Məhkəmə qərarları › İş №2-1(120)-387/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-387/2022

12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-387/2022 12.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması və qazın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh X13 İstismar İdarəsinə qarşı “Şirvan şəhər, 1 may küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə təbi qazın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-387/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh X13 İstismar İdarəsinə qarşı “Şirvan şəhər, 1 may küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə təbi qazın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçının olduğu kimi saxlanılması, cavabdeh siyahısından X13 İstismar İdarəsinin çıxarılması, cavabdeh kimi “Azəriqaz” İstehsalat Birliyinin tanınması, iddia tələbinə “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması və qazın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan Şirvan şəhər, 1 May küçəsi, ev 1 ünvanda yerləşən fərdi yaşayış evində X6 adında olmuş təbii qaz passiv fəaliyyətdə dayandırılmışdır. Valideynləri və qardaşı X4 bu evlərdə yaşadığları vaxtlarda təbii qaz fasilələrlə olmuşdur. 2001-ci il oktyabrın axırında 2 saylı TTİ-nin xəttindən onlara təbii qaz verilmişdir. 3 ayrı-ayrı qaz və işıq sayğacları da olmuşdur. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heçbir məlumat verməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilməsini mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** saylı ş/v-nin surəti, Şirvan Qaz-İstismar İdarəsinə müraciət məktubu, X13 İstismar İdarəsinin xx.xx.2021-ci il tarixli, 01İR/08-1366 nömrəli məktubu, xx.xx.1969-cu il tarixli müqavilənaməni, xx.xx.1997-ci il tarixli müqaviləni, xx.xx.1981-ci il tarixli bəxşiş müqavilənaməsini, texniki pasportu, DƏDRX-nin 13 saylı Şirvan ərazi idarəsinin məktubunu və ona əlavə olunmuş sənədləri, xx.xx.2011-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışın surəti, Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli, 05/01-217/11 nömrəli məktubunu və ona əlavə olunmuş sənədləri, X13 İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli, SOCAR**********30560046X00511 nömrəli məktubu, X13 İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli, SOCAR**********30560046X01892 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ilə X10 arasında bağlanmış xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X10 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satmış və pulunu almışdır. İşdə olan 2446 inventar nömrəli, 04-12 reyestr nörməli fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, X1 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyat aparılmışdır. X13 İstismar İdarəsinin xx.xx.2021-ci il tarixli, 01İR/08-1366 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanında yaşayan İddiaçı Şirvan Xidmət Sahəsində təbii qaz istifadəçisi kimi abonent qeydiyyatında yoxdur. İşdə olan X13 İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli, SOCAR**********30560046X00511 nömrəli məktubunda qeyd edilmişdir: Şirvan İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh X13 İstismar İdarəsinə qarşı “Şirvan şəhər, 1 May küçəsi, ev 1 ünvanında yerləşən ferdi yaşayış evinə təbii qazın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə X13 İstismar İdarəsinə daxil olmuş müraciətinizə baxılmışdır. Müraciətdə qeyd edilənlər ilə əlaqədar bildirilir ki, vətəndaş İddiaçı və həmin ünvanda yaşayan qardaşı X2 Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladıqları eyniməzmunlu müraciətlərinə tərəfimizdən baxılmış və nəticəsi barədə müraciət edənə 01 İR/11-3591 nömrəli, xx.xx.2019-cu il tarixli; 01İR/11- 258 nömrəli, xx.xx.2021-ci il tarixli və 01 İR/11-360 nönmrəli, xx.xx.2021-ci il tarixli və 01 İR/11-1408 nömrəli, xx.xx.2021-ci il tarixli məktublarla cavab verilmişdir. Bildiririk ki, qeyd edilən ünvan Şirvan Xidmət Sahəsində təbii qaz istifadəçisi kimi abonent qeydiyyatında yoxdur və təbii qazla təchiz edilmir. Müraciətlərə cavab olaraq müraciət sahibinə bildirilmişdir ki, “Vətəndaşların fərdi yaşayış evlərinin (mənzillərin) qazlaşdırılması üzrə xidmətlər “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilmir. Qazlaşdırılmış yaşayış massivlərində qazlaşmadan sonra tikilmiş və ya hər hansı səbəbdən qazlaşdırılmamış fərdi yaşayış evlərinin (mənzillərin) qazlaşdırılması xüsusi icazəsi olan tikinti təşkilatı tərəfindən həyata keçirilir. Belə ki, qaz xəttinin çəkilməsi vətəndaş ilə tikinti təşkilatı arasında bağlanılacaq qarşılıqlı müqavilə əsasında yerinə yetirilir. Qeyd olunan işlər başa çatdırıldıqdan sonra mənzilə ödənişsiz olaraq məişət qaz sayğacı quraşdırılır. Qazlaşdırma qaydaları barədə ətraflı məlumatlarla “ASAN Xidmət” Mərkəzlərində, www.asan.qov.az və www.azeriqaz104.az internet saytlarında tanış ola bilərsiniz. xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin müəyyən edilməsi haqqında” fərmanına əsasən qazdan istifadəyə görə nəzərdə tutulmuş aylıq limit ləğv edilmişdir. İşdə olan X13 İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli, SOCAR**********30560046X01892 nömrəli məktubunda qeyd edilmişdir: X3 Regional Qaz İstismar İdarəsi Şirvan Xidmət sahəsində 1 May küçəsində abonent kimi (abonent kodu **********01360) qeydiyyata alınmışdır. Arif Nəbiyev abonent kimi qeydiyyata alınmasına baxmayaraq qazdan istifadə etməmiş və qeyd olunan mənzilə qaz sayğacı quraşdırılmamışdır. Bu səbəbdəndə Arif Nəbiyevə məxsus mənzil 2007-ci ilin iyul ayından abonent bazasında passiv statusuna keçirilmişdir. Məhkəmə araşdırması zamanı iş materialarında olan sənədlərdən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi əvvəllər tam mülkiyyət hüququ ilə X9 məxsus olmuş və həmin mənzilə dair X6 adına abonent kodu açılmışdır. Sonradan həmin mənzil hazırki iş üzrə İddiaçı tərəfindən alınmış və həmin mənzil üzərində iddiaçının adına mülkiyyət hüququ qeydiyyatı aparılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, əvvəlki mülkiyyətçi Arif Nəbiyevin abonent kimi qeydiyyatı 2007-ci ilə kimi aktiv olmuş lakin qazdan istifadə etmədiyinə görə qeyd olunan mənzilə qaz sayğacı quraşdırılmamışdır. Hazırda iddiaçı mülkiyyətində olan həmin mənzildən təyinatı üzrə istifadə edə bilməsi üçün qaz sayğacının qurşadırılması və qazın verilməsini cavabdeh inzibati orqandan tələb etmişdir. Lakin cavabdeh iddiaçınıın mülkiyyətində olan sözügedən mənzilə sayğacın quraşdırılmasından və qazın verilməsindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Azərbaycan Respublikasının Konstitusiyası maddə - 13, 29). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 152.1, 152.5, 152.6, 157.2, 157.4). Göründüyü kimi mülkiyyət hüququ hamılıqla qəbul olunan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən hüquqi dövlətin və demokratik cəmiyyətin təməl daşlarından biri hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən məişət abonenti yayaşış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahələrində məişət ehtiyacları üçün qazdan istifadə edən fiziki şəxsdir. Həmin Qanunun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə bilrəşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyətçə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. Həmin Qaydaların 4.1ci bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 6.4-cü bəndinə əsasən qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 22-1-ci maddəsinə əsasən istehlakçı qaz paylayıcısının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən inziabti qaydada və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə hesab edir ki, tikilib istismara qəbul edilmiş, abonent kodu mövcud olmuş və qaz xətləri quraşdırılmış fərdi yaşayış evinin abonenti (mülkiyyətçisi) dəyişdikdən sonra yeni mülkiyyətçidən həmin evə qaz xətlərinin çəkilməsinin tələb edilməsi yeni mülkiyyətçinin yəni iddiaçının (sonrakı abonentin) hüququnun pozulması ilə nəticələnir. Azərbaycan Respublikasında təbii inhisar subyekti kimi fəaliyyət göstərən cavabdeh (qaz paylayıcı) tərəfindən qazın verilməsində hərəkətsizlik göstərməsi, o cümlədən qaz sayğacının quraşdırmaqdan və qazın verilməsindən imtina edilməsi qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə ziddir. Belə ki, cavabdeh tərəfindən iddiaçının tələbinin imtina edilməsinin hər hansı qanuni əsası mövcud deyildir, qaz sayğacının quraşdırması və qazın verilməsi ilə əlaqədar cavabdeh tərəfindən iddiaçıdan sözügedən mənzilə qaz xəttinin çəkilməsi üçün xüsusi icazəsi olan təşkilatla müqavilə bağlanılmalı olmasını tələb edilməsi hər hansı hüquqi əsasa söykənmir və buna görə də sayğacın quraşdırlmaması və qazın verilməsindən imtina qanunsuz olmuşdur. Məhkəmə xüsusilə onu da qeyd etmək istəyir ki, cavabdeh tərəfindən iddiaçının ilkn mütaciətindən sonra həyata keçirməli olduğu inzibati araşdrımaya dair materialları, xüsusilə də hazırki tələbi üzrə ilkin müraciətindən sonra sözügedən fərdi yaşayış evində qaz xətlərinin həqiqətən də mövcud olub-olmamasına dair baxış-müayinə aktlarını tərtib etməmiş və buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehin üzərinə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması və qazın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçının tələbindən imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, iddiaçı tərəfindən sözügedən mənzilə qaz xəttinin çəkilməsini və buna görə xüsusi icazəsi olan təşkilatla müqavilə bağlanılmalı olmasını göstərmişdir. Hansı ki, müəyyən edilmişdir ki, sözügedən mənzilin əvvəlki mülkiyyətçisinin adına abonent kodu olmuş və demək ki, həmin vaxt texniki şərtlərə uyğun həmin evə qaz xətləri çəkilmişdir. Məhkəmənin qənaətinə görə sözügedən mənzilin əvvəlki mülkiyyətçisinin adına abonent kodu olduğundan və həmin vaxt texniki şərtlərə uyğun qaz xətləri çəkildiyindən və 2007-ci ilə kimi əvvəlki mülkiyyətçinin adına abonent kodu aktiv olduğundan, iddiaçı tərəfindən həmin fərdi yaşayış evi əldə edildikdən (1997-ci ildən) sonra yenidən həmin mənzilə qaz xətlərinin çəkilməsi üçün xüsusi icazəsi olan təşkilatla müqavilə bağlanılmalı olmasını göstərməsi ilə bağlı cavabehin dəlili əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı prosessual xərcləri tələb etmədiyindən dövlət rüsumundan ibarət məhkəmə xərci iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin üzərinə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması və qazın verilməsi öhdəliyi qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar