Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3965/2025 19.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “07 iyun 2024-cü il tarixli qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “07 iyun 2024-cü il tarixli qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” barədə qərar qəbul edilməsini məhkəməsindən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləriylə birlikdə yuxarıda göstərdiyi ünvanda yaşayır. 1992-ci il tarixdən qanuniliyi tərəflərindən mübahisələndirilən qərar qəbul edilən tarixə kimi birinci dərəcəli əlil kimi pensiya almışdır. Axırıncı dəfə xx.xx.2013-cü il tarixdə 30№-li Tibbi Ekspert Komissiyasının xx.xx.2013-cü il tarixli qərarına əsasən ona ümumi xəstəlikdən birinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Əmək qabiliyyətsiz olmaqla, kənar şəxsin qulluğuna ehtiyacının olması göstərilmişdir. Aldığı pensiya ilə müalicəsini davam etdirirdi. Hazırda pensiyası kəsildiyi üçün özünü müalicə etdirə bilmir. Bu da onun səhhətində müəyyən problemlər yaratmışdır. 3 dəfə cavabdeh təşkilat onu əyani müayinəyə dəvət etdi. Hər 3 dəfə müayinədə iştirak etdi. Lakin ona bildirdilər ki, əliliyin qüvvədə saxlanılacaqdır. “Biləsuvar rayon mərkəzi xəstəxanası” X8 25 dekabr 2024-cü il tarixli, 18-1-30/3-3707/2024 nömrəli məktubundan da görünür ki, “F07.O-Üzvi mənşəli şəxsiyyət pozğunluğu, dekompensasiya dövrü” diaqnozu ilə Psixonervoloji xəstəlikləri üzrə qeydiyyatdadır. 1992-ci ildən hal-hazır ki, vaxta qədər həmin xəstəlikdən əziyyət çəkir. 2025-ci ilin aprel ayının axırlarında ona məlum oldu ki, pensiyası kəsilmişdir. Bununla bağlı cavabdeh təşkilata müraciət etdi. Həmin təşkilat tərəfindən ona xx.xx.2025ci il tarixli, 3-17-1/2-Q-1152/2025 nömrəli məktub göndərilmişdir. Məktubu xx.xx.2025-ci il tarixdə almışdır. Həmin məktubda qeyd edilmişdir ki, şübhə doğuran əlillik təyinatı üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etmək üçün xx.xx.2024-cü il tarixdə Agentliyə dəvət olunmuşdur. Lakin müraciəti qeydə alınmamışdır. (Lakin o 3 dəfə əyani müayinə olunmaq üçün Agentlikdə olmuşdur) Bundan irəli gələrək mövcud sənədlər üzrə araşdırma və qiymətləndirmənin nəticəsində barəsində xx.xx.2024- cü il tarixdən əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir. Ona münasibətdə cavabdeh təşkilatın qəbul etdiyi qərar qanuni və əsaslı hesab oluna bilməz. Çünki həmin qərar və məktub Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən tərtib edilmişdir. Lakin yuxarıda qeyd etdiyi tarixdə, yəni xx.xx.2013-cü il tarixdə TSEK-nin qərarına əsasən ona müddətsiz əlillik verilmişdir. Həmin tarixdə qüvvədə olan “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə AR Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilməklə 2016-ci il 5 fevral tarixnə qədər qüvvədə olmuşdur. Ona müddətsiz əlillik verilməsi zamanı Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsaslanılmışdır. Ona müddətsiz verilmiş əlilliyin ləğv edilməsi zamanı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əliliyin qiymətləndirilməsi Qaydası”na istinad olunmuşdur. Bu hal isə qanunauyğun hesab oluna bilməz. Çünki, bu Azərbaycan Respublikasının Konstitusiyasına və Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununa ziddir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş iddia ərizəsinə etiraza əsasən, iddiaçının əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni.OD-Şüşəvari cismin bulanması. OS-görmə sinirinin atrofiyası. VİSOD=0. VİSOS=əl hərəkəti. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Səbəbi ilə imtina edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmiş, iddiaçı və cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Həmçinin iddiaçı cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-3965/2025 nömrəli qərardadı ilə, “Tibbi-Sosial Ekspert Komissiyasının 07 iyun 2024-cü il tarixli qərarını mübahisələndirmək üçün buraxılmış prosessual müddət İddiaçı münasibətdə bərpa edilmişdir. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. İşdə olan (AZE ********) nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixində anadan olmuş, Biləsuvar şəhəri,H.Əliyev küçəsi, ev 9, m.1-də qeydiyyatdadır. İşdə olan xx.xx.2025-ci il tarixli 5-39-30/3-112/25 nömrəli arayışına əsasən, verilir İddiaçı ondan ötəri ki, həqiqətəndə o, Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir X2 balansında olan, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən 9 saylı evin 1 saylı mənzilində yaşayır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2013-cü il tarixli 158 nömrəli çıxarışa əsasən, İddiaçı xx.xx.2006-cı il tarixində müayinədən keçmişdir. İşdə olan “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X7 25 dekabr 2024-cü il tarixli 18-1- 30/3-3707/2024 nömrəli arayışa əsasən, verilir, Biləsuvar rayonu, H.Əliyev küçəsi sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı ondan ötəri ki, o həqiqətən “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə “F07.0-Üzvi mənşəli şəxsiyyət pozğunluğu,dekompensasiya dövrü” diaqnozu ilə Psixonevroloji xəstəlikləri üzrə qeydiyyatdadır. İşdə olan Cavabdeh 4 noyabr 2025-ci il tarixli 3-17-4/2-28927/2025 nömrəli məktubuna əsasən, Biləsuvar rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2025-ci il tarixli, 4-9/2- 8447/2025 nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. İddiaçı xx.xx.2006-cı il tarixindən ümumi xəstəlik - gözdən əlilliyi olan şəxs səbəbilə müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. “Vətəndaşların müraciətləri haqqında“ Azərbaycan Respublikası Qanununun tələbləri çərçivəsində Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən vətəndaşların müraciətlərinin araşdırılması zamanı bir sıra vətəndaşların əlillik vəziyyətlərinin əsassız olması ilə bağlı şübhələr yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Belə ki, vətəndaş X4 tərəfindən İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə xx.xx.2024-cü il tarixli, 3-17-4/1- F11951/2024 nömrəli müraciət ərizəsi daxil olmuşdur. Həmin ərizə əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən müvafiq qaydada araşdırmalar aparılmışdır. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində İddiaçı xx.xx.2024-cü il tarixində Agentliyə dəvət edilmişdir. Lakin əyani müayinəyə gəlmədiyi üçün mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində vətəndaşa dair xx.xx.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Müraciəti əsasında vətəndaş xx.xx.2025-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar əlillik təyinatına əsas verməmişdir. İşdə olan “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X7 8 iyul 2025-ci il tarixli 18-1-30/2- 365/2025 nömrəli məktubuna əsasən, İddiaçı “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə aşağıda göstərilən tarixlərdə müraciət etmişdir:xx.xx.2021-ci il tarixində “G57Aşağı ətrafın mononevropatiyaları” diaqnozu ilə; - xx.xx.2023-cü il tarixində “A00-Vəba” diaqnozu ilə; - xx.xx.2023-cü il tarixində “D64.9-Dəqiqləşdirilməmiş anemiya” diaqnozu ilə; -xx.xx.2023-cü il tarixində “J42-Dəqiqləşdirilməmiş xroniki bronxit” diaqnozu ilə; - xx.xx.2023-cü il tarixində “H60.3-Digər infeksion xarici otitlər” diaqnozu ilə; xx.xx.2023-cü il tarixində “M51.1-Bel və digər şöbələrin fəqərəarası disklərinin radikuloptiya”diaqnozu ilə; -xx.xx.2023-cü il tarixdə“M51.1-Bel və digər şöbələrin fəqərəarası disklərinin radikuloptiya”diaqnozu ilə; - xx.xx.2023-cü il tarixdə-“M51.1-Bel və digər şöbələrin fəqərəarası disklərinin radikuloptiya”diaqnozu ilə; - xx.xx.2023-cü il tarixdə- “M17.1-Digər birincili qonartroz” diaqnozu ilə; - xx.xx.2024-cü il tarixdə-“M51.1-Bel və digər şöbələrin fəqərəarası disklərinin radikuloptiya”diaqnozu ilə; -xx.xx.2024-cü il tarixdə- “F48.0-Nevrosteniya”diaqnozu ilə; - xx.xx.2024-cü il tarixdə-“M51.1-Bel və digər şöbələrin fəqərəarası disklərinin radikuloptiya”diaqnozu ilə; - xx.xx.2024-cü il tarixdə -“M17.1-Digər birincili qonartroz və M16.2-İkitərəfli displaziya nəticəsində koksartroz” diaqnozu ilə; xx.xx.2024-cü il tarixdə-“F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə; xx.xx.2024-cü il tarixdə-“İ67.8-Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələri” diaqnozu ilə; - xx.xx.2025-ci il tarixdə-“F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə; - xx.xx.2025-ci il tarixdə-“F07-Baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozuntuları”diaqnozu ilə. İddiaçı “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə aşağıda göstərilən tarixlərdə imtiyazlı dərmanlarla təmin olunması üçün müraciət etmişdir: - xx.xx.2022-ci il tarixdə; - xx.xx.2023cü il tarixdə; - xx.xx.2024-cü il tarixdə; - xx.xx.2025- ci il tarixdə; - xx.xx.2025-ci il tarixdə; xx.xx.2025-ci il tarixdə. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2006-cı il tarixli qərarı ilə İddiaçı barəsində “ümumi xəstəlik” səbəbi ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. 2.1 Birinci dərəcə əlillik =>2.1.10.Hər iki gözü tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.05-dən az olması və ya görmə sahəsinin 10-dərəcəyədək konsentrik daralması-qeyd edilmişdir. - İşdə olan Cavabdehn xx.xx.2024-cü il tarixli 3-17-4/2-A-13460/2024 saylı məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi halda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edə bilər. Buna görə cavabdeh orqan tərəfindən iddiaçı xx.xx.2024-cü il tarixə saat 14.00-ə qədər əyani müayinəyə dəvət edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 saylı qərarına əsasən, “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə İddiaçı barəsində əlillik verilməsindən imtina edilmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamə tətbiq edilməlidir. “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamənin 3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 2.10. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X1 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. "İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.1. 2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.1. 6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1.rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2.səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3.inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1.inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2.maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (nadralquqüh) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3.inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4.inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (nadralquqüh) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə iddia və etiraz ərizəsini və işin faktiki hallarını obyektiv və qərəzsiz şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edir ki, xx.xx.2006-cı il tarixli qərarı ilə İddiaçı barəsində “ümumi xəstəlik” səbəbi ilə müddətsiz təkrar birinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra isə müddətsiz əlillik qüvvədə olan zaman cavabdeh inzibati orqan iddiaçıya xx.xx.2024-cü il tarixli, 3-17-4/2-A-13460/2024 saylı bildiriş göndərərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir və bu səbəbdən də onu xx.xx.2024-cü il tarixdə saat 14:00-a qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət etmişdir. İddiaçı əyani müayinədə iştirak etməmişdir və bundan sonra xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Sonradan isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2024cü il tarixli, 3-17-4/3-3-8204/2024 nömrəli qərar qəbul edilərək, xx.xx.2024-cü il tarixli, 3- 17-4/3-1-19150/2024 saylı qərar əsasında təyin edilmiş xx.xx.2024-cü il tarixdən “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qüvvədə saxlanılmışdır. İddiaçı cavabdehin həmin əlverişsiz inzibati aktından narazı qalaraq məhkəmə qaydasında mübahisələndirmiş və ona təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, İddiaçı barəsində qəbul edilmiş və qüvvədə olan əlverişli inzibati akt cavabdeh inzibati orqan tərəfindən ləğv edilmişdir. Bununla əlaqədar ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqanın istinad etdiyi hallarla bağlıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. Əgər inzibati orqan əlillik təyin edilməsinə dair qərarının qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsi nəzərə alınmaqla həll olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki inzibati aktının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan inzibati aktı, yəni qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, cavabdeh "əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verməklə icraatı təzələməklə, şəxsin inzibati icraatda iştirakını və onun dinlənilmə hüququnu təmin etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. "Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, əvvəlki aktın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə əvvəlki aktın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm aktın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, əlilliyin təyini ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Belə mübahisələr həll edilərkən həm də “İnzibati icraat haqqında” Qanunun 67.12ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Belə ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Qanuni əlverişli inzibati aktın ləğvi məsələsinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu halda, inzibati orqan əvvəlki aktının qanuniliyini qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə aktın ləğv edilməli olduğunu bildirir. Şəxsin sonradan reabilitasiya olunması əsası ilə əvvəlki qanuni aktı ləğv edir. Bu zaman, inzibati orqan özünün əvvəlki aktının qanuni olduğunu qəbul etmiş, lakin şəxsin artıq sonradan sağalması və xəstəliyinin tam reabilitasiya olunması nəticəsinə gəlmişdir. Bu halda mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Həmçinin nəzərə alınmalıdır ki, inzibati orqan əlillik təyini haqqında əvvəlki qərarının qəbulundan sonra yaranmış hallara istinad etdiyi halda da, həmin hallar konkret şəxs ilə bağlı olmalı, eləcə də istinad olunan halın mövcudluğu uyğun, yetərli və mötəbər qaydada sübut olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsi qanuni əlverişli inzibati aktın ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutmaqla yanaşı, bunun üçün həm də məhdud əsaslar dairəsi müəyyən etmişdir. Buna görə, yalnız Qanunda sadalanmış həmin məhdud əsasların birinin və ya bir neçəsinin mövcudluğunda qanuni əlverişli inzibati akt ləğv edilə bilər. Qanunun 68.3-cü maddəsinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, inzibati orqan Qanunun 68.2-ci maddəsində sadalanmış əsasların mövcudluğunda həmin əsaslar ona məlum olduğu gündən 1 il müddətində özünün əvvəlki qanuni əlverişli inzibati aktını ləğv edə bilər. Nəzərə almaq lazımdır ki, qanunsuz və ya qanuni əlverişli inzibati akt olmasından asılı olmayaraq inzibati orqan hər bir halda, qüvvədə olan həmin aktları ləğv edərkən “İnzibati icraat haqqında” Qanununda və sahəvi aktlarda təsbit edilmiş icraatla bağlı müvafiq normaların əsas tələblərinə riayət etmək öhdəliyi də daşıyır. Həmin tələblər aşağıdakılardan ibarətdir. Həmçinin həmin bəndin tələbinə görə müayinənin nəticələrinə əsasən, TSEK qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Hazırkı halda isə inzibati orqan iddiaçıya ünvanladığı bildirişində sözügedən Əsasnamənin 3.7-ci maddəsinə istinad edir. Belə ki, Əsasnamənin 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Cavabdehin istinad etdiyi sübut isə ümumiyyətlə mövcud deyil və mücərrəd xarakter daşıyır. Belə ki, şübhəli halların nədən ibarət olması nə iddiaçıya, nə də ki, məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə ki, məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2025-ci il tarixli məktubla göstərmişdir ki, vətəndaş X4 tərəfindən İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə xx.xx.2024-cü il tarixli müraciət vərəqəsi daxil olmuşdur. Həmin müraciət əsasında cavabdeh orqan tərəfindən müvafiq qaydada araşdırmalar aparılmışdır. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində İddiaçı ünvanına xx.xx.2024-cü il tarixli, 3-17-4/2-A-13460/2024 saylı bildiriş məktubu göndərilərək xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etməmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, vətəndaş X4 tərəfindən İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə xx.xx.2024-cü il tarixli, 3-17-4/2-A-13460/2024 saylı müraciət ərizəsi daxil olması iddiaçı barəsində təyin edilmiş müddətsiz birinci dərəcə əlilliyin ləğv edilməsinə əsas ola bilməz. İlk növbədə, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əvvəlki əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti vəzifəsinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və lazımi icraat aparmağa, dinlənilmə hüququnu təmin etməyə, obyektiv araşdırma prinsipinin tələblərinə riayət etməyə, şəxsi əyani müayinəyə cəlb etdikdən sonra qərar qəbul etməyə və icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Nəticə etibarilə təzələnmiş icraat əvvəlki əlverişli inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinə dair yeni inzibati aktın çıxarılması ilə yekunlaşmalıdır. Fərqli yanaşma, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olur. Təzələnmiş icraat nəticəsində qəbul edilən yeni inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən lazımi qaydada əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında əlverişli inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası bir çox qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən digər mübahisələrin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Cavabdeh müddətsiz əlilliyinin ləğvi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin inzibati orqanın praktikasına etimadı qanunla qorunur. Etimad hüququnun qorunması Konstitusiyadan və X9 Konvensiyasından irəli gəlir. X9 Konvensiyasının 1 -ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları "İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müddətsiz əlilliyin ləğv edilməsi ilə bağlı davranışı yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərinə uyğun olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barədə qəbul edilən qərar qanunsuz və əsassızdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İnzibati-Prosessual Məcəllənin 52, 68, 69, 75.4, 85.1- ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia ərizəsi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xxxxxxx0003 saylı, xx.xx.2024-cü il tarixli qərarı İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı təyin olunmuş ümumi xəstəliklə əlaqədar birinci dərəcəli (orqanizmin funksiyalarının pozulması 81-100 %) müddətsiz əlilliyin xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyi (bu barədə müvafiq qaydada qərar qəbul edilməklə) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-3965/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3965/2025
19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver