Məhkəmə qərarları › İş №2-1(120)-389/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-389/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-389/2020 29.01.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə qarşı “müharibə veteranı müavinətinin xx.xx.2016-cı il tarixdən xx.xx.2019cu il tarixədək olan müddət ərzində həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona 19 iyul 2019-cu il tarixdə 032788 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Həmin vaxtdan başlayaraq İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən hər ay müharibə veteranı müavinəti ödənilir. İddiaçı qeyd olunan müavinətin müharibə veteranı vəsiqəsini aldığı vaxtdan üç il əvvəlki müddətə hesablanaraq ona ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 04 dekabr 2019-cu il tarixli **********9 nömrəli məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdən 3 il üçün müharibə veteranı kimi sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli, 2-1(120)-389/2020 nömrəli qərardadı ilə iddia tələbinə müharibə veteranı müavinətinin xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıkimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə Müdafiə Nazirliyi tərəfindən 19 iyul 2019-cu il tarixdə ona 032788 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Müharibə veteranı vəsiqəsi verildikdən sonra ona Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən hər ay müavinət ödənilir. Qeyd olunan müavinət ona 19 iyul 2019-cu il tarixdən ödənilir. Hesab edir ki, həmin müavinəti almaq hüququ müharibə veteranı vəsiqəsini aldığı vaxtdan əvvəlki müddətdən yaranmışdır. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçıya müharibə veteranı vəsiqəsinin 19 iyul 2019-cu il tarixdə verildiyini əsas gətirərək, müharibə veteranları üçün ödənilən müavinətin 19 iyul 2019-cu il tarixdən əvvəlki dövr üçün ödənilməsindən imtina etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, müharibə veteranı vəsiqəsinin surətini, yaşayış yerindən arayışı və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında məhkəməyə göndərilmiş Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********6 məktubu və ona əlavə edilmiş sənədlərin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli, ********** nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsini xahiş edir. Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Saatlı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. İddiaçı müharibə veteranlarana ödənilən müavinəti müharibə veteranı vəsiqəsini aldığı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan illər üçün almaq hüququna malikdir. Cavabdeh iddiaçıya müharibə veteranları üçün ödənilən müavinətin 01 aprel 2019-cu il tarixdən əvvəlki dövr üçün ödənilməsindən imtina edərkən iddiaçıya müharibə veteranı vəsiqəsinin 19 iyul 2019-cu il tarixdən əsas götürmüşdür. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin 19 iyul 2019-cu il tarixdə verilməsi o demək deyildir ki, iddiaçı həmin tarixdə müharibə veteranı olmuşdur. İddiaçı 1994-cü ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı sayılmışdır. Azərbaycanın Dağlıq Qarabağ vilayətinin və daha 7 rayonun erməni işğalçılarından azad edilməsi ilə bağlı aparılan döyüş əməliyyatları ilə bağlı 1994-cü il may ayından tərəflər arasında atəşkəs razılaşması əldə edilməsi hamıya bəlli olan haldır. İddiaçı da məhz həmin tarixədək olan döyüşlərdə iştirakına görə müharibə veteranı adı və vəsiqəsi almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya ödənilməli olan müavinəti 01 aprel 2019-cu il tarixdən əvvəlki illər üçün ödəməməsi qanunsuz olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də qeyd olunan müavinət iddiaçıya müharibə veteranı vəsiqəsinin verilməsindən əvvəlki illər üçün ödənilməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 4, 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ödənilən müharibə veteranı müavinəti veteran vəsiqəsinin verilməsindən əvvəlki illər üçün, yəni 19 iyul 2016-cı il tarixdən 01 aprel 2019-cu il tarixədək olan müddət ərzində həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə həvalə edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar