Məhkəmə qərarları › İş №2-1(120)-400/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-400/2021

26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-400/2021 26.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı «Atasonya-İ» İstehsalat Kommersiya firmasının cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyəti başçısının 01 fevral 2018-ci il tarixli, 11 nömrəli (X2 Bəcirəvan kəndi yaxınlığında yerləşən 5 saylı dövlət qış-otlaq fondundan 100,0 ha torpaq sahəsinin verilməsinə dair) sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “sərəncamın ləğv edilməsi və icarə müqaviləsinin etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(120)-1803/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı «sərəncamın ləğv edilməsi və icarə müqaviləsinin etibarsız hesab edilməsi» barədə iddia tələbi üzrə X4 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(120)-1803/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı «sərəncamın ləğv edilməsi və icarə müqaviləsinin etibarsız hesab edilməsi» barədə iddia tələbi üzrə X7 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2-1(120)-400/2021 nömrəli qərardadı ilə cavabdehin olduğu kimi saxlanılmaqla, iddiaçı kimi «Atasonya-İ» İstehsalat Kommersiya firmasının tanınması, iddia tələbinə isə “İmişli rayon İcra Hakimiyyəti başçısının 01 fevral 2018-ci il tarixli, 11 nömrəli (X2 Bəcirəvan kəndi yaxınlığında yerləşən 5 saylı dövlət qış-otlaq fondundan 100,0 ha torpaq sahəsinin verilməsinə dair) sərəncamının ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Мəhkəmə iclasında iddiaçı «Atasonya-İ» İstehsalat Kommersiya firmasının nümayəndəsi İddiaçı X2 5 saylı dövlət qış otlaq sahəsindən 100 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında İmişli rayon İcra Hakimiyyəti başçısının 01 fevral 2018-ci il tarixli, 11 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh İmişli rayon İcra Hakimiyyətinə, üçüncü şəxslər X5 və X2 hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdeh İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsinin, üçüncü şəxslər X3 və X1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı «Atasonya-İ» İstehsalat Kommersiya firmasının iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi iddiaçı «Atasonya-İ» İstehsalat Kommersiya firması cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı X2 5 saylı dövlət qış otlaq fondundan 100 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında İmişli rayon İcra Hakimiyyəti başçısının 01 fevral 2018-ci il tarixli, 11 nömrəli sərəncamının ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının 10 aprel 2014-cü il tarixli, 71 nömrəli sərəncamından görünür ki, iddiaçı «Atasonya-İ» İstehsalat Kommersiya firmasına qoyunçuluğun inkişaf etdirilməsi üçün rayonun 3h saylı dövlət qış otlaq fondundan 214,0 ha, 4 saylı dövlət qış otlaq fondundan 18,0 ha, 4h saylı dövlət qış otlaq fondundan 58,0 ha, 5 saylı dövlət qış otlaq fondundan 310,0 ha, 7 saylı dövlət qış otlaq fondundan 63,0 ha, cəmi 663,0 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının 01 fevral 2018-ci il tarixli, 11 nömrəli sərəncamından görünür ki, X2 5 saylı dövlət qış otlaq sahəsindən 100 hektar torpaq sahəsi icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 01.06.2018-ci il tarixli, Ə440-001-18 nömrəli əmrində qeyd olunur ki, “...polis baş serjantı Həmid Osmanovun təkrar müraciəti əsasında İmişli RİH-in 01.02.2018-ci il tarixli sərəncamı ilə onun həmin torpaq sahəsindən istifadə hüququna xitam verilmiş, həmin tarixli digər sərəncam və müqavilə əsasında göstərilən torpaq sahəsi vət. Cərciz Mikayıllıya icarəyə verilmişdir. İmişli RPŞ-nin xidmət üzrə rəis müavini Habil Ağayev xidməti mövqeyindən şəxsi məqsədlə istifadə edib göstərilən torpaq, sahəsinin icarədarı olan oğlu Cərciz Mikayıllının həmin torpaq sahəsinə iddia edən əvvəlki icarədar “Atasoniya-İ” İstehsalat Kommersiya firmasının direktoru Əflan İsmayılovla aralarında yaranmış mülki mübahisəyə müdaxilə edərək ayrı-ayrı vaxtlarda sonuncunun işçilərinin torpaq sahəsindən uzaqlaşdırmaqla haqlı narazılığına zəmin yaratmışdır”. İş materiallarında olan Atasonya-İ» İstehsalat Kommersiya firmasının cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi üzrə 2-1(086)-609/2019 nömrəli inzibati işin içərisində olan iddia ərizəsindən görünür ki, iddiaçı, İmişli rayon İcra Hakimiyyəti başçısının 01 fevral 2018-ci il tarixli, 11 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir və həmin iddia ərizəsi 28.09.2018-ci il tarixdə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 19.04.2019-cu il tarixli, 2-1(086)-603/2019 nömrəli qərardadından görünür ki, iddiaçı «Atasonya-İ» İstehsalat Kommersiya firmasının cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “X5 5 saylı dövlət qış otlaq sahəsindən 100 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında İmişli rayon İcra Hakimiyyəti başçısının 27 may 2016-cı il tarixli, 89 nömrəli sərəncamının və X2 5 saylı dövlət qış otlaq sahəsindən 100 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında İmişli rayon İcra Hakimiyyəti başçısının 01 fevral 2018-ci il tarixli, 11 nömrəli sərəncamının ləğv edilməsi” barədə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2- 1(086)-603/2019 nömrəli məktubundan görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 19.04.2019-cu il tarixli, 2-1(086)-603/2019 nömrəli qərardadı 24 may 2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, İmişli rayon İcra Hakimiyyəti başçısının 10 aprel 2014-cü il tarixli, 71 nömrəli sərəncamı ilə iddiaçı «Atasonya-İ» İstehsalat Kommersiya firmasına iddiaçı «Atasonya-İ» İstehsalat Kommersiya firmasına qoyunçuluğun inkişaf etdirilməsi üçün rayonun 3h saylı dövlət qış otlaq fondundan 214,0 ha, 4 saylı dövlət qış otlaq fondundan 18,0 ha, 4h saylı dövlət qış otlaq fondundan 58,0 ha, 5 saylı dövlət qış otlaq fondundan 310,0 ha, 7 saylı dövlət qış otlaq fondundan 63,0 ha, cəmi 663,0 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Sonradan İmişli rayon İcra Hakimiyyəti başçısının 01 fevral 2018-ci il tarixli, 11 nömrəli sərəncamı ilə iddiaçıya məxsus (iddiaçının deməsinə görə) 5 saylı dövlət qış otlaq fondundan X2 100 hektar torpaq sahəsi icarəyə verilmişdir. İddiaçı Atasonya-İ» İstehsalat Kommersiya firması həmin sərəncamın ləğv edilməsi üçün ilk dəfə 28.09.2018-ci il tarixdə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin iddia tələbi üzrə iddianın mümkün sayılmaması barədə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 19.04.2019-cu il tarixli, 2-1(086)-603/2019 nömrəli qərardadı qəbul edilmişdir. Hazırda iddiaçı eyni tələblə bağlı yəni X2 5 saylı dövlət qış otlaq fondundan 100 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında İmişli rayon İcra Hakimiyyəti başçısının 01 fevral 2018-ci il tarixli, 11 nömrəli sərəncamının ləğv edilməsi ilə bağlı təkrarən 2020-ci ilin noyabr ayında məhkəməyə müraciət etmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan yəni İmişli rayon İcra Hakimiyyəti başçısının 01 fevral 2018-ci il tarixli, 11 nömrəli sərəncamından 2018-ci il tarixindən məlumatlı olduğundan və prosessual müddətin axımı həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərziəsi 03.11.2020-ci il tarixdə poçta, 11.11.2020-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Başqa sözlə iddiaçı «Atasonya-İ» İstehsalat Kommersiya firması inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi İmişli rayon İcra Hakimiyyəti Başçısının 01 fevral 2018-ci il tarixli, 11 nömrəli sərəncamından məlumatlı olduğu vaxtdan 2 (iki) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı «Atasonya-İ» İstehsalat Kommersiyanın cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan İmişli rayon İcra Hakimiyyəti Başçısının 01 fevral 2018-ci il tarixli, 11 nömrəli sərəncamının iddiaçının subyektiv hüququnun pozub-pozmaması ilə bağlı məsələlərin araşdırılmasını zəruri hesab etməmişdir. Şərti olaraq qəbul etsək ki, mübahisəli inzibati aktla ayrılmış torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuş topraq sahəsi ilə üst-üstə düşmür yəni, eyni ərazi deyil, bu zaman iddiaçının hazırkı iddianı qaldırmaqda ümumiyyətlə subyektiv hüququ olmayacaq və iddia mümkün hesab olunmayacaqdır. Yox əgər qəbul etsək ki, eyni ərazidir bu zaman həmin inzibati aktdan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə hazırkı iddia mümkün sayılmayacaqdır. Beləliklə də yuxarıda göstərilən halları, yəni torpaq sahəsinin üst-üstə düşübdüşməməsi yəni iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olması hazırkı iddianın mümkün olması ilə nəticələnmədiyindən, məhkəmə, qeyd olunan halın müəyyən edilməsi məqsədilə iş üzrə müvafiq ekspertiza təyin edilməsinə zərurət olmadığı qənaətinə gəlmişdir. Başqa sözlə, hazırda mübahisələndirilən inzibati akt iddiaçının subyektiv hüququnu pozmuş olsa belə, həmin inzibati aktdan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən müvafiq ekspertizanın keşçirilməsi əlavə vaxt itkisinə səbəb olacaq, yəni məhkəmə proseslərinin uzadılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı «Atasonya-İ» İstehsalat Kommersiya firmasının cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyəti başçısının 01 fevral 2018-ci il tarixli, 11 nömrəli (X2 Bəcirəvan kəndi yaxınlığında yerləşən 5 saylı dövlət qış-otlaq fondundan 100,0 ha torpaq sahəsinin verilməsinə dair) sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı «Atasonya-İ» İstehsalat Kommersiya firmasının cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyəti başçısının 01 fevral 2018-ci il tarixli, 11 nömrəli (X2 Bəcirəvan kəndi yaxınlığında yerləşən 5 saylı dövlət qış-otlaq fondundan 100,0 ha torpaq sahəsinin verilməsinə dair) sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar