Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-379/2025 18.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik pul müavinətin ödənilməsi” tələbinə dair iş üzrə Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik pul müavinətin ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Тəsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cəzadan azad edilməyi ilə əlaqədar olaraq birdəfəlik müavinətin təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qazaxıstan Respublikasının Uralsk Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə QR CM-nin 297-ci maddəsinin 1-ci hissəsinə, 296-cı maddəsinin 2-ci hissəsinə, 58-ci maddəsinin 2-ci hisssəsinə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Uralsk Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəza müddətinin çəkilməmiş qalan 3 il 8 ay 5 gün müddəti ******* təngə ölçüsündə cərimə cəzasına dəyişdirilmişdir. Həmin qərar qanuni qüvvəsini aldıqdan sonra, 13 oktyabr 2022-ci il tarixdə cəzaçəkmə müəssisəsindən buraxılmışdır. Yuxarıda göstərilən cəriməni tam ödədikdən sonra X3 Polis Departamentinin müraciəti üzrə Uralsk Şəhər 2 saylı Məhkəməsinin 20 mart 2023-cü il tarixli qərarı ilə onun Qazaxıstan Respublikası hüdudlarından deportasiya olunmağı qərara alınmışdır. Həmin qərar qüvvəsini aldıqdan sonra, yəni 31 mart 2023-cü il tarixdə ona 10 aprel 2023-cü ilədək müvəqqəti yaşama icazəsi və Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilmişdir. O da 03 aprel 2023-cü il tarixdə ölkəyə qayıtmış və 1 həftə ərzində qeydiyyata düşdükdən sonra, yəni 10 aprel 2023-cü il tarixdə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə təyin edilən birdəfəlik müavinətlə bağlı cavabdehə müraciət etmişdir. Müraciətini cavabdehin Masallı rayonunda yerləşən şöbəsi vasitəsi ilə edərək bütün sənədlərini təqdim etmişdir. Sonradan 27 aprel 2023-cü il tarixli məktubla müraciəti əsassız olaraq təmin edilməmişdir. Həmin məktub ona 30 may 2023-cü il tarixdə poçt vasitəsi ilə çatdırılmış, zərfin içərisində isə onun təqdim etdiyi sənədlərdən ölkəyə deportasiya edilməyi barədə qərarla ölkəyə qayıdış vəsiqənin olmadığı bilmişdir. Halbuki həmin sənədlər onun vaxtında müraciət etməyini göstərir və həmin sənədlər olmasaydı ölkəyə gələ bilməzdi. Qeyd olunan sənədləri cavabdehin Masallı rayon şöbəsinə təqdim etsə də, ya onlar cavabdehə göndərməmiş, ya da ona geri qaytaranda poçta təqdim etməmişlər. O da məcbur qalıb həmin sənədlərin onda olan fotoşəkillərini tərcümə edərək ərizəyə əlavə etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə daxil olmuş etirazında qeyd edir ki, İddiaçı Qazaxıstan Respublikasının Uralsk Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Uralsk Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəza müddətinin çəkilməmiş 3 il 08 ay 05 gün müddəti cərimə cəzası ilə əvəz edilmişdir. 13 oktyabr 2022-cü il tarixdə iddiaçı cəzaçəkmə müəssisəsindən azad edilmişdir. X3 Polis Departamentinin müraciəti üzrə Uralsk Şəhər 2 saylı Məhkəməsinin 20 mart 2023-cü il tarixli qərarı ilə İddiaçı Qazaxıstan Respublikası hüdudlarından deportasiya olunması qərara alınmışdır. 31 mart 2023-cü il tarixdə iddiaçıya 10 aprel 2023-cü ilədək müvəqqəti yaşama icazəsi və Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi ona birdəfəlik pul müavinətinin təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmış və Qanunun 31-ci maddəsinə əsasən üç ay müddətində Azərbaycan Respublikasına qayıtmadığından ona Qanunun 14.1-ci maddəsində müəyyən edilən müavinətin təyin edilməsi qanunauyğun hesab edilməmişdir. Bu barədə iddiaçıya “Sosial müavinətin təyin edilməsindən imtina edilməsi haqqında” xx.xx.2023-ci il tarixli 3- 17-1/2-Q- 92320/2023 nömrəli məktubla məlumat verilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsi ilə bağlı ərizəsini təmin etməkdən imtina etməkdə haqlı olmuşdur. Belə ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra - Qanun) əsasən bu Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Həmin Qanunun 3.1-ci maddəsinə müvafiq olaraq cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. İddiaçı Qazaxıstan Respublikasının Uralsk Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Uralsk Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəza müddətinin çəkilməmiş 3 il 08 ay 05 gün müddəti cərimə cəzası ilə əvəz edilmişdir. 13 oktyabr 2022cü il tarixdə iddiaçı cəzaçəkmə müəssisəsindən azad edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, cərimə ödəmək üçün 31 mart 2023-cü il tarixədək Qazaxıstan Respublikası ərazisində qalmışdır. İddiaçı cəriməni 3 ay ərzində ödəməməsinin əsaslı olması barədə məlumat təqdim etməmişdir. Cəriməni ödəmək vəzifəsi iddiaçının səlahiyyətində olduğu üçün cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmalı idi. Sadalanan normaların məzmunundan göründüyü kimi, digər dövlətin - Qazaxıstan Respublikasının penitensiar müəssisəsində 27 sentyabr 2022-ci il tarixdə (Qazaxıstan Respublikasının Ədliyyə Nazirliyinin 156653 saylı arayışına əsasən) cəza çəkməkdən azad edilmiş iddiaçıya sözügedən birdəfəlik pul müavinətinin təyin edilib ödənilməsi üçün o, cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmalı idi. Halbuki, iddiaçı 04 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmış və 10 aprel 2023cü il tarixdə inzibati orqana müavinət təyini üçün müraciət etmişdir. Odur ki, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İş üzrə təyin olunmuş şifahi məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, İddiaçı isə gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. xx.xx.1978-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Həmçinin iddiaçının yaşadığı ünvan Masallı rayonunun Böyük Xocavar kəndidir. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Qanunun 3.1-ci maddəsinə uyğun olaraq həmin Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Bildirilir ki, Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin 156653 nömrəli arayışına əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək cəza çəkmisiniz. Təqdim etdiyiniz Azərbaycan Respublikasına qayıdış şəhadətnamənizə əsasən xx.xx.2023-cü il tarixində ölkəyə qayıtmış və birdəfəlik müavinətin təyin olunması üçün xx.xx.2023-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara regional filialına müraciət etmisiniz. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmadığınızdan sizə sözügedən birdəfəlik müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Seriya AE 156653 nömrəli, xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, xx.xx.1978-ci il təvəllüdlü, Azərbaycan Respublikasında anadan olmuş İddiaçı xx.xx.2021-ci il tarixində Uralsk şəhəri Məhkəməsi tərəfindən QR CM-nin 297-ci maddəsinin 1-ci hissəsinə, 296-cı maddəsinin 2-ci hissəsinə, 58-ci maddəsinin 2-ci hissəsinə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilə kimi cəza müddətinin bitməsinə görə azadlığa buraxılmışdır. Uralsk şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə, cəza müddətinin bitməyən hissəsini 3 il 8 ay 5 gün müddətinə 1019 619 təngə ölçüsündə cəriməyə dəyişdirilmişdir. Qərbi Qazaxstan vilayəti Uralsk şəhərinin 2 saylı Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2711-23-00-2/2005 nömrəli qərarında qeyd edilmişdir ki, «Qərbi-Qazaxıstan vilayəti Polis departmenti haqqında» dövlət müəssisənin Azərbaycan vətəndaşı İddiaçı Qazaxıstan Respublikasından kənara çıxarılması haqqında ərizə təmin edilsin. Azərbaycan vətəndaşı, xx xxxxxxx 1978-ci il təvəllüdlü İddiaçı qərarın çıxarıldığı andan 5 (beş) gün ərzində Qazaxıstan Respublikasından kənara çıxarılsın. Çıxarılması ilə bağlı xərcləri İddiaçı həvalə edilsin, Qasımovun pul vəsaitləri olmadıqda və ya kifayət qədər olmadıqda, xərclər büdcə vəsaitlərin hesabına aid olunsun. Qərarın surəti icrası üçün Uralsk ş. polis idarəsinə göndərilsin. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Qazaxıstan Respublikasından kənara çıxarılması haqqında qərar onun qəbul olunduğu andan qüvvəyə minir və əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Qazaxıstan Respublikasından kənara çəxarılması üçün əsasdır. Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin 09-23RVP-365839 nömrəli Müvəqqəti yaşama icazəsindən görünür ki, İddiaçı müvəqqəti yaşaması üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi vaxt verilmişdir. İddiaçı AA0201324 nömrəli Qayıdış şəhadətnaməsi xx.xx.2023-cü il tarixdə verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/1-Q-92397/2023 nömrəli qərarında qeyd edilmişdir ki, İddiaçı birdəfəlik sosial müavinətin təyin edilməsi 3 ay müddət keçdikdən sonra müraciət etdiyi üçün mümkün olmamışdır. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ölkəyə giriş etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. Məhkəmə tərəfləri dinləyərək, iddia və etiraz ərizəsini, iş materiallarında olan sübutları qərəzsiz və obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun: 1.0.1-ci maddəsində müəyyən edilir ki, penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. 3.1-ci maddəsinə əsasən bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. 3.2. cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə bağlı bu Qanunda nəzərdə tutulmuş tədbirlər yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxslər barəsində məhdudlaşdırıla bilər. 4-cü maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası qanunçuluq, humanizm, sosial ədalət, ünvanlılıq və könüllülük prinsiplərinə əsaslanır. 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirdir. 9.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. 9.2-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. 14.1-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 5.4-cü, 6.3-cü, 7.1-ci, 7.2-ci, 8.1-ci, 10.4-cü, 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Sadalanan normaların məzmunundan aydın olur ki, Qanunun dispozitiv şərtlərinin mövcud olması üçün iddiaçının cəza çəkməkdən azad edilmiş şəxs olması və sosial adaptasiyaya ehtiyacının olması müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının penitensiar müəssisədə cəza çəkməsi və cəzadan azad olunması işin mübahisələndirilməyən halıdır. Belə ki, məhkəmə təmin və tədqiq etdiyi sübutlara istinadən müəyyən edir ki, xx.xx.1978-ci il təvəllüdlü, Azərbaycan Respublikasında anadan olmuş İddiaçı xx.xx.2021ci il tarixində Uralsk şəhəri Məhkəməsi tərəfindən QR CM-nin 297-ci maddəsinin 1-ci hissəsinə, 296-cı maddəsinin 2-ci hissəsinə, 58-ci maddəsinin 2-ci hissəsinə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilə kimi cəza müddətinin bitməsinə görə azadlığa buraxılmışdır.Bundan sonra Uralsk şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cəza müddətinin bitməyən hissəsi 3 il 8 ay 5 gün müddətinə 1019 619 təngə ölçüsündə cəriməyə dəyişdirilmişdir.Cəriməni ödədikdən sonra Qərbi Qazaxstan vilayəti Uralsk şəhərinin 2 saylı Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2711-23-00-2/2005 nömrəli qərarı ilə iddiaçının Qazaxıstan Respublikasından kənara çıxarılması haqqında ərizə təmin edilmiş və qərarın çıxarıldığı andan 5 (beş) gün ərzində Qazaxıstan Respublikasından kənara çıxarılmağı qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinə əsasən, xx.xx.2023-cü il tarixində ölkəyə qayıtmış və birdəfəlik müavinətin təyin olunması üçün xx.xx.2023-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara regional filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə baxılmış və cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmadığından ona sözügedən birdəfəlik müavinətin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə imtinanın əsasına münasibətdə qeyd edir ki, işin yuxarıda qeyd olunan faktiki hallarından başqa Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda da İddiaçı sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ölkəyə giriş etdiyi qeyd edilmişdir. Sözügedən Qanunun sistematik təfsiri onu deməyə əsas verir ki, dövlətin əsas məqsədi cəza çəkməkdən azad edilmiş şəxslərin hər birinin sosial adaptasiyasına, yəni cəmiyyətə qazandırılmasına nail olmaqdır. Sosial adaptasiya ifadəsinin mənası insanların sosial mühitə uyğunlaşdırılması və nəticə etibarilə onlara özlərini cəmiyyətdə tam bərabərhüquqlu şəxs kimi hiss etməyə imkan verilməsi deməkdir. Elə buna görədir ki, Cəzaların İcrası Məcəlləsində də məhkumların hələ cəzadan azad edilənədək cəmiyyətə yenidən inteqrasiya olunmasını asanlaşdırmaq üçün tədbirlər nəzərdə tutulmuşdur. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarına istinadən hesab edir ki, Qanunun dispozisiyasında göstərilən ikinci şərt, yəni iddiaçının sosial adaptasiyaya ehtiyacı olması şərti də iddiaçıya münasibətdə ödənilir. Məhkəmə etirazın əsaslarına münasibətdə qeyd edir ki, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik pul müavinətinin iddiaçıya münasibətdə Qanunun 31-ci maddəsinə istinadən təyin edilməsindən imtina olunması qanunauyğun olmamışdır. Belə ki, iddiaçı ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının bir hissəsini penitensiar müəssisədə çəkdikdən sonra cəzanın qalan hissəsi cərimə ilə əvəz olunmuşdur və o, cəriməni ödədikdən sonra məhkəmə qərarı ilə onun Qazaxıstan Respublikasından kənara çıxarılmağı qərara alınmış və şəhadətnaməni aldıqdan sonra 3 gün ərzində ölkəni tərk etmişdir. Bundan sonra İddiaçı ölkəyə giriş etdikdən 6 gün sonra tələblə cavabdeh inzibati orqana müraciət etmiş və beləliklə də, müddəti ötürməmişdir. Belə ki, etirazın əsasını təşkil edən hal iddiaçının iradəsindən kənar baş vermişdir. Bu səbəbdən də cavabdehin etirazı qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarını məhdudlaşdıran hal hesab olunur. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh inzibati orqanın üzərinə iddiaçıya cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyi qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-379/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-379/2025
18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver