Məhkəmə qərarları › İş №2-1(120)-388/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-388/2022

28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-388/2022 28.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı oğlu X1 Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə daxil olunmamasının səbəbi araşdırılaraq məktəbə bərpa edilməsi tələbinə dair iddia tələbi üzrə inzibati işə Masallı Məhkəmə kompleksinin inzibati binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X1 Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə daxil olunmamasının səbəbi araşdırıb, buna səbəb olan insanların cəzalandırılması və məktəbə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1972-ci il tarixdə Təngərüd kəndində anadan olmuş, 1990-cı il tarixdə Leninqrad Ali Hərbi Mühəndislər Məktəbinə daxil olmuşdur. 1992-ci il tarixdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə keçirilmiş, 1994-cü il tarixdə həmin məktəbi bitirmiş, Sərhəd Qoşunlarının və Müdafiə Nazirliyinin tərkibində müxtəlif hərbi hissələrdə zabit kimi xidmət etmiş, 2002-ci ildən ehtiyata buraxılmışdır. Hal-hazırda hərbi təqaüddədir. 2021-ci ilin yanvar-fevral aylarında oğlu 2007-ci il təvəllüdlü, Bakı şəhəri Nizami rayonu 32 nömrəli tam orta məktəbinin 8-ci sinif şagirdi X1 Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə daxil olunması üçün tələb olunan sənədləri həmin məktəbə təqdim etmiş, mart ayında imtahan verib qəbul olunmuş balla növbəti mərhələdən, yəni tibbi komissiyadan keçmək üçün aprel ayında həmin məktəbdən ona zəng etdilər. Göstərilmiş ünvana gedib bütün tibbi xidmətdən uğurla keçdi. Onlara iyul, avqust aylarında zəng edib məktəbə dəvət edəcəklərini bildirdilər. Avqust ayında tibbi komissiyadan keçən şagirdləri məktəbə dəvət etdilər. Lakin onlara zəng olunmadı. Həmin məktəblə əlaqə saxlanıldı. Onlara siyahının Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin kadrlar şöbəsində olur, həmin şöbənin telefon nömrəsini verib əlaqə saxlamağı məsləhət verdilər. Zəng vurduqdan sonra qəbul şöbəsinə gedib maraqlanmış, xidmət əməkdaşlarından biri ona dedi ki, rəhbərlik belə uyğun hesab etmişdir və sərhəd xidmətinin daxili işidir. Rəsmi olaraq 2 dəfə Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə məktubla müraciət edib səbəbini öyrənmək istəmiş, lakin məktubdan da göründüyü kimi heç bir səbəb göstərmədən cavab verilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclası zamanı iddiaçı iddia ərizəsi üzrə izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdar edilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi barədə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblirini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 4/7-5587 saylı və xx.xx.2021-ci il tarixli, 4/7- 6104 saylı məktublarına əsasən, övladı Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə qəbul edilməsi barədə müraciətə tərəfindən baxılmış və oğlunun məktəbə qəbulu mümkün olmamışdır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, k/30/2847/M-690 saylı məktubuna əsasən, müraciətlə əlaqədar xx.xx.2021-ci il tarixdə Sərhəd Qoşunları aparatından əlaqə saxlanılmış və suallara aydınlıq gətirilmişdir. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsinin xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli, 418 saylı xidməti məktublarına əsasən, iddiaçının övladı X2 cari ilin 14 mart tarixində X5 tərəfindən keçirilmiş qəbul imtahanında iştirak edərək tələb olunan balı toplamışdır. Növbəti mərhələdə namizəd tibbi şəhadətləndirilməsi məqsədilə Mərkəzi Hərbi-Həkim Komissiyasına göndərilmiş və Xüsusi Məktəbdə təhsil almağa yararlı hesab olunmuşdur. Daha sonra həyata keçirilmiş ilkin öyrənilmə tədbiri zamanı şagirdin yaxın qohumları barəsində nüfuzdan salan məlumat aşkarlanmış, aidiyyəti üzrə məruzə olunmuş və E.Məmmədzadənin Məktəbə qəbulu məqsədəuyğun hesab edilməmişdir. Övladının Xüsusi Məktəbə qəbul edilməsinin mümkün olmaması barədə atası İddiaçı ünvanına xx.xx.2021-ci il tarixli 4/7-3587 №-li məktub göndərilmişdir. Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə şagirdlərin qəbulu Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Xüsusi Məktəbin Nizamnaməsi» və «Xidmətə Qəbul üzrə Təlimat»ın tələbləri rəhbər tutulmaqla həyata keçirilir. Qeyd olunan Nizamnamə və Təlimatdan surət və çıxarışa dair aidiyyəti üzrə Katibliyə müraciət edilməsi məqsədəuyğun hesab olunur. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli, 16/3649 saylı etiraz ərizəsində göstərilmişdir ki, İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, iddiaçının övladı X2 cari ilin 14 mart tarixində X5 tərəfindən keçirilmiş qəbul imtahanında iştirak edərək tələb olunan balı toplamışdır. Növbəti mərhələdə namizəd tibbi şəhadətləndirilməsi məqsədilə Mərkəzi Hərbi-Həkim Komissiyasına göndərilmiş və Xüsusi Məktəbə təhsil almağa yararlı hesab olunmuşdur. Daha sonra həyata keçirilmiş ilkin öyrənilmə tədbirləri zamanı şaqirdin yaxın qohumları barəsində nüfüzdan salan məlumat aşkarlanmış, (İddiaçı xx.xx.1995-ci il tarixdə AR CM-in 255-ci maddəsi ilə məhkum olunmuşdur) aidiyyəti üzrə məruzə olunmuş və E.Məmmədzadənin Məktəbə qəbulu məqsədəuyğun hesab edilməmişdir. Dövlət Sərhəd Xidməti xüsusi mühafizə orqanı olduğundan və diğər xüsusi mühafizə orqanları (DİN, DTX, PTX, XKX və s.) xidmətə qəbul olunan namizədlərin yaxın qohumları barəsində nüfüzdan salan məlumat aşkarlanan zaman xidmətə qəbuldan imtina edilməsi üçün əsas hesab edilir. Bu səbəbdən də iddiaçı sabiq hərbi qulluqçu İddiaçı iddiasının əsassız olmasını hesab edilir. İddiaçının iddiasının əsassız olduğunun nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. - İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.1998-ci il tarixli qərarının surətinə əsasən, İddiaçı AR CM-nin 42-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, N saylı hərbi hissənin hərbi qulluqçusu İddiaçı cəzadan azad edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, oğlu X1 Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə daxil olunmamasının səbəbinin araşdırılması və məktəbə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin mübahisələndirilməyən halı odur ki, iddiaçının oğlu X2 cari ilin 14 mart tarixində X5 tərəfindən keçirilmiş qəbul imtahanında iştirak edərək tələb olunan balı toplamışdır. Növbəti mərhələdə namizəd tibbi şəhadətləndirilməsi məqsədilə Mərkəzi Hərbi-Həkim Komissiyasına göndərilmiş və Xüsusi Məktəbdə təhsil almağa yararlı hesab olunmuşdur. Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, sonradan həyata keçirilmiş ilkin öyrənilmə tədbiri zamanı E.Məmmədzadənin Məktəbə qəbulunun məqsədəuyğun hesab edilməməsinin səbəbinin nədən ibarət olmasıdır. Məhkəmə iddiaçının iddia ərizəsi üzrə mübahisə ilə bağlı işi araşdıraraq qüvvədə olan qanunvericiliyin normalarını əsas gətirir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.8 maddəsinə əsasən, qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Bu Qanunun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 13-cü maddəsinə əsasən, İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu Qanunun 24-cü maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . Bu Qanunun 61-ci maddəsinə görə, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73-cü maddəsinə əsasən, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ərizə ilə oğlu 32 nömrəli tam orta məktəbinin 8-ci sinif şagirdi X1 Dövlət Sərhəd Xidmətində 8-ci sinfə qəbul edilməsi üçün müraicət etmiş, iddiaçının övladı 2021-ci ilin 14 mart tarixində X5 tərəfindən keçirilmiş qəbul imtahanında iştirak edərək tələb olunan balı toplamış, növbəti mərhələdə namizəd tibbi şəhadətləndirilməsi məqsədilə Mərkəzi Hərbi-Həkim Komissiyasına göndərilmiş və Xüsusi Məktəbə təhsil almağa yararlı hesab olunmuşdur, həyata keçirilmiş ilkin öyrənilmə tədbirləri zamanı şagirdin yaxın qohumları barəsində nüfüzdan salan məlumat aşkarlanmışvə E.Məmmədzadənin Məktəbə qəbulu məqsədəuyğun hesab edilməmişdir. İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə bu məsələ ilə bağlı müraciət etmişdir. İddiaçının müraciətinə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsində baxılmış və xx.xx.2021-ci il tarixli, 4/7-5587 saylı və xx.xx.2021-ci il tarixli, 4/7-6104 saylı məktublar ilə övladının Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə qəbul edilməsi barədə müraciətə tərəfindən baxılması və oğlunun məktəbə qəbulu mümkün olmaması barədə məlumat verilmişdir. İşin hallarından məlum olmuşdur ki, İddiaçı xx.xx.1995-ci il tarixdə AR CM-in 255-ci maddəsi ilə məhkum olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə, İddiaçı AR CM-nin 42-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, N saylı hərbi hissənin hərbi qulluqçusu İddiaçı cəzadan azad edilmişdir. “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında” xx.xx.2002-ci il tarixli Əsasnamənin 9.20-ci maddəsinə əsasən, Dövlət Sərhəd Xidməti öz təyinatına uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada Dövlət Sərhəd Xidmətinin kadr təminatını həyata keçirir, hərbi qulluqçuların və işçilərin peşə hazırlığının təkmilləşdirilməsini, əlavə təhsilini və mənəvi-psixoloji hazırlığını təmin edir. Bu Əsasnamənin 11.16-cı maddəsinə əsasən, Dövlət Sərhəd Xidməti öz təyinatını və vəzifələrini həyata keçirmək üçün Azərbaycan Respublikasının və xarici dövlətlərin təhsil müəssisələrində kadrların hazırlanması üzrə tədbirlər görmək hüququna malikdir. Bu Əsasnamənin 11.17-ci maddəsinə əsasən, Dövlət Sərhəd Xidməti öz təyinatını və vəzifələrini həyata keçirmək üçün Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətə qəbul edilən şəxslərin öyrənilməsi işini təşkil etmək hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin xx.xx.2015-ci il tarixli Nizamnaməsinə əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin strukturunda fəaliyyət göstərən xüsusi təyinatlı tam orta ümumtəhsil müəssisəsidir. Bu Nizamnamə "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin tələblərinə uyğun olaraq hazırlanmışdır və Məktəbin fəaliyyətini tənzimləyir. Məktəb öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, DSX rəisinin əmr və sərəncamlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini və bu Nizamnaməni rəhbər tutur. Nizamnamənin 1.16-ci bəndinə əsasən, Məktəb qanunauyğun olaraq statistik və maliyyə hesabatlarını aidiyyəti üzrə təqdim edir, fəaliyyətinin nəticələri barədə DSX-yə hesabat verir. Nizamnamənin 3-cü maddəsinə əsasən, Məktəb irqindən, dilindən, dinindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşına ümumi təhsil almaq imkanını təmin edir. Məktəbdə təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla, fərdin harmonik inkişafına xidmət edir. Məktəbin vəzifəsi kursantların meyil, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnmələrini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmalarını, DSX-nin xüsusi təyinatlı ali təhsil müəssisəsi üçün hazırlanmalarını təmin etməkdən ibarətdir. Nizamnamənin 4-cü maddəsinə əsasən, Məktəbdə təhsil prosesi öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşıyır. Məktəbdə təlim-tərbiyə prosesi dövlət standartlarına uyğun hazırlanmış müvafiq təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir. Məktəbin V sinfinə həmin ildə 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan ümumtəhsil məktəbinin İV sinfini bitirmiş oğlanlar qəbul edilirlər. Məktəbə qəbul məktəbdə yaradılan komissiya tərəfindən qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilir. Nizamnamənin 4.7 və 4.8-ci maddələrinə əsasən, təhsil alanların Məktəbə qəbul və Məktəbdən xaric edilməsi Məktəb rəisinin vəsatəti əsasında DSX rəisinin əmri ilə həyata keçirilir. Məktəbə qəbul planı DSX-nin rəisi tərəfindən müəyyən olunur. Göründüyü kimi, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə şagirdlərin qəbulu Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Xüsusi Məktəbin Nizamnaməsi» və «Xidmətə Qəbul üzrə Təlimat»ın tələbləri rəhbər tutulmaqla həyata keçirilir. “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında” xx.xx.2002-ci il tarixli Əsasnamənin müvafiq maddəsində qeyd edildiyi kimi Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul edilən şəxslərin öyrənilməsi işini təşkil edir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə araşdırması ilə təsdiq olunur ki, Məktəb öz fəaliyyətində həmçinin DSX rəisinin əmr və sərəncamlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini və bu Nizamnaməni rəhbər tuturaq fəaliyyət göstərir. Dövlət Sərhəd Xidməti tərəfindən həqiqi hərbi xidmətə qəbul edilən şəxslərin öyrənilməsi işi təşkil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin xx.xx.2015-ci il tarixli Nizamnaməsi üzrə Məktəbə qəbul planı DSX-nin rəisi tərəfindən müəyyən olunduğu üçün, Dövlət Sərhəd Xidməti tərəfindən xidmətə qəbul olunan namizədlərin barəsində öyrənilmə tədbirləri aparıldığına görə iddiaçının oğlunun yaxın qohumları barəsində ilkin öyrənilmə tədbirləri aparılmış, yaxın qohumu barəsində nüfüzdan salan məlumat aşkarlanan zaman Xidmətə aidiyyəti üzrə məruzə olunmuş və E.Məmmədzadənin Məktəbə qəbulu məqsədəuyğun hesab edilməmişdir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi anlamına gəlir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırki halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmiş, inzibati orqanın diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələrdə baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı oğlu X1 Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə daxil olunmamasının səbəbinin araşdırılaraq məktəbə bərpa edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 68–69-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı oğlu X1 Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə daxil olunmamasının səbəbi araşdırılaraq məktəbə bərpa edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar