Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3862/2024 22.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 noyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Ramiz oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə ədliyyə orqanlarında 25 il qulluq illəri olduğuna görə ona pensiya almaq üçün müraciət etdiyi gündən əvvəlki 24 ayı və ya ardıcıl gələn istənilən 60 ay ərzində aldığı əmək haqqından, əmək haqqındakı sonradan artımlarda nəzərə alınıb hesablanmaqla pensiya təyin edilməsi və həmin hüququnun yarandığı gündən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,o, xx.xx.1967-ci ildə Masallı rayonu Həsənli kəndində doğulmuşdur. Ailəlidir, 2 uşağı var. Hərbi xidmətə çağrılana kimi Masallı rayonu “Şən-həyat” sovxozunda fəhlə işləmişdir. xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə kimi sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin qiyabi şöbəsinin bitirərək hüquqşünas ixtisasına yiyələnmişdir. xx.xx.1993-cü ildən xx.xx.2007-ci ilə kimi Masallı rayon prokurorluğunda böyük mütəxəssis (dəftərxana müdiri) vəzifəsində işləmişdir. xx.xx.2007-ci il tarixdə test üsulu ilə imtahan verərək ədliyyə orqanlarına qulluğa qəbul olunmuşdur. xx.xx.2007-ci ildən xx.xx.2008-cı ilədək Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində məsləhətçi, xx.xx.2008-ci ildən xx.xx.2011-ci ilədək Yardımlı rayon Qeydiyyat şöbəsində aparıcı məsləhətçi, xx.xx.2011-ci ildən xx.xx.2016-cı ilədək Yardımlı rayon Qeydiyyat şöbəsinin rəisi, xx.xx.2016-cı ildən xx.xx.2024-pü ilə kimi Masallı rayon Qeydiyyat şöbəsini rəisi vəzifəsində işləmişdir. xx.xx.2024-cü ildə Astara rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş və hazırda həmin vəzifədə işləyir. Ədliyyə müşaviri xüsusi rütbəsindədir. O, xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyiyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək xx.xx.2017-ci il tarixədək 25 il ədliyyə orqanlarında qulluq illərinə görə görə pensiya təyin edilməsi və həmin hüququ yarandığı gündən almalı olduğum pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. Mərkəzi Filial mənə xx.xx.2023-cü il tarixli 3-17-1/2-m- 244525/2023 tarixli məktubla tərəfindən təqdim edilmiş sənədlərdə olan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti orqanlara sorğular göndərilməsi və həmin sorğulara cavab verildikdən sonra pensiya təyinatı məsələsinə baxılacağı haqqında ona cavab vermişdir.Onların əməkdaşı ondan 25 il xidmət illərinin hansı ildə tamam olması və əmək haqqı arayışı tələb etmişdir və və bu sənədlərin əldə olunacağı halda problemin olmayacağını bildirilmişdir.Ədliyyə Nazirliyi xx.xx.2024-cü il tarixdə 3-17-1/2-M- 1006122/2024 saylı məktubla xx.xx.2016-cı ildə (yəni qanunvericiliyə edilmiş dəyişikliyə qədər , xx.xx.2017-ci ilə qədər) onun 25 il ədliyyə orqanlarında qulluq illərimin tamam olması və 25 ilin tamam olduğu vaxtdan əvvəlki 2 ilin əmək haqqı barədə arayışı Mərkəzi Filiala göndərmişdir.Mərkəzi Filial xidmət illərinə görə ona əlavə haqqın ödənilmədiyi və qanunvericilikdə edilmiş və onun pensiya hüququnun yaranmasına əsas olan dəyişikliyin 2021-ci ilə qədər mövcud olmamasını xx.xx.2017-ci ilədək ədliyyə orqanlarında qulluq illərinin 25 ildən az olmasını səbəb gətirərək ona pensiya təyin edilməsindən əsassız olaraq 7 aydan sonra imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2-164571/2024 saylı iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli ədliyyə işçisi kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ərizəçinin müraciətinə baxılaraq əlavə olunmuş sənədlərə əsasən müvafiq məlumatların dəqiqləşdirilməsi ilə əlaqədar aidiyyəti üzrə sorğu göndərildiyi və sorğuya cavab verildikdən sonra əmək pensiyasının təyin olunması məsələsinə baxılacağı bildirilmişdir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.7-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il (1 iyul 2017-ci il tarixədək 25 il) qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır .Ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikası Nazirlər Kabinentinin 29 may 2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” (bundan sonra - Qayda) ilə hesablanır. Qaydanın 3.1-ci yarımbəndinə əsasən ədliyyə orqanları işçilərinə 15 ildən 20 ilə qədər qulluq illərinə görə - 25 faiz, 20 ildən 25 ilə qədər qulluq illərinə görə - 30 faiz əlavə haqq verilir.Həmin Qaydanın 2.2.3-1-ci yarımbəndinə əsasən ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə digər dövlət orqanlarında dövlət qulluğu vəzifəsində işlədikləri müddət daxil edilir.İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 26 sentyabr 2023-cü il tarixli 3-16-5/2-8901/2023 nömrəli əməkhaqqı barədə arayışa əsasən iddiaçıya qulluq illərinə görə 25 faiz miqdarında əlavə ödənilmişdir. Göründüyü kimi, iddiaçıya 2023-cü ilin iyul ayında qulluq illərinə görə 30 faiz deyil, 25 faiz miqdarında əlavə ödənilmişdir. Yəni İddiaçı qulluq illəri 20 ildən artıq deyil, 20 ildən az olaraq nəzərə alınmışdır. Qaydanın 2.2.3-1-ci yarımbəndi 28 noyabr 2021-ci il tarixədək mövcud olmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 1 iyul 2017-ci il tarixədək ədliyyə orqanlarında qulluq illəri 25 ildən az təşkil etdiyindən iddiaçının müraciətində göstərdiyi qaydada ədliyyə orqanlarının işçisi kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir.“Əmək pensiyaları haqqında” Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir.“Əmək pensiyaları haqqında” Qanunun 9.7, 9.7.1-ci maddələrinin tələbinə görə, ədliyyə orqanlarında qulluq keçmiş yalnız o şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır ki, onların ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olsun və həmin şəxslər xüsusi rütbələrdən məhrum edilməmiş olsunlar.“Əmək pensiyaları haqqında” Qanunun 9.7, 9.7.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilməsi üçün şəxsin ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə işləməsi və eyni zamanda xüsusi rütbəyə malik olması şərtdir.İddiaçının iddia ərizəsində istinad etdiyi, yuxarıda qeyd olunan Qaydaların 2.2.3° 1ci yarımbəndi ilə bağlı bildirilir ki, maddənin məzmunundan göründüyü kimi ədliyyə organı işçilərinin digər dövlət organlarında dövlət qulluğu vəzifəsində işlədikləri müddətin qulluq illərinə daxil edilməsi onlara əlavə hagq hesablanması İlə əlagədardır və həmin illərin ədliyyə orqanlarında qulluq ilərinə daxil edilərək pensiya təyin edilməsinə münasibətdə hüquqi əhəmiyyət kəsb etmir.Odur ki, iddiaçının Masallı Rayon Prokurorluğunda böyük mütəxəssis (dəftərxana müdiri) işlədiyi dövrün ədliyyə orqanlarında qulluq stajı kimi nəzərə alınması qanunvericiliyin tələbləri baxımdan əsassız hesab edilir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1967-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı Masallı rayonu, Həsənli kəndində qeydiyyatdadır. НЗ seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək Sovet Ordusunda xidmət etmişdir. ИТ-İ seriyalı, ******* №-li əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək “Şən-həyat” sovxozunda fəhlə vəzifəsinə qəbul olunmuşdur ( Əmr №200, xx.xx.1984); xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək Şən-həyat” sovxozunda fəhlə vəzifəsində işləmişdir (Əmr №189, xx.xx.1990); xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilədək “Şən-həyat” sovxozunda fəhlə vəzifəsində işləmişdir (Əmr №139; xx.xx.1991); xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək “Azərbaycan” İB-də Səfərbərlik və mülki müdafiə üzrə mühəndis vəzifəsinə qəbul edilmişdir (-Əmr 17/k, 02.12.-1991; Əmr №161/k, xx.xx.1993-cü il) xx.xx.1993-cü ildən xx.xx.2007-ci il tarixədək Masallı rayon Prokurorluğunun dəftərxana müdiri vəzifəsində işləmişdir (Əmr № 50, xx.xx.1993; Əmr №14, xx.xx.2007); xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Orqanlarına qulluğa qəbul olunaraq Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsinə stajyor (məsləhətçi vəzifəsi üzrə) təyin edilmiş ( Əmr №323-k, xx.xx.2007); xx.xx.2008-ci ildə Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələrinin ləğvi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək sərəncama götürülmüşdür (Əmr №45-T, xx.xx.2007); xx.xx.2008ci il tarixdə Yardımlı rayon qeydiyyat şöbəsinə stajyor aparıcı məsləhətçisi təyin edilmiş (Əmr №67-k, xx.xx.2008); xx.xx.2008-ci ildə Stajyorluq müddətinin bitməsi ilə əlaqədar sınaq müddəti müəyyən olunmadan Yardımlı rayon qeydiyyat şöbəsinin aparıcı məsləhətçisi təyin edilmiş (Əmr № N112-k, xx.xx.2008); xx.xx.2011-ci il tarixdə tutuduğu vəzifədən azad olunub, Yardımlı rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir (Əmr № 241-k, xx.xx.2011); xx.xx.2016-cı il tarixdə Tutduğu vəzifədən azad olunub Masallı rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş 3-16-6/2-790 №-li, xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən xx.xx.2007-ci il tarixdən dövlət qulluğunun xüsusi növü olan ədliyyə orqanlarında, o cümlədən xx.xx.2016-cı il tarixdən Masallı rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsində qulluq keçir. Masallı Rayon Prokurorluğu tərəfindən verilmiş 28-23 №-li, arayışda qeyd olunmuşdur ki, xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixə kimi Masallı rayon prokurorluğunun dəftərxana müdiri ( böyük mütəxəssis) vəzifəsində işləmişdir. Ədliyyə Nazirliyi İnsan resursları baş idarəsi tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış 3-17-1/2-55449/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur ki, Masallı rayon qeydiyyat şöbəsinin rəisi İddiaçı ədliyyə orqanlarında qulluq illərinin 25 ilinin tamamlandığı tarix və bu zaman nəzərə alınmış fəaliyyət dövrləri, habelə həmin dövrdən əvvəlki 24 ay ərzində ödənilmiş əmək haqqı ilə bağlı məlumat təqdim edilməsinə dair müraciətə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydasına müvafiq olaraq İddiaçı qulluq illəri hesablanarkən həqiqi hərbi xidmətdə olduğu, prokurorluq orqanlarında dövlət qulluğunun yardımçı vəzifəsində çalışdığı və ədliyyə orqanlarında işlədiyi müddətlər nəzərə alınmışdır. Qeyd olunur ki, İddiaçı ədliyyə orqanlarında qulluq illərinin 25 ilinin xx.xx.2016-cı il tarixdə tamam olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş 3-16-6/2-381/24 saylı, xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1985-xx.xx.1987-ci il tarixlərində həqiqi hərbi xidmət keçmiş, xx.xx.1993-xx.xx.2007-ci il tarixlərində Masallı rayon prokurorluğunda dövlət qulluğunun yardımçı vəzifəsində çalışmışdır, xx.xx.2007-ci il tarixdən isə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü olan ədliyyə orqanlarında, o cümlədən xx.xx.2024-cü il tarixdən Astara rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsində qulluq keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafiq olaraq İddiaçı həqiqi hərbi xidmətdə olduğu, prokurorluq orqanlarında dövlət qulluğunun yardımçı vəzifəsində çalışdığı və ədliyyə orqanlarında işlədiyi müddətlər nəzərə alınmaqla onun ədliyyə orqanlarında qulluq illərinin 25 ilinin xx.xx.2016-cı il tarixdə tamam olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: Azərbaycan Respublikası Baş Prokurorluğunun 2-2-100/2-073897/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1 oktyabr 2012-ci il tarixli 424-İVQD nömrəli Qanununa və “Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidnetinin 2008-ci il 09 iyul tarixli 2934 nömrəli Sərəncamında dəyişkiliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2013-cü il tarixli 135 nömrəli Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Prokurorluğu orqanlarında xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrdə çalışan işçilərə dövlət qulluqçusu statusu verilmiş və həmin normativ-hüquqi aktlardan irəli gələn məsələlərin həlli məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun 15 avqust 2014-cü il tarixli əmri ilə prokurorluq orqanlarının strukturunda müvafiq qurumlar və xüsusi rütbə nəzərdə tutumayan vəzifələr ləğv edilərək müvafiq qaydada dövlət qulluğunun struktur qurumları və vəzifələrinə uyğunlaşdırıılmışdır. Hazırda prokurorluq orqanlarında dövlət qulluğu vəzifəsində işləyən şəxslərin 2014-cü il tarixdən əvvəlki dövrdə çalışdıqları və sonradan dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmış vəzifələrdəki qulluq stajları da nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”na uyğun olaraq həmin şəxslərə staja görə aylıq əlavə haqların ödənilməsi həyata keçirilir. İddiaçı işlədiyi Masallı rayon prokurorluğunun dəftərxana müdiri vəzifəsi hazırda dövlət qulluğunun yardımçı təsnifat vəzifəsinə uyğundur. Eyni zamanda İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr üzrə hesablanmış əmək haqqı və digər ödənişləri barədə arayış təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları idarəsi tərəfindən verilmiş (xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş) cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2007-ci il tarixdə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü olan ədliyyə orqanlarında, o cümlədən xx.xx.2024-cü il tarixdən Astara rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsində qulluq keçir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na və xx.xx.2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri"nə əsasən İddiaçı həqiqi hərbi xidmətdə olduğu, prokurorluq orqanlarında dövlət qulluğunun yardımçı vəzifəsində çalışdığı və ədliyyə orqanlarında işlədiyi müddətlər nəzərə alınmaqla onun xx.xx.2017-ci il tarixə ədliyyə orqanlarında qulluq illəri 25 il 9 ay 2 gün təşkil edir. İddiaçı Masallı rayon prokurorluğunun dəftərxana müdiri vəzifəsində işlədiyi dövr dövlət qulluğu haqqında qanunvericiliyə əsasən dövlət qulluğunun yardımçı vəzifəsində qulluq hesab olunur və həmin müddət yuxarıda göstərilən qaydalara əsasən ədliyyə orqanlarında qulluq illərinə daxil edilir. İddiaçı qulluq stajına görə xx.xx.2010-cu il tarixdən 10 faiz, xx.xx.2010-cu il tarixdən 15 faiz, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək isə 20 faiz məbləğində əlavə haqq ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3-16-6/2-16973/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, hazırda Astara rayon qeydiyyat şöbəsinin rəsisi vəzifəsində işləyən İddiaçı qulluq illəri 2024-cü il 20 fevral tarixinədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əladar onlara əlavə haqqın verilməsi Qaydası”na əsasən hesablanmışdır. Həmin Qaydaya uyğun olaraq onun qulluq illəri hesablanarkən yalınız həqiqi hərbi xidmətdə olduğu və ədliyyə orqanlarında işlədiyi müddətlər nəzərə alınmış və bununla əlaqədar xx.xx.2017-ci il tarixə qulluq illəri 9 il 9 ay 23 gün təşkil etdiyi üçün ona bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq əlavə haqq 20 faiz məbləğində ödənilmişdir. xx.xx.2021-ci il tarixdən etibarən isə bu məbləğ 25 faiz təşkil etmişdir. Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 91 nömrəli Qərarı ilə “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət( illərinə daxil edilməsi qaydası və şərtləri” təsdiq edilmişdir. Qaydanın 4.4-cü bəndində qeyd olunur ki, bu Qayda qüvvəyə minənədək dövlət qulluğunda işləmiş və dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifəyə qəbul edilmiş şəxslərin qulluq illəri bu qaydaya uyğun olaraq yenidən hesablanır. Bununla əlaqədar həmin Qayda qüvvəyə mindikdən sonra İddiaçı qulluq illəri həqiqi hərbi xidmətdə olduğu, ədliyyə orqanlarında işlədiyi və prokurorluq orqanlarında dövlət qulluğunun yardımçı vəzifəsində çalışdığı müddətlər nəzərə alınmaqla yenidən hesablanmışdır. Hesablanma nəticəsinə görə onun xx.xx.2017-ci il tarixə ədliyyə orqanlarında qulluq illəri 25 il 9 ay 2 gün təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 9-3/2-2846/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir.“Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir.Adıçəkilən Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.Həmin Qaydanın 7- 1-ci hissəsinə əsasən dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 1.10-cu bəndində baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis mütəxəssis (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər) vəzifələri dövlət orqanlarında yardımçı vəzifələr kimi nəzərdə tutulmuşdur.Qeyd edilənlərə əsasən 1993-2007-ci illərdə Masallı rayon Prokurorluğunda dəftərxana müdiri (böyük mütəxəssis) vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətlərinə cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının: 3-17-1/2-M-244525/2023 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, müvafiq məlumatlarının dəqiqləşdirilməsi ilə əlaqədar tərəflərindən aidiyyəti üzrə sorğu göndərilib. Sorğusuna cavab verildikdən sonra əmək pensiyasının təyin olunması məsələsinə baxılacaqdır. 3-17-1/2-M-106122/2024 saylı, 06 may 2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.7-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il (1 iyul 2017-ci il tarixinədək 25 il) qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır.Ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikası Nazirlər Kabinentinin 29 may 2008ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” (bundan sonra - Qayda) ilə hesablanır. Qaydanın 3.1-ci yarımbəndinə əsasən ədliyyə orqanları işçilərinə 15 ildən 20 ilə qədər qulluq illərinə görə - 25 faiz, 20 ildən 25 ilə qədər qulluq illərinə görə - 30 faiz əlavə haqq verilir. Təqdim etdiyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 26 sentyabr 2023-cü il tarixli 3-16-5/2-8901/2023 nömrəli əmək haqqı barədə arayışa əsasən ona qulluq illərinə görə 25 faiz miqdarında əlavə ödənilib. Göründüyü kimi, ona 2023-cü ilin iyul ayında qulluq illərinə görə 30 faiz deyil, 25 faiz miqdarında əlavə ödənilib. Yəni qulluq illəri 20 ildən artıq deyil, 20 ildən az olaraq nəzərə alınıb.Eyni zamanda, Qaydanın müraciətində göstərdiyi 2.2.3-1-ci yarımbəndi 28 noyabr 2021-ci il tarixinədək mövcud olmayıb. Qeyd olunanları nəzərə alaraq, 1 iyul 2017-ci il tarixinədək ədliyyə orqanlarında qulluq illəri 25 ildən az təşkil etdiyindən ona müraciətində göstərdiyi qaydada ədliyyə orqanlarının işçisi kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Tətbiq edilən hüquq. Dövlət qulluğu haqqında” Qanun (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada) Maddə 2. Dövlət qulluğu ... 2.3. Prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər – xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir. Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 32-1. Dövlət qulluğunda olmanın yaş həddi 32-1.1. Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun... Maddə 2. Ədliyyə orqanlarında qulluq keçmənin hüquqi əsasları 2.1. Ədliyyə orqanlarında qulluq keçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, “İcra haqqında”, “İcra məmurları haqqında”, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Notariat haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir. 2.2. Ədliyyə orqanlarında qulluğa qəbul və qulluq keçmə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, bu Qanun və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. Maddə 18. Ədliyyə orqanlarında qulluq keçmənin yaş həddi 18.1. Ədliyyə orqanları işçisinin ədliyyə orqanlarında qulluqda olmasının yaş həddi 60 yaşdır. 18.5. Ədliyyə orqanlarında qulluq keçmiş şəxslər məhkəmə, prokurorluq, digər hüquq mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına və ya hərbi orqanlara işə qəbul edilərkən onların ədliyyə orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq illərinə daxil edilir və daşıdıqları xüsusi rütbələr saxlanılır. Həmin orqanlarda, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işləmiş ədliyyə orqanlarına qulluğa qəbul edilmiş şəxslərin qulluq illəri ədliyyə orqanlarında qulluq illərinə daxil edilir. Maddə 21. Xüsusi rütbələrin verilməsi qaydası ... 21.13. Məhkəmə, prokurorluq, hüquq mühafizə, o cümlədən fövqəladə hallar, hərbi və digər dövlət orqanlarından ədliyyə orqanlarına işə keçmiş işçilərə xüsusi rütbə onların vəzifələri, əvvəlki xüsusi, hərbi rütbəsi nəzərə alınmaqla bu Qanuna əsasən verilir. Ədliyyə orqanlarına qulluğa qəbul edilən və ya dövlət qulluğundan ədliyyə orqanlarına qulluğa keçirilən şəxslərə xüsusi rütbə verilərkən onların dövlət qulluğunda malik olduqları ixtisas dərəcəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydası: 2.2. Ədliyyə orqanları işçilərinin qulluq illərinə onların aşağıdakı orqanlarda işlədikləri müddətlər də daxil edilir: 2.2.2. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən prokurorluq işçisi vəzifələrində qulluqda olduqları müddət; “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunu 1-ci maddə prokurorluq işçiləri dedikdə - prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları, prokurorluğun stajorları. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası): Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.7. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırda iddiaçı tələbinin əsası kimi 1 iyul 2017-ci il tarixədək ədliyyə orqanlarında 25 il qulluq stajının olduğunu nəzərə alaraq "Əmək pensiyaları haqqında" Qanunun 9.7-ci maddəsinin həmin tarixədək qüvvədə olan redaksiyasının onun barəsində tətbiq edilməsini tələb edir. "Əmək pensiyaları haqqında" Qanunun 9-cu və 9.7-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasının tələbləri baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün yeganə şərt ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajının olmasıdır. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* №-li əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Orqanlarına qulluğa qəbul olunaraq Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsinə stajyor (məsləhətçi vəzifəsi üzrə) təyin edilmiş ( Əmr № 323-k, xx.xx.2007); xx.xx.2008-ci ildə Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələrinin ləğvi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək sərəncama götürülmüşdür (Əmr №45-T, xx.xx.2007); xx.xx.2008ci il tarixdə Yardımlı rayon qeydiyyat şöbəsinə stajyor aparıcı məsləhətçisi təyin edilmiş ( Əmr №67-k, xx.xx.2008); xx.xx.2008-ci ildə Stajyorluq müddətinin bitməsi ilə əlaqədar sınaq müddəti müəyyən olunmadan Yardımlı rayon qeydiyyat şöbəsinin aparıcı məsləhətçisi təyin edilmiş (Əmr № N112-k, xx.xx.2008); xx.xx.2011-ci il tarixdə tutuduğu vəzifədən azad olunub, Yardımlı rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir (Əmr № 241-k, xx.xx.2011); xx.xx.2016-cı il tarixdə tutduğu vəzifədən azad olunub Masallı rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Ümumilikdə, iddiaçının ədliyyə orqanlarında qulluq stajı xx.xx.2007-ci il tarixdən xx.xx.2016-ci il tarixədək olan dövrü əhatə etməklə, 9 il 15 gün təşkil edir. Bundan başqa iş materiallarında olan iddiaçıya məxsus НЗ seriyalı ******* №-li hərbi biletin surətindən görünür ki, xx.xx.1985-ci ildən xx.xx.1987-ci il tarixədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur (2 il 1 ay 20 gün). Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydasının 2.1 və 2.2.7-ci bəndinə əsasən Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə daxil edilmişdir. Beləliklə, iddiaçının 01 iyul 2017-ci il tarixədək hərbi xidmət və ədliyyə orqanlarında xidmət dövrü ilə birlikdə 11 il 2 ay 05 gün xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq stajına malik olduğu müəyyən edilir. İddia olunan məzmunda tələb “Əmək pensiyaları haqqında” Qanunun 9.7, 9.7.1-ci maddəsinə uyğun olaraq o halda təmin oluna bilərdi ki, şəxs ədliyyə orqanında qulluğa qəbul edilənədək digər dövlət orqanlarında dövlət qulluğunda inzibati vəzifə və ya xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş olsun və “Əmək pensiyaları haqqında” Qanunda həmin kateqoriyaya aid şəxslərin pensiya təminatı üçün müstəqil əsaslar nəzərdə tutulmuş olsun. Bu baxımdan, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslərin pensiya təminatına dair əsasları müəyyən edən “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinin müddəalarında prokurorluq orqanlarında qulluq etmiş və xüsusi rütbələrdən məhrum edilməmiş şəxslər (9.4-cü maddə), fövqəladə hallar orqanlarında və miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş və xüsusi rütbələrdən məhrum edilməmiş şəxslər (9.7- 1 və 9.7-2-ci maddələr) üçün müstəqil, eyni zamanda, oxşar əsaslar üzrə pensiya təminatı nəzərdə tutulduğundan, onlar həmin orqanlarda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdəki qulluq illərinin məcmusundan çıxış edə bilərlər. Həmin kateqoriya şəxslərə, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.4-cü maddəsində həmin Qanunun məqsədləri üçün anlayışı verilmiş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxsləri də aid etmək olar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydasının 3.1-ci bəndinə əsasən Qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq aşağıdakı məbləğlərdə ödənilir: - 1 ildən 2 ilə qədər qulluq illərinə görə – 5 faiz;- 2 ildən 5 ilə qədər qulluq illərinə görə – 10 faiz;- 5 ildən 10 ilə qədər qulluq illərinə görə – 15 faiz;- 10 ildən 15 ilə qədər qulluq illərinə görə – 20 faiz;- 15 ildən 20 ilə qədər qulluq illərinə görə – 25 faiz;- 20 ildən 25 ilə qədər qulluq illərinə görə – 30 faiz;- 25 ildən 30 ilə qədər qulluq illərinə görə – 40 faiz;- 30 ildən yuxarı qulluq illərinə görə – 50 faiz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3-16-6/2-16973/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı qulluq illəri hesablanarkən yalınız həqiqi hərbi xidmətdə olduğu və ədliyyə orqanlarında işlədiyi müddətlər nəzərə alınmış və bununla əlaqədar xx.xx.2017-ci il tarixə qulluq illəri 9 il 9 ay 23 gün təşkil etdiyi üçün ona bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq əlavə haqq 20 faiz məbləğində ödənilmişdir. xx.xx.2021-ci il tarixdən etibarən isə bu məbləğ Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 91 nömrəli Qərarı ilə “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət( illərinə daxil edilməsi qaydası və şərtləri”nə əsasən 25 faiz təşkil etmişdir. Qayda qüvvəyə mindikdən sonra hesablanma nəticəsinə görə onun xx.xx.2017-ci il tarixə ədliyyə orqanlarında qulluq illəri 25 il 9 ay 2 gün təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə bununla bağlı xüsusi vurğulamağı zəruri hesab edir ki, iddiaçının 13 il 11 ay 12 gün Masallı Rayon Prokurorluğunda işlədiyi dəftərxana müdiri ( böyük mütəxəssis) vəzifəsini nəzərə alaraq xx.xx.2017-ci il tarixə ədliyyə orqanlarında qulluq illərinin 25 il 9 ay 2 gün olaraq hesablanması inzibati orqanın vəzifəsinə aiddir və bu hesablama pensiya təyinatı aparan inzibati orqan üçün imperativ hesab olunmamlıdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplus”nun 1.10. Dövlət orqanlarında aşağıdakı yardımçı vəzifələr nəzərdə tutulur: baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər). Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi” Qaydasının 7.1-ci bəndində əsasən Dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Beləliklə iddiaçının xx.xx.2007-cü il tarixdə ədliyyə orqanında qulluğa qəbul edilənədək Masallı rayon Prokurorluğunda yardımçı vəzifə hesab olunan dəfətərxana müdiri (böyük mütəxəssis) vəzifəsində 13 il 11 ay 12 gün işlədiyi müddətin dövlət qulluğunun xüsusi növünə uyğunlaşdırılması yuxarıda sadalanan normalarla öz əksini tapmamışdır. Bundan əlavə Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 91 nömrəli Qərarı ilə “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət( illərinə daxil edilməsi qaydası və şərtləri”ndə qulluq illəri uyğunlaşdırılarkən dövlət qulluğunda yardımçı vəzifənin dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi qeyd olunmamışdır. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2016-cı il tarixdə ədliyyə orqanlarında 25 il qulluq illəri olduğuna görə ona pensiya almaq üçün müraciət etdiyi gündən əvvəlki 24 ayı və ya ardıcıl gələn istənilən 60 ay ərzində aldığı əmək haqqından, əmək haqqındakı sonradan artımlarda nəzərə alınıb hesablanmaqla pensiya təyin edilməsi və həmin hüququnun yarandığı gündən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-3862/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3862/2024
22.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver