Məhkəmə qərarları › İş №2-1(120)-391/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-391/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-391/2023 07.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabedin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabedin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5587/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(120)-1312/2022 nömrəli qərardadı ilə “Füzuli rayon Mərkəzi Xəstəxanası” X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və üçüncü şəxs “Füzuli rayon Mərkəzi Xəstəxanası” X9 hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və üçüncü şəxs “Füzuli rayon Mərkəzi Xəstəxanası” X7 nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şirvan İnzibati Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2-1(120)-1312/2022 nömrəli qərardadı ilə məhkəmə tibbi ekspertizasının təyin edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ölkənin ərazi bütövlüyü uğrunda gedən qanlı döyüşlərdə iştirak edərək qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumaları zədəsi almışdır. Amma Ekspert Komissiyasının qanunsuz və əsassız rəyində bildirilir ki, guya sol baş nahiyyəsindən bıçaq yarası almışdır. Bununla bağlı bildirmək istəyir ki, onda ümumiyyətlə bıçaq zədəsi yoxdur və döyüşlər vaxtıda bıçaqdan heç bir xəsarət almamışdır. Bunun nəticəsi olaraqda ona ümumi xəstəliklə bağlı əlillik təyin edilmişdir. Hesab edir ki, onun hüquqları kobud formada pozulubmuş, döyüşlərdə qəlpə yarası almış bu xəsarətdə onda ömrünün axırına kimi davam edəcəkdir. Eyni diaqnozla və eyni əsasla ona ümumi əlillik təyin edilmişdir. Özlərindən əlavə bıçaq xəsarətidə əlavə etmişdirlər. Onda bıçaq xəsarəti olmaya-olmaya necə yazıla bilər ki, guya bıçaq xəsarəti almışdır. Hərbi həkim komissiyasının müvafiq rəyində də açıq aydın göstərilmişdir ki, onda hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Amma ona məlum olmayan hansısa səbəblərdən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi onun həqiqətəndə Azərbaycan Respublikasının Müdafiəsi zamanı xəsarət almasını nəzərə almaq istəməmişdir. Qeyd olunanlara əsasən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir, ona təyin edilmiş əlilliyin səbəb əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar alınmış xəstəliyə görə əlillik kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə Füzuli rayonu, Arış kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiiyatdadır. İşdə olan AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 19 fevral 2016cı il tarixli, 133 saylı qərarında qeyd olunmuşdur: Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Mayis oğlunun döyüş zonasında hərbi xidmət keçərkçən 1993-cü ildə aldığı və xx.xx.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələri-diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3-nin ön səthində döş qəfəsinin sol ön səthində sağ ayaq pəncəsinin 2-ci barmağının dırnaq falanqası üzərində çapıq toxumalar (Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon şöbəsinin xx.xx.2016-c: il tarixli 94 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 92 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 128 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə-nin 7.2. bəndinin a) yarımbəndi İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli, xxxxxxx0002 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə 5 il müddətinə xx.xx.2021-ci il tarixə kimi ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik səbəbi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, diqnoz kimi isə “Qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar müşahidə olunur. Toksiki ensefalopatiya davamlı qalıq əsmətləri” qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 haqqında xx.xx.2021-ci il tarixli, ********** nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 5 il müddətinə xx.xx.2026-ci il tarixə kimi ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik səbəbi kimi ümumi xəstəlik, diqnoz kimi isə “qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində sağ ayağ pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar müşahidə olunur. Sol baş nahiyyəsinin bıçaq yarası. (boyuna xəsarət) Hipertoniya xəstəliyi İİİ mərhələ, Üzvi mənzəli şəxsiyyət pozğunluğu” qeyd edilmişdir. İşdə olan Füzuli rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(064)90/2015 nömrəli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı xx.xx.1992-ci il tarixdən 1993-cü ilin mart ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissədə müxtəlif döyüş əməliyyatlarında iştirak etməsinə dair hüquqi faktın müəyyən edilməsi qət edilmişdir. İşdə olan Füzuli rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2065 nömrəli məktubuna əlavə olunmuş çıxarışdan görünür ki, Füzuli rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli, 2(064)90/2015 nömrəli qətnaməsi 03 mart 2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 565/2022 saylı (ekspertizanın başlanma tarixi 16 noyabr 2022-ci il, başa çatma tarixi 06 dekabr 2022-ci il) rəydən görünür ki, 1974cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tibb müəssisəsində doldurulub göndərilmiş (Forma TQS 088) 0274003AAF9U saylı göndərişdə qeyd edilmiş “Əlillik qrupu: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibulyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki- koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beyinin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G-20, G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); Diaqnoz: Qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1\3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində, sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar müşahidə olunur. Sol baş nahiyəsinin bıçaq yarası, (boyuna xəsarət), hipertoniya xəstəliyi İİİ mər, üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu xəstənin stasionar müayinə və müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrinin əsasında qoyulmuş, aparılmış müalicə tədbirləri diaqnoza uyğun olduğundan xəstəlik qənaətbəxş proqnozla nəticələnmişdir. Şəxsin əlillik dərəcəsinin təyini ilə əlaqədar TSEK-də müayinələri zamanı müvəqqəti əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Yuxarıda göstərilən diaqnozla əlaqədar hazırda onun əlavə reabilitasiya müalicəsinə zərurət yoxdur.

2. İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən sonuncu Forma 088-də qeyd edilən diaqnozla əlaqədar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2. maddəsinin 2.2.9 bəndinə uyğun ümumi səbəblə ikinci dərəcə müddətsiz əlillik dərəcəsi düzgün təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.1– 1.4-cü bəndlərinə əsasən Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. TSEK öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnaməni, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra – əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra – əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmin Əsasnamənin 4.1-ci bəndinə əsasən şəxslərin TSEK-də əlilliyinin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.3-cü bəndinə əsasən göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbihəkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. Həmin Əsasnamənin 4.9-cu və 4.9-1-ci bəndlərinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X6 (bundan sonra – TSERAS) ötürülür. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Həmin Əsasnamənin 4.16-cı və 4.17-ci bəndlərinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Həmin Əsasnamənin 4.22-ci bəndinə əsasən göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. Həmin Əsasnamənin 4.23–4.25-ci bəndlərinə əsasən mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür. Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilərkən, əlilliyin səbəbi kimi ümumi xəstəlik yazılması düzgün olmamışdır. xx.xx.2016-cı il tarixdə ikinci dərəcəli əlillik təyin edilməsinə əsas olan xəstəliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qazanılması yuxarıda qeyd edilən sübutlarla tam təsdiq olunur. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh tərəf əlilliyin təyin edilməsinə əsas olan xəstəliyin hərbi xidmət dövründə qazanılmamasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edirik ki, iddiaçıya əlillik təyin edilərkən səhv olaraq əlillik səbəbi ümumi xəstəlik kimi yazılmışdır, halbuki xəstənin (iddiaçının) xəstəliyi hərbi xidmət dövrü ilə əlaqədardır. Belə ki, ərizəçi İddiaçı xx.xx.1992-ci il tarixdən 1993-cü ilin mart ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissədə müxtəlif döyüş əməliyyatlarında iştirak etməsi Füzuli rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(064)90/2015 nömrəli qətnaməsi ilə öz təsdiqini tapır. Həmçinin qanuni qüvvəsini almış Füzuli rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(064)90/2015 nömrəli qətnaməsi əsas götürülərək iddiaçıya əlillik dərəcəsi təyin edilən zaman əlilliyin səbəb əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi qeyd edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı təyin edilmiş əlilliyin səbəb əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı iddia tələbi təmin edilsin. İddiaçı təyin edilmiş əlilliyin səbəb əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar