Məhkəmə qərarları › İş №2-1(120)-398/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-398/2020

23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-398/2020 23.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, məhkəmə iclas katibi x1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “24.08.2016-cı il tarixdən 07.01.2018-ci il tarixədək mənzil kirayə haqqına görə kompensasiyanın hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı 24.08.2016-cı il tarixdən 07.01.2018-ci il tarixədək mənzil kirayə haqqına görə kompensasiyanın hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 2-1(120)-398/2020 saylı qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçıiddia tələbini müdafiə edərək bildirdi ki, 02.01.1997-ci il tarixdən 07.01.2018-ci il tarixədək Ədliyyə Nazriliyinin penitensiar xidmətində müxtəlif vəzifələrdə işləmişdir. 25.08.2011-ci il tarixdən 07.01.2018-ci il tarixə kimi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində təsərrüfat şöbəsinin rəisi vəzifəsində qulluq etmişdir. İşlədiyi dövrdə Salyan rayonu Arbatan kəndində kirayədə yaşamışdır. Həmin işlədiyi dövrdə kirayədə yaşaması ilə əlaqədar olaraq mənzil kirayəsi üçün kompensasiyanın hesablanaraq ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən kirayə haqqının ödənilməsindən imtina edilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin iddiaçıya ünvanladığı 13 noyabr 2019-cu il tarixli, 17/7-16557 nömrəli məktubundan görünür ki, penitensiar xidmətində işlədiyi dövrdə mənzilin kirayələnməsini təsdiq edən zəruri sənədlərin, habelə rəsmi müraciətinin təqdim edilməməsi səbəbindən xahişi təmin edilməmişdir. İşdə olan olan ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 02.01.1997-ci ildən 14.01.2010-cu il tarixədək Ədliyyə Nazriliyinin Penitensiar xidmətində, 25.08.2011-ci ildən 09.01.2018-ci il tarixədək Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində qulluq etmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məhkəməyə ünvanladığı 01 may 2020-ci il tarixli, 17/10-6566 nömrəli məktubundan görünür ki, İddiaçı işlədiyi dövr ərzində 24.08.2016-cı il tarixdən 07.01.2018-ci il tarixədək mənzil kirayə haqqının ödənilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etməmişdir. İşdə olan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə x3 üzrə Nümayəndəliyinin 06.12.2019-cu il tarixli, 17-1616792 nömrəli arayışdan görünür ki, Həsənov x2 şəhəri, Mirmustafaxan küçəsi, ev 51 ünvanında yaşayır. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin məhkəməyə təqdim etdiyi etirazda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qarşı “24.08.2016-cı il tarixdən 07.01.2018-ci il tarixə kimi ödədiyi mənzil kirayə haqqına görə kompensasiya hesablanaraq ödənilməsi” öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə bağlı aşağıdakılar bildirilir. Penitensiar xidmətin sabiq əməkdaşı İddiaçı 1963-cü ildə Lənkəran rayonunda anadan olmuş, ali təhsillidir. 02.01.1997-ci il tarixdə Penitensiar xidmətdə orta rəis heyəti qismində qulluğa qəbul edilmişdir. 5 saylı cəzaçəkmə müəssisəsinin baş inspektoru (rəisin növbətçi köməkçisi) vəzifəsində işləyərkən Penitensiar xidmət üzrə 09.01.2018-ci il tarixli 14 ş\h saylı əmrlə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.10-cu maddəsinə müvafiq olaraq (qulluqda olmanın yaş həddinə çatdıqda) pensiyaya çıxmaqla tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda kompensasiya ödənilir. Göründüyü kimi, yuxarıda göstərilən qanunun 37.7-ci maddəsi penitensiar xidmətin əməkdaşlarına şamil edilir, pensiyaya çıxmış sabiq əməkdaşlar bu maddədə nəzərdə tutulmamışdır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-ci və 13.2-ci maddələrinə əsasən “konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istıfadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli, 73 nömrəli Qərarı ilə “Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın 2-ci bəndinə əsasən daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır: əməkdaşın raportu; Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq şəhər, rayon ərazi idarələrindən əməkdaşın xidmət etdiyi müvafiq daxili işlər orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşma çatmış ailə üzvlərinin mülkiyyətində yaşayış sahəsinin olub-olmaması haqqında arayış; yaşayış sahəsinin onun mülkiyyətçisindən və ya sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisindən (bundan sonra — müvəqqəti mənzil) kirayə götürülməsi barədə notariat Qaydasında təsdiq edilmiş sənəd; xidmət yeri üzrə yaşayış sahəsi ilə təmin olunub olunmaması haqqında arayış; əməkdaşın ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, 16 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti; əməkdaşın ailə üzvlərinin onun xidmət yerinə köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınması barədə arayış. Yeni xidmət yerinə gəlmiş daxili işlər orqanının əməkdaşı kirayədə yaşaması barədə raportla müraciət etdikdən sonra bu tələb olunan sənədləri təqdim etməlidir. Kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyası müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq olunmuş sənədin imzalandığı gündən, lakin yeni vəzifəyə təyin olunma günündən tez olmayaraq, əməkdaşın xidmət etdiyi daxili işlər orqanının rəhbərinin kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyasının verilməsi barədə əmrindən sonra ödənilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzillərdə yaşayan əməkdaşlara və onlarla birlikdə yaşayan ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 iyul tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmiş “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-ci il 12 may tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası” yuxarıda göstərilən sənədlərin təqdim edilməsini tələb edir. Nəzərinizə çatdırırıq ki, İddiaçı işlədiyi dövr ərzində kirayə götürülmüş mənzildə yaşadığı barədə rəsmi müraciət etməmiş və bu barədə təsdiqedici zəruri sənədləri təqdim etməmişdir. İddiaçının mənzil kirayəsi üçün kompensasiya almaq hüququnun yaranması üçün əməkdaşın ərizəsi, işlədiyi illər ərzində mənzil kirayəsinə dair müvafiq sənədi (notarial qaydada təsdiq edilmiş kirayə müqaviləsi) aidiyyəti orqana təqdim etməli idi. Göstərilmiş sənədlərin təqdim edilmədiyi təqdirdə iddiaçının kompensasiya hüququ yarana bilməz. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinə qarşı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması Sizdən xahiş olunur. Məhkəmə araşdrıması zamanı müəyyən edildi ki, İddiaçı 25.08.2011-ci il tarixdən 07.01.2018-ci il tarixə kimi Ədliyyə Nazriliyinin Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində təsərrüfat şöbəsinin rəisi vəzifəsində qulluq etmişdir. İşlədiyi dövrdə kirayədə yaşaması ilə əlaqədar olaraq mənzil kirayəsi üçün kompensasiyanın hesablanaraq ödənilməsi ilə bağlı olaraq cavabdeh inzibati orqana müraciət etmiş, lakin işlədiyi illər üçün mənzilin kirayələnməsini təsdiq edən zəruri sənədlərin, habelə rəsmi müraciətinin təqdim edilməməsi səbəbindən kompensasiyanın ödənilməsindən imtina edilmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və yeni xidmət yerinə göndərilən penitensiar xidmətin əməkdaşlarının mənzil ehtiyacının növbədənkənar qaydada ödənilməsi üçün zəruri tədbirlər görməlidirlər. Xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda kompensasiya ödənilir. Məhkəmə hesab edir ki, iddiaçının 24.08.2016-cı il tarixdən 07.01.2018-ci il tarixədək mənzil kirayə haqqına görə kompensasiya almaq hüququnun yaranması üçün işlədiyi həmin illər ərzində mənzil kirayəsinə görə müvafiq sənədi (kirayə müqaviləsini) ərizə (raport) ilə aidiyyəti orqana təqdim etməli idi. Belə bir sənəd təqdim edilmədiyi təqdirdə iddiaçının kompensasiya hüququ yarana bilməz. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı 24.08.2016-cı il tarixdən 07.01.2018-ci il tarixədək mənzil kirayə haqqına görə kompensasiyanın hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı 24.08.2016-cı il tarixdən 07.01.2018-ci il tarixədək mənzil kirayə haqqına görə kompensasiyanın hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar