Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3872/2024 30.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 37s saylı sərəncamının icarəsində olmuş 25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 37s saylı sərəncamının icarəsində olmuş 25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 102 saylı sərəncamı ilə mərhum əri X1 50 ha qış otlaq sahəsi 15 il müddətinə icarəyə verilmiş və əri vəfat etdikdən sonra müddətin qalan hissəsi RİHB-nin 13 yanvar 2012-ci il tarixli 05 saylı sərəncamı ilə ona verilmişdir. Müqavilə müddəti xx.xx.2019-cu ildə bitməsinə baxmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 37s saylı sərəncamı ilə torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmiş və Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli sərəncamı, 08 saylı icarə müqaviləsi ilə həmin torpaq sahəsinin 25 ha "xxxx" MMC şirkətinə 49 il müddətinə icarəyə verilmişdir. 25 ha torpaq sahəsinə görə ona 2500 manat kompensasiya hesablanmış, lakin o hesablanmış kompensasiyanı almaqdan imtina etmişdir. Göründüyü kimi icarəsində olan torpaq sahəsinin icarə müddəti bitməmiş Ağcabədi rayon İcra Hakimiyyəti ondan xəbərsiz xx.xx.2017-ci il tarixli 97 saylı sərəncamla icarə hüququma xitam vermiş və ona bu barədə heç bir məlumat verməmişdir. Həmin 25 ha torpaq sahəsi 2017-ci ildə "MAQRO” MMC- nin icarəsinə verilsə də həmin torpaqdan o, 2022-ci ilə qədər istifadə etmiş və icarə haqqlarında ödəmişdir. İcarə müddəti bitdikdən sonra müqavilənin qüvvədən düşməsi, xitam edilməsi barədə müqavilə tərəfləri arasında danışıq aparılmayıbsa, qanunvericiliyə əsasən müqavilə müddəti əvvəlki müddət qədər yenidən qüvvəyə minir. Yəni 2019-cu il tarixdə hər hansı müqavilə ilə bağlı ona hər hansı pretenziya bildirilmədiyindən 15 illlik müqavilə yenidən yeni 15 illik müddət üçün bağlanmış sayılır. Deməli onunla imzalanan müqavilə 2034-cü ilə qədər qüvvəsindədir. Yuxarıda sadalanan hallardan məlum olur ki, əgər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 37s saylı sərəncamı ilə torpaq sahəsinin təyinatı dəyişdirilməsəydi, onun başına İcra Hakimiyyəti belə oyun açmazdı. Məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 37s saylı belə bir sərəncamının mövcud olması ilə bağlı məlumatı digər məhkəmə gedişində (onun Ağcabədi Rayon İcra Hakimiyyətinə qarşı “Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 97 saylı sərəncamının icarəmdə olan 25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə aparılan araşdırma zamanı) xəbər tutmuşdur. Bu səbəbdən hesab edir ki, iddia müddətinin buraxılması üzrlü hesab edilməlidir. Sərəncam qəbul edildiyi zaman torpaq mülkiyyətçiləri və icarədarları bu barədə məlumatlandırılmamışdılar. Şəxsən ondan xəbərsiz olaraq qəbul edilmiş sərəncam, ona aid hissədə ləğv edilməlidir. Həmçinin hesab edir ki, Nazirlər Kabinetinin belə bir sərəncam verilməsinə səlahiyyəti və qanunla hüququ yox idi. Belə ki, həmin torpaq sahəsi boş sahə olmamışdır. Torpaq sahəsindən istifadə edilirdi. Qanunvericiliyə əsasən həmin sahə onun icarəsinə verilmişdir. Ən azından icarə müddətinin sonuna qədər onun torpaq sahəsi ilə bağlı hissədə Nazirlər Kabinetinin sərəncamı qüvvəyə minməməli idi. Cavabdehin qanunsuz hərəkəti nəticəsində onun Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəlləsi ilə qorunan və müdafiə olunan icarə hüququm kobud şəkildə pozulmuş və faktiki olaraq sahəyə mövcud hüququmdan məhrum olunmuşdur. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra mümkünlük icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə mümkünlük iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir.Yəni iddiaçının belə bir iddia qaldırması üçün qanunla qorunan marağı birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə, iddiaçı cavabdeh inzibati orqanın hərəkət və hərəkətsizliyi ilə onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, məhkəmə inzibati işi araşdıraraq hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçının mülkiyyət və ya digər hər hansı bir hüquqlarına müdaxilə edilməsi iddiaçı tərəfindən hər hansı maddi sübut və sənədlərlə sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 37s saylı sərəncamının İddiaçı hansı subyektiv hüququnu pozması iddiaçı tərəfindən əsaslandırılb sübuta yetirilmədiyi üçün hazırki tələb mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən iddiaçıya 11 iyun 2024-cü il tarixli, 2-1(120)-3872/2024 nömrəli hüquqi yardım məktubu ünvanlanaraq iddia tələbinin qeyri-dəqiq olması və cavabdeh inzibati orqanın iddiaçının qaldırılan iddia tələbi ilə bağlı hansı subyektiv hüquqlarını pozduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmiş və hüquqi yardıma heç bir münasibət bildirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 37s saylı sərəncamının icarəsində olmuş 25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-3872/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3872/2024
30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver