Məhkəmə qərarları › İş №2-1(120)-392/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-392/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-392/2024 14.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixli, 0820 saylı əmrin ləğv edilməsi, əvvəlki vəzifədə xidmətə bərpa olunma və məcburi boş dayanmaya görə əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 0820 saylı əmrin ləğv edilməsi, əvvəlki vəzifədə xidmətə bərpa olunma və məcburi boş dayanmaya görə əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı 24 oktyabr 2017-04 oktyabr 2018-ci il tarixləri ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrində (Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində) müddətli həqiqi hərbi xidmət keçmişdir. Ali təhsilli olduğuna görə zabit kimi hərbi xidmətini davam etdirmək məqsədilə 2018-ci ilin oktyabr ayının 20-si Silahlı Qüvvələrin Təlim Tədriz Mərkəzinə daxil oldu və 30 yanvar 2019-cu il tarixdə TTM-ni bitirdi. 02 fevral 2019-cu il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində leytenant rütbəsində, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsində zabit kimi xidmətə başladı. 16 iyun 2021-ci il tarixdən isə eyni vəzifə və eyni rütbə ilə N saylı hərbi hissədə xidmətini davam etdi. Hərbi xidmət dövründə 44 günlük Vətən Müharibəsində iştirak etmişdir, müharibə veteranıdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ‘'Laçının azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə", Qubadlının azad olunmasına görə" və “vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 30 sentyabr 2022-ci il tarixli 0820 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e" bəndi ilə (xidməti uyğunsuzluğa görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən (həqiqi hərbi xidmətdən) ehtiyyata buraxılmışdır. Həmin əmr qanunsuz və əsassız olmaqla onun konstitusion hüquqlarını pozmuşdur. Əmrin verilməsi zamanı maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuş, Azərbaycan Respublikası Konstitusiyasının, “İnzibati İcraat haqqında" Aərbaycan Respublikası Qanununun “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinə riayət edilməmişdir. Əmri qəbul etmiş inzibati orqan yuxarıda sadalanan maddi və prosessual hüquq normalarınının tələblərini kobud şəkildə pozmuşdur. Həmin normalar hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasının xüsusi prosedur qaydalarını müəyyən edir. Həmin qaydalara əsasən hərbi qulluqçular buraxılmaya iki ay qalmış xəbərdar edilməli, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı haqqında ən azı iki fərdi söhbət aparılmalı, həmin söhbətlər zamanı xidmətdən buraxılmanın səbəbləri ona izah edilməlidir. Hələ də ona nə üçün xidmətdən ehtiyyata buraxılması məlum deyildir. Onun bunun səbəbi, xidmətə uyğunsuzluğunun nədən ibarət olması izah edilməmiş, ümumiyyətlə barəsində xidmətdən buraxılması barədə təqdimat (raport) olmasından və araşdırma aparıldığından heçbir məlumatı olmamışdır. Ümumiyyətlə onun xidmətdən ehtiyyata buraxılması üçün heç bir əsas olmamışdır. Cavabdeh buna əsaslar olmasını heç bir sübutla əsaslandırmamışdır. Ümumiyyətlə mübahisəli inzibati aktın qəbul olunmasına kimi bu barədə hər hansı inzibati icraatın aparılması məlum deyildir. Onun belə bir inzibati icraatın, araşdırmanın aparılmasında iştirakı və ya məlumatı olmamışdır. Yalnız 05 oktyabr 2022-ci il tarixdə Müdafiə Nazirinin əmri ilə tanış edildikdə ona “Hərbi Xidmət keçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e" bəndi ilə (xidməti uyğunsuzluğa görə) Azərbaycan Respublikası Silahlı Qiivvvələrindən ehtiyyata buraxılması barədə bildirilmiş, lakin əmrin elan olunması zamanı da bunun səbəbi ona bildirilməmişdir. Nəticədə qəbul olunmuş inzibati akt onun konstitusion hüquqlarımı kobud şəkildə pozmuşdur. 44 günlük Vətən Müharibəsi iştirakçısı və ölkə başçısı tərəfindən medallarla təltif olunmuş bir zabit olaraq barəmdə qəbul olunmuş belə bir qanunsuz inzibati akt təəccüb və təəssüf hissi doğurur. Bu səbəbdən də ədalətin və hüquqlarımın bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı etirazda qeyd olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (“xidməti uyğunsuzluğa görə”) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əmr təqdimat əsasında verilmişdir. İddiaçı xidmətə qəbul olunanda xarici dövlətin vətəndaşlığını qəbul etməsi barədə məlumatı gizlətdiyindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına təqdim olunub. Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçı N nömrəli hərbi hissə komandirinin hüquq işlər üzrə köməkçisi ədliyyə leytenantı İddiaçı xarici dövlətin vətəndaşlığını qəbul etməklə ikili vətəndaşlığı olması və Azərbaycan Ordusunun zabit heyəti kateqoriyasında həqiqi hərbi xidmətə qəbul edilməsi üçün müraciət etdiyi zaman müvafiq sənədlərdə (o cümlədən tərcümeyi halında) təhrif olunmuş məlumatları gizlətmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və qaydası”nın 3.9.1 -ci və 3.9.3-cü bəndlərinəəsasən ikili vətəndaşlığı və digər dövlətlər qarşısında öhdəliyi olduqda və təqdim edilən sənədlərdə təhrif olunmuş məlumatların qeyd edilməsi aşkar olunduqda bu Qaydanın 3.1 -ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir. İddiaçı söhbət vərəqəsində qeyd etmişdir ki, o, Azərbaycan Respublikasına geri qayıdarkən xarici pasportunu vəərizəsini yazaraq ikili vətəndaşlıqdan imtina etmişdir. Qeyd etmək lazımdır ki, vətəndaşlıq məsələsi bir tərəfli həll olunan kateqoriyalı işlərə aid deyil ki, şəxs ərizə yazaraq imtina etməsi ilə həll olunsun. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinəəsasən: “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir.” “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinəəsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında şəxsi heyət üzrəəmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. İddiaçı barəsində qərar qəbul edilərkən buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nin 1.2, 47.2-ci maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa edilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə əsasən mübahiəsləndirə haqqında, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Ağcabədi rayonunda qeydiyyatda olduğundan doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia ərizəsinə baxılmalıdır. Məhkəmənin qənaətinə görə iddia mümkün iddiadır, lakin əsaslı deyildir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 2.1-ci bəndinə əsasən Azərbaycan Ordusunda və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. Həmin Qaydanın 2.8-ci bəndinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları ilə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə Azərbaycan Ordusu və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) arasında onların həqiqi hərbi xidmətə daxil olmasına dair bağlaşma tərtib edilir. Həmin Qaydanın 3.9 və 3.9.2-ci bəndinə əsasən bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə imtina edilir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarında və hərbi hissələrdə həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslər Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanunlarına, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. İş materiallarında olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi rəisinin 261 saylı, xx.xx.2018-ci il tarixli əmrindən çıxarışa əsasən, “hərbi hüquqşünas” hərbi uçot ixtisas üzrə İddiaçı –xx.xx.2018-ci il tarixdən Mərkəzin dəyişən heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi rəisinin 27 saylı, xx.xx.2019-cu il tarixli əmrindən çıxarışa əsasən, “hərbi hüquqşünas” hərbi uçot ixtisas üzrə İddiaçı –xx.xx.2019-cu il tarixdən Mərkəzin dəyişən heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. İşdə olan 777 nömrəli Hərbi Hissə Komandirinin 34 saylı, xx.xx.2019-cu il tarixli əmrinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli, 091 saylı əmri ilə Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin ehiyat zabit hazırlıq kursunu müvəffəqiyyətlə bitirərək ilkin “leytenant” hərbi rütbəsini alaraq bağlaşma əsasında 1 il 6 ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə daxil olunmuş N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzindən gəlmiş hesab edilmiş, xx.xx.2019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. İşdə olan 777 nömrəli Hərbi Hissə Komandirinin 346 saylı, xx.xx.2020-ci il tarixli əmrinə əsasən, döyüş əməliyyatlarında iştirak etmək üçün Cəbrayıl-Qubadlı-Laçın rayonaları istiqamətinə getmiş leytenant İddiaçı Qubadlı rayojnundan daimi dislokasiya məntəqəsinə gəlmiş hesab olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi Rayon şöbəsi tərəfindən məhkəməyə İddiaçı şəxsi iş materiallarının təsdiq edilmiş kserosurətləri təqdim edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə təqdim etdiyi tərcümeyi-halında özünü və yaxın qohumlarından heç kimin xarici dövlətin vətəndaşlığını qəbul etmədiyini, heç bir xarici dövlətin Silahlı Qüvvələrində xidmət etmədiyini və heç bir cinayət məsuliyyətinə cəlb olunmadığını göstərmişdir. İşdə olan Azərbaycan Ordusunda zabitlərin həqiqi hərbi xidmətinə daxilolma haqqında bağlaşmaya əsasən, İddiaçı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi rəisi arasında bağlaşma bağlanmışdır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı oglu xx.xx.1992-ci il tarixdə anadan olmuşdur və Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə k, 67, 01 ünvanınd qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli, 0820 nömrəli əmrində göstərilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, Səfərbərlik Təminatı bazası (N nömrəli hərbi hissə) rəisinin hüquq işləri üzrə köməkçisi ədliyyə leytenantı İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin xx.xx.2023-cü il tarixli, 3-37/2- 101xx-xx/2023 saylı məktubuna əsasən, xx.xx.1992-ci il təvəllüdlü Məmmədov X4 məxsus ET622370 nömrəli pasporta malikdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” xx.xx.2017-ci il tarixli 19174/1 saylı qərarına əsasən, Ukrayna vətəndaşı ET622370 nömrəli pasporta malik olan Mamedov Arşadın xx.xx.2017-ci il tarixli müraicəti təmin edilməmişdir. İşdə olan N saylı Hərbi Hissənin xx.xx.2022-ci il tarixli, 3788 saylı təyinat vərəqəsinə əsasən, İddiaçı xx.xx.2022-ci il tarixdə Ağcabədi rayon şöbəsinə hərbi qeydiyyata durmaq üçün getmək əmr etmişdir. İşdə olan N saylı Hərbi Hissənin xx.xx.2022-ci il tarixli təqdimatına əsasən, İddiaçı xidmətində yol verdiyi ciddi nöqsanları, şəxsi intizamının aşağı olmasını və Azərbaycan Respublikası Qanunlarını kobud şəkildə pozduğuna görə, Daxili Təhlükəsizlik İdarəsi və Hüquq İdarəsi rəisinin məktubuna əsasən, “xidməti uyğunsuzluğa görə” həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını məqsədə müvafiq hesab etmişdir. İşdə olan İddiaçı məxsus xidməti vərəqəyə əsasən, həvəsləndirilmiş və cəzalar tətbiq edilmişdir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər, matros, kursant, çavuş, gizir, miçman və zabit kimi hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 28.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: müddətli həqiqi hərbi xidmət; hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; müddətdən artıq həqiqi hərbi xidmət;gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti. Həmin Qanunun 36.1–ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: -36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar. Həmin Qanunun 38.1.2-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: müddətli həqiqi hərbi xidmətdən daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar – 3 il. Bu müddət qurtardıqda müddətdən artıq həqiqi hərbi xidmət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır. Belə ki, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.2-ci maddəsinə müvafiq olaraq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanununun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0-cı maddəsinə uyğun olaraq ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X2»nin 61-ci bəndinin «z» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.9. öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 155-ci maddəsinə əsasən Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir. -156-cı maddəsinin e bəndinə əsasən xidməti uyğunsuzluğa görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı 2018-ci ilin oktyabr ayının 20-si Silahlı Qüvvələrin Təlim Tədriz Mərkəzinə daxil oldu və 30 yanvar 2019-cu il tarixdə TTM-ni bitirdi. 02 fevral 2019-cu il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində leytenant rütbəsində, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsində zabit kimi xidmətə başlamış, 16 iyun 2021-ci il tarixdən isə eyni vəzifə və eyni rütbə ilə N saylı hərbi hissədə xidmətini davam etmiş, hərbi xidmət dövründə 44 günlük Vətən Müharibəsində iştirak etmişdir, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ‘'Laçının azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə", Qubadlının azad olunmasına görə" və “vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 30 sentyabr 2022-ci il tarixli 0820 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e" bəndi ilə (xidməti uyğunsuzluğa görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən (həqiqi hərbi xidmətdən) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 2.1-ci bəndinə əsasən, Azərbaycan Ordusunda və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 23 noyabr tarixli 276-18 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası qadın vətəndaşlarının hərbi uçot ixtisaslarının Siyahısı”na əsasən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Ordusunda və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətə qəbul edilirlər. 2.6-ci bəndinə əsasən, həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçulara, hərbi vəzifəlilərə və hərbi qeydiyyatda olmayan qadınlara bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərində nəzərdə tutulmuş sənədlər əsasında şəxsi iş tərtib edilir. 2.8-ci bəndinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları ilə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə Azərbaycan Ordusu və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) arasında onların həqiqi hərbi xidmətə daxil olmasına dair bağlaşma tərtib edilir. 2.9-cu bəndinə əsasən, bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olan şəxslərin müəyyən olunmuş tələblərə uyğun olaraq həqiqi hərbi xidmətə qəbul və ya imtina edilməsinə dair rəyin verilməsi bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə həvalə edilir. 2.10-cu bəndinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə uyğun olaraq bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 2.10.1. müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsili olan, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 2.10.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə - xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər; 2.10.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar. 3.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinə, Azərbaycan Respublikasının Strateji X3 Agentliyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanılmasını və şəxsi işlərin tərtib edilməsini həmin dövlət orqanlarının kadr aparatları həyata keçirirlər. 3.9. Bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından aşağıdakı hallarda imtina edilir: 3.9.1. ikili vətəndaşlığı və ya digər dövlətlər qarşısında öhdəlikləri olduqda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla); 3.9.3. təqdim edilən sənədlərdə təhrif olunmuş məlumatların qeyd edilməsi aşkar olunduqda. Məhkəmə tərəfindən müəyyən edilirr ki, İddiaçı hərbi xidmətə qəbul edilən vaxtda xx.xx.2019-cu il tarixdə tərcümeyi-hal təqdim etmiş və həmin tərcümeyi-halda özünün və yaxın qohumlarından heç kimin xarici dövlətin vətəndaşlığını qəbul etmədiyini, heç bir xarici dövlətin Silahlı Qüvvələrində xidmət etmədiyini və heç bir cinayət məsuliyyətinə cəlb olunmadığını göstərmişdir və iddiaçı barəsində sənədlər toplandıqdan sonra İddiaçı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi rəisi arasında bağlaşma bağlanmışdır. xx.xx.2022-ci il tarixdə isə Azərbaycan Respublikası Müdafiə Nazirinin 0820 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, Səfərbərlik Təminatı bazası (N nömrəli hərbi hissə) rəisinin hüquq işləri üzrə köməkçisi ədliyyə leytenantı İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, cavabdeh orqan məhkəməyə etiraz ərizəsi göndərmiş və bildirmişdir ki, iddiaçının xidmətə qəbul olunanda xarici dövlətin vətəndaşlığını qəbul etməsi barədə məlumatı gizlətdiyindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına təqdim olunduğunu, Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçı N nömrəli hərbi hissə komandirinin hüquq işlər üzrə köməkçisi ədliyyə leytenantı İddiaçı xarici dövlətin vətəndaşlığını qəbul etməklə ikili vətəndaşlığı olması və Azərbaycan Ordusunun zabit heyəti kateqoriyasında həqiqi hərbi xidmətə qəbul edilməsi üçün müraciət etdiyi zaman müvafiq sənədlərdə (o cümlədən tərcümeyi halında) təhrif olunmuş məlumatları gizlətmişdir. Məhkəmə tərəfindən müvafiq sorğular göndərilmiş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin xx.xx.2023-cü il tarixli, 3-37/2-101xx-xx/2023 saylı məktubuna əsasən, xx.xx.1992-ci il təvəllüdlü Məmmədov X4 məxsus ET622370 nömrəli pasporta malikdir. Məhkəmə qeyd edir ki, tərcümeyi-halın və xx.xx.1992-ci il təvəllüdlü Məmmədov X4 məxsus ET622370 nömrəli pasportun məzmunundan görünür ki, iddiaçının yuxarıda qeyd olunan müvafiq əməli tam sübuta yetirilmişdir. Belə ki, iddiaçı ikili vətəndaşlığı olduğu halda bu məlumatı işə qəbul olunan zaman cavabdeh orqandan gizlətmişdir. Bu hal iddiaçının mübahisələndirilən əmrin məzmununda qeyd edilmiş əsasla ehtiyata buraxılmasına əsas verir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tərəfindən qeyd edilir ki, xüsusi kateqoriya şəxs olan hərbi qulluqçuların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əsaslı olmuş, qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilməmişdir. Həmçinin, iddiaçının digər tələblərinə münasibətdə də Məhkəmə qeyd edir ki, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmr əsaslı olduğundan, iddiaçının ilkin tələbdən yaranan əvvəlki vəzifədə xidmətə bərpa olunma və məcburi boş dayanmaya görə əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində də tələbi əsassızdır. Hazırki iş üzrə İddiaçı ehtiyata buraxılması barədə əmri mübahisələndirir. Həmin əmri Müdafiə Nazirliyinin malik olduğu diskresion səlahiyyətlərin icrası qaydasında qəbul edilmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırki halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmiş, inzibati orqanın diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Beləliklə də yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş bütün faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı xx.xx.2018-ci il tarixli əmrin ləğv edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”nə dair tələbi əsaslı deyil. Ona görə də, cavabdeh inzibati orqanın mübahisələndirilən əmri əsaslı və qanuni olduğundan, iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan, həmin tələb təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 45.1-ci maddəsinə görə inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 45.2-ci maddəsinə görə inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: - (maddə 45.2.1) sənədlərdən; - (maddə 45.2.2) tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; - (maddə 45.2.3) şahid ifadələrindən; - (maddə 45.2.4) müvafiq müayinələrin aparılmasından; - (maddə 45.2.5) ekspert rəylərindən; - (maddə 45.2.6) hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; - (maddə 45.2.7) işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. Həmin Qanunun 45.3-cü maddəsinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, iddiaçının öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşin halları ilə də təsdiq olunur ki, həqiqətən iddiaçının törətdiyi əməl onun xidməti vəzifəsi ilə bir araya sığmayan hərəkətlərdir və bu səbəbdən də o, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Bütün qeyd edilənlərə məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixli, 0820 saylı əmrin ləğv edilməsi, əvvəlki vəzifədə xidmətə bərpa olunma və məcburi boş dayanmaya görə əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALİR: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixli, 0820 saylı əmrin ləğv edilməsi, əvvəlki vəzifədə xidmətə bərpa olunma və məcburi boş dayanmaya görə əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar