Məhkəmə qərarları › İş №2-1(120)-399/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-399/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-399/2022 12.01.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı Muqabil oğlunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Muqabil oğlunun Cavabdehnə qarşı “əmək haqqından tutulmuş məcburi sığorta haqqının fərdi uçotuna bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 12 yanvar 2022-ci il tarixdə, Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı Muqabil oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 2006-cı ildə Lənkəran rayon Tükəvilə kənd orta məktəbində işlədiyi müddətin “Məcburi Dövlət sosial sığorta üzrə sığortaolunanlar haqqında məlumatda (Forma B3) adının soğorta olunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 05.03.1956-cı ildə anadan olmuşdur. 05 mart 2021-ci ildə 65 yaşı tamam olmuşdur. Pensiya təyin olunması üçün lazımi sənədləri vaxtında Lənkəran pensiya idarəsinə təqdim etmişdir. Bir həftədən sonra ona məlum olmuşdur ki, 2006-cı ildə işlədiyi müddətdə aldığı əmək haqqından məcburi dövlət sosial sığorta üçün tutulmuş məbləğ Cavabdeh tərəfindən fərdi uçotuna köçürülməmişdir. Aldığı əmək haqqı barədə Cavabdehndən rəsmi arayış alıb pensiya idarəsinə təqdim etmişdir. Lakin həmin idarədən ona bildirmişlər ki, “Sizə əmək pensiyası təyin oluna bilməz”. Səbəb göstərilir ki, fərdi uçotunda tutulmalar öz əksini tapmamışdır. Onun bu işdə heç bir günahı olmadığından 05 mart 2021-ci ildən bu günə kimi bütün lazımi təşkilatlara müraciət etmişdir. Həmin təşkilatlar da ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X2 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh 14 sentyabr 2021-ci il tarixli, 10-T-86 saylı Arayışından görünür ki, İddiaçı Muqabil oğlu həqiqətən 2006-cı ildə Tükəvilə kənd tam orta məktəbində işləyib və o 2006-cı ilin yanvar, fevral, mart, aprel, iyun, iyul, avqust və sentyabr ayları üzrə əmək haqqı almışdır. İddiaçı işlədiyi dövrdə əmək haqqından tutlmanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına daxil edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 30.09.2021-ci il tarixli, 38(01)-327/24 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, əmək haqqınızdan tutulmanın Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına daxil olması ilə bağlı B3 hesabat formasında 2006-cı il üçün dəqiqləşmə aparılması Cavabdeh səlahiyyəti xaricindədir. Qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 27.10.2021-ci il tarixli, **********2 saylı məktubunda bildirilmişdir ki, Cavabdeh (SUN: **********5) tərəfindən 2006-cı il üçün təqdim olunmuş məcburi dövlət sosial sığortası üzrə hesabatda İddiaçı Muqabil oğlunun məlumatları qeyd olunmadığı üçün Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (hesabat) altsistemində “Sığortaolunanların hesabları” bölümündə öz əksini tapmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin iddiaçıya ünvanlanmış 24.08.2021-ci il tarixli, 46(1)-01- 99/24 saylı məktubunda bildirilmişdir ki, əmək haqqınızdan tutulmanın Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına daxil olması ilə bağlı B3 hesabat formasında 2006-cı il üçün dəqiqləşmə aparılması 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin səlahiyyəti xaricindədir. Qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 7.8-ci maddəsinə əsasən sığortaedən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatları mühasibat uçotu sənədlərinə uyğun olaraq tərtib etməklə, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Həmin Qanunun 7.9-cu maddəsinə əsasən sığortaedən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müddətdə hər bir sığortaolunanına dair aşağıdakı məlumatları təqdim edir: 7.9.1. sığortaolunanın sosial sığorta nömrəsi; 7.9.2. sığortaolunanın adı, soyadı və atasının adı; 7.9.3. hər bir sığortaolunan üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (məlumat təqdim olunan dövrün hər ayı üzrə); 7.9.4. hər bir sığortaolunan üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı (məlumat təqdim olunan dövrün hər ayı üzrə). Həmin Qanunun 9.2.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək işəgötürənin vəzifələrinə daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2006-cı ildə Lənkəran rayon Tükəvilə kənd tam orta məktəbində müəllim işləmiş, pensiyaya çıxmışdır. İddiaçıya pensiya hesablanarkən məlum olmuşdur ki, İddiaçı adına 01.01.2006-30.04.2006-cı və 01.06.2006-30.09.2006-cı ildə Lənkəran rayon Tükəvilə kənd tam orta məktəbində işlədiyi müddətdə qazanılmış sığorta və yığım hissələri X4 Sisteminin baza hissəsində pensiya kapitalı ödənilmədiyindən həmin illər üzrə pensiyanı hesablamaq mümkün olmamışdır. Bununla yanaşı, Cavabdeh 14 sentyabr 2021-ci il tarixli, 10-T-86 saylı Arayışından görünür ki, İddiaçı Muqabil oğlu həqiqətən 2006-cı ildə Tükəvilə kənd tam orta məktəbində işləyib və o 2006-cı ilin yanvar, fevral, mart, aprel, iyun, iyul, avqust və sentyabr ayları üzrə cəmi 615 manat 91 qəpik əmək haqqı almışdır. Ona görə də iddiaçı 2006-cı ildə Lənkəran rayon Tükəvilə kənd tam orta məktəbində işlədiyi il üzrə məcburi sosial sığorta haqqı üzrə sığorta olunanlar haqqında məlumatlarda adının sığorta olunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 30.09.2021-ci il tarixli, 38(01)-327/24 nömrəli məktubda göstərilmişdir ki, əmək haqqınızdan tutulmanın Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına daxil olması ilə bağlı B3 hesabat formasında 2006-cı il üçün dəqiqləşmə aparılması Cavabdeh səlahiyyəti xaricindədir. Qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 2006-cı ilin yanvar, fevral, mart, aprel, iyun, iyul, avqust və sentyabr aylarında Lənkəran rayon Tükəvilə kənd tam orta məktəbində işləmiş və o, 2006-cı ilin yanvar, fevral, mart, aprel, iyun, iyul, avqust və sentyabr ayları üzrə əmək haqqı almış, lakin cavabdeh orqan tərəfindən iddiaçının 2006-cı ilin yanvar, fevral, mart, aprel, iyun, iyul, avqust və sentyabr aylarında Lənkəran rayon Tükəvilə kənd tam orta məktəbində işlədiyi müddətdə “Məcburi Dövlət sosial sığorta üzrə sığortaolunanlar haqqında məlumatda (Forma B3) adı sığorta olunan kimi qeyd edilməmiş, həmçinin əmək haqqından tutulan məcburi sığorta haqları üzrə ödənişlər onun fərdi hesabına işlənməmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçı İddiaçı Muqabil oğlunun 01.01.2006-30.04.2006-cı və 01.06.2006-30.09.2006-cı il tarixlərdə Lənkəran rayon Tükəvilə kənd tam orta məktəbində işlədiyi müddətdə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adını sığorta olunan kimi qeyd etməməsi, eyni zamanda əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin onun fərdi hesabına işlənməsini təmin etməməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Muqabil oğlunun 2006-cı ilin yanvar, fevral, mart, aprel, iyun, iyul, avqust və sentyabr aylarında Lənkəran rayon Tükəvilə kənd orta məktəbində işlədiyi müddətdə “Məcburi Dövlət sosial sığorta üzrə sığortaolunanlar haqqında məlumatda (Forma B3) adının soğorta olunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı Muqabil oğlunun 2006-cı ilin yanvar, fevral, mart, aprel, iyun, iyul, avqust və sentyabr aylarında Lənkəran rayon Tükəvilə kənd orta məktəbində işlədiyi müddətdə “Məcburi Dövlət sosial sığorta üzrə sığortaolunanlar haqqında məlumatda (Forma B3) adının soğorta olunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sığorta haqları üzrə ödənişlərin onun fərdi hesabına işlənməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar