Məhkəmə qərarları › İş №2-1(120)-3922/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3922/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3922/2024 18.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, icra sənədi üzrə tələbkar İddiaçının mülki iş üzrə verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qərarının ləğv edilməsinə dair şikayətinə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İcra sənədi üzrə təlbkar İddiaçı şikayətlə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh 2(048)-5/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, 2(048)-5/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi icrasının Cavabdeh tərəfindən təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Lerik rayon Məhkəməsinin 2(048)- 5/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədi ilə borclular X11, X3, X7, X2, X1, X8, X4, X9, X10, X5 və X6 mülkiyyətinə verilmiş Lerik rayonu, Lüləkəran kəndində yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evindən çıxarılması qət edilmişdir və həmin qətnamə üzrə icra sənədi Cavabdehnə göndərilmişdir.İcrayla bağlı bildirişlər ona vaxtında rəsmi qaydada göndərilməmişdr. Məcburi icra xx.xx.2024-cü il tarixinə təyin edilmiş bildirişi poçt vasitəsilə xx.xx.2024-cü il tarixində almışdır. Bakı- Lerik istiqamətində birbaşa nəqliyyat vasitəsi olmamışdır. Avtovağzalda Bakı-Lənkəran avtobuslarında nasazlıq olduğu ücün reyslərdə təxirəsalınmalar olmuşdur. Sonradan ona bildirilmişdir ki, evi boşaldırlar və yerində əməkdaşları çəkiliş edirlər gözləyin deyə ona səhv məlumat verilmişdir. O, iş saatının sonunadək məhkəmədə gözləsə də,lakin geri dönüş edilməmişdir, zənglərinə cavab verilməmişdir. Əldə etdiyi məlumata əsasən həmin gün icra yerində icra bildirişində adı çəkilən hec bir qurum iştirak etməmiş və bu barədə daha öncədən vaxtında bildiriş göndərilməmişdir. Məcburi icranın saat 12 .00 da başlayıb bir saat ərzində (nahar fasiləsinədək) sona çatdırılması, tam dolu mülkü boşaldılması real deyil. İcra məmurları öz icra hərəkətsizliyini ondan asılı olmayan səbəbdən saat 12.00 deyil nahar fasiləsindən sonra məhkəmədə olmağını əsas gətirərək aradan qaldırmağa çalışmışdır və növbəti məcburi icranın xx.xx.2024-cü il tarixinə təyin ediləcəyini bildirmişdir. 881 qaynar xəttinə şikayətindən sonra məcburi icra xx.xx.2024-cü il tarixinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixində icra yerinə məqsədli şəkildə borcluların qohumları və kənar şəxslər dəvət olunmuşdur. Onun borcluların qohumlarının və kənar şəxslərin ərazidən uzaqlaşdırılması barədə müraciəti nəzərə alınmamışdır. Cavabdeh icraata xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli Qərarında 0.7 ha torpaq sahəsinin ona təhvil verildiyi göstərilsə də bu günədək həmin torpaq sahəsi ona təhvil verilməmişdir. Qərarda məhkəmənin icra sənədinin tam icra edildiyi qeyd edilsə də icra sənədi tam icra edilməmiş və mülkiyyət hüququnun təmin edilməsinə dair maneələr aradan qaldırılmamışdır.İcra məmurlarının mənəvi təzyiqlərinə məruz qalmışdır.Mülkiyyətinə daxil ola bilməmişdir. Şikayət üzrə mümkünlük məsələsinə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Cavabdehnə məlumat verilsə də, müvafiq olaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən Cavabdeh nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Tələbkar İddiaçı məhkəmə iclasında izahat verərək məhkəmədən şikayət ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə tələbkarın izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, icra sənədi üzrə tələbkarın hazırki şikayəti Lerik Rayon Məhkəməsinin mülki iş üzrə (daşınmaz əmlakın geri qaytarılması) icra sənədinin icrası ilə bağlı Cavabdeh icra məmurunun hərəkətlərindən verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Məhkəmə şikayətçinin hazırkı tələbinə hüquqi qiymət verilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinad edilməsini zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-cı maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatı-iqtisadı məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1 -ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası inzibati Prossesual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxlında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət mümkün sayılmamalıdır. İcra sənədi üzrə tələbkar İddiaçı izah olunur ki, icra sənədi üzrə icra hərəkətləri ilə bağlı şikayətlə icra sənədini vermiş məhkəməyə (Lerik Rayon Məhkəməsinə) şikayət vermək hüququ vardır. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İcra sənədi üzrə tələbkar İddiaçının Lerik Rayon Məhkəməsinin mülki iş üzrə icra sənədinin icrası ilə bağlı Cavabdeh icra məmurunun icra hərəkətlərindən verilmiş şikayəti mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar