Məhkəmə qərarları › İş №2-1(120)-3997/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3997/2025

03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3997/2025 03.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “qərarın torpaq sahəsi hissəsində qanunsuz sayılması” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın torpaq sahəsi hissəsində qanunsuz sayılması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı 0.26 ha torpaq sahəsinin ayrılması barədə Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1998-ci il tarixli, 18 nömrəli qərarının Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan-ölçüsündəki koordinatlar daxilində (0.6 ha) torpaq sahəsi hissəsində qanunsuz sayılmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X3 zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Astara rayonu “Azərbaycan Sovet Sosialist Respublikasının 50 illiyi” adına sovxozun 07 may 1988-ci il tarixli, 661 saylı əmrindən çıxarışa əsasən 0,06 hektar torpaq sahəsi ona ev tikmək məqsədilə verilmişdir. Belə ki, 1996-cı il tarixli, “Torpaq islahatı haqqında” Qanuna əsasən vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri onların mülkiyyəti sayılmışdır. Həmin qanuna əsasən onun qanuni istifadəsində olduğu 0,06 ha topraq sahəsi gözlənti hüququna əsasən mülkiyyəti sayılmışdır. Bundan sonra Aqrar İslahat Komissiyası 02 iyul 1998-ci tarixli, 18 nömrəli qərara əsasən mülkiyyəti sayılan 0,06 ha torpaq sahəsini atasının torpağının tərkib hissəsi hesab edərək qərar qəbul etmişdir. Ali Məhkəmənin 15 aprel 2025-ci il tarixli, 2(102)-745/2025 saylı qərarının 47-48 bəndlərində bu barədə qeydlər mövcuddur. Belə ki, mübahisələndirilən qərar qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər iclasa gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Astara rayon Azərbaycan SSR-nin 50 illiyi adma sovxozun 7 may 1988-cil tarixli, 661 saylı əmri ilə Astara rayon Seləkəran kənd sakini X4 0.18 ha həyətyanı torpaq sahəsindən 0.07 ha oğlu İddiaçı yeni ev tikmək məqsədi ilə verilmişdir. Astara Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(018)-29/2024 saylı Qətnaməsinə əsasən, İddiaçı cavabdeh X2 qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və özbaşınalıq hərəkətlərinə son qoyulması” tələbinə dair iddiası qismən təmin edilərək X3 tərəfindən zəbt edilmiş Astara rayonu Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun 7 may 1988-ci il tarixli, 661 saylı əmri ilə mərhum X4 istifadəsində olmuş 0.18 ha həyətyanı torpaq sahəsindən İddiaçı verilmiş 0.06 ha torpaq sahəsinin zəbtdən azad edilib İddiaçı verilməsi və həmin torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilməsinə, torpaq sahəsinin mövcud texniki vəziyyətini əks etdirən müayinə aktının tərtib edilməsinə X3 tərəfindən edilən maneələrin aradan qaldırılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2(106)-1449/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(102)-745/2025 saylı Qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2(106)-1449/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A №108983 nömrəli, xx.xx.2009-cu il tarixdə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 18 nömrəli qərarı ilə X5 2559.38 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mərkəzin arxivində Astara rayon Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun xx.xx.1998-ci il tarixli, 661 nömrəli əmri aşkar edilməmişdr. Əlavə olaraq bildirir ki, arxivdə mövcud olan Astara rayon Aqrar İslahat Komissiyasının 18 saylı qəarı xx.xx.1998-ci il tarixli deyil xx.xx.1999-cu il tarixlidir. Eyni zamanda nəzərə çatdırır ki, X1 adı X9 (İsrafil) oğlunun ailəsinin üzvi kimi qeyd olunmuşdur. Cavabdeh başçısının Suparigah kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli məktubunda qeyd edilmişdir Seləkəran kənd sakini İddiaçı atası X6 və anası X7 vəfat etdiklərinə görə təsərrüfat X1 adına köçmüşdür. Qeyd olunan X4 adına mübahisəli torpaqdan təsərrüfat sahibi X3 istifadə edir. İddiaçı və qardaşı X2 aid ev təsərrüfatlarının uçotu kitabının elektron informasiya sistemindən çıxarışlarını ünvanınıza göndərilir. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 16 iyul 1996-cı il tarixli “Torpaq islahatı haqqında” Qanun: Maddə 1. Torpaq islahatının məqsədi və vəzifələri Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Maddə 20. İslahatı aparan orqanlar Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. 18 fevral 1995-ci il tarixli, 978 nömrəli “Sovxoz və kolxozların islahatı haqqında” Qanun: Maddə 7. Rayon aqrar islahat komissiyası Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Rayon aqrar islahat komissiyası müvafiq surətdə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir. Rayon aqrar islahat komissiyasının tərkibinə rayon (şəhər) icra hakimiyyətinin, rayon xalq deputatlar sovetinin, kənd təsərrüfatı idarəsinin, Dövlət Əmlak Komitəsinin, torpaq şöbəsinin, statistika idarəsinin, aqrar-sənaye kompleksi işçiləri həmkarlar ittifaqının rayon komitəsinin, təsərrüfatların, rayon ictimaiyyətinin nümayəndələri daxil edilir. Komissiya: rayon aqrar islahat proqramını hazırlayır və Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının (Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının) təsdiqinə təqdim edir; rayon ərazisində aqrar islahatın aparılmasını təmin edir; islahatın maliyyə təminatı ilə əlaqədar təkliflərini aidiyyəti üzrə müvafiq orqanlara təqdim edir və ayrılan vəsaitin təyinatı üzrə istifadəsini təmin edir; bələdiyyə mülkiyyətinə veriləcək torpaq və əmlak haqqında təkliflərini (müvafiq nazirlik və baş idarələrin rəyləri ilə) Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına təqdim edir; yerli aqrar islahat komissiyalarına səlahiyyətinə aid məsələlər üzrə zəruri normativ sənədləri və təlimatları çatdırır, komissiyaların üzvlərinə məsləhətlər verir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s. Maddə 8. Yerli aqrar islahat komissiyası Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, icra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya: aqrar islahat haqqında izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir; islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir; ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s. 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini, iş materiallarını və iddianın mümkünlük şərtlərini obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırki halda iddiaçı məhkəməyə müraciət edərək 0.26 ha torpaq sahəsinin ayrılması barədə Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1998-ci il tarixli, 18 nömrəli qərarının Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan-ölçüsündəki koordinatlar daxilində (0.6 ha) torpaq sahəsi hissəsində qanunsuz hesab barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarından müəyyən olunur ki, Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Astara rayon Azərbaycan SSR-nin 50 illiyi adma sovxozun 7 may 1988-cil tarixli, 661 saylı əmri ilə Astara rayon Seləkəran kənd sakini X4 0.18 ha həyətyanı torpaq sahəsindən 0.07 ha oğlu İddiaçı yeni ev tikmək məqsədi ilə verilmişdir. Astara Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(018)-29/2024 saylı Qətnaməsinə əsasən, İddiaçı cavabdeh X2 qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və özbaşınalıq hərəkətlərinə son qoyulması” tələbinə dair iddiası qismən təmin edilərək X3 tərəfindən zəbt edilmiş Astara rayonu Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun 7 may 1988-ci il tarixli, 661 saylı əmri ilə mərhum X4 istifadəsində olmuş 0.18 ha həyətyanı torpaq sahəsindən İddiaçı verilmiş 0.06 ha torpaq sahəsinin zəbtdən azad edilib İddiaçı verilməsi və həmin torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilməsinə, torpaq sahəsinin mövcud texniki vəziyyətini əks etdirən müayinə aktının tərtib edilməsinə X3 tərəfindən edilən maneələrin aradan qaldırılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2(106)-1449/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(102)-745/2025 saylı Qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2(106)-1449/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A №108983 nömrəli, xx.xx.2009-cu il tarixdə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 18 nömrəli qərarı ilə X5 2559.38 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli aktın qəbul edilməsindən kifayət qədər uzun müddət keçmişdir və iddiaçının indiyədək həmin qərardan və qərar əsasında tərtib edilmiş dövlət aktından məlumatsız olmağı ağlabatan hesab edilə bilməz. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1 (102)-1103/20 nömrəli, xx.xx.2020-ci il tarixli 2- 1(102)-1577/2020 nömrəli və xx.xx.2020-ci il tarixli 2-1(102)-1225/2020 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11 -ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə tərəfindən iddiaçıya 23 iyun 2025-ci il tarixli hüquqi yardım məktubu göndərilərək yuxarıda qeyd olunan mövqeyə uyğun olaraq qanunvericiliyin mümkünlük şərtləri ilə bağlı normaları izah edilmişdir. Əlavə olaraq məhkəmə iddiaçının diqqətinə çatdırır ki, A №108983 nömrəli, xx.xx.2009-cu il tarixdə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədini onun torpaq sahəsi ilə üst-üstə düşən hissədə koordinatlarının mübahisələndirilməsi ilə bağlı hüququ mövcuddur. Beləliklə, məhkəmə işin faktiki və hüquqi əsaslarına istinadən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar