Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3824/2024 16.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 16 dekabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 29 iyun 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “ona hüququnun yarandığı 60 yaşdan, yəni 18 noyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş əmək pensiyasının həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında ona 29 iyun 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi məsələsində mübahisə yaranmışdır. 29 iyun 2022-ci il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 29 iyun 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh özünün 10 may 2024cü il tarixli, 3-17-1/2-Ə-l 10833/2024 saylı məktubu ilə xahişini yerinə yetirməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmaq istəmişdir ki, “refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsi..., güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmamışdır”. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. O, xx xxxxxx 1963-cü ildə Neftçala rayonunun Xoşcavanlı kəndində doğulmuş və hazırda ünvan 2 ünvanında yaşayır. Orta təhsilini başa vurduqdan sonra 02 yanvar 1982-ci ildə Neftçala Pambıq təmizləmə zavduna pambıq xammalının vericisi vəzifəsinə təyin edilmiş və 25 may 1982-ci ildə işdən çıxmışdır. 05 iyun 1982-28 iyun 1984-cü ilərdə həqiqi hərbi xidmətdə olmuşdur. 10 iyul 1984-27 fevral 1985-ci illərdə Xıllı qəsəbəsində Kommunal Müəssisələr Kombinatında fəhlə vəzifəsində işləmişdir. 29 may 1985-13 oktyabr 1985-ci il tarixlərində Kalmıkavtoyol trestinin 3 nömrəli Yol Tikinti İdarəsində bənna işləmişdir. 21 oktyabr 1985-02 dekabr 1985-ci ildə Sarpin rayonu Təsərrüfat hesablı Çörəkbişirmə zavodunda kündələyici peşəsində işləmişdir. 14 aprel 1986-cı ildə Azərbaycan Dəmir Yollarının X7 Vaqon Deposunda refrijerator seksiyası mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 05 may 1991-ci ildə refrijerator seskiyası mexaniki kimi briqadaya rəhbərlik etmək funksiyası üzərinə qoyulmuş və o, rəhbər mexanik sayılmağa başlamışdır. 27 fevral 2018-ci ildə işdən çıxmışdır. 27 fevral 2018-ci ildə X11 Refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə təyin edilmişdir. 12 oktyabr 2018-ci ildə işdən çıxmışdır. 12 oktyabr 2018-ci ildə "xxxx" MMC-nin X11 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə təyin edilmişdir. 20 dekabr 2018-ci ildə işdən çıxmışdır. 21 dekabr 2018-ci ildə "xxxx" MMC-nin X11 Xidməti Baxış və Cari Təmir Sexində böyük mexanik vəzifəsinə təyin edilmişdir. 12 mart 2019-cu ildə işdən çıxmışdır. 12 mart 2019-cu ildə "xxxx" MMC-nin X11 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə təyin edilmişdir. 24 iyul 2019-cu ildə Xidməti Baxış və Cari Təmir Sexində böyük mexanik vəzifəsinə təyin edilmişdir. 04 oktyabr 2023-cü ildə əmək müqaviləsinə xitam verilmişdir. 05 oktyabr 2023-cü il tarixində "xxxx" QSC-nin X12 Xidməti Baxış və Cari Təmir Sexində böyük mexanik vəzifəsinə işə qəbul edilmiş və hazırda da əmək fəaliyyətini orada davam etdirir. O, iddia ərizəsinin əsasında əmək fəaliyyəti dövründə 29 iyun 2022-ci il tarixinə kimi 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çox güzəştli iş stajının olması dayanır. Hazırda qüvvədə olan və Azərbaycan Respublikasında pensiya hüququnu tənzimləyən əsas qanun olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi bu qanunun qüvvəyə mindiyi tarixədək-01 yanvar 2006-cı ilə qədər-ən azı 25 il ümumi, bu stajın ən azı 12 il 6 aylıq hissəsini ağır və ya zərərli işlərdə çalışmış ölkə vətəndaşlarının pensiya hüququnu təmin etmək üçün əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiq edilməsini nəzərdə tutur. Bu sosial ədalət prinsiplərinə uyğundur və qanunvericilik aktlarında dəyişiklik edilməsi, bu dəyişikliklərin qüvvəyə mindiyi tarixə qədər vətəndaşların hüququnun yarandığı, lakin istənilən səbəbdən bu hüquqlarından istifadə etmədikləri halda qazandıqları hüquqlara mütənasib olan sosial təminat səviyyəsini əldə etməyi nəzərdə tutur. 01 yanvar 2006-cı ilə qədər o, ümumilikdə 25 il ümumi və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı toplamışdır ki, bu da ona 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə əsasən nəzərdə tutulan yaş və staj tələbləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» əsasında pensiya təyin edilməsi üçün tələb olunan 57 yaş, 25 illik ümumi iş stajı və həmin stajın azı 12 il 6 aylıq hissəsi güzəştli iş stajı olduqda, güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Topladığı güzəştli iş stajı, qeyd edilən 2 Saylı Siyahıda XXVİİİ. Nəqliyyat bölməsində 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində 23001000—23598 refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsi ilə eynilik təşkil edir. Cavabdehin qəbul etdiyi inzibati aktdan görünür ki, cavabdeh guya onun refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməməsini əsas tutaraq, pensiya təyin edilməsi xahişini rədd etmişdir. Cavabdehin həmin inzibati qərarı aşağıdakılara görə qanunsuzdur; 1) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi kollegiyası 33-19 nömrəli 22 oktyabr 1997-ci tarixli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasınm Ədliyyə Nazirliyndə 20 noyabr 1997-ci il tarixində qeydiyyata alınmış və qeydiyyat nömrəsi 70 olan Dəmir Yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasında (hissə 56-1) (sonradan-Kitabça) giriş hissədə deyilir: Vahid Tarif-ixtisas Sorğu kitabçasının bu bölməsi özündə ancaq dəmiryolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərini əks etdirən vahid normativ sənəddir və onun tətbiqi mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə və təşkilatlarda məcburi xarakter daşıyır. Hər hansı bir sahə uçun spesifık xarakter daşımayan digər fəhlə peşələri və işləri üzrə tarif-ixtisas xüsusiyyətləri VTİSK-nın “Bütün sahələr uçun ümumi olan fəhlə peşələri” hissəsinə (VTİSK-1) daxil edilmişdir. VTİSK-nın “Bütün sahələr uçun ümumi olan fəhlə peşələri və işləri” bölməsinin “Ümumi müddəaları”nda qeyd edilir ki, Kitabçada verilən tarif ixtisas xüsusiyyətləri özündə fəhlə peşələri üzrə tez-tez rastlaşan əsas işlərin məzmununu əks etdirir. İşlərin konkret məzmunu, həcmi və yerinə yetirilmə qaydası hər bir müəssisə, idarə və təskilatda texnoloji xəritələr, işçi təlimatlar və digər sənədlərə uyğun olaraq müəyyənləsdirilir. Bu mənada, X5 X1 Yolu Nəqliyyat üzrə Şurasının “X2, Latviya Respublikası, Litva Respublikası, Estoniya Respublikası arasında refrijerator hərəkət tərkiblərinin beynəlxalq daşımalarda istismar Təlimatı”nın (sonradan-Təlimat) 3.1-ci maddəsində deyilir; 3.1.7. Seksiyalara.... bir qayda olaraq, iki mexanikdən ibarət olan briqada tərəfindən xidmət edilir, hansı ki, onlardan birinin üzərinə (sonradan mətndə - seksiyanın işinə məsul olan mexanik adlanacaq) depo seksiyanın işinə və texnoloji və istehsalat intizamının təmin edilməsinə rəhbərlik etmək öhdəliyini qovur. Yenə də Təlimatda; 3.2.3 Seksiyanın işinə məsul olan mexanik, seksiyanın istismarı, həmçinin tez xarab olan yüklərin keyfıyyətsiz daşınması hallannda ortaya çıxan məsələlərin həllində təhkim olunduğu deponun nümayəndəsidir. 3.2.4. Seksiyanın işinə məsul olan mexanik borcludur; 1) seksiyanın xidmət edilməsi işlərinə rəhbərliyi həyata keçirməyə; 2) depo tərəfındən verilmiş növbətçilik qrafikinin yerinə yetirilməsinin təmin edilməsinə; 3) texniki sənədləşmənin dəqiq aparılmasını təmin etmək və nəzarət etməyə; 4) ehtiyat hissələrin, materialların, yanacağın, sürtgülərin və xladonun sərfiyyat uçotunu aparmağa; 5) seksiyanın avadanlığınm təmirinin və texniki xidmətinin vaxtlı-vaxtında keçirilməsinə; 6) seksiyanın təchizatı üçün tədbirlər görməyə; 7) stansiya növbətçisini (manevr dispetçerini) seksiyanın təchizat və təmirdən sonra göndərilməyə hazır olması barədə vaxtmda informasiya verməyə; 8) stansiya işçilərindən vaqonların boşaldıqdan sonra yük blmələrinin təmizlənməsini tələb etməyə, keyfıyyətsiz təmizlənmə zamanı stansiya rəisinə tədbirlər görməsi üçün yazılı məruzə etməyə, 432-5 nömrəli “Baytar-Sanitar işlənməsi Təlimatı”na uyğun yuyulmasını tələb etməyə (briqada bu zaman yuyulmaya görə məsuliyyət daşımır. 9)....; 10 Seksiyanın işi barədə telefon və teleqrafla yolların müvafıq şöbələrini və idarələrini, eləcə də, yolların xətti müəssisələrini və təhkim olduğu deponu məlumatlandırmağa; 11) seksiyanın planı təmir növlərinə vaxtında göndərilməsin tədbirlər görmək; 12) Vaqonlann və onların avadanlıqlannın təmirdən təhvil alınmasında iştirak etməyə və təmir işlərinin keyfıyyətli həyata keçirilməsini tələb etməyə; 13) təhkim olduğu deponun rəhbərliyini briqadanın dəyişdirilməsi barədə seksiyanın yerləşdiyi konkret məntəqəni və tarixi göstərməklə məlumatlandırmağa. Həmin Təlimatın 3.2.5 və 3.2.6-cı bəndlərində növbətci mexanikin vəzifələri sadalanır. Yuxarıda 3.1.1-ci bəndd qeyd edildiyi kimi, seksiyada iki mexanik olur. Bu onu təsdiq edir ki, mexaniklər eyni işi verinə yetirirlər və onların hər biri - istər sadəcə mexanik, istərsə də üzərinə briqadaya rəhbərlik funksiyaları qoyulmuş digər mexanik növbətçilik əsasında seksiyanın xidməti (istismarı) ilə bağlı eyni vəzifə funksiyalarını verinə yetirirlər. Hər iki mexanik qrafık əsasında (sutkanın saat bölsüsünə əsasən) növbətci mexanik olur. Azərbaycan Respublikası Konstitusiyasmın 149-cu maddəsinin Vİİ hissəsinə görə flziki və hıiquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin siyahı təsdiq olunana qədər isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qəran ilə təsdiq edilmiş «Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatlann, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qəran ilə bu siyahılar qüvvədən düşmüşdür.) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinin tələblərini rəhbər tutaraq, hesab edir ki, hazırki 01 yanvar 2006-cı ilə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasınm Qanununa əsasən qazanmış olduğu ümumi və xüsusi əmək stajına dair olaraq qüvvədə olmuş qanunvericilik normaları tətbiq edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı iddia ərizəsində 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı daha əvvəl ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə cavabdehə müraciət etmiş, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Eyni zamanda bildirirlər ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçının mərkəzi filiala təqdim etdiyi "xxxx" QSC-nin 3 aprel 2024-cü il tarixli 13-1/2-Ə-1179/1-42/2024 nömrəli arayışında qeyd edilən xx.xx.1991- xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il və xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində işlədiyi refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsi sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyaları işçilər bəndində (21.4) nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 8 ay 8 gün (xx.xx.1986-xx.xx.1991-ci il, xx.xx.2018-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2023-cü il və xx.xx.2023- xx.xx.2023-cü il tarixləri arasındaki dövrlər)) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. İstinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X6 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 hoyabr 1981-ci il tarixli, НЗ-4501785 nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı 05 iyun 1982-ci il tarixdən 28 iyun 1984-cü il tarixədək hərbi xidmətdə olmuş və hərbi xidmət dövrü 2 il 23 gün təşkil edir. İş materiallarında olan 12 fevral 1985-ci il tarixdə İddiaçı adına tərtib olunmuş ИТ–İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13-1/2-Ə-1179/1-42/2024 nömrəli arayışından müəyyən olunur ki, iddiaçı xx.xx.1981-сi il tarixli, 96 nömrəli əmrə əsasən xx.xx.1982-ci il tarixdən Neftçala Pambıqtəmizləmə zavodunda xam pambığın vericisi vəzifəsinə təyin edilmiş, xx.xx.1982-ci il tarixli, 68 nömrəli əmrə əsasən xx.xx.1982-ci il tarixdən hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilmiş və həmin müəssisədə 4 ay 23 gün iş stajı toplamış, xx.xx.1984-сü il tarixli, 06 nömrəli əmrə əsasən xx.xx.1984-cü il tarixdən Xıllı qəsəbə Kommunal Müəssisələr Kombinatında yaşıllıq sahəsi üzrə fəhlə vəzifəsinə təyin edilmiş, xx.xx.1985-ci il tarixli, 12 nömrəli əmrə əsasən xx.xx.1985-ci il tarixdən işdən azad edilmiş və həmin müəssisədə 7 ay 17 gün iş stajı toplamış, xx.xx.1985-сi il tarixli, 76 nömrəli əmrə əsasən xx.xx.1985-сi il tarixdən “Kalmıkavtoyol” Trestinin 3№-li Yol Tikinti İdarəsində bənna vəzifəsinə təyin edilmiş, xx.xx.1985-ci il tarixli, 115 nömrəli əmrə əsasən işdən azad edilmiş və həmin müəssisədə 2 ay 15 gün iş stajı toplamış, xx.xx.1985-ci il tarixli, 101ş7 nömrəli əmrə əsasən xx.xx.1985-ci il tarixdən Sarpinsk rayon Çörəkbişirmə zavodunda kündələyici vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixli, 106ş6 nömrəli əmrə əsasən xx.xx.1985-ci il tarixdə işdən azad edilmiş və həmin müəssisədə 1 ay 11 gün iş stajı toplamışdır. xx.xx.1986-cı il tarixli, 294 nömrəli əmrlə xx.xx.1986-cı il tarixdən Azərbaycan Dəmir Yollarının Yeni Ələt soyuducu (refrijerator) vaqon deposunda soyuducu (refrijerator) seksiyaların mexaniki vəzifəsinə təyin edilmiş, xx.xx.1991-ci il tarixli, 29 nömrəli əmrə əsasən xx.xx.1991-ci il tarixdən Azərbaycan Dəmir Yollarının Yeni Ələt soyuducu (refrijerator) vaqon deposunda soyuducu (refrijerator) seksiyaların mexaniki (rəhbər) vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixli, 410 nömrəli əmrə əsasən xx.xx.2018-ci il tarixdən işdən azad edilmiş və bu müəssisədə 31 il 10 ay 13 gün iş stajı toplamış, xx.xx.2018-ci il tarixli, 377 nömrəli əmrə əsasən xx.xx.2018-ci il tarixdən X11 soyuducu (refrijerator) seksiyaların mexaniki (rəhbər) vəzifəsinə təyin edilmiş, xx.xx.2018ci il tarixli, 770 nömrəli əmrə əsasən xx.xx.2018-ci il tarixdən işdən azad edilmiş və bu müəssisədə 7 ay iş stajı toplamış, xx.xx.2018-ci il tarixli, 18-AEXP-504 nömrəli əmrə əsasən xx.xx.2018-ci il tarixdən "xxxx" MMC-nin X11 soyuducu (refrijerator) seksiyaların mexaniki (rəhbər) və böyük mexaniki vəzifələrinə təyin edilmiş, xx.xx.2023-cü il tarixli, 23- AEXP-6 nömrəli əmrə əsasən xx.xx.2023-cü il tarixdən işdən azad edilmiş və bu müəssisədə 4 il 11 ay 22 gün iş stajı toplamış, xx.xx.2023-cü il tarixli, 13-1/3-8-27609/2023 nömrəli əmrə əsasən xx.xx.2023-cü il tarixdən Hərəkət vasitələrinin təmiri departamentinin, Yük vaqonlarının təmiri xidmətinin X11 soyuducu (refrijerator) seksiyaların böyük mexaniki vəzifələrinə təyin edilmiş və hal-hazırda işləyir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13-1/2-B-174/1-42/2024 nömrəli arayışına əsasən İddiaçı həmin müəssisədə işlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı arayışın veridiyi tarixə 37 il 11 ay 4 gün təşkil edir. İşlədiyi soyuducu (refrijerator) seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri soyuducu (refrijerator) hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə-110833/2024 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. xx.xx.1991-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018 və xx.xx.2019-xx.xx.2019cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, "xxxx" MMC X11 işlədiyiniz refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyildir. Bu səbəbdən Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (9 il 8 ay 18 gün (xx.xx.1986xx.xx.1991-ci il, xx.xx.2018-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2023-cü il və xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi, iş materiallarında olan cavabdeh təşkilatın “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə-110833/2024 nömrəli məktubuna və iddiaya qarşı etirazına əsasən İddiaçı yaş həddi və ümumi iş stajı mübahisələndirilməmiş, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilməsinin yeganə səbəbi kimi güzəştli iş stajının 12 il 6 aydan az olması göstərilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilməsi üçün cavabdehin qeyd etdiyi dəlil əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, İddiaçı xx.xx.1991-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018 və xx.xx.2019xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, "xxxx" MMC X11 tutduğu refrijerator seksiyaların mexaniki (rəhbər) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qəran ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çahşanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın XXVİİİ-Nəqliyyat bölməsinin 23001000-23598 nömrə ilə kodlaşdırılmış bəndində (“refrijerator qatarlarının (seksiyaların) mexanikləri”) güzəştli şərtlərlə pensiya hüquq verən vəzifə kimi nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi güzəştli şərtlərlə pensiya hüquq verən vəzifə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının hüquqi marağı hüququnun yarandığı tarixdən, yəni 18 noyabr 2023-cü il tarixindən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən onun 60 yaşı tamam olmalı, o, 25 il ümumi iş stajına malik olmalı və bunun azı 12 il 6 ayı güzəştli iş stajı olmalıdır. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına (Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair) əsasən müəyyən edilir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13-1/2-Ə-1179/1-42/2024 nömrəli arayışına əsasən İddiaçı işlədiyi rəhbər mexanik, böyük mexanik və mexanik vəzifələri ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarına əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təminatı hüququnu verən 37 il iş stajina malik olması iş üzrə təqdim olunmuş sənədlərlə tam təsdiq olunur və cavabdeh təşkilatın iddiaçının güzəştli iş stajı ilə bağlı dəlili əsassızdır. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, xx xxxxxx 1963-cü il təvəllüdlü iddiaçının 60 yaşının tamam olduğu 18 noyabr 2023-cü il tarixinə 25 ildən çox, yəni hərbi xidmət dövrü nəzərə alınmaqla 40 il 4 ay 29 gün ümumi, 12 il 6 aydan çox, yəni 37 il güzəştli iş stajı toplanmış və güzəştli şərtlərlə pensiya təyinatına hüququ yaranmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinin təlbinə görə Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarla tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixinə tələb olunan yaş həddinə çatmış, 25 ildən az olmayan ümumi və azı 12 il 6 ay güzəştli iş stajına malik olmuşdur. Bu baxımdan, iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, məhkəmə tərəfindən aparılmış araşdırmalar nəticəsində və iş materiallarından olan mötəbərliyi mübahisələndirilməyən sübutlarla müəyyən edilmişdir ki, iddiaçının iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı vardır və bu cavabdeh təşkilat qarşısında ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini yaradır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X3 hüququnun yarandığı 60 yaşdan, yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməдi və təyin edilmiş əmək pensiyasının həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı X3 hüququnun yarandığı 60 yaşdan, yəni, 18 noyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş əmək pensiyasının həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-3824/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3824/2024
16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver