Məhkəmə qərarları › İş №2-1(120)-381/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-381/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-381/2023 28.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə qarşı «şəhidlik statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 28 fevral 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 şəhidlik statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X11 08 may 1995-ci ildə Biləsuvar RHK tərəfindən hərbi xidmətə çağrılmış, Qazax rayonunda N saylı hərbi hissədə xidmət etmiş, xidmət etdiyi hərbi hissə rəhbərliyinin bildirdyinə görə 14 aprel 1997-ci ildə şəhid olmuşdur. Ona görə də, dəfn mərasimi rayon ictimaiyyətinin və rəhbərliyinin iştirakı ilə şəhid statusuna uyğun keçirlmişdir. 17 iyul 1997-ci il tarixdə ona və həyat yoldaşı X4 Biləsüvar rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfındən şəhid ailəsi olaraq vəsiqələr verilmişdir. 23 ildən sonra şəhid ailələri üçün sığorta vəsaiti ödənilərkən müvafiq arayış üçün müraciət etmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Biləsuvar rayon şöbəsinin 10 dekabr 2018-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Sizin oğlunuz X1 rayon prokurorluğunun xx.xx.2010-cu il tarixli məktubuna əsasən N saylı hərbi hissədə xidmət keçərkən xx.xx.1997-ci il tarixdə odlu silahdan atəş açaraq özünü öldürmüşdür. Cavabdeh övladlarının şəhidlik statusunun bərpa edilməməsini Qazax rayon prokurorluğunun xx.xx.2010-cu il tarixli, 3180 nömrəli məktubuna əsaslanmışdır. Həmin məktubda göstərilir ki, X11 xx.xx.1997-ci il tarıxdə N saylı hərbi hissədə odlu silahdan atəş açaraq özünü öldürmüşdür. Cavabdehin Qazax Hərbi prokurluğunun ziddiyətli və anlaşılmaz məktubuna istınad etməsi tamamilə əsassızdır. Belə ki, hərbi prokurorluğun məktubunda gostərilir ki, istintaq zamanı X3 özünü öldürməsi hadisəsi müəyyən edilmədiyinə görə cinayət işi üzrə icraata xx.xx.1997ci il tarixdə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinin 1-ci bəndinə əsasən (cinayət hadisəsı müəyyən edilmədiyinə görə) xitam verilmişdir. xx.xx.2015-ci ildə həmin cinayət işi saxlama müddəti başa çatdığına görə müvafiq akt əsasında məhv edilmişdir. Başdan-başa ziddiyətli olan məktub əsasında şəhidlik statusu ləğv oluna bilməz. “Şəhid adının əbədiləşməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə görə şəhdilik statusu müvafiq hərbi hissənin arayışı əsasında verilir. N saylı hərbi hissənin xx.xx.1997ci il tarixli Biləsuvar hərbi komissarlığına göndərdiyi bildirşdə də göstərilir ki, X11 xx.xx.1997-ci il tarixdə xidməti yerində xidməti borcunu yerinə yetirərkən həlak olmuşdur. Hərbi hissənin bildirişi də övladının şəhid olduğunu təsdiq edir. Dəfələrlə cavabdehə muraciət edərək şəhidlik statusunun bərpa edilməsini xahiş etmiş, cavabdeh bütün hallarda Qazax rayon prokurorluğunun məktubuna istinad etməklə onun xahişini rədd etmişdir. Sonuncu dəfə təkrar müraciətinə cavabdeh xx.xx.2022-ci il tarixdə imtina məktubu vermişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarının 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Nefçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1980-ci ildə Leninakanda qəzaya uğurayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respubilkasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respubilkasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xususi Rabitə və X2 Xidmətində, X7 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının Dövlət Sərhədinin Mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Əlavə olaraq bildirirlər ki, Qazax Hərbi Prokrorluğundan daxil olmuş 05 avqust 2010-cu il tarixli 3180 nömrəli məktubda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər X5 14 aprel 1997-ci il tarixdə odlu silahdan atəş açaraq özünü öldürməsi faktına görə 28 aprel 1997-ci il tarixdə həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 100-cü maddəsinin 1-ci hissəsilə cinayət işi başlanılmış, iş üzrə icraata 28 iyul 1997-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinin 1-ci bəndinə əsasən xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2005-ci il tarixdə Biləsuvar Rayon Polis şöbəsi tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci il tarixdə Biləsuvar rayonunun Xırmandalı kəndində doğulmuş və Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayır. İş materiallarında olan N saylı hərbi hissənin Biləsuvar Rayon hərbi komissarına göndərdiyi xx.xx.1997-ci il tarixli, 377 nömrəli bildirşdə qeyd olunmuşdur ki, X11 xx.xx.1997-ci il tarixdə xidməti yerində xidməti borcunu yerinə yetirərkən həlak olmuşdur. İş materiallarında olan 17 aprel 1997-ci il tarixli, İV-JQ 458800 nömrəli ölüm haqqında şəhadətnamənin surətində qeyd olunmuşdur ki, X11 xx.xx.1997-ci il tarixdə cəbhə bölgəsində döş qəfəsindən aldığı güllə yarası səbəbindən ölmüşdür. İş materiallarında olan 17 iyul 1997-ci il tarixli ******* və ******* nömrəli vəsiqələrin surətindən görünür ki, Biləsuvar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən İddiaçı və həyat yoldaşı X6 şəhid ailəsi olaraq vəsiqələr verilmişdir. İş materiallarına əsasən iddiaçı şəhid ailələri üçün sığorta vəsaitinin ödənilməsi ilə əlaqədar arayış verilməsinə dair ərizə ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə müraciət etmiş, lakin həmin təşkilatın ona ünvanladığı 10 dekabr 2018-ci il tarixli məktubunda bildirilmişdir ki, Qazax rayon hərbi Prokurorluğunun xx.xx.2010-cu il tarixli məktubuna əsasən onun oğlu X11 N saylı hərbi hissədə xidmət keçərkən xx.xx.1997-ci il tarixdə odlu silahdan atəş açaraq özünü öldürmüşdür. İş materiallarında olan Qazax rayon hərbi Prokurorluğunun Biləsuvar rayon Hərbi Komissarlığına ünvanladığı xx.xx.2010-cu il tarixli, 3180 nömrəli məktubunda N №-li hərbi hissənin hərbi qulluqçusu, əsgər X3 14 aprel 1997-ci il tarixdə odlu silahdan atəş açaraq özünü öldürməsi faktına görə başlanmış cinayət işinə həmin vaxt qüvvədə olmuş AR CMnin 10-cu maddəsinin 1-ci bəndinə əsasən 28 iyul 1997-ci il tarixdə xitam verildiyi qeyd olunmuşdur. İş materiallarında olan Şəmkir Hərbi Prokurorluğunun Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli HP-21/1633 №-li məktubunda saxlama müddətinin başa çatması ilə əlaqədar həmin cinayət işinin xx.xx.2015-ci il tarixdə məhv edildiyi, bununla əlaqədar qəbul edilmiş qərarın surətinin və digər məlumatların verilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 114 nömrəli məktubunun məzmunundan müəyyən olunur ki, iddiaçı X3 şəhid statusunun bərpa edilməsi barədə ərizə ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə müraciət etmiş, cavabdeh təşkilat isə Qazax rayon hərbi Prokurorluğunun xx.xx.2010-cu il tarixli, 3180 nömrəli məktubuna istinad edərək onun oğlu X11 N saylı hərbi hissədə xidmət keçərkən xx.xx.1997-ci il tarixdə odlu silahdan atəş açaraq özünü öldürdüyünü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın onun oğluna şamil olunmadığını, bu səbəbdən X3 şəhid statusunun bərpa edilməsinin mümkün olmadığı bildirilmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, X11 xx.xx.1997-ci il tarixdə xidməti yerində xidməti borcunu yerinə yetirərkən döş qədfəsindən aldığı güllə yarası səbəbindən 20 yaşında həlak olmuş, N saylı hərbi hissənin Biləsuvar Rayon hərbi komissarına göndərdiyi xx.xx.1997-ci il tarixli 377 nömrəli bildirşə əsasən X8 şəhid statusu verilmiş, Biləsuvar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən anası İddiaçı və atası X6 şəhid ailəsi olaraq 17 iyul 1997-ci il tarixli ******* və ******* nömrəli vəsiqələr verilmiş, iddiaçı şəhid ailələri üçün sığorta vəsaitinin ödənilməsi ilə əlaqədar arayış verilməsinə dair ərizə ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə müraciət etmiş, cavabdeh Qazax rayon Prokurorluğunun xx.xx.2010-cu il tarixli məktubuna əsasən X3 N saylı hərbi hissədə xidmət keçərkən odlu silahdan atəş açaraq özünü öldürdüyü bildirmiş, iddiaçı X3 şəhid statusunun bərpa edilməsi barədə ərizə ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə müraciət etmiş, cavabdeh təşkilat isə Qazax rayon hərbi Prokurorluğunun xx.xx.2010-cu il tarixli, 3180 nömrəli məktubuna istinad edərək onun oğlu X11 N saylı hərbi hissədə xidmət keçərkən xx.xx.1997-ci il tarixdə odlu silahdan atəş açaraq özünü öldürdüyünü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın onun oğluna şamil olunmadığını, bu səbəbdən X3 şəhid statusunun bərpa edilməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə cavabdeh təşkilatın X3 şəhid statusunun bərpa edilməsindən imtina etməsini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın “Şəhid və şəhid ailəsi statusunun verilməsi” barədə 4-cü bəndinin 4.1-ci yarımbəndinə əsasən “Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci yarımbəndində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X9 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4-cü bəndinin 1.4.2-ci yarımbəndinə əsaən “həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə hərbi qulluqçular “Şəhidlər Xiyabanı”nda dəfn edilirlər. Müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Qeyd olunduğu kimi, iş materiallarında olan N saylı hərbi hissənin Biləsuvar Rayon hərbi komissarına göndərdiyi xx.xx.1997-ci il tarixli 377 nömrəli bildirşində X3 xx.xx.1997ci il tarixdə xidməti yerində xidməti borcunu yerinə yetirərkən həlak olduğu qeyd edilmişdir. Həmçinin, iş materiallarında olan 17 aprel 1997-ci il tarixli, İV-JQ 458800 nömrəli ölüm haqqında şəhadətnamənin surətində qeyd olunmuşdur ki, X11 xx.xx.1997-ci il tarixdə cəbhə bölgəsində döş qəfəsindən aldığı güllə yarası səbəbindən ölmüşdür. Göründüyü kimi, N saylı hərbi hissənin xx.xx.1997-ci il tarixli, 377 nömrəli arayışına və 17 aprel 1997-ci il tarixli, İV-JQ 458800 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən hərbi qulluqçu X3 xx.xx.1997-ci il tarixdə cəbhə bölgəsində xidməti yerində xidməti borcunu yerinə yetirərkən döş qəfəsindən aldığı güllə yarası səbəbindən həlak olması mötəbər sübutlarla təsdiq olunur və bu hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın “Şəhid və şəhid ailəsi statusunun verilməsi” barədə 4-cü bəndinin 4.1-ci yarımbəndinin (hərbi hissənin arayışı) və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4-cü bəndinin 1.4.2-ci yarımbəndinin (atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması) təsir və əhatə dairəsinə düşür. Beləliklə, məhkəmə araşdirması zamanı təsdiq olundu ki, N saylı hərbi hissənin hərbi qulluqçusu olmuş X11 şəhid statusunu, anası İddiaçı və atası X10 şəhid ailəsi statusunu qanuni əsaslarla müvafiq olaraq qazanmış və əldə etmişlər. Qeyd olunduğu kimi, cavabdeh təşkilatın X3 şəhid statusunun bərpa edilməsindən imtina etməsinin əsasını Qazax rayon Prokurorluğunun xx.xx.2010-cu il tarixli, 3180 nömrəli məktubu təşkil edir və cavabdeh həmin məktubda X3 odlu silahdan atəş açaraq özünü öldürdüyünün yazıldığını bildirmişdir. Lakin iş materiallarında olan Qazax rayon hərbi Prokurorluğunun Biləsuvar rayon Hərbi Komissarına ünvanladığı xx.xx.2010-cu il tarixli, 3180 nömrəli məktubunda N №-li hərbi hissənin hərbi qulluqçusu, əsgər X3 14 aprel 1997-ci il tarixdə odlu silahdan atəş açaraq özünü öldürməsi faktına görə başlanmış cinayət işinə həmin vaxt qüvvədə olmuş AR CPM-nin 10-cu maddəsinin 1-ci bəndinə əsasən (cinayət hadisəsı müəyyən edilmədiyinə görə) 28 iyul 1997-ci il tarixdə xitam verildiyi qeyd olunmuşdur. İş materiallarında olan Şəmkir Hərbi Prokurorluğunun Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli HP-21/1633 №-li məktubunda saxlama müddətinin başa çatması ilə əlaqədar həmin cinayət işinin xx.xx.2015-ci il tarixdə məhv edildiyi, bununla əlaqədar qəbul edilmiş qərarın surətinin və digər məlumatların verilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə həmin cinayət işinin xx.xx.2015-ci il tarixdə məhv edilməsi ilə əlaqədar qəbul edilmiş qərarın surətinin və digər məlumatların əldə edilməsinin mümkün olmadığını nəzərə alaraq qeyd olunan cinayət işi üzrə cinayət hadisəsinin müəyyən edilməməsini X3 14 aprel 1997-ci il tarixdə odlu silahdan atəş açaraq özünü öldürməsini təkzib və istisna edən hal kimi qiymətləndirir. Beləliklə, N №-li hərbi hissənin hərbi qulluqçusu olmuş, əsgər X3 14 aprel 1997-ci il tarixdə odlu silahdan atəş açaraq özünü öldürməsi faktı təsdiq olunmadığından və bu faktın təsdiqi barədə məhkəməyə heç bir dəlil-sübut təqdim edilmədiyindən, habelə X11 şəhid statusunu qanuni əsaslarla qazanmış olduğundan məhkəmə hesab edir ki, İddiaçı övladı X3 şəhid statusunun bərpa edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək, X3 şəhidlik statusunun bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Biləsuvar rayon şöbəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X3 şəhidlik statusunun bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Biləsuvar rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar