Məhkəmə qərarları › İş №2-1(120)-3985/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3985/2025

08.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3985/2025 08.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğv edilməsi və s. tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəlki iş yerinə bərpa edilməsi, məcburi iş buraxa günləri üçün əmək haqqı və istifadə olunmamış ( 5 il) məzuniyyətlərə görə kompensasiya və son-haqq hesabın və 60 (altmış) manat mediasiya xərcinin ona ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin ( bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti göstərilməklə Dövlət Sərhəd Xidmətinin 395 ş/h saylı, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilmsi, əvvəlki iş yerinə bərpa edilməsi, məcburi iş buraxma günləri üçün əmək haqqı və istifadə olunmamış (5 il) məzuniyyətlərə görə kompensasiya və son -haqq hesabın və 60 (altmış) manat mediasiya xərcinin ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Astara rayonunun Toradi kəndində yaşayır. ******* nömrəli əmək kitabçasına əsasən Əmək Məcəlləsinin 51-ci maddəsinə müvafiq olaraq N saylı hərbi hissəyə maddi-texniki təminat şöbəsinin mühəndis yol taqımının mühəndis yol qrupunun traktorçusu vəzifəsinə xx.xx.2017-ci il tarixli 06 nömrəli əmrə əsasən təyin edilmişdir. Hərbi hissənin xx.xx.2024-cü il tarixli 0124 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə müvafiq olaraq vəzifəsindən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsinə onun tərəfindən heç bir təşəbbüs olmamışdır. Əmək müqaviləsinə xitam verildikdən sonra mediasiya təşkilatına müraciət etmiş və mediasiya xidmətinin arayışı ona təqdim olunduqdan sonra Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1763/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehlərin iddia tələbinə dair yazılı münasibətləri (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddiasının mümkün hesab olunaraq təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndələri X1 və X5 məhkəmə iclasında ayrı-ayrılıqda izahat verərək iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin halları: Dövlət Sərhəd Xidməti rəisinin X3 395 ş/h №-li, xx.xx.2024-cü il tarixli əmri ilə (4-cü sərhəd dəstəsi (N №-li h/h) üzrə) Dövlət Sərhəd Xidməti rəisinin “Silahlı birləşmə rəhbərləinin kadrlarla iş sahəsində vəzifələrinin müəyyən edilməsi haqqında” xx.xx.2021-ci il tarixli 0255 №-li əmrinin 3 №-li əlavəsinin 3-cü bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə ( tərəflərindən birinin təşəbbüsü ilə) müvafiq olaraq işçi İddiaçı qərargah bölüyünün mühəndis taqımının mühəndisi-yol manqasının traktorçusu ( hərbi qulluqçu vəzifəsi hesabına) vəzifəsindən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir. Əmrin verilməsinə əsas N №-li hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli raportu olmuşdur. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə müraciətinə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-C-15902/2025 saylı cavab məktubunda qeyd olunmuşdur ki, əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilən zaman sonuncu ödənişlərinin xx.xx.2024-cü il tarixində və xx.xx.2024-cü il tarixində ödənildiyi müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinin (Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesaqb (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əöməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir) tələbinin pozulduğu müəyyən olunmuşdur. Qeyd olunan pozuntularla əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Maliyyə-Plan İdarəsinin rəisi X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192-4-cü maddəsinin (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət vöə digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablmalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) tələblərinə uyğun olaraq xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin Məcəllənin 192.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Əmək Məcəlləsi. Maddə 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

5. Əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 6. Bu Məcəllə hərbi qulluqçulara şamil edilmir.

İddiaçının hazırkı cavabdeh inzibati orqana qarşı yönəlmiş olan tələbi həmin inzibati orqanla publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı olmayıb, işə götürənlə onun arasında əmək münasibətlərindən yaranmaqla, əmək və vergi qanunvericiliyi ilə tənzimlənən bir mübahisədir ki, qanunvericiliyin tələblərinə görə bu cür iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qərarın 17-ci bəndində qeyd edilir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 12-ci bəndinə əsasən İnzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibatiiqtisadi məhkəmələr tərəfindən baxılır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdeh inzibati orqan arasında yaranmış münasibətlər hərbi qulluqçu ilə inzibati orqan arasında yaranmış münasibətlər kateqoriyasına aid deyil, əmək münasibətləridir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında yaranmış mübahisə inzibati mübahisə olmadığından məhkəmənin hazırkı iddia tələbi üzrə göstərəcəyi hüquqi yardım iddianın mümkün sayılmamasına əsas olmuş halları aradan qaldırılmasına və işə inzibati məhkəmə icraatı qaydasında baxılmasına əsas olmadığından iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən göstərilməsi nəzərdə tutulan hüquqi yardım hazırkı iş üzə məqsədə müvafiq hesab olunmamışdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar