Məhkəmə qərarları › İş №2-1(120)-401/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-401/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-401/2020 27.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Salyan rayon filialına qarşı «xx.xx.1992-xx.xx.2000-ci illərdə Salyan rayon 43 nömrəli X3 işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx xxx 1955-ci ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyine dilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Salyan rayon filialına müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona **********6 saylıimtina məktubu verilərək, iddiaçının 1992-2000-ci illərə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqlənmədiyini əsas gətirərək, pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1992-2000-ci illərdəki dövrün stajı kimi hesablanaraq, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnziabti Məhkəməsinin xx xxxxxxx 2020-ciil tarixli, 2-1(120)-401/2020 saylı qərardadı ilə iddia tələbinə “xx.xx.1992-xx.xx.2000-ci illərdə Salyan rayon 43 nömrəli X3 işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında və digər sənədlərdə qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçının 1992-2000-ci illər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə işləməsi faktını müəyyən etmək mümkün olmamasını əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının əslini və notarial qaydada təsdiq edilmiş surətini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 163 nömrəli arayışını, yaşayış yerindən arayışını, Dövlət Arxivinin Salyan filialının xx.xx.2019-cu il tarixli, 201 nömrəli məktubunu, cavabdehin imtina məktubunu əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X1 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Salyan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, onun xx xxx 2019-cu ildə 64 yaşı tamam olmuşdur və 25 ildən artıq sığorta stajına malik olması, o cümlədən xx.xx.1976-cı il tarixdən xx.xx.2000-ci il tarixə kimi işləməsi iddiaçıya məxsus NT-İ ******* nömrəli əmək kitabçası və Dövlət Arxivinin Salyan filialının xx.xx.2018-ci il tarixli, 379 nömrəli arxiv arayışı ilə, xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 163 nömrəli arayışı ilə təsdiq olunur. Belə ki, iddiaçının hərbi biletdəki hərbi xidmətdə olduğu dövr (xx.xx.1974-xx.xx.1976) və əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti (xx.xx.1976-xx.xx.2000) dövrlərinin cəmi 26 il 4 ay 6 gün təşkil edir. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi dövrlərdən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (hərbi xidmət illəri və s.) mübahisə edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri (xx.xx.1992-xx.xx.2000-ci illər) ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Cavabdeh iddiaçının işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilməməsini əsas gətirilərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1992-xx.xx.2000-ci illərdə işləməsi onun əmək kitabçasında qeyd olunduğu üçün həmin müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İş materialarında olan Azərbaycan Respublikası Salyan rayon Dövlət Arxivinin 342 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli arayışında qeyd olunur ki, 43 №-li X4 (RİK-in Yol şöbəsi) 1980-1983; 1992-2000-ci illərə aid əmək haqqı cədvəlləri, 1976-1989; 1991- 2000-ci illərə aid şəxsi heyət üzrə əmrləri filiala təhvil verilməyib. Odur ki, İddiaçı işə daxil olma və işdən azad olmasını təsdiq etmək mümkün olmadı. Göründüyü kimi 1992-2000-ci illərə aid müəssisəyə məxsus sənədlər (əmək haqqı cədvəlləri, əmrlər və s.) arxivə təhvil verilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Bundan başqa cavabdeh iddiaçının 1992-2000-ci illər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə işləməsi faktının müəyyən edilməsinin mümkün olmamasını əsas gətirilərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının 1992-2000-ci illər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə işləməsi faktının müəyyən edilməsinin mümkün olmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Belə ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi xx.xx.2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.2-ci bəndinin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən (xx.xx.2006-cı il) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Eyni zamanda məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin cavabdehin «Əmək pensiyaları haqqında» Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (xx.xx.2006-сı il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid etməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki «Əmək pensiyaları haqqında» Qanun qəbul olunanadək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məcburi sosial sığorta haqqı ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının xx xxxx 2007-ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının xx xxxxxxxx 1992-ci il 305 nömrəli Qanununun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Göründüyü kimi xx.xx.2006-cı il tarixdən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir.Odur ki, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı xx.xx.1992-xx.xx.2000-ciillərdəkiişlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə cavabdehin göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, ümumiyyətlə cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının işlədiyi müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi və yaxud məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə işləməsi faktının müəyyən edilməsinin mümkün olmaması iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina üçün əsas deyildir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1992-xx.xx.2000-ci illərdə Salyan rayon 43 nömrəli X3 işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilməli və ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Salyan rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı xx.xx.1992-xx.xx.2000-ci illərdə Salyan rayon 43 nömrəli X3 işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Salyan rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar