Məhkəmə qərarları › İş №2-1(120)-395/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-395/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-395/2020 10.03.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 10 iyun1970-ci ildə anadan olmuşdur, 1984-1988-ci illərdə Salyan rayonu «Oktyabr» adına kolxozda işləmişdir.Ona 29 noyabr 2018-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ikinci dərəcəli əlillik qrupu təyin edilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün Cavabdehnə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 13 dekabr 2019-cu il tarixli, **********7 saylı imtina məktubu verilərək, 1984-1988-ci illərdə Salyan rayonu «Oktyabr» adına kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd edilməməsi səbəbindən pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1984- 1988-ci illərdə Salyan rayonu «Oktyabr» adına kolxozda işləməyi ilə bağlı əmək stajı nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, onun 1984-1988-ci illərdə Salyan rayonu «Oktyabr» adına kolxozdaişləməsi əmək kitabçasında yazılmasa da, həmin illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçının 1984-1988-ci illərdə Salyan rayonu «Oktyabr» adına kolxozda işlədiyi illərin əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, əlillik arayışından çıxarışı, cavabdehin imtina məktubunu, Salyan rayon Dövlət Arxivinin arxiv arayışının notarial qaydada təsdiq olunmuş surətini, yaşayış yerindən arayışını, hərbi biletin təsdiq olunmuş surətini, əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini, yaşayış yeri barədə arayışını əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş Dövlət arxivinin Salyan rayon filialının arxiv kitabından çıxarışlarına və Cavabdeh xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubuna istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Salyan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı əlilliyə görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, o, 29 noyabr 2018-ci il tarixdə Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən ikinci dərəcəli əlil hesab edilmişdir. Onun əlil olduğu vaxtda yaşına uyğun tələb olunan sığorta stajına malik olması, yəni xx.xx.1988-xx.xx.1990-ci illərdə hərbi xidmətdə olması NZ ******* nömrəli hərbi bilet ilə, 1984-1988-ci illərdə Salyan rayonu «Oktyabr» adına kolxozda işləməsi Salyan rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 107 nömrəli arxiv arayışı ilə, digər təşkilatlarda işləməsi AZE ******* nömrəli əmək kitabçası ilə təsdiq olunur. Ümumiyyətlə cavabdeh iddiaçının bütün iş illərini deyil, məhz əmək kitabçasında qeyd edilməyən 1984-1988-ci illərdə Salyan rayonu «Oktyabr» adına kolxozda işlədiyi illəri mübahisələndirir. Yəni digər illər əmək kitabçasında qeyd edildiyindən həmin dövrlər cavabdeh tərəfindən mübahisələndirilmir. Məhkəmə cavabdeh tərəfindən mübahisələndirilən dövrlərlə bağlı aşağıdakılara nəzər yetirməyi zəruri hesab edir. İlk öncə məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən əlilliyə görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), əlilliyini təsdiq edən sənəd, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (1984-1988-ci illərdə Salyan rayonu «Oktyabr» adına kolxozda işləməsinə dair Salyan rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 107 nömrəli arxiv arayışını) təqdim etmişdir. Sözügedən arxiv arayışının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRl-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965- ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1984-1988-ci illərdə Salyan rayonu «Oktyabr» kolxozunda işlədiyi illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Salyan rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 107 nömrəli arxiv arayışını məlumatları nəzərə alındıqda müəyyən edilir ki, minimum əmək iştirakı norması həmin dövrdə kişilər üçün 1984-1988-ci illərdə 200 gün, olmuşdur. Buna qarşılıq, iddiaçı tərəfindən mübahisələndirilən dövrlərdən 1985- 1987-ci illərə münasibətdə minimum əmək iştirakı norması yerinə yetirildiyindən həmin illər ona tam əmək stajı kimi hesablanmalıdır. 1984, 1988-ci illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İş materiallarında olan Cavabdeh 07 fevral 2020-ci il tarixli **********8 saylı məktubu ilə iddiaçının əlilliyə görə pensiya təyin olunmasına imkan verən əmək stajına və pensiya kapitalına malik olması təsdiq olunur. Belə ki, həmin məktubda ünvan 1 ünvanda yaşayan - iddiaçı, İddiaçı “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1 maddəsinə əsasən əlilliyə görə əmək pensiyası hüququ verən azı 11 il ((10 il 09 ay arxiv arayışı üzrə, ondan; 1984-1988 - ci illər üzrə, əmək kitabçasında qeyd olunmayan, yəni sığorta stajı kimi müəyyən edilməsi mümkün olmayan, 04 il 06 ay) + (02 il, hərbi xidmət) = 12 il 09 ay + 03 il 05 ay xx.xx.2006-cı il tarixdən sonra = 16 il 02 ay(ümumi)) sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan (xx.xx.2018-ci il tarixdən İİ dərəcə əlil hesab edildiyindən pensiyasının sığorta hissəsinin məbləği SH=PSK/TxK düsturuna əsasən, xx.xx.2006-cı il tarixədək müəyyən edilmiş pensiya hüquqları pensiya kapitalına çevrilməklə nəzərə alınan 9216,11 manat pensiya kapitalı + xx.xx.2006-cı il tarixdən sonra qeydə alınmış 2738,75 manat pensiya kapitalı = 11954,86 / (144 gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı x 0,6875 (48 yaşlı sığortaolunanlar üçün) sığorta davamiyyəti əmsalı) = 120,76 manat təşkil edir) əlilliyə görə əmək pensiyası hüququ olduğu qeyd olunur. Məhkəmə mübahisələndirilən 1984-1988-ci illərlə bağlı onu qeyd edir ki, iş materialında olan arxiv arayışında həmin dövrlərə və Cavabdeh 07 fevral 2020-ci il tarixli **********8 saylı məktubuna nəzərə yetirdikdə iddiaçının 1984-1988-ci illərdəSalyan rayonu «Oktyabr» kolxozunda işləyərkən (həmin dövrə adam günü 200 gün nəzərdə tutulmuşdur) faktik müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 4 il 6 ay iş stajının olduğunu müəyyən etmək olur. Hərbi xidmət illəri ilə və əmək kitabçasında qeyd olunan illər ilə birlikdə iddiaçının ümumilikdə 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Salyan rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 107 nömrəli arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Məhkəmə həmçinin iddiaçının digər müəssisələrdə işləməsinə dair AZE ******* nömrəli əmək kitabçasını, xx.xx.1988-xx.xx.1990-ci illərdə hərbi xidmətdə olması NZ ******* nömrəli hərbi biletini də iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının da qoşulduğu, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyanın 4-cü maddəsinin 1-ci hissəsində əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrı seçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarının və əsas azadlıqlarının tam realizəsini təmin etməyi və həyata keçirməyi öhdələrinə götürürlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İnzibati icraat haqında Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1984-1988-ci illərdə (4 il 6 ay) Salyan rayonu «Oktyabr» adına kolxozda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı 1984-1988-ci illərdə Salyan rayonu «Oktyabr» adına kolxozda işləməsi işləməyi ilə bağlı əmək stajı nəzərə alınmaqla, xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı 1984-1988-ci illərdə Salyan rayonu «Oktyabr» adına kolxozda işlədiyi iş stajı (həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla) sosial sığorta stajı kimi qəbul edilərək, ona əlilliyə görə əmək pensiyasının təyin olunması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar