Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-379/2024 19.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən mülkiyyətinə verilən 0.06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(120)-1194/2023 nömrəli qərardadı ilə Sabirabad rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(120)-379/2024 nömrəli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, 13 saylı Şirvan ərazi idarəsinə ərizə ilə müraciət edərək, aşağıda qeyd olan hüquqi sənədlərinə əsasən, ünvan 1 ünvanda yerləşən, (ata yurdunun normadan artıq torpaq sahəsindən mülkiyyətinə verilən) 0.06 ha torpaq sahəsini qeydiyyata alınmasını xahiş etmişdir. Lakin, 13 saylı Şirvan ərazi idarəsi, təqdim etdiyi hüquqi sənədlərini qeydiyyata almadan imtina edərək, mülkiyyətinə verilən 0.06 ha torpaq sahəsinə, digər istifadəçilərin heç bir hüquqi sənədləri olmadan arasında mübahisə kimi qeyd etmişdir. Sabirabad şəhərində vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaq sahəsinin onların mülkiyyətinə verilməsi ilə bağlı Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəsisləri tərəfindən Sabirabad rayon İcra Hakimiyyəti başçısının Sabirabad şəhər üzrə nümayəndəsi, Sabirabad bələdiyyəsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sabirabad rayon şöbəsinin vəkalətli nümayəndələri ilə birlikdə hazırlanmış və həmin orqanların rəhbərləri ilə razılaşdırılmış, Sabirabad rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş və Sabirabad rayon İHB-nın 16 avqust 2010-cu il tarixli 61 nömrəli sərəncamı ilə torpaq sahələrin Plan və ölçüləri tərtib edilərək, vətəndaşlara verilmişdir. 13 saylı Şirvan Ərazi idarəsi, onun mülkiyyət hüquqlarının qeydə alınmamasını, əsassız hesab edir. Qeyd olunanlara əsasən ünvan 1 ünvanda yerləşən mülkiyyətinə verilən 0.06 ha torpaq sahəsinin mülkiyyət hüquqlarının qeydə alınması və reyestrdən çıxarış verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçı şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə və üçüncü şəxslərə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi, üçüncü şəxs və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsinin, üçüncü şəxsin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Sabirabad şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, ünvan 1 nömrəli evdə yaşayan İddiaçı anası X2 təsərrüfatından ayrılması qərara alınmışdır. İşdə olan torpaq sahələrinin vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı adı 4767 sıra sayı ilə qeyd edilmişdir. İş materiallarında olan Sabirabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 912 nömrəli qərarında qeyd edilmişdir ki, Sabirabad şəhəri ərazisində torpaqların təhvili ilə bağlı tərtib edilmiş baş sxemin təsdiq edilsin, Sabirabad şəhəri ərazisi mülkiyyətlər üzrə aşağıdakı kimi bölüşdürülsün, sərhəd daxilində cəmi 1246,0 hektardır, dövlət mülkiyyətinə 341,0 hektar torpaq sahəsinin ayrılması müəyyən edilsin. Bundan şəhərin perspektiv inkişafı üçün 7,0 hektar torpaq sahəsi verilsin. Xüsusi mülkiyyətə veriləcək torpaq sahəsi 785,4 hektar müəyyən edilsin. İşdə olan A 503973 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Sabirabad rayonu İHB-nın xx.xx.2010-cu il tarixli, 61 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 600.03 kv.m torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, X7 kitabında 11319 nömrə ilə xx.xx.2014-cü il tarixdə uçota alınmışdır. İşdə olan Sabirabad rayonu İHB-nın xx.xx.2010-cu il tarixli, 61 nömrəli sərəncamından görünür ki, Sabirabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 4/2 saylı qərarına əsasən Sabirabad şəhərində yerləşən vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi və onlara planölçü sənədinin hazırlanmasına köməklik göstərilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********94 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabirabad şəhəri, Vidadi küçəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnuzun döviət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanununun” 8-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəddir. Təqdim edilmiş sənədlərlə bağlı olaraq Dövlət Arxivinə sorğu ünvanlanmış və sorğunun cavabına əsasən həmin sənədlərə aid məlumatlar Dövlət Arxivndə aşkar edilməmişdir. Göstərilən səbəbdən müraciətinizin icrası qeyri-mümkündür. Əlavə olaraq qeyd edirik ki, təqdim edilmiş sənədlər əsasında texniki inventarlaşdırılmasının aparılması məqsədilə Ərazi İdarəsinin mütəxəssisləri (mühəndis və texniklər) tərəfindən sizin iştirakınızla daşınmaz əmlaka baxış keçirilməli və müvafiq olaraq daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini, habelə torpaq sahəsinin sərhədləri və qonşuluqları barədə məlumatları əks etdirən müayinə aktı tərtib edilməli, torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasından ötrü işlər aparılmalıdır. Ərizəyə əlavə olunmuş sənədlərdən müəyyən edilmişdir ki, sizin sözügedən torpaq sahəsi ilə bağlı digər istifadəçilərlə aranızda mübahisəniz mövcuddur. Bu səbəbdən torpaq sahəsinin yerində baxış keçirilməsinə, ölçü işlərinin aparılmasına şərait yaradılmamış və mübahisəli hal qeydə alınmışdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cu maddəsinə əsasən torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həmçinin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yuxarıda göstərilən səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, **********09 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabirabad şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından adınız qeyd edilmiş hissədən çıxarışın və Sabirabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli Qərarının təsdiq olunmuş surətinin arxivdən verilməsi barədə xx.xx.2022-ci il tarixli müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır. Arxivdə aparılan araşdırma zamanı Sabirabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli Qərarı aşkar edilməmişdir. Sabirabad şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından adınız qeyd edilmiş hissədən çıxarışın təsdiq olunmuş surəti təqdim edilir. İşdə olan Sabirabad RİH Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 686 nömrəli arayışından görünür ki, X5 ailə üzvləri il birlikdə ünvan 1 nömrəli evdə yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2- 3715/2023 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyinin nəticəsi hissəsində qeyd edilmişdir: xx.xx.2014-cü il tarixli, A № 503973 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı ayrılmış 600.03 kv.m torpaq sahəsinin döngə nöqtə koordinatları naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. xx.xx.2014-cü il tarixli, A № 503973 nömrəli “torpaq sahəsinin pləm və ölçüsü” sənədi əsasında İddiaçı ayrılmış 600.03 kv.m torpaq sahəsinin 2014-cü ildəki (torpaq sahəsi ayrılan zaman) və hazırkı vəziyətdə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid xüsusi mülkiyyətdə olmaqla həyətyanı məqsədi üçün verilmişdir və həyətyanı kimi istifadə edilir. xx.xx.2014-cü il tarixli, A № 503973 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı ayrılmış 600.03 kv.m torpaq sahəsi faktiki olaraq onun özünün, ailə üzvlərinin və qardaşının birgə istifadəsindədir. Yəni bir həyətdə (evdə) yaşayıb istifadə edirlər. xx.xx.2014-cü il tarixli, A № 503973 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı ayrılmış 600.03 kv.m torpaq sahəsinin koordinatları onun (qardaşı ilə birlikdə) istifadəsində (sahibliyində) olan həyətyanı torpaq sahəsinin koordinatlarının hüdudları daxilindədir. xx.xx.2014-cü il tarixli, A № 503973 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı ayrılmış 500.03 kv.m torpaq sahəsi kommunikasiya xətlərinin mühafizə zolağına düşmür. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9745 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir; Qərardadın birinci sualı üzrə xx.xx.2014-cü il tarixli, A № 503973 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı ayrılmış 600.03 kv.m torpaq sahəsinin döngə nöqtə koordinatları naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə xx.xx.2014-cü il tarixli, A № 503973 nömrəli “torpaq sahəsinin pləm və ölçüsü” sənədi əsasında İddiaçı ayrılmış 600.03 kv.m torpaq sahəsinin 2014-cü ildəki (torpaq sahəsi ayrılan zaman) və hazırkı vəziyətdə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid xüsusi mülkiyyətdə olmaqla həyətyanı məqsədi üçün verilmişdir və həyətyanı kimi istifadə edilir. Qərardadın üçüncü sualı üzrə xx.xx.2014-cü ii tarixli, A № 503973 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı ayrılmış 600.03 kv.m torpaq sahəsi faktiki olaraq onun özünün, ailə üzvlərinin və qardaşının birgə istifadəsindədir. Yəni bir həyətdə (evdə) yaşayıb istifadə edirlər. Qərardadın dördüncü sualı üzrə xx.xx.2014-cü il tarixli, A № 503973 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı ayrılmış 600.03 kv.m torpaq sahəsinin koordinatları onun (qardaşı ilə birlikdə) istifadəsində (sahibliyində) olan həyətyanı torpaq sahəsinin koordinatlarının hüdudları daxilindədir. Qərardadın beşinci sualı üzrə xx.xx.2014-cü il tarixli, A № 503973 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı ayrılmış 500.03 kv.m torpaq sahəsi kommunikasiya xətlərinin mühafizə zolağına düşmür. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsində Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.3-cümaddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.5). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sabirabad şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6 nömrəli iclas protokolu ilə ünvan 1 nömrəli evdə yaşayan İddiaçı anası X2 təsərrüfatından ayrılmış, Sabirabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 4/2 saylı qərarına əsasən İddiaçı 0,06 ha torpaq sahəsi ayrılmış, Sabirabad rayon İHB-nın 16 avqust 2010-cu il tarixli 61 nömrəli sərəncamı ilə torpaq sahələrinin Plan və ölçüləri tərtib edilərək verilmişdir. Sabirabad rayonu İHB-nın xx.xx.2010-cu il tarixli, 61 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 600.03 kv.m torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, X7 kitabında 11319 nömrə ilə xx.xx.2014-cü il tarixdə uçota alınmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya imtina verilərkən göstərilmişdir ki, təqdim edilmiş sənədlərlə bağlı olaraq Dövlət Arxivinə sorğu ünvanlanmış və sorğunun cavabına əsasən həmin sənədlərə aid məlumatlar Dövlət Arxivndə aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəmə tərəfindən verilmiş sorğuya cavab məktubunda X3 müavfiq qərarının arxivdə aşkar olmadığı, lakin Sabirabad şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından İddiaçı adı qeyd edilmiş hissədən çıxarışın təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, İddiaçı adı subyektlərin siyahısında qeyd edilmişdir. Belə olduğu halda cavabdeh izibati orqan iddiaçının leyhinə qəbul edilmiş Sabirabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 4/2 saylı qərarının mövcud olmadığını, dəyişdirildiyini, qüvvədə düşdüyünü və geri çağırıldığını sübuta yetirə bilməmişdir. Həmçinin ekspert və mütəxsis rəyi ilə müəyyən edilir ki, İddiaçı ayrılmış 600.03 kv.m torpaq sahəsinin 2014-cü ildəki (torpaq sahəsi ayrılan zaman) və hazırkı vəziyətdə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid xüsusi mülkiyyətdə olmaqla həyətyanı məqsədi üçün verilmişdir və həyətyanı kimi istifadə edilir. Belə olan halda cavabdehin imtinasında qeyd edilən hüquq müəyyənedici sənədin arxivdə aşkar olunmaması səbəsi ilə imtina edilməsi qanuna zidd hesab edilir. Cavabdehin imtinasında və etirazında qeyd edilən sözügedən torpaq sahəsi ilə bağlı digər istifadəçilərlə iddiaçının arasında mübahisənin mövcud olması iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasında imtina üçün əsas ola bilməz. Məhkəmə icratına cəlb olunmuş üçüncü şəxs X5 məhkəmə iclasları zamanı mübahisəli torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd məhkəməyə təqdim etməmiş, bundan başqa məhkəmə tərəfindən verilmiş sorğular nəticəsində mübahisəli torpaq sahəsi ilə əlaqədar X4 xeyirinə hüquq müəyyən edici sənəd aşkar edilməmişdir. Gələcəkdə istifadəçilər ilə mülkiyyətçi arasında yaranan mübahisələr mülki mühakimə icraatı qaydasında həll edilə bilər. Bu əsasla cavabeh inzibati orqanın iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtansını məhkəmə qanuna müvafiq hesab etmir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən mülkiyyətinə verilən 0.06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən mülkiyyətinə verilən 0.06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-379/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-379/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver