Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-38/2021 21.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı Abdülnasir oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı JN 1229A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında mülkiyyət hüququn qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Abdülnasir oğlu cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 1229A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında mülkiyyət hüququn qeydiyyta alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 25 avqust 2020-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Abdülnasir oğlu, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin nümayəndəsi və üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı Abdülnasir oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, ona Aslara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 12 saylı qərarı ilə 0,66 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə göstərilmişdir ki, şəhadətnamə iki nüsxədə tərtib edilib və 1092 nömrə ilə kitabda qeydə alınmışdır. Mülkiyyətinə verilmiş həmin torpaq sahəsini o, çəpərə almış və həmin torpaq sahəsində özünə ev tikmiş və iyirmi ildən artıqdır ki, həmin evdə yaşayır. Öz evini və torpaq sahəsini qeydə aldırmaq istədiyi üçün 27 noyabr 2019-cu il tarixdə ərizə ilə DƏDRX-nin 10 saylı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 10 saylı Ərazi İdarəsi 04 dekabr 2019-cu il tarixdə **********21 nömrəli məktubla onun nümayəndəsi X1 cavab məktubu yazmış və həmin məktubla bildirmişdir ki, torpağın qeydə alınmasına imtina edilir. Həmin məktubda bildirilir ki, Ərazi İdarəsi xidmət orqanı olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququ və digər əşya hüquqlarının əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsinin dövlət qeydiyyatını Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirən orqandır. Bu baxımdan bildirir ki, Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında JN 1229A nömrəli "Şəhadətnamə" ilə İddiaçı Abdülnasir oğlunun tam mülkiyyətinə verilmiş Astara rayonu, Şahağacı kənd ərazisində yerləşən 0,66 ha həyətyanı torpaq sahəsinə dair əvvəllər yaranmış hüququların aidiyyatı hissədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat ilə əlaqədar həmin əmlaka dair arxiv və baza məlumatları tərəfindən araşdırılmış, araşdırmanın nəticəsi olaraq müəyyən olmuşdur ki, ilkin hüquqmüəyyənedici sənəd olaraq həmin JN 1229A nömrəli şəhadətnamə üzrə iddiaçıya 0,66 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə qeyd olunmasına baxmayaraq ləğv edilmiş DTXK-nin DƏDRX-yə təqdim etdiyi mövcud DWG (xəritə) və DBF (siyahı) baza məlumatlarında isə həmin torpaq sahəsinin ümumi ölçüsü 0,06 ha və digər vətəndaşın adına olması göstərilmişdir. DƏDRX-nin 10 saylı Ərazi İdarəsi xəritə və siyahıda həmin torpaq sahəsinin baza məlumatlarının olmamasını göstərərək və həmin torpaq sahəsinin ölçüsünün 0,06 ha olmasını göstərir və həmin torpaq sahəsinin digər şəxsə məxsus olduğunu göstərir. Əgər təmsil etdiyi şəxs dövlət tərəfindən təsdiq olunmuş və TorpaqKomitəsinin kitabında qeydə alındığı göstərilən şəhadətnamə verilibsə, o, həmin torpaq sahəsini çəpərə alıb özünə ev tikmişsə və bu uzun illər ərzində heç kim ona həmin torpağın ona məxsus olması barədə bir iddia irəli sürməmişsə, bu onun təqsiri deyil. Torpağı verən orqan həmin torpağı xəritəyə salmalı və siyahıya almalı idi. Bu komitəsinin vəzifəsi idi. Əgər Torpaq komitəsi öz vəzifəsini yerinə yetirməyibsə onda həmin vəzifəni, onun hüquqi varisi olan DƏDRX yerinə yetirməli və həmin torpağı xəritəyə və siyahıya əlavə etməlidir. DƏDRX isə yalnız vətəndaşa imtina etməklə öz işini bilmiş hesab edir. Bundan əlavə, həmin torpaq sahəsi hansı digər bir vətəndaşındır. DƏDRX bu barədə ona heç bir məlumat vermir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsi iddia ərizəsinə yazılı münasibətində göstərmişdir ki, iddiaçı şəxsin adına fərdi yaşayış evinin tikintisi məqsədilə Astara rayon Aqrar islahat Komissiyasının müvafiq qərarı əsasında JN-1229A nömrəli şəhadətnamə üzrə Şahağacı kəndi ərazisində ayrılmış 0,66 ha həyətyanı torpaq sahəsinə dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması öhdəliyinin üzərlərinə qoyulması məsələsinə münasibətin (etirazın) bildirilməsinə münasibətdə bildirir ki, müvafiq sənədlər üzrə aidiyyəti hissədə qeydiyyatın aparılması Ərazi idarəsinin imkanları xaricindədir. Belə ki, tərəflərindən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Astara rayonu, Şahağacı kəndi ərazisində yerləşən Astara rayon Aqrar islahat Komissiyasının müvafiq qərarı əsasında JN-1229A nömrəli şəhadətnamə ilə hazırki iş üzrə iddiaçıya ayrıldığı ehtimal edilən 0,66 ha torpaq sahəsinin qeydiyyata alınması ilə əlaqədar iddia ərizəsində qeyd olunanlarla mövcud DBF (siyahı) və DWG (xəritə) baza məlumatları arasında uyğunsuzluq vardır. Hazırkı sərəncamın icrası olaraq tərəflərindən aparılan araşdırma nəticəsində məlum oldu ki, barəsində qeyd olunan JN-1229 nömrəli “Şəhadətnamə” mövcud DBF (siyahı) məlumatlarında hazırki iş üzrə iddiaçı şəxsin adına deyil, digər vətəndaş X3 adına tərtib olunmuşdur və həmin hüquqmüəyyənedici sənədlə iddia ərizəsində qeyd olunduğu kimi ümumilikdə torpaq sahəsinin ölçüsü 0,66 ha deyil, reallıqda 0,06 ha həyətyanı torpaq sahəsi kimi həmin şəxsin tam mülkiyyətinə verilmişdir və bu barədə DWG (xəritə) məlumatlarında aidiyyəti qeydlər aparılmışdır. Eyni zamanda onu da bildirir ki, X3 adına verilmiş JN- 1229 nömrəli “Şəhadətnamə” barədə şəhadətnamələrin qeydiyyatı kitabında qeyd aparılmamış və həmin şəhadətnamənin arxiv nüsxəsi aşkarlanmamışdır. Lakin hazırki iş üzrə iddiaçı şəxsin adına isə ümumiyyətlə mövcud arxiv və baza məlumatlarında hər-hansı bir qeydiyyat aparılmamışdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinə qanunamüvafiq olaraq etiraz edirlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1). İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsiri altına düşür. Daşınmaz əmlak isə Astara rayonu ərazisində yerləşir. Məhkəmə- Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə əsaslı deyil. Belə ki, İddiaçı Abdülnasir oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı JN 1229A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında mülkiyyət hüququn qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan 15.12.2006-cı il tarixli, JN-1229A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 03.03.1998-ci il tarixli, 12 saylı qərarına əsasən 0,66 ha həyətyanı torpaq sahəsi İddiaçı Abdülnasir oğlunun mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin iddiaçının müraciətinin cavablandırılması haqqında 04.12.2019-cu il tarixli, **********21 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında JN 1229A nömrəli "Şəhadətnamə" ilə İddiaçı Abdülnasir oğlunun tam mülkiyyətinə verilmiş Astara rayonu, Şahağacı kənd ərazisində yerləşən 0,66 ha həyətyanı torpaq sahəsinə dair əvvəllər yaranmış hüququların aidiyyatı hissədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat ilə əlaqədar həmin əmlaka dair arxiv və baza məlumatları tərəfindən araşdırılmış, araşdırmanın nəticəsi olaraq müəyyən olmuşdur ki, ilkin hüquqmüəyyənedici sənəd olaraq həmin JN 1229A nömrəli şəhadətnamə üzrə iddiaçıya 0,66 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə qeyd olunmasına baxmayaraq ləğv edilmiş DTXK-nin DƏDRX-yə təqdim etdiyi mövcud DWG (xəritə) və DBF (siyahı) baza məlumatlarında isə həmin torpaq sahəsinin ümumi ölçüsü 0,06 ha və digər vətəndaşın adına olması göstərilmişdir. Belə ki, təqdim olunmuş sənəd üzrə məlumatlarda mövcud elektron baza məlumatları arasında uyğunsuzluğun yarandığı müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən hazırkı müraciətin icrası Ərazi idarəsinin imkanları xaricində olduğundan, icrası təmin olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin məhkəməyə ünvanladığı 06.02.2020-ci il tarixli, **********56 nömrəli məktubunda qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Xidmətin tabeliyində olan "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin arxivlərində İddiaçı Abdulnasir oğlunun adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-1229A, KOD 80112018 şəhadətnamə və həmin şəhadətnamənin verilməsinə əsas olmuş sənədlər mövcud deyil. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin məhkəməyə ünvanladığı 12.02.2020-ci il tarixli, **********35 nömrəli məktubunda qeyd olunmuşdur ki, aparılan araşdırmanın nəticəsi olaraq məlum oldu ki, barəsində qeyd olunan JN-1229 nömrəli “Şəhadətnamə” mövcud DBF (siyahı) məlumatlarında hazırki üzrə iddiaçı şəxsin adına deyil, digər vətəndaş X3 adına tərtib olunmuşdur və həmin hüquqmüəyyənedici sənədlə 0,06 ha həyətyanı torpaq sahəsi onun tam mülkiyyətinə verilmişdir. Bu barədə DWG (xəritə məlumatlarında aidiyyəti qeydlər aparılmışdır. Eyni zamanda onu da bildirirlər ki, X3 adına verilmiş JN-1229 nömrəli “Şəhadətnamə” barədə şəhadətnamələrin qeydiyyatı kitabında qeyd aparılmamış və həmin şəhadətnamənin arxiv nüsxəsi aşkarlanmamışdır. Lakin hazırki iş üzrə iddiaçı şəxsin adına isə ümumiyyətlə mövcud arxiv və baza məlumatlarında hər-hansı bir qeydiyyat aparılmamışdır. İşdə olan "xxxx" MMC-nin 13.01.2021-ci il tarixli, 018/Mİ/21 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı Abdulnasir oğlunun xüsusi mülkiyyətinə verilmiş Astara rayonu, Şahağac kəndində yerləşən 0,66 ha torpaq sahəsinin koordinatları və sərhədləri müəyyən olundu. Sözügedən torpaq sahəsinin hüquqi statusu-iddiaçıya məxsus JN-1229A, Kod 80112018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən tam mülkiyyətidir və şəhadətnamədə göstərilən formada və ölçüdə tam şəkildə İddiaçı Abdulnasir oğlunun istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 04.12.2019-cu il tarixli cavab məktubunda sözügedən torpaq sahəsinin DBF(siyahı) baza məlumatlarında 0,06 ha olması və digər vətəndaşın adında olması göstərilmişdir. Lakin, araşdırmaların əsasında digər vətəndaşın adı və onun adına olması haqqında əsas arxiv sənədlərində aşkar olunmamışdır. Həmin torpaq sahəsi hal-hazırda 0,66 ha olmaqla İddiaçı Abdulnasir oğlunun istifadəsindədir və 3 mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. 2011-ci ilin ortofoto görüntüsündə sözügedən 0,66 ha torpaq sahəsini və fərdi yaşayış evini müşahidə etmək olur. Qeyd edilən torpaq sahəsi digər mülkiyyətçilərə məxsus olan qonşu torpaq sahələri ilə üst-üstə düşmür. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun, Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası bölməsinin 8.0.4-cü maddəsində-bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri nəzərdə tutulur. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 15.03.2021-ci il tarixli, 10/301 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, "xxxx" MMC-nin mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: İddiaçı Abdulnasir oğlunun xüsusi mülkiyyətinə verilmiş Astara rayonu, Şahağac kəndində yerləşən 0,66 ha torpaq sahəsinin koordinatları və sərhədləri müəyyən olundu. Sözügedən torpaq sahəsinin hüquqi statusu-iddiaçıya məxsus JN-1229A, Kod 80112018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən tam mülkiyyətidir və şəhadətnamədə göstərilən formada və ölçüdə tam şəkildə İddiaçı Abdulnasir oğlunun istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 04.12.2019-cu il tarixli cavab məktubunda sözügedən torpaq sahəsinin DBF(siyahı) baza məlumatlarında 0,06 ha olması və digər vətəndaşın adında olması göstərilmişdir. Lakin, araşdırmaların əsasında digər vətəndaşın adı və onun adına olması haqqında əsas arxiv sənədlərində aşkar olunmamışdır. Həmin torpaq sahəsi hal-hazırda 0,66 ha olmaqla İddiaçı Abdulnasir oğlunun istifadəsindədir və 3 mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. 2011-ci ilin ortofoto görüntüsündə sözügedən 0,66 ha torpaq sahəsini və fərdi yaşayış evini müşahidə etmək olur. Qeyd edilən torpaq sahəsi digər mülkiyyətçilərə məxsus olan qonşu torpaq sahələri ilə üst-üstə düşmür. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumalarl təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. Qeyd olunanlar nəzərə alınmaqla, mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İşdə olan Astara rayon İcra Hakimiyyəti başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayənəliyinin 07.07.2021-ci il tarixli, 28 nömrəli məktunundan görünür ki, Şahağac kənd İƏD üzrə nümayəndəliyində qeydiyyatda olan İddiaçı Abdülnasir oğlunun 0,66 ha torpaq sahəsi olmadığından təsərrüfatbaşı kitabda heç bir müvafiq qeydyyat aparılmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15.07.2020-ci il tarixli, **********39 nömrəli məktununa əlavə edilmiş Astara rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Astara rayonunun şahağac kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin 1229-cu sırasında 1 nəfərdən ibarət ailə tərkibində X3 adı və onun qanuni istifadəsində 0,06 ha həyətyanı sahəsinin olduğu qeyd edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Astara rayon Aqrar İslahat Komissiyasının 03.03.1998-ci il tarixli, 12 saylı qərarına əsasən İddiaçı Abdülnasir oğlunun mülkiyyətinə verilmiş 0,66 ha həyətyanı torpaq sahəsinə dair 15.12.2006-cı il tarixdə JN- 1229A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, qeyd olunan JN-1229 nömrəli “Şəhadətnamə” mövcud DBF (siyahı) məlumatlarında hazırki üzrə iddiaçı şəxsin adına deyil, digər vətəndaş X3 adına tərtib olunmuşdur və həmin hüquqmüəyyənedici sənədlə 0,06 ha həyətyanı torpaq sahəsi onun tam mülkiyyətinə verilmişdir. Bu barədə DWG (xəritə) məlumatlarında aidiyyəti qeydlər aparılmışdır. Lakin hazırki iş üzrə iddiaçı şəxsin adına isə ümumiyyətlə mövcud arxiv və baza məlumatlarında hər-hansı bir qeydiyyat aparılmamışdır. Astara rayon İcra Hakimiyyəti başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayənəliyində qeydiyyatda olan İddiaçı Abdülnasir oğlunun 0,66 ha torpaq sahəsi olmadığından təsərrüfatbaşı kitabda heç bir müvafiq qeydyyat aparılmamışdır. Məhkəmənin qənaətinə görə JN-1229A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas ola bilməz. Belə ki, həmin şəhadətnamə 15.12.2006-cı il tarixdə tərtib edilib. Halbuki, qanunverciliyin tələbinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Eyni zamanda müəyyən edilmişdir ki, JN-1229 nömrəli “Şəhadətnamə” mövcud DBF (siyahı) məlumatlarında hazırki iş üzrə iddiaçı şəxsin adına deyil, iş üzrə üçüncü şəxs X3 adına tərtib olunmuşdur Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şahağac kənd İƏD üzrə nümayəndəliyində qeydiyyatda olan İddiaçı Abdülnasir oğlunun 0,66 ha torpaq sahəsi olmadığından təsərrüfatbaşı kitabda müvafiq qeydyyat aparılmamışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının adına verilmiş şəhadətnamə və həmin şəhadətnamənin verilməsinə əsas olmuş sənədlər (adlı sıyahı) aidiyyəti dövlət arxivlərində mövcud deyil. Başqa sözlə, iddiaçıya şahadətnamə verilməsinə dair mövcud arxiv və baza məlumatlarında hər hansı bir qeydiyyat aparılmamış, aqrar islahat aparılan zaman onun qanuni istifadəsində torpaq sahəsinin olması müəyyən edilməmişdir. Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 15.03.2021-ci il tarixli, 10/301 nömrəli ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, ekspert hər hansı tədqiqat aparmadan "xxxx" MMC-nin mütəxəssis rəyini “köçürməklə” kifayətlənmişdir. Halbuki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehin “imtina”sı qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı Abdülnasir oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı JN 1229A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında mülkiyyət hüququn qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən prosessual xərclər İddiaçı Abdülnasir oğlundan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı Abdülnasir oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-38/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-38/2021
21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver