Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-394/2021 17.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli, **********306600 nömrəli qərarın ləğv edilməsi, əsassız və qanunsuz hesablanmış 2065,22 manat vergilər üzrə, 59,90 manat faizlər üzrə vergi borcunun ləğv olunması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, **********306600 nömrəli qərarın ləğv edilməsi, əsassız və qanunsuz hesablanmış 2065,22 manat vergilər üzrə, 59,90 manat faizlər üzrə vergi borcunun ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci il tarixindən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Fəaliyyətini rəsmiləşdirmək üçün Azərbaycan Respublikası Vergilər Nazirliyin 6 saylı Ərazi vergilər İdarəsi tərəfindən qeydiyyata alınmaqla ona ********** saylı qeydiyyat şəadətnaməsi verilməklə sadə vergi ödəyicisi kimi 2%-ödəməklə fəaliyyətini rəsmiləşdirmişlər. Beləliklə o, qarışıq malların pərakəndə satışı ilə yəni gəzərək özünə iş taparaq sahibkarlıqla məşqul olmuşdur. Vergi ödəyicisi kimi fəaliyyət göstərdiyyi müddətdə hər ay dövrəsini hesablayaraq bank vasitəsi ilə sadə vergini 2%-ni dövriyyədən və tək sahibkar kimi isə onaə düşən DSMF-na aid məbləği ödəmişdir. Hətta tərəfindən il bitəndən sonra cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə ərizə ilə müraciyyət edib xahiş etmişdir ki, dövlət büdcəsinə vergi borcunun olub-olmaması barədə bildiriş göndərsinlər və Bakı şəhərinə işləməyə getdiyi üçün sahibkarlıq fəaliyyətini xx xxxxxx 2020-ci il tarixindən dayandırilsınlar. xx xxxxxx 2020-ci il tarixli **********941300 saylı məktub ilə sahibkar kimi fəaliyyətini dayandıraraq xx xxxxxx 2020-ci il tarixinə hesablanan vergi üzrə vərəqəsində 3643 manat artıq ödənmiş vəsaitinin olmasını bildirmişlər. Qeyd edilən məbləğdə artıq ödəmənin olmasına baxmayaraq 6 saylı Ərazi Vedgilər İdarəsi qərəzli olaraq ona aidiyyəti olmayan kameral yoxlama adı ilə 2065,22 manat məbləğində əsası olmayan vergi hesablayaraq onu borclu etmişdir və borcun adını göndərdiyi **********306600 saylı qərarda sosial sığorta və işsizlik sığorta vergilərinin hesablaması barədə qoymuşdur ki, bu barədə onun ümümiyyətlə borcu olmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə ünvanladığı etirazında qeyd edilmişdir ki, İddiaçı 2019-cu il üçün gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş vergi məbləğləri aşağıdakı əsaslarla hesablanmışdır: Vergi öoəyicisi tərəfindən 2019-cu il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində 117110,10 manat ümumi gəlir, 108490 manat isə ümumi gəlirdən çıxılmalara aid edilən xərclərin dəyəri göstərilmişdir. Uçot baza məlumatlarına əsasən ümumi gəlirdən çıxılan malın dəyərinin 15470 manatdan ibarət olduğu müəyyən edilmişdir. Göründüyü kimi ümumi gəlirdən çıxılan xərcin məbləği şişirdilməklə büdcəyə çatası vergi məbləği azaldılmışdır. Qeyd edilən faktlara əsasən vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********252400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmişdir. Sözügedən uyğunsuzluq məktubu ilə əlaqədar iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə kameral vergi yoxlaması ilə sənədlərlə təsdiqini tapmayan xərclərin dəyəri ümumi gəlirdən çıxılmalardan azaldılaraq (Xərclər qismində sosial sığorta haqlar 445,80 manat, ezamiyyə xərcləri 2430 manat, ümumilikdə 2875,80 manat xərclər nəzərə alınmaqla və iddiaçı mikro sahibkarlıq subyekti olan fərdi sahibkar olduğu üçün sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirinə 75% güzəşt tətbiq edilməklə) 5305,71 manat (Özünün təqdim etdiyi bəyannamə üzrə 406,01 manat nəzərə alınmaqla) əlavə vergi məbləği hesablanmış və nəticədə 2068,72 manat borc məbləği yaranmışdır. Bununla bağlı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 200602C122871700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar iddiaçıya göndərilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli **********488000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığoiası haqlarının hesablanması barədə" qərar qəbul edilərək 15.470 manat malın dəyəri olaraq xərclər də nəzərə alınmış və 773,50 manat vergi məbləği azaldılmışdır (5305,71- 773.50=4532,21). iddiaçının yaranmış borcu ilə əlaqədar iddiaçıya bildirişlər, xəbərdarlıqlar, tələbnamələr göndərilməsinə baxmayaraq borclu tərəfindən vergi və faizlər ödənilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, qanunvericiliyin tələblərinə uyğun yəni, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.6-23.1.16-cı, “İnzibati icraat haqqında” qanunun 2.0.1- ci, 2.0.2-ci, 82- ci, “İcra haqqında” qanunun 6-cı, 7-ci və 8-ci maddələrini rəhbər tutaraq mübahisə predmeti olan xx.xx.2020-ci il tarixli, **********306600 saylı “Tələbin icraya yönəldilməsi haqqında’ qərar qəbul edilərək icraya yönəldilmişdir. Mübahisə predmeti olan sözügedən qərarın qəbul edilməsi ilə əlaqədar yuxarıda göstərilən əsaclar və səbəblər baxımından hesab edir ki, inzibati akt tam qanuni və əsaslıdır. Həmçinin iddiaçının sadələşdirilmiş vergi ödəyicisi olmasına baxmayaraq ona xəbərdarlıq etmədən vergi orqanı tərəfindən mükəlləfiyyəti dəyişdirilərək gəlir vergisi ödəyicisi olması ilə bağlı dəlilinə münasibət bildirirək qeyd edirik ki, Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinə görə həmin Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaiməfaktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olduqda sadələşdirilmiş vergi ödəyicisi ola bilməz. Nəticə etibarı ilə yuxarıda qeyd olunanları əsas tutaraq hesab edir ki, iddiaçının iddia tələbi üzrə dəlilləri əsassızdr. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanmsı barədə xx.xx.2020-ci il tarixli, **********871700 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 5.711,72 manat vergi və ya sığorta haqqı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanmsı barədə xx.xx.2020-ci il tarixli, **********488000 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 4.938,22 manat vergi və ya sığorta haqqı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin "Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********306600 nömrəli qərarının surətindən görünür ki, İddiaçı (VÖEN: **********) tərəfindən 2.125,12 manat vergi borcu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə göstərilən borc məbləği xx.xx.2020-ci il tarixdən icraya yönəldilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli 200602C122871700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar qəbul edilmiş və iddiaçıya göndərilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli **********488000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığoiası haqlarının hesablanması barədə" qərar qəbul edilərək 15470 manat malın dəyəri olaraq xərclər də nəzərə alınmış və 773,50 manat vergi məbləği azaldılmışdır (5305,71- 773,50=4532,21). İddiaçının yaranmış borcu ilə əlaqədar iddiaçıya bildirişlər, xəbərdarlıqlar, tələbnamələr göndərilməsinə baxmayaraq borclu tərəfindən vergi və faizlər ödənilməmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisə predmeti olan xx.xx.2020-ci il tarixli, **********306600 saylı “Tələbin icraya yönəldilməsi haqqında” qərar qəbul edilərək icraya yönəldilmişdir. Hazırda İddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli, **********306600 nömrəli qərarını mübahisələndirir. Məhkəmə qeyd edir ki, mübahizələndirilən qərar Azərbaycan Respublikasının Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli 200602C122871700 nömrəli və xx.xx.2020-ci il tarixli **********488000 nömrəli qərarları əsasında verilmişdir. Məhkəmənin qənaətinə görə “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********306600 nömrəli qərarla iddiaçının subyektiv hüququ pozulmamışdır. Başqa sözlə, iddiaçının cavabdeh tərəfindən qəbul edilən xx.xx.2020-ci il tarixli 200602C122871700 nömrəli və xx.xx.2020-ci il tarixli **********488000 nömrəli qərarlarla subyektiv hüququnun pozulması ehtimal oluna bilər. Məhkəmə qeyd edir ki, inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı isə cavabdeh inzibati orqanın “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********306600 nömrəli qərarı ilə hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-1797/2020 nömrəli məktubla iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım olunsa da, iddiaçı iddia tələbi ilə eyni məzmunlu dəqiqləşmə barədə ərizəsini məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli, **********306600 nömrəli qərarın ləğv edilməsi, əsassız və qanunsuz hesablanmış 2065,22 manat vergilər üzrə, 59,90 manat faizlər üzrə vergi borcunun ləğv olunması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-394/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-394/2021
17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver