Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-401/2021 07.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı (Lerik rayonu, Orand kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) cavabdehin nümayəndəsi X3 (Bakı şəhəri, H.Zərdabi prospekti, ev 71 A, mənzil 15də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə Lerik rayonunun Orand kəndində doğulmuş, Lerik rayonu, Orand kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxx 2020-ci il tarixli, **********9 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Lerik XSU-3 idarəsində, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Lerik XSU-3 idarəsində, xx.xx.1980-cı il tarixdən xx.xx.1984-cü il tarixə kimi Lerik rayon Texnika birliyində, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Lerik rayon Təchizat bazasında, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixə kimi Türkmənistan Respublikasında, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixə kimi “Monalit” kooperativində və xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi “Bahar” kooperativində işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1955-ci il tarixdə Lerik rayon Orand kəndində fəhlə ailəsində anadan olmuşdur. Pensiya yaşı çatdığı üçün DSMFnin Lerik rayon şöbəsinə müraciət etmiş, DSMF Lerik rayon şöbəsinin əməkdaşları Əmək kitabçasında olan 14 il 4 ay sığorta stajını yoxlaya bilmədikləri üçün ona əmək pensiyası təyin edilməsindən imtina etmişdir. xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədən Lerik XSU-3 idarəsində işləməyinə adi işə girmə və işdən çıxmaq bərədə əmrlər Lerik rayon Dövlət arxivinin əmr kitablarında olduğunu, lakin həmin illərin əmək haqqı kitabları olmadığı üçün əmək haqqlarını yoxlamaq mümkün olmamışdır. Əmək kitabçasında yazılmış xx.xx.1976-cı il tarixdə Lerik XSU-3 idarəsinə işə qəbul olunmağı barədə əmr Lerik rayon Dövlət Arxivində yoxlama zamanı aşkar edilmiş, əmək kitabçasında yazılmış Lerik XSU-3 idarəsindən xx.xx.1978-ci il tarixdə 127 saylı başqa işə keçməyi barədə əmr Lerik rayon Dövlət arxivində aşkar edilməmiş (Lerik rayon Dövlət arxivində xx.xx.1977-ci il tarixində işdən çıxma barədə əmr var) və həmin illərin əmək haqqı kitablarının Lerik rayon Dövlət arxivinə təhvil verilmədiyi üçün əmək haqqlarını yoxlamaq mümkün olmamışdır. Əmək kitabçasında qeyd olunmuş xx.xx.1980-cı il tarixdən xx.xx.1984-cü il tarixə kimi Lerik rayon Texnika birliyində işləməyi barədə əmr və əmək haqqı kitablarının Lerik rayon Dövlət arxivinə təhvil verilmədiyi üçün yoxlama mümkün olmadığı əmək kitabçasında qeyd olunmüş xx.xx.1985-cı il tarixdən xx.xx.1985-ci il tarixə kimi Lerik rayon Təchizat bazasında işləməyi barədə əmr və əmək haqqı kitablarının Lerik rayon Dövlət arxivinə təhvil verilmədiyi üçün yoxlama mümkün olmamışdır. Əmək kitabçasında qeyd olunmuş xx.xx.1985-cı il tarixdən xx.xx.1986-cı il tarixə kimi Türkmənistan Respublikasında işlədiyi illərin yoxlaması mümkün olmamışdır. Əmək kitabçasında qeyd olunmuş xx.xx.1990-cı il tarixdən xx.xx.1992ci il tarixə kimi “Monalit” kooperativində işləməyi barədə kitablar olmadığı üçün yoxlama mümkün olmamışdır. Əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1997cı il tarixə kimi “Bahar” kooperativində işləməyi barədə kitabları olmadığı görə yoxlama mümkün olmadığı üçün imtina edilmişdir. Əmək kitabçasında göstərilən həmin illərdə işləmiş və əmək haqqı almışdır. Lakin göstərdiyi faktlar DSMF Lerik rayon şöbəsi tərəfindən iş stajı kimi tanınmadığından iş sjajına görə təqaüdə çıxa bilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, icraatınızda İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 7 saylı regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2-1 (120)-401/2021 nömrəli inzibati iş vardır. Bununla əlaqədar iddia ərizəsinə etirazı təqdim edirik və icraatınıza qəbul edib, hüquqi qiymət vermənizi xahiş edirik. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır.1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş elmişdir. İlk olaraq qeyd etmək lazımdır ki, 1983-cü il tarixdən-1995-ci il tarixədək anası X2 qulluq etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi Qaydaların 3.9-cu bəndinə əsasən, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habeiə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud şöbənin və ya idarənin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. İddiaçı tərəfindən X2 qulluq etdiyi dövr barədə təqdim etdiyi akt xx.xx.2020-ci il tarixdə tərtib olunduğu üçün, qanunun tələbinə uyqun olaraq xidmətin faktiki olaraq həyata keçirilməsini faktını təsdiqləyə bilməz. Bu səbəbdən 1983-cü il tarixdən-1995-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. İş materiallarına əlavə edilən müvafiq filialı tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixdə verilmiş imtinadan görünür ki, xx.xx.1976-cı il tarixdə Lerik XSU-3 idarəsinə işə daxil olması Lerik rayon Dövlət Arxivində yoxlama zamanı aşkar edilsə də, xx.xx.1978-ci il tarixdə işdən azad edilməsi barədə əmr aşkar edilməmişdir. (xx.xx.1977-ci il tarixli işdən çıxma barədə əmr mövcuddur). xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Lerik rayon Texnika birliyində işləməsi barədə əmr və əmək haqqı kitabları arxivə təhvil verilmədiyi üçün yoxlama mümkün olmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Türkmənistan Respublikasında işlədiyi dövrlər əmək kitabçasında işəgötürənin imzası və möhürü ilə təsdiqlənmir. Həmçinin xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək “Monalit” kooperativində və xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Bahar” kooperativində işlədiyi dövrlərə münasibətdə isə qeyd etmək lazımdır ki, sosial sığorta ödənişi barədə Fondun 7 saylı reqional ərazi filialına heç bir hesabat olmamışdır. İnzibati orqanda şübhə yaradan bir məqam kimi, vətəndaşın əmək kitabçasında və xx.xx.2020-ci il tarixdə Şirvan inzibati Məhkəməsinə müraciəti zamanı iddia ərizəsində xx.xx.1976-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Lerik XSU-3 idarəsində işlədiyini iddia etmişdir. Lakin Lerik rayon Dövlət Arxivində xx.xx.1977-ci il tarixində işdən çıxma barədə əmr olduğu qeyd olunmuşdur. Bundan sonra xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin qaytarılmasını xahiş etsə də, məhkəmə tərəfindən mümkün sayılmamışdır. Bundan əlavə, iddiaçı ilk müraciətində “Monalit” və “Bahar” kooperativlərində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsini xahiş etməmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli ikinci müraciətində ilk müraciətindən fərqli məqamlar mövcuddur: Lerik XSU-3 idarəsində xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixlərdə işlədiyi dövrün sosial sığorta stajına əlavə edilməsini xahiş etmişdir. xx.xx.1990-ci il tarixdən 30.01,1992-ci il tarixdən “Monalit” kooperativində və xx.xx.1992-ci il tarixdən 09.11,1997-ci il tarixədək “Bahar” kooperativində işlədiyi dövrlərin sosial sığorta stajına əlavə edilməsini xahiş etmişdir. Bunlarla yanaşı 1983-cü il tarixdən 1995-ci il tarixədək anası X2 qulluq etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməsini xahiş etməmişdir. Bunları nəzərə alaraq mübahisələndirilən dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmadığı və Qanunun tələblərini ödəmədiyi üçün vətəndaşa yaşa görə əmək pensiyası təyin edilməmişdir. Qeyd edilən məsələrlə yanaşı məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, iddiaçı ilə cavabdeh arasında olan mübahisəyə eyni iddia tələbi, eyni predmet və eyni əsaslar üzrə daha əvvəllər məhkəmədə baxılmış qərardad qəbul edilmişdir. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə eyni tələb ilə müraciət etmiş, birinci instansiya məhkəməsinin 2-1(120)-1122/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkünsüz hesab edilmişdir. Məhkəmə mövqeyinə görə, iddiaçı tərəfin iddia ərizəsinin qaytarılmasını tələb etməsi, onun iddia tələbini, yəni cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaması kimi qəbul edilməlidir. Belə olan halda, iddia mümkün sayıla bilməz. Beləliklə, qeyd etdiyi əsaslara görə iddiaçının yaşa görə əmək pensiyası hüququ yoxdur. Eyni zamanda iddiaçının qanunla tələb olunan sosial sığorta stajı və fərdi hesabında pensiya kapitalı da mövcud deyildir. İddiaçı 2- 1(120)-401/2021 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh (7 saylı regional ərazi filialı) Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur və xx.xx.2019-cu il tarixdə 64 yaşı (x xxxx 2018-xx xxxx 2019-cu il tarixlərdə kişilər üçün pensiya yaşı 64 yaşdır) tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Lerik rayonunun Orand kəndində anadan olmuş, Lerik rayonu, Orand kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 36 nömrəli arayışın surətindən görünür ki, 1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, xx.xx.2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. xx.xx.1976-cı il tarixdə Lerik XSU-3 idarəsində işə qəbul olunmuşdur. Əmək kitabçasında yazılmış Lerik XSU-3 idarəsindən xx.xx.1978-ci il tarixdə 127 saylı işdən çıxma barədə əmr Lerik rayon Dövlət Arxivində aşkar edilmədiyi (Lerik rayon Dövlət Arxivində xx.xx.1977-ci il tarixdə işdən çıxma barədə əmr var) əmək kitabçasında qeyd olunmuş xx.xx.1980-cı il tarixdən xx.xx.1984-cü il tarixə kimi Lerik rayon Texnika birliyində işləməyi barədə əmr və əmək haqqı kitablarının Lerik rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün (yoxlama mümkün olmadı) və 1913-cü il təvəllüdlü X2 1983-cü il tarixdən xx.xx.1995-ci il tarixə kimi xidmət etdiyi barədə təqdim etdiyi sənədlər əsasında əmək pensiyası təyin etmək imkan xaricindədir. İşdə olan Lerik rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 2-25 nömrəli məktubuna İddiaçı Lerik XSU-3 işə qəbulu və işdən azad edilməsi barədə əmrlərinin surətləri və rayon texnika birliyində sürücü kimi 1980-cı ilin mart, avqust və dekabr aylarında qazandığı əmək haqqı cədvəllərinin təsdiq edilmiş surətlərini əlavə etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********448800 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixə baza və arxiv məlumatlarına əsasən Lerik rayonunda fəaliyyət göstərmiş “Monolit” çoxsahəli kiçik müəssisəsi Lerik rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 5 nömrəli Qərarı ilə qeydiyyatdan keçərək Nizamnaməsi təsdiq edilmişdir. “Monolit” çoxsahəli kiçik müəssisəsi “Monolit” kooperativinin bazasında yaradılmışdır. İşdə olan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubundanHgörünür ki, İddiaçı Balı oğlunun fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır .Vətəndaşın əmək kitabçasına əsasər 28 il 6 ay 11 gün sığorta stajı vardır. (2 il 15 gün hərbi xidmətdə olduğu müddət daxil olmaqla) İddiaçı əmək kitabçasında olan 14 il 4 ay 4 gün sığorta stajını yoxlamaq mümkün olmadı. (xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Lerik XSU-3 idarəsində işləməsinə adı işə girmə və işdən çıxmaq bərədə əmrlər Lerik rayon Dövlət arxivində aşkar edildi, lakin həmin illərin əmək haqqı kitabları olmadığı üçün əmək haqqlarını yoxlamaq mümkün olmadı, Əmək kitabçasında yazılmış xx.xx.1976-cı ıl tarixdə Lerik XSU 3 idarəsinə işə qəbul olunması Lerik rayon Dövlət Arxivində yoxlama zamanı aşkar edildi. Əmək kitabçasında yazılmış Lerik XSU 3 idarəsində xx.xx.1978-ci il tarixdə 127 saylı başqa işə keçməsi barədə əmr Lerik rayon Dövlət arxivində aşkar edilmədi (Lerik rayon Dövlət arxivində xx.xx.1977-ci il tarixində işdən çıxması barədə əmr var) və həmin illərin əmək haqqı kitablarının Lerik rayon Dövlət arxivinə təhvil verilmədiyi uçun əmək haqlarını yoxlamaq mümkün olmadı. Əmək kitabçasında qeyd olunmuş xx.xx.1980-cı il tarixdən xx.xx.1984-cü il tarixə kimi Lerik rayon Texnika birliyində işləməsi barədə əmr və əmək haqqı kitablarının Lerik rayon Dövlət arxivinə təhvil verilmədiyi uçun yoxlama mumkun olmadı. Əmək kitabçasında qeyd olunmuş xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Lerik rayon Təchizat bazasında işləməsi barədə əmr və əmək haqqı kitablarının Lerik rayon Dövlət arxivinə təhvil verilmədiyi üçun yoxlama mümkün olmadı. Əmək kitabçasında qeyd olunmuş xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı ıl tarixə kimi vətəndaşın Türkmənistan Respublikasında işlədiyi illərin yoxlaması mumkun olmadı. Əmək kitabçasında qeyd olunmuş xx.xx.1990-cı ıl tarixdən xx.xx.1992-ci il tarixə kimi “Monalit” kooperativində işləməsi barədə kitablar olmadığı uçun yoxlama mümkün olmadı. Əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixə kini "Bahar" kooperativində işləməsi barədə kitablar olmadığı üçün yoxlama mümkün olmadı. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dən qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-cı il iyulun 1-dək hər il 6 ay artırılır. Vətəndaşın əmək kitabçasında qeyd olunmuş 14 il 4 ay 4 gün sığorta stajını yoxlamaq mümkün olmadığı üçün əmək pensiyası təyin etmək şöbənin ımkan xaricindədir. İşdə olan Lerik rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 2-4 nömrəli məktubunda qeyd edilmişdir ki, rayon texnika birliyinin əmr kitabları və 1981-1985-ci illərin əmək haqqı cədvəlləri arxivdə aşkar edilmədi. Rayon texnika birliyinin 1980-cı il üçün cəmi 8 ayın əmək haqqı cədvəlləri arxivdə mövcuddur. Həmin cədvəllərə əsasən İddiaçı 1980-cı ildə rayon texnika birliyində sürücü kimi əmək haqqı qazanmışdır. İşdə olan Lerik rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 2-8 nömrəli məktubunda qeyd edilmişdir ki, Lerik rayonunun Osiyodərə kəndində fəaliyyət göstərmiş “Bahar” kooperativi Lerik rayon XDS İcraiyyə Komitəsinin xx xxxxx 1989-cu il tarixli, 60 saylı qərarı ilə qeydə alınmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçasını) təqdim etmişdir. Мəhkəmə xx.xx.1975-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının iş illərinə dair əmək haqqı və əmr kitablarının arxivə təhvil verilməməsi onun (iddiaçının) təqsiri kimi qəbul oluna bilməz və bu hal iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı əmək kitabçasında qeyd edilən iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Lerik XSU-3 idarəsində, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Lerik XSU-3 idarəsində, xx.xx.1980-cı il tarixdən xx.xx.1984-cü il tarixə kimi Lerik rayon Texnika birliyində, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Lerik rayon Təchizat bazasında, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixə kimi Türkmənistan Respublikasında, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixə kimi “Monalit” kooperativində və xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi “Bahar” kooperativində işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Lerik XSU-3 idarəsində, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Lerik XSU-3 idarəsində, xx.xx.1980-cı il tarixdən xx.xx.1984-cü il tarixə kimi Lerik rayon Texnika birliyində, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Lerik rayon Təchizat bazasında, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixə kimi Türkmənistan Respublikasında, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixə kimi “Monalit” kooperativində və xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi “Bahar” kooperativində işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-401/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-401/2021
07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver