Məhkəmə qərarları › İş №2-1(120)-3922/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3922/2025

03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3922/2025 03.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh Şirvan şəhər Yaşıllaşdırma İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddianın mümkünlük məsələsinə 03 sentyabr 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 N E T D İ : İddiaçı X2 cavabdeh Şirvan şəhər Yaşıllaşdırma İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvan 2 ünvanındakı evin, Ev Muzeyi və X6 və Tarixi Abidələrinin tərkib hissələrindən olan bu ərazidəki bütün tikililər və əkililərə florası, eqzotik və dekorativ bütün varlıqlara təbii fəlakətlər və israfçılıq, talançılıq, soyğunçuluq səbəbilə vurulan maddi və mənəvi zərərlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Məhkəmənin müraciəti iddiaçıya çatdırılsa da iddiaçı məhkəmənin müraciətinə münasibət bildirməmiş, təyin olunmuş məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının hazırki tələbi öhdəliklərin icrası haqqında iddia növünə aiddir. Bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İddiaçı hazırki tələblə cavabdeh Şirvan şəhər Yaşıllaşdırma İdarəsinə müraciət etməsini təsdiq edən sübutu iş materiallarına əlavə etməmiş və məhkəmənin tələbinə baxmayaraq məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). Qeyd edilən qanunvericiliyin normalarına əsasən, iddiaçı ilk öncə müvafiq tələblə inzibati orqana müraciət etməlidir. Həmin orqan onun müraciətinin təmin edilməsindən imtina etdiyi və ya hərəkətsizlik etdiyi halda o, məhkəmə müdafiəsi hüququndan istifadə edə bilərdi. Məhkəmə həmçinin qeyd edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququna malikdirlər. İddiaçının iddia irəli sürməsi üçün subyektiv hüququnun olub-olmaması isə iddianın ümumi mümkünlük şərtlərinə aiddir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının maddi və mənəvi zərər vurulduğunu iddia etdiyi Ev Muzey, X7 və Tarixi Abidələr adlandırdığı məkanların yerləşdiyi ünvan 2 ünvanındakı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə bacısı X3 məxsusdur. Göründüyü kimi, iddiaçı X2 mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi olmadığından, həmin evlə bağlı hər hansı bir tələb irəli sürə bilməz. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə belə bir tələblə sözügedən fərdi yaşayış evinin mülkiyyətçisi məhkəməyə müraciət etmək hüququna malik olduğundan, iddiaçı X2 hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə qeyd edir ki, hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hazırki iddia üzrə tələb irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X1 cavabdeh Şirvan şəhər Yaşıllaşdırma İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar