Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3806/2024 28.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı İmişli Mənzil Kommunal X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sosial kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı İmişli Mənzil Kommunal X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sosial kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə inzibati işə 28 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev qəsəbəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İmişli rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, uzun müddət yaşadığı İmişli şəhəri, N.Savalanov ( köhnə Əzizbəyov) küçəsi, ev 3, mənzil 1 ünvanına dair sosial kirayə müqaviləsi bağlanması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, aztəminatlı ailədir və uzun müddətdir ki, ailəsi ilə İmişli şəhəri, N.Savalanov (köhnə Əzizbəyov) küçəsi, ev 3, mənzil 1 ünvanında yaşayır. Mənzilin kommunal xidmət haqlarını, su və işıq pullarını o ödəyir. Uzun müddət yaşadığı mənzilə sosial kirayə müqaviləsi bağlanması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqanın cavab məktubunda bildirilmişdir ki, həmin mənzilin əvvəlki istifadəçisi barədə məlumat olmadığından və əvvəlki istifadəçisinin adına mənzildən istifadəyə dair verilmiş məlumat olmadığından mənzilə onunla sosial kirayə müqaviləsi bağlanması mümkün deyil. Cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Mənzil, rayon icra hakimiyyətinin balansında olduğu halda, həmin mənzilin istifadəçisinin kim olması barədə məlumatların onlara məlum olmaması mümkün deyildir. Cavabdeh inzibati orqan və üçüncü şəxs tərəfindən iddia ərizəsinə dair münasibət bildirməmiş və yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, üçüncü şəxs isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh inzibari orqan isə məhkəmə iclasının onların nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və onun təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçının mübahisəli mənzildə uzun müddət yaşadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı mübahisəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddianın növü məcburetmə haqqında iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: iddiaçıya məxsus AZE seriyalı ********* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1975-ci ildə İmişli şəhərində doğulmuş İddiaçı İmişli şəhəri, G.Şıxlınski küçəsi, ev 98 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən mahiyyəti üzrə verilmiş müvafiq sorğulara: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin 3-21-3-4512-3630/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, İmişli şəhəri, N.Savalanov ( köhnə Əzizbəyov) küçəsi, ev 3, mənzil 1 ünvanında yerləşən daşınmaz əmlakın (mənzilin) Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-17273/2024 saylı, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İmişli şəhəri, N.Savalanov (keçmiş Əzizbəyov) küçəsi, ev 3, məznil 1 ünvanında qeydiyyatda olan şəxslər müəyyən edilməmişdir. İmişli Rayon İcra Hakimiyyətinin: 5-53-/2-143/2024 saylı,xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş İmişli Mənzil Kommunal X3 62 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı İmişli şəhəri N.Savalanov küçəsi, ev 83, mənzil 10 ünvanında yaşayır. İmişli şəhər N.Savalanov küçəsində yerləşən 83 saylı dövlət yaşayış binası İmişli rayon Mənzil Kommunal X1 balansındadır. 5-53/2-212/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş İmişli Mənzil Kommunal X1 78 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı uzun illərdi öz ailəsi ilə birlikdə İmişli şəhəri, N.Savalanov küçəsi, ev 83, 10 ünvanında yaşayır. (köhnə Əzizbəyov) küçəsi, ev 3, mənzil `1 indiki İmişli şəhəri, N.Savalanov küçəsi ev 83 mənzil 10 ünvanı ilə eyni ünvandır. Yuxarıda qeyd olunan hər iki mənzil eyni mənzildir. 5-53/2-363/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş İmişli Mənzil Kommunal X2 116 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı yaşadığı mənzilin ünvanı İmişli şəhəri ( köhnə Əzizbəyov) küçəsi, ev 3, mənzil 1 indiki İmişli şəhəri, N.Savalanov küçəsi, ev 83 mənzil 10 ünvanıdır. Yuxarıda qeyd edilən hər iki mənzil eyni mənzildir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan İmişli Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 5-53-4/2-Ə-46-068/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, uzun müddətdir yaşadığı mənzilə pasport qeydiyyatına düşmək üçün həmin mənzilə İmişli Rayon İcra Hakimiyyəti tərəfindən sosial kirayə müqaviləsinin verilməsinə köməklik göstərilməsi barədə İmişli Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətinə cavab olaraq bildirilir ki, həmin mənzilin yaşayışçısı barədə məlumat olmadığından və əvvəlki yaşayışçının adına mənzildən istifadəyə dair verilmiş sənədin (orderin və ya sosial kirayə müqaviləsi) olmadığından həmin mənzilə onun adına sosial kirayə müqaviləsinin verilməsi mümkün deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 43-cü maddəsinə görə isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən: Maddə 8. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Maddə 16. Yаşаyış sаhələri üzərində mülkiyyət və digər əşyа hüquqlаrı Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsində və digər qаnunvеricilik аktlаrındа nəzərdə tutulmuş hаllаrdа və qаydаdа dövlət qеydiyyаtınа аlınmаlıdır; Maddə 17.3.1. Sоsiаl təyinаtlı mənzil fоndu – dövlət və bələdiyyə mənzil fоndlаrındаn sоsiаl kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrа vеrilən yаşаyış sаhələrinin məcmusudur; Maddə 17.4. Mənzil fоndu qаnunvеricilikdə müəyyən еdilmiş qаydаdа dövlət uçоtunа аlınmаlıdır; Maddə 18. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6-cı maddəsinə görə uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”
4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri 4.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində: 4.9.8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək;
Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti olan mənzilə dair qanunda nəzərdə tutulmuş heç bir hüquqmüəyyənedici sənədi (qərar, sərəncam və ya order və s.) olmadığından onun mənzilin icarədarı sayılmaqla onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlı olmamışdır. İPM-in: 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə görə, qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları kimi çıxış edirlər. Göründüyü kimi, iddiaçının hazırkı tələbinin təmin olunması üçün sözügedən mənzilin ona məxsus olmasını, qeyd olunan qanunvericilikdə göstərilən əsaslar üzrə təsdiq edən sübutları təqdim etməsi zəruridir. Lakin iş materiallarında iddiaçının yalnız sözügedən mənzildə uzun müddətdir yaşaması müəyyən olunur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər.
Hakim: Rəşidə Quliyeva