01.2019-cu ildə dayanmışdır. (Həmin müddətə qədər 5 il müddət hesablanmasından 3 il 1 ay 28 gün ötmüşdür). Yenidən müddətin hesablanması məhkəmə qərarı qüvvəyə minəndən sonra yəni 11.12.2020-ci il tarixdən hesablanmağa başlanmışdır. Həmin müddətdən isə bu günə qədər 9 ay 23 gün keçmişdir. Ümumilikdə isə 5 il müddətin hesablanmasından 3 il 11 ay 20 gün müddət keçmiş və 5 il müddətin tamam olmasına 1 il 10 gün müddət var. Buna görə də, Füzuli Rayon Vergilər Şöbəsi tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı cavab məktubu tam əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən Cəmiyyətin yaranmış artıq ödəməsinin qaytarılması üçün ərizə ilə 24.08.2021-ci il tarixdə vergi orqanına müraciət olunmuşdur. Qeyd olunanlara əsasən Füzuli Rayon Vergilər Şöbəsinin üzərinə "A A.N.İNŞAAT-2010” MMC tərəfindən artıq ödənilmiş 52628,53 manat vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçı A.N.İNŞAAT-2010” MMC-nin nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Füzuli rayon Vergilər Şöbəsinin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarında olan sübutları obyektiv, hərtərəfli, tam tətqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Füzuli Rayon Vergilər Şöbəsinin məhkəməyə göndərdiyi 05 noyabr 2021-ci il tarixli, **********078600 nömrəli məktubunda qeyd edilmişdir: “Füzuli rayon Vergilər şöbəsi sizin 07 oktyabr 2021 -ci il tarixli 2-1 (120)-1768/2021-ci il tarixli məktubunuzun icrası ilə əlaqədar olaraq bildirir ki, şöbə tərəfindən İddiaçı MMC (VÖEN ********** )-nə 2015-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsində mənbəyi bəlli olan məlumatlara əsasən kənarlaşma yarandığına görə 15.03.2016-ci il tarixdə **********912800 uyğunsuzluq məktubu göndərilmişdir. Belə ki, araşdırma zamanı MMC tərəfindən 2015-ci il üzrə təqdim edilmiş cəmi EVHF məlumatlarında görülmüş işin dəyəri 510040,68 (ƏDV-siz) manat olmuş, cəmi ƏDV bəyannamələrindəki dövriyyə məbləği isə 197547,87 ( ƏDV-siz) manat olmuşdur ki, nəticədə dövriyyədə 312492,81 manat fərq yaranmışdır ki, bununla da Vergi Məcəlləsinin 166.1-ci maddəsinin (Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır) tələbləri pozulmuşdur. Bununla da vergidənyayınma halı yaranmışdır. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlər(məlumatlar) təqdim edilmədiyinə görə MMC-yə 18 mart 2016-cı il tarixdə **********013900 saylı qərara əsasən MMC-yə 2015-ci ilin dekabr ayının ƏDV bəyannaməsinə anoloji olaraq 56248.71 manat ƏDV hesablanmışdır. Şirvan İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli 2-1 (120)-17(2020) saylı qərarına əsasən Vergilər şöbəsinin 18 mart 2016-cı il tarixli **********013900 saylı qərarı ləğv olunduğuna görə 23.06.2021-ci il tarixdə məhkəmə qərarına əsasən müəssisənin şəxsi hesab vərəqəsində 56248.71 manat azalma edilmişdir. Həmin azalma 2015-ci ilin dekabr ayının ƏDV bəyannaməsində olduğuna görə şəxsi hesab vərəqəsində azalmanın tarixi 21.01.2016-cı il müəyyən olunmuşdur. Müəssisənin 23.06.2021-ci il tarixə olan borc məbləği nəzərə alınmaqla hal-hazırda şəxsi hesab vərəqəsinin göstəricisinə əsasən vergilər üzrə 52628.53 manat artıq ödəməsi mövcuddur”. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Füzuli Rayon Vergilər Şöbəsinin məhkəməyə göndərdiyi 08 dekabr 2021-ci il tarixli, **********521500 nömrəli etirazında qeyd edilmişdir: “Cavabdeh Füzuli rayon Vergilər Şöbəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: İddiaçı MMC-də (VÖEN **********) 2015-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsində mənbəyi bəlli olan məlumatlara əsasən (minumum dövriyyə) kənarlaşma yarandığına görə 15.03.2016-cı il tarixdə **********912800 uyğunsuzluq məktubu göndərilmişdir. Belə ki, araşdırma zamanı MMC tərəfindən 2015-ci il üzrə təqdim edilmiş cəmi EVHF məlumatlarında görülmüş işin dəyəri 510040,68 manat (ƏDV-siz) olmuş, cəmi ƏDV bəyannamələrindəki dövriyyə məbləği isə 197547,87 manat (ƏDV-siz) olmuşdur ki, nəticədə dövriyyədə 312492,81 manat fərq yaranmışdır ki, bununla da Vergi Məcəlləsinin 166.1-ci maddəsinin (bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır) tələbləri pozulmuşdur. Bununla da vergidən yayınma halı yaranmışdır. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün üçün zəruri sənədlər (məlumatlar) təqdim edilmədiyinə görə MMCyə 18 mart 2016-cl il tarixdə **********013900 saylı qərara əsasən MMC-yə 2015-ci ilin dekabr ayının ƏDV bəyannaməsinə anoloji olaraq 56248.71 manat ƏDV hesablanmışdır. Şirvan inzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(120)-17(2020) saylı qərarına əsasən Vergilər şöbəsinin 18 mart 2016-cı il tarixli **********013900 saylı qərarı ləğv olunduğuna görə 23.06.2021-ci il tarixdə məhkəmə qərarına əsasən müəssisənin şəxsi hesab vərəqəsində 56248.71 manat azalma edilmişdir. Müəssisənin 23.06.2021-ci il tarixə olan borc məbləği nəzərə alınmaqla hal-hazırda şəxsi hesab vərəqəsinin göstəricisinə əsasən, vergilər üzrə 52628.53 manat artıq ödəməsi mövcuddur. Həmin azalma 2015ci ilin dekabr ayının ƏDV bəyannaməsində olduğuna görə şəxsi hesab vərəqəsində azalmanın tarixi 21.01.2016-cı il müəyyən olunmuşdur. MMC tərəfindən 24.08.2021-ci il tarixli **********472500/2 saylı məktubla artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə Füzuli rayon Vergilər Şöbəsinə müraciət etmişdir. Şöbə tərəfindən 08.09.2021-ci il tarixli **********219300 saylı məktubla MMC-nin ŞHV-də artıq ödəmənin yaranma tarixi 04.11.2015-ci il tarixə olduğuna görə Artıq ödəmənin qaytarılması ilə bağlı Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən artıq ödəmənin yarandığı tarixdən 5 il müddət keçdiyinə görə artıq ödəmənin qaytarılması məqsədə müvafiq hesab olunmamışdır. Göründüyü kilmi “A.N.İnşaat-2010" Məhdud Məsuliyyətli Cəmiyyətinin “artıq ödənilmiş 52628,53 manat məbləğin və 08.10.2021-ci il tarixdən artıq ödəmənin qaytarılacağı günə qədər hesablanmış faizlərin qaytarılmasana dair iddia ərizəsi əsassızdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirəm. İş materiallarında olan Füzuli rayon Vergilər şöbəsinin vergilərin hesablanması barədə 18 mart 2016-cı il tarixli **********013900 nömrəli qərarından görünür ki, İddiaçındə kameral vergi yoxlaması keçirilmiş və 56248,71 (əlli altı min iki yüz qırx səkkiz manat yetmiş bir qəpik) manat ƏDV hesablanmışdır. İş materiallarında olan 2-1(120)-17/2020 nömrəli inzibati iş üzrə iddia ərizəsinin surətindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərək Füzuli rayon Vergilər şöbəsinin 18 mart 2016-cı il tarixli **********013900 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2- 1(120)-17/2020 nömrəli qərarından görünür ki, İddiaçı MMC-nin iddiasının təmin edilməsi, İddiaçınə vergilərin hesablanması barədə Füzuli rayon Vergilər şöbəsinin 18 mart 2016-cı il tarixli **********013900 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2- 1(120)-17/2020 nömrəli məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(120)-17/2020 nömrəli qərarı 05 yanvar 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan müəyyən olundu ki, Füzuli rayon Vergilər şöbəsinin 18 mart 2016-cı il tarixli **********013900 nömrəli qərarı ilə A.N.İNŞAAT-2010” MMC barəsində 56248.71 manat məbləğində vergi hesablanmışdır. Qərardan narazı qalan İddiaçı MMC həmin qərarın ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə (sonradan Şirvan İnzibati Məhkəməsi) müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(120)-17(2020) saylı qərarına əsasən Füzuli rayon Vergilər şöbəsinin 18 mart 2016-cı il tarixli **********013900 saylı qərarı ləğv olunmuşdur. Füzuli rayon Vergilər şöbəsinin 18 mart 2016-cı il tarixli **********013900 saylı qərarı ləğv olunduğundan 23.06.2021-ci il tarixdə müəssisənin şəxsi hesab vərəqəsində 56248.71 manat azalma edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının 23.06.2021-ci il tarixə olan borc məbləği nəzərə alınmaqla şəxsi hesab vərəqəsinin göstəricisinə əsasən, vergilər üzrə 52628.53 manat artıq ödəməsi mövcuddur. İddiaçı 52628.53 manat artıq ödəmənin ona qaytarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı 52628.53 manat artıq ödəmənin ona qaytarılması məhkəmədən xahiş edir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının 52628.53 manat artıq ödəməsinin olması işin mübahisəsiz halıdır. Yəni cavabdeh inzibati orqan özü də iddiaçının 52628.53 manat artıq ödəməsinin olmasının qəbul edir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası bu Məcəllə və digər qanunlarla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) iddialara baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87.1-ci, 87.1.1 və 87.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər: digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 3.2-ci bəndinə görə büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə hesab edir ki, Şirvan İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(120)-17(2020) saylı qərarına əsasən Füzuli rayon Vergilər şöbəsinin 18 mart 2016-cı il tarixli **********013900 saylı qərarı ləğv olunduğundan və buna görə 23.06.2021-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsində 56248.71 manat azalma edildiyindən və iddiaçının həmin tarixə olan borc məbləği nəzərə alınmaqla şəxsi hesab vərəqəsində 52628.53 manat atıq ödəməsinin olduğu müəyyən edildiyindən və həmin məbləğin qaytarılması ilə bağlı iddiaçı müəyyən edilmiş qaydada cavabdeh inzibati orqana müraciət etdiyindən cavabdeh inzibati orqan tərəfindən sözügedən pul vəsaitinin iddiaçıya qaytarılmaması qanunsuz olmuşdur. Nəzərə alınmalıdır ki, vergi qanunvericiliyin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən əmlak hüquqlarına qanunsuz müdaxilələrdən qorunmaq üçün vergi ödəyicisini səmərəli hüquqi müdafiə imkanları ilə təchiz etməkdən ibarətdir. Bununla bağlı məhkəmə vurğulayır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərdir. Bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Qeyd olunanlardan məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən 52628,53 manat vergi məbləğinin iddiaçıya qaytarılması barədə müvafiq rəy verilməlidir. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı, cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Buna görə də iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Füzuli rayon Vergilər Şöbəsinə qarşı İddiaçı MMC tərəfindən artıq ödənilmiş 52628,53 manat vergi məbləğinin qaytarılması barədə müvafiq rəy verilməsi öhdəliyi Füzuli rayon Vergilər Şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin iddiası təmin edilsin. İddiaçı MMC tərəfindən artıq ödənilmiş 52628,53 manat vergi məbləğinin qaytarılması barədə müvafiq rəy verilməsi öhdəliyi cavabdeh Füzuli rayon Vergilər Şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar