Məhkəmə qərarları › İş №2-1(120)-396/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-396/2025

17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-396/2025 17.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfqulu oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "xxxx" X5 Cəmiyyətinə qarşı “cavabdehin xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 11225.62 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 20000 manat məbləğində siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "xxxx" X5 Cəmiyyətinə qarşı “cavabdehin xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 11225.62 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 20000 manat məbləğində siyahıya alınmış əmlakın satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1687/2023 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh "xxxx" X5 Cəmiyyətinin xx.xx.2018-ci il tarixinə qeyd olunan dövlət büdcəsinə ödənilməmiş 11225.62 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 20000 manat məbləğində siyahıya alınmış (Şirvan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən çörək zavodunda olan Rusiya istehsalı 1 ədəd Transformator) əmlak Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması, əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi "xxxx" X5 Cəmiyyətinə qaytarılması qərara alınmışdır. Cavabdeh "xxxx" X5 Cəmiyyəti Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1687/2023 nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(106)-232/2023 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)- 1687/2023 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin vergi öhdəliklərini yerinə yetirmədiyi üçün borcu yaranmış, bildiriş verilməsinə, sərəncam qoyulmasına baxmayaraq yaranmış borc məbləğini ödəmədiyinə görə öhdəliklərin yerinə yetirilməsinin təminetmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar çıxarılmış, həmin qərar əsasında yaranan borcuna görə əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Cavabdehin hal-hazırda 11225.62 manat ödənilməmiş borcu qalmışdır.İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun ümumilikdə 11225.62 manat məbləğində borcu yaranmışdır. İşdən görünür ki, vergi orqanı olan iddiaçı bildiriş(lər)lə yaranmış borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. İşə əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2022ci il tarixli qərarı əsasında xx.xx.2022-ci il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus əmlak - (1 ədəd 20000 manat məbləğində Rusiya istehsalı 1 ədəd transformator siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak X1 məsul saxlanmaya verilmişdir. X2 aktı və protokolu imzalayaraq surətlərini almışdır.İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. İş materiallarında olan "Hüquqi şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN **********) Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Göründüyü kimi, cavabdehin borcu yaranmış və vergi öhdəliyini lazımınca yerinə yetirməyərək həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh "xxxx" X5 Cəmiyyəti iddia ərizəsinə münasibaət bildirərək, əmlakın siyahıyaalınması Vergi Məcəlləsinin tələblərinə əsasən aparılmamışdır. Siyahıya alınan əmlak Mülki Prosessual Məcəllədə göstərilən ardıcıllıqla siyahıya alma aparılmamışdır. Beləki müəssisənin əsas fəaliyyətində mövcud olduğu kimi işıqla qidalandıran cihaz transformatr siyahıya alınması qanunsuzdur. Beləki müəssisənin əmlak vergisi bəyannaməsində də göründüyü kimi onun balansında 2021 il, 2022 il, 2023 il dövrə qədər mövcud olan əmlakın dəyəri Vergi orqanı tərəfindən 2021 il üçün 322 634.54 AZN 2022 il üçün 300050.00 AZN 2023 il üçün 300050.00 AZN dəyərində əmlakın Vergi Məcəlləsində nəzərdə tutulan ardıcıllıqla deyildir. Müəssisənin fəaliyyətinin birbaşa asılı olduğu transformatrı siyahıya alınaraq çıxarılması barədə ərizə ilə müraciət etmişdir. Göstərilənlərin qanunsuz olduğunu diqqətinizə çatdıraraq Vergi orqanının ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Belə ki, hazırki iddianın növü İPM-in 2.2.7-ci maddəsinə nəzərdə tutulmuş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddiadır. Belə iddialarda isə inzibati orqanın iddiaçı kimi çıxış etməsi mümkündür. Eyni zamanda hazırki iddia tələbi ilə cavabehin mülkiyyət hüquqlarına məcburi müdaxilə halı baş verdiyindən bu yalnız məhkəmə qərarı ilə mümkün ola bilər. Bu cür hüquqi yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli qərarındada ifadə edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “...vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin mülkiyyətində olan əmlakın siyahıya alınaraq ixtisaslaşdırılmış təşkilatda satılması mülkiyyətçinin Konstitusiya ilə təsbit olunmuş mülkiyyətində olan əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına toxunduğu üçün vergi qanunvericiliyində həmin əmlakın alınmasının xüsusi qaydası nəzərdə tutulmuşdur. Məhz bu səbəbdən vergi öhdəliyini yerinə yetirməyən vergi ödəyicisinin mülkiyyətində olan əmlakın hərracda satılması yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər”. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********455100 nömrəli qərarından görünür ki, 5 saylı vergilər idarəsi xx.xx.2018-ci il tarixli, **********9 saylı qərarı əsasında xx.xx.2022-ci il tarixli protokol və həmin protokola əlavə ilə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" X5 Cəmiyyətinə məxsus 1 ədəd 20000 manat məbləğində Rusiya istehsalı transformator siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak X1 məsul saxlanmaya verilmişdir. X2 aktı və protokolu imzalayaraq surətlərini almışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona obərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə .aranmışdır. İş materiallarında olan “Hüquqi şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh VÖEN **********) Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********201500 nömrəli məktubundan görünür ki, 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan "xxxx" ASC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə vergilər üzrə 12302,58 manat əsas, 6418,05 manat faiz, 120 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 18840,63 manat borcu vardır. Eyni zamanda "xxxx" ASCnin Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən 5 il müddətini ötmüş borcu xx.xx.2024cü il tarixə vergilər üzrə əsas 9953,38 manat, faiz 2039,66 manat olmaqla ümumilikdə 11993,04 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-2-12/2-6816/2024 nömrəli məktubundan görünür ki, vergi ödəyicisi ROZA-ÇÖRƏK ASC-də (VÖEN: **********) yaranmış borcuna görə 5 saylı Ərazi Vergilər idarəsinin “Əmlakının siyahıya alınması haqqında” xx.xx.2018-ci il tarixli **********9 nömrəli açılmış qərarlara əsasən xx.xx.2022-ci il tarixdə “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokol tərtib olunmuş və təqdim edilmişdir. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən “Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə - şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Bildiririk ki, borc məbləği "xxxx" ASC tərəfində təqdim edilmiş əmlak və torpaq vergisi üzrə bəyannamələrindən yaranmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 13-13/2-1/16-13990/2024 nömrəli məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən çörək zavodunda quraşdırılmış transformatorun hansı qurumun balansında olmasına dair məlumatın təqdim edilməsi ilə bağlı 2-1 (120)-1009/2024 nömrəli məhkəmə işi üzrə 19 aprel 2024-cü il tarixli müraciətinizə "xxxx" ASC-də aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sorğuda göstərilən transformator "xxxx" ASC- nin balansındadır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. Qanunvericilik normalarından görünür ki, vergi borcunun ödənilməsini təmin etmək üçün məhz vergi ödəyicisinin mülkiyyətində olan əmlakı siyahıya alına və satıla bilər. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli, **********9 nömrəli protokolundan görünür ki, Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" X5 Cəmiyyətinə məxsus 1 ədəd 20000 manat məbləğində Rusiya istehsalı transformator siyahıya alınmışdır. İşdə olan vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak X1 məsul saxlanmaya verilmişdir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı inzibati orqan tərəfindən cavabdehin vergi borcunun ödənilməsini təmin etmək məqsədilə siyahıya alma barədə hərəkətləri qanunvericiiyin tələblərinin pozulması ilə həyata keçirilmişdir. Belə ki, yuxarıda da sadalanan normaların birbaşa tələblərindən görünür ki, vergi borcunun ödənilməsinin təmini üçün tərtib olunan protokolda əmlak siyahıya alınır, siyahıya alınmış əmlak vergi ödəyicisinə baxış üçün təqdim edilir, siyahıda əmlak tam təsvir edilir (dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilir), əmlakın siyahısı və fotoşəkli protokola əlavə edilir. Daha sonra siyahıya alınmış mallar vergi ödəyicisində məsul saxlamaya qoyulur. Vergi orqanı tərəfindən əmlak siyahıya alındıqdan sonra vergi ödəyicisinə həmin əmlaka sərəncam vermək hüququnun olmaması, əmlaka sahiblik və istifadənin isə vergi orqanının nəzarəti ilə həyata keçirildiyi bildirilir, əmlakla bağlı müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə xəbərdarlıq edilir. Yalnız qeyd edilən prosessual qaydalar əsasında baş tutmuş siyahıya alınma qanunidir və icra oluna bilər. Qeyd edilməlidir ki, qanunvericilik əmlakın bu qaydadadan kənar siyahıya alınmanı nəzərdə tutmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı cavabdehin vergi borcunun ödənilməsinin təmin edilməsi ilə bağlı 20000 manat məbləğində Rusiya istehsalı transformatorun satılmasını mübahisələndirsə də, iş materialları ilə cavabdeh tərəfindən qeyd edilən borcun ödənilməsinin təmin edilməsi üçün həmin əmlakın siyahıya alınması halının vergi ödəyicisinə hansı dərəcədə təsir edəcəyi müəyyən edilməmişdir. Belə ki, əvvəla, daşınar əmlakın siyahıya almaya təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu işə əlavə edilmiş olsa da həmin xəbərdarlığın cavabdehə çatdırılması iş üzrə sübut olunmur. Digər bir əsas vergi orqanı tərəfindən siyahıya alınan əmlakla bağlıdır. Belə ki, iş materiallarına əsasən siyahıya alınan Rusiya istehsalı transformatorun qeyd edilən ərazinin ümumi enerji ilə təmin etdiyi müəyyən edilir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 13-13/2-1/16-13990/2024 nömrəli məktubundan görünür ki, sorğuda göstərilən transformator "xxxx" ASC- nin balansındadır. Lakin iş materiallarına əlavə edilən sənədlərə əsasən "xxxx" ASC- nin aktiv müəssisə olduğu müəyyən edilir. Vergi orqanı "xxxx" ASC-yə məxsus transformator aşkar etmiş olsa da ümumiyyətlə vergi ödəyicisinə məxsus digər əmlakının olub-olmamasını müəyyən etməmişdir. Halbuki əşyanın siyahıya alınmasının məqsədi vergi borcunun həmin əşya hesabına ödənilməsini təmin etmək olduğu halda siyahıya aldığı əmlakın vergi ödəyicisinə münasibətdə təsirinin də müəyyən edilməsi, eləcə də həmin əmlakın dəyərinin hansı qaydada qiymətləndirilməsinin əsaslandırılması da zəruridir. Belə ki, transformator müəssisəni və ətrafdakı qeyri-yaşayış sahələrini elektrin enerjisi ilə təmin edir ki, qeyd edilən əşyanın satılması müəssisənin fəaliyyətinə ciddi şəkildə təsir edəcəyi, fəaliyyətin dayanması halı ilə nəticələnəcəyi müəyyən edilir. Halbuki, müəssisə aktivdir, iş materiallarına əlavə edilən bəyannamə və digər sənədlərə əsasən fəaliyyətinin olduğu müəyyən edilir ki, inzibati orqan qeyd edilən vergi borcun ödənilməsi məqsədilə vergi ödəyicisinə məxsus müəssisənin fəaliyyətinə ciddi təsir etməyən digər bir əmlakı siyahıya ala bilərdi. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən vergi ödəyicisinə məxsus digər əmlakların araşdırılması və müəyyən edilməsi barədə inzibati icraat aparılmamış və belə bir araşdırma (əsaslandırma) məhkəməyə təqdim edilməmişdir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əmlakın siyahıya alınması qanunvericliyinin tələblərinə uyğun həyata keçirilməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı, həmin əmlakın (transformatorun) satılması hesabına ödənilməsi vergitutmanın adekvatlılıq prinsipi və qərarının icrasının təmin olunması baxımdan məqsədəmüvafiq deyildir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin vergi borcunun ödənilməsinin təmin edilməsi üçün hazırda mülkiyyətində olan əmlakın siyahıya alınaraq satılması yolverilməzdir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci, 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "xxxx" X5 Cəmiyyətinə qarşı “cavabdehin xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 11225.62 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 20000 manat məbləğində siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar