Məhkəmə qərarları › İş №2-1(120)-3973/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3973/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3973/2024 06.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımı almaq hüququnun bir il müddətində məhdudlaşdırılmasına dair inzibati orqanın hərəkətlərin qanunsuz hesab edilməsi və xx.xx.2024-cü il tarixdə təyin edilmiş ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı iddiası üzrə işə Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hərəkətlərini qanunsuz hesab etməklə ona xx.xx.2023-cü il tarixli müraciəti əsasında təyin edilmiş ünvanlı sosial yardım almaq hüququnun bir il müddətinə məhdudlaşdırılması barədə qərarın ləğv edilməsi və ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan,xx.xx.2024-cü il tarixdən bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək dəyişdirilərək “Ünvanlı sosial yardımı almaq hüququnun bir il müddətində məhdudlaşdırılmasına dair inzibati orqanın hərəkətlərin qanunsuz hesab edilməsi və xx.xx.2023-cü il tarixdə təyin edilmiş ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, “ünvanlı sosial yardımı almaq hüququnun bir il müddətində məhdudlaşdırılmasına dair inzibati orqanın hərəkətlərin qanunsuz hesab edilməsi və xx.xx.2024-cü il tarixdə təyin edilmiş ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun maddi vəziyyəti və yardıma köməyə olan kəskin ehtiyacı və himayəsində 4 nəfər ailə tərkibinin olması nəzərə alınaraq cavabdeh orqan tərəfindən 2023-cü ilin noyabr ayında ünvanlı sosial yardım təyin edilmiş və 2024-cü ilin may ayının 21-nə kimi bu yardımı almışdır. Lakin ünvanlı sosial yardım dayandırıldıqdan sonra bunun səbəbi ilə maraqlandıqda ona bildirilmişdir ki, cavabdeh orqan tərəfindən monitorinq aparılmış və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması aşkar edilmişdir. Halbuki nə onun nə də ailə üzvlərinin adında hər hansı bir nəqliyyat vasitəsi yoxdur. Cavabdeh orqanın tabeliyində yerləşən DSMF-nun Masallı rayon şöbəsinin bir qrup əməkdaşı onun yaşadığı evdə olarkən hətta şifoneri açaraq baxmış və onun uşaqlarının ağır və acınacaqlı vəziyyətdə yaşadıqlarının şahidi olmuşdurlar. Problemləri olan ahıl yaşlı qaynatası başqa bir şəxsə məxsus maşının yanında dayanarkən ona həmin maşının ona məxsus olub-olmadığını soruşmuş, o da başını yellləmiş və bununla da belə qənaətə gəlmişlər ki, guya ailənin istifadəsində nəqliyyat vasitəsi vardır. Halbuki bu şəxsin adında nəinki nəqliyyat vasitəsi, heç sürücülük vəsiqəsi də olmamışdır. Cavabdeh orqan tərəfindən ünvanlı sosial yardımın kəsilməsi onların ailəsinə ağır təsir etmiş, maddi vəziyyətləri olduqca dözülməz bir həddə çatmışdır, bu gün onlar yavan çörəyə belə möhtacdırlar, qohum-tanışların onlara etdikləri yardımlarla dolanırlar. Cavabdeh orqanın bu hərəkəti qanunsuz sayılmalı, ünvanlı sosial yardımı almaq hüququnun bir il müddətinə məhdudlaşdırılması barədə qərarı ləğv edilməli və ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən bərpası vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır və onunla əsaslandırır ki, Masallı rayon sakini İddiaçı ailəni təmsil edən şəxs qismində ÜDSY ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin “Ünvanlı Yardım” altsisteminə daxil edilmiş xx.xx.2023-cü il tarixli **********43201 nömrəli müraciətinə əsasən ailəyə xx.xx.2024-cü il tarixdən 466,51 manat məbləğində ÜDSY təyin edilmişdir. Təkrar yoxlama nəticəsində ailə üzvü X6 istifadəsində nəqliyyat vasitəsinin olması səbəbilə ailəyə təyin edilmiş ÜDSY xx.xx.2024-cü il tarixdə dayandırılmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə Mərkəzi Filial tərəfindən ailənin ünvanında monitorinq həyata keçirilmiş, monitorinq zamanı ünvanın girişində “Naz-Lifan” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir, "əmsiiçinin qayınatası - X12 həmin nəqliyyat vasitəsinin bacısına məxsus olduğunu və özünün kənd daxilində idarə etdiyini bildirmişdir. Həmçinin, nəqliyyat vasitəsinin açarı ailənin yaşadığı evdən təqdim edilmişdir. Qeyd edək ki, monitorinq əməkdaşlarımız tərəfindən razılıq əsasında video çəkiliş əsasında aparılmış və verilən məlumatlar akta qeyd edildikdən sonra X.Fəttayevin şəxsi imzası ilə təsdiqlənmişdir (akt və video görüntü əlavə olunur). “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X16 və X23 (VEMTAS) yaradılmışdır. “Ünvanlı Dövlət Sosial Yardımı” haqqında Qanunun 1.0.6-cı maddəsinə əsasən, ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) —aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Bundan başqa Qanunun 10.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar stisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Eyni zamanda 10.4-cü maddədə göstərilmişdir ki, ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4.-cü maddəsinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir. Göründüyü kimi iddiaçı tərəfindən qeyd olunan Qanunun 10-cu maddəsində göstərilən tələblərin pozulması aşkar olunduğundan sosial yardımın ödənilməsi dayandırılaraq daxil olan müraciətə imtina verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 01 dekabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmədən, İddiaçı inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə anadan olmuş, Masallı rayonu, Şatıroba kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Nəqliyyat X2 surətindən görünür ki, Masallı rayonu, Şatıroba kəndində qeydiyyatda olan X4 adına xx.xx.2023-cü il tarixdə **-BR-*** dövlət qeydiyyat nişanlı tünd göy “Naz” minik markalı sedan nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-17/3-7-528/2023 nömrəli sərəncamın surətindən görünür ki, Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş X13 7 yanvar 2015-ci il tarixdə vəfat etdiyindən 2013-cü il tarixində ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən pulsuz verilmiş “NAZ LİFAN LF-7132/2-320” markalı 44BR712 dövlət qeydiyyat nişanlı minik avtomobilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3.14-cü yarımbəndinə müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X24 İdarəsində X8 övladı X4 adına rəsmiləşdirilməsinə icazə verilsin. Göstərilən minik avtomobili X4 adına rəsmiləşdirildikdən sonra Nazirliyin qeydiyyatından çıxarılsın. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X24 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16-5/2-144690 nömrəli məktubundan görünür ki, DİN Baş X24 İdarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən X4 adında xx.xx.2023-cü il tarixdən “Naz” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Həmçinin bildiririk ki, X4 etibarnamə ilə istifadəsində və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. İddiaçı və X6 adlarında etibarnamə ilə istifadələrində və ya onlar tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X24 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16-5/2-145604/24 nömrəli məktubundan görünür ki, DİN-in Baş X24 İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən İddiaçı, X9 və X1 vəsiqəsi verilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X24 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-16-5/2-9208/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sisteminin məlumatına əsasən xx.xx.2023-cü il tarixdə X3 adına qeydiyyata alınmış NAZ markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüklülüyü yoxdur və etibarnamə barədə məlumat almaq üçün Ədliyyə Nazirliyinə müraciət etmək tövsiyyə olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə onun adına qeydiyyata alınmış NAZ markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil mərhum atası X8 olmuşdur. Atası vəfat etdikdən sonra həmin nəqliyyat vasitəsi ona miras qalmış, lakin avtomobili idarə edə bilmədiyindən yaxın kənd ərazində gedəndə qonşuları və qohumları tərəfindən getməsinə kömək istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, NAZ markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil mərhum atası X8 olmuşdur. Atası vəfat etdikdən sonra həmin nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə bacısı X4 adına qeydiyyata alınmışdır. Onun adına heç vaxt sürücülük vəsiqəsi olmamışdır və onun gözləri xəstə olduğu üçün avtomobil idarə edə bilmir. Yalnız iki və ya üç dəfə bacısının xahişi ilə onu kənd daxilindən qohumlarına baş çəkmək məqsədilə aparmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Ailə Məcəlləsinin 56.2-ci maddəsinə əsasən uşaqlar yetkinlik yaşına (18 yaşına) çatdıqda, valideynlərin bu şəxlərin üzərində olan bütün hüquq və vəzifələrinə xitam verilir və valideynlər keçmiş ailə üzvləri olmuş əmək qabiliyyətli övladlarını və onların ailəsini saxlamağa, onlara pul verməyə və ünvanlı dövlət sosial yardımı təyin etməyə və verməyə borclu deyillər. Çünki Qanun valideynlərin bu şəxslərin üzərində olan bütün hüquq vəzifələrinə xitam vermişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən ünvanlı yardım orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan bütün aztəminatlı ailələrə dövlət büdcəsinin vəsaiti hesabına yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müraciət edilən ayın 1-dən 1 il müddətinə təyin olunur. “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.1ci maddəsinə əsasən sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Aztəminatlı ailələrin rahatçılığını və sosial müdafiəsini gücləndirilmək məqsədi ilə X16 və X20 (VEMTAS) yaradılması barədə 23 fevral 2015-ci il tarixli 477 nömrəli Fərmanında hörmətli Prezidentimiz cənab İlham Əliyev mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edilməsi barədə Ədliyyə Nazirliyinə Tapşırıq vermişdir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. Sosial yardımın məbləği 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8. Sosial yardımın təyin olunması müddəti 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaları 1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1.) ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2.) əmək qabiliyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi; 1.2.3.) ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4.) ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5.) ailə üzvünün vəfat etməsi; 1.2.6.) ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7.) ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8.) ailə üzvünün olduğu yerin məlum olmaması. 1.3. Sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və qurumlarının (bundan sonra qurumlar) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur: 1.3.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi; 1.3.2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi; 1.3.3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi; 1.3.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; 1.3.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; 1.3.6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi; 1.3.7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi; 1.3.8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi; 1.3.9. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi; 1.3.10. Azərbaycan Respublikasının Qaçqınların və X15 üzrə Dövlət Komitəsi; 1.3.11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi; 1.3.13. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti; 1.3.14. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti; 1.3.15. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti; 1.3.18. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi; 1.3.19. "xxxx" Açıq Səhmdar Cəmiyyəti; 1.3.20. "xxxx" Açıq Səhmdar Cəmiyyəti; 1.3.21. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi; 1.3.22. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri. 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Mərkəzin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4. Mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.7. aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: -“Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda (3.7.1) -sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda (3.7.2) -sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə (3.7.3); -ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) (3.7.4) -ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan sonra baxılır) (3.7.5) -ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda (3.7.6); -ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda (3.7.7). 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. 5.2. Ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. 5.4. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. 5.5. Muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla), qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). 5.6. Ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. 5.8. Qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. 5.11. Natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. İddiaçının müraciət etdiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri ailə üzvünün əmək qabiliyyətini itirməsi, əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması, ailə üzvünün vəfat etməsi, ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünün azadlıqdan məhrum edilməsi və ailə üzvünün olduğu yerin məlum olmaması səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. 1.3-cü bəndinə əsasən, sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. 3.2-ci maddəsinə əsasən, VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3-cü bəndinə əsasən, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Mərkəzin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4-cü bəndinə əsasən, mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Sadalanan normaların tələbindən göründüyü kimi, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım hüququna malikdirlər və sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına görə sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur və müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılaraq müvafiq qərar qəbul edilir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X24 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16-5/2-144690 nömrəli məktubundan görünür ki, DİN Baş X24 İdarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən X4 adında xx.xx.2023-cü il tarixdən “Naz” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Həmçinin bildiririk ki, X4 etibarnamə ilə istifadəsində və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. İddiaçı və X6 adlarında etibarnamə ilə istifadələrində və ya onlar tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X24 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16-5/2-145604/24 nömrəli məktubundan görünür ki, DİN-in Baş X24 İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən İddiaçı, X9 və X1 vəsiqəsi verilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X24 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-16-5/2-9208/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sisteminin məlumatına əsasən xx.xx.2023-cü il tarixdə X3 adına qeydiyyata alınmış NAZ markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüklülüyü yoxdur. Cavabdeh inzibati orqan tərəfindən verilən ünvanlı sosial yardımın dayandırılmasına səbəb olan yeganə hal iddiaçının ailə üzvü X6 istifadəsində nəqliyyat vasitəsinin olmasıdır. Məhkəmə araşdırması zamanı Masallı rayonu, Şatıroba kəndində qeydiyyatda olan X4 adına xx.xx.2023-cü il tarixdə **-BR-*** dövlət qeydiyyat nişanlı tünd göy “Naz” minik markalı sedan nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Həmin nəqliyyat vasitəsinin iddiaçının və ailə üzvlərinin mülkiyyətində və ya istifadəsində olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının ailə üzvü X6 istifadəsində nəqliyyat vasitəsinin olması səbəbindən ünvanlı sosial yardımın təyin edilməsindən imtina üçün yetərli əsas sayıla bilməz. Həmçinin, həmin nəqliyyat vasitəsinə sərəncam və istifadə hüququnun olmadığı aşkardır və mübahisəsiz haldır. Eləcə də, inzibati orqan tərəfindən qeyd edilənlərin əksini təsdiq edəcək heç bir sənəd məhkəməyə təqdim edilməmiş və ünvanlı sosial yardımı almaq hüququnun dayandırılaraq bir il müddətində məhdudlaşdırılmasının elektron sistem vasitəsilə, yəni qərar qəbul edilmədən həyata keçirildiyi müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-205/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmiş və qeyd edilmişdir ki, sosial təminat sahəsində dövlət siyasətini həyata keçirən orqan həmin sahənin həssaslığını nəzərə almalı, şəxsin bu sahədə hüququnun təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcudluğu ilə bağlı halları obyektiv və hərtərəfli araşdırmalı və yalnız bundan sonra qərar qəbul etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İnzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı müddətin nəzərdə tutulması əsassız dayandırılmış sosial yardımın ödənilməsinin bərpa olunmasını istisna edən hal kimi təfsir edilə bilməz. Sosial yardımın təyin olunması və ya bərpası ilə bağlı məsələnin həlli zamanı əhəmiyyətli olan şəxsin sosial yardım almaq hüququna malik olması və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş meyarların ona münasibətdə mövcud olmasıdır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən əsas sübuta yetirilmədiyindən təyin edilən ünvanlı sosial yardımın dayandırılması ilə bağlı inzibati orqanın hərəkətləri əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericiliyə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdə təyin edilmiş ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsində tələb etməkdə haqlı olmuşdur. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ünvanlı sosial yardımı almaq hüququnun bir il müddətində məhdudlaşdırılmasına dair inzibati orqanın hərəkətlərin qanunsuz hesab edilərək xx.xx.2024-cü il tarixdə təyin edilmiş ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvanlı sosial yardımı almaq hüququnun bir il müddətində məhdudlaşdırılmasına dair inzibati orqanın hərəkətlərin qanunsuz hesab edilərək xx.xx.2024-cü il tarixdə təyin edilmiş ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar