Məhkəmə qərarları › İş №2-1(120)-397/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-397/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-397/2020 10.06.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Kürdəmir şəhər bələdiyyəsinə qarşı “xx.xx.2008-ci il tarixli, 68 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Kürdəmir şəhər bələdiyyəsinə qarşı “xx.xx.2008-ci il tarixli, 68 nömrəli qərarın ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2-1(120)-397/2020 saylı qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Kürdəmir şəhər bələdiyyəsinin nümayəndəsi X4 məhkəmə iclasında izahatında, iddia tələbini qəbul etməyərək, iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı cavabdeh Kürdəmir şəhər bələdiyyəsinə qarşı “xx.xx.2008-ci il tarixli, 68 nömrəli qərarın ləğv edilməsi” barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Göründüyü kimi İddiaçı cavabdeh Kürdəmir şəhər bələdiyyəsinə qarşı “xx.xx.2008ci il tarixli, 68 nömrəli qərarın ləğv edilməsi”barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2-cavab əsasında izahatında bildirmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən qərar iddiaçıya rəsmi qaydada verilməsə də şifahi qaydada məlumat verilmişdir. Sonradan həmin qərarı əldə etməkdən ötrü inzibati orqana müraciət olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili qərarın əldə edilməsindən ötrü cavabdehə müraciət ilə bağlı dediklərinin təsdiqi kimi xx.xx.2018-ci il tarixli məktubu məhkəməyə təqdim etmişdir. Bundan başqa iddia ərizəsindən (iddia ərizəsinin 2-ci abzasında) də görünür ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən qərar barədə iddiaçıya məlumat verilməsini iddiaçı ərizədə qeyd etmişdir. Məhkəmə işin faktiki hallarını tətqiq edərkən müəyyən etmişdir ki, iddiaçı mübahisələndirilən qərardan əvvəlcədən məlumatlı olmuşdur. Əks halda iddiaçı tərəfindən həmin qərarın əldə edilməsindən ötrü 2018-ci il tarixində cavabdeh inzibati orqana müraciət olunmazdı. Bu fakt iddiaçının nümayəndəsinin verdiyi izahatından və iddia ərizəsinin məzmunundan və iş materiallarından olan digər sənədlərlə öz təsdiqini tapır. Beləliklə də iş materiallarından və tərəflərin izahatından müəyyən olunur ki, iddiaçı mübahisələndirilən qərardan məlumatlı olmuş, lakin hazırkı tələbə dair iddia ərizəsi ilə ilk dəfə məhkəməyə xx.xx.2019-cu il tarixində yəni mübahisələndirdiyi inzibati aktın qəbulundan 11 (on bir) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Kürdəmir şəhər bələdiyyəsinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Kürdəmir şəhər bələdiyyəsinə qarşı “xx.xx.2008-ci il tarixli, 68 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Kürdəmir şəhər bələdiyyəsinə qarşı “xx.xx.2008-ci il tarixli, 68 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar