Məhkəmə qərarları › İş №2-1(120)-402/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-402/2021

01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-402/2021 01.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X10 Hüquqi Şəxsinin 8 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X10 Hüquqi Şəxsinin 8 saylı regional ərazi filialına qarşı “hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə xx xxxxx 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu ildən xx xxxxxx 2001-ci ilə kimi X4 işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasının Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “xx.xx.1999-cu il tarixdən xx xxxxxx 2001-ci il tarixədək X4 işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional Ərazi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadları ilə iddianın dəyişdirilməsi qəbul olunmuş, eləcə də iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi Dövlət Sosial X10 Hüquqi Şəxsinin 8 saylı Regional Ərazi filialı ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun illər Masallı rayonunda fəaliyyət göstərmiş bir çox idarə, müəssisə və təşkilatlarda işləmişdir. Eləcə də X4 işləmiş, işlədiyi illərə dair əmək kitabçasında qeydlər aparılsa da, X4 xx.xx.1999-cu ildən xx xxxxxx 2001-ci ilə kimi işləməyi ilə bağlı əmək kitabçasında heç bir qeyd aparılmamışdır. Belə ki, xx xxxxx 1999-cu ildə X4 işə qəbul edilmiş və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatları, meşə tingliyi, meşə melorativ stansiyaları və iriləşdirilmiş meşəbəyliklərin ləğv edilməsi ilə əlaqədar xx xxxxxx 2001-ci il tarixli, 226/ü saylı əmrinə əsasən X5 bütün işçiləri (ştatda olan) Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edildikləri vaxt o da işdən azad edilmişdir. X13 Təsərrüfatı üzrə verilmiş xx xxxxxx 2001-ci il tarixli, 44 saylı əmrindən görmək olar. X12 Təsərrüfatına müraciət etdiyi zaman isə xx.xx.1999-cu ildən xx xxxxxx 2001-ci ilə kimi işlədiyi illərə dair hər hansı bir məlumatın aşkarlanmadığını ona bildirmişlər. Lakin xx xxxxxx 2001-ci il tarixli, 44 saylı əmrin surətindən göründüyü kimi o, xx xxxxxx 2001-ci ilə kimi X4 işləmişdir. Lakin işlədiyi həmin illər əmək kitabçasında qeyd olunmadığı üçün həmin müddətin onun sosial sığorta stajına daxil edilməsi məhkəmə qaydasında müəyyən olunmalıdır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Dövlət Sosial X10 Hüquqi Şəxsinin 8 saylı regional ərazi filialının nümayəndəsi iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2018-ci il tarixində ərizə və digər tələb olunan sənədlərlə DSMF-nin Masallı rayon şöbəsinə müraciət etmiş və Şöbənin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2018-ci il tarixli, 137 nömrəli qərarına əsasən xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin 2020-ci ilin fevral ayında şöbədə aparılan araşdırma zamanı iddiaçının pensiya kapitalı və sosial sığorta stajı kifayət etmədiyindən ona yaşa görə pensiyanın ödəniməsi dayandırılmış və bu barədə DSMF-nin Masallı rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli, **********6 nömrəli məktubla İddiaçı məlumat verilmişdir. Belə ki, Fondun Masallı rayon şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, **********6 nömrəli məktuba əsasən pensiya kapitalı (xx.xx.2018-ci il tarixinədək 16742,88 manat) və sosial siğorta stajı kifayət etmədiyinə görə onun yaşa görə əmək pensiyası dayandırılmış və xx.xx.2018ci il tarixdən xx.xx.2020-ci il tarixinədək ona qanunsuz ödənilmiş 3278,56 manat ödənişinin geri qaytarılması bildirilmişdir. İddiaçı qanunsuz ödənilmiş 3278,56 manat pensiya ödənişini bugunə qədər geri ödəməmişdir. İddiaçının xx.xx.1973-cü və xx.xx.1999-cu illərdə doldurulmuş iki əmək kitabçası mövcuddur. Hər iki əmək kitabçasında kitabçanı verən məsul şəxsin imzası və möhürü mövcud deyildir. Həmçinin xx.xx.1999-cu ildə doldurulmuş ******* nömrəli əmək kitabçasında onun peşəsi də qeyd edilməmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx xxxxxx 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının” 3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, əmək kitabçasının birinci səhifəsində işçi haqqında məlumatları işçi şəxsi imzası ilə təsdiq edir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. İddiaçı ərizəsində xx.xx.1999cu il tarixdən xx.xx.2001-ci il tarixədək X4 işlədiyini qeyd etmişdir. Halbuki, xx.xx.1999-cu ildə doldurulmuş ******* nömrəli əmək kitabçasına və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X9 Təsərrüfatının xx.xx.1999-cu il tarixli 6 nömrəli əmrinə əsasən iddiaçı xx.xx.1999-cu ildə işə daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X9 Təsərrüfatının xx.xx.1999-cu il tarixli 6 nömrəli əmri ilə iddiaçı 2 il müddətinə müvəqqəti fəhləliyə qəbul olunmuşdur. X5 xx.xx.2001-ci il tarixli, 44 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatları, meşə tingliyi, meşə melorativ stansiyaları və iriləşdirilmiş meşəbəyliklərin ləğv edilməsi ilə əlaqədar xx.xx.2001-ci il tarixli, 226/Ü saylı əmrinə əsasən X5 işdən azad edilən işçilərinin siyahısında 115-ci sırada qeyd edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X8 və Bərpası Müəssisəsinin xx.xx.2018-ci il tarixli, 141 nömrəli Arayışına əsasən X4 xx.xx.1999xx.xx.2001-ci illərdə fəhlə işləmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçınin X4 xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyini təsdiqləyir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Masallı Regional X6 xx.xx.2020-ci il tarixli, 367 nömrəli Arayışına əsasən X9 Təsərrüfatında 1999-cu ilin mart ayında işləyərək əmək haqqı almış, 2000-2001-ci illərdə əmək haqqı almamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X9 X3 İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 51 nömrəli məktubuna əsasən İddiaçı 1999-2001-ci illərdə Masallı Meşə İdarəsində əmrlə işəmuzd qaydada fəhlə işləmişdir. 1999-cu ilin mart ayında gördüyü işin müqabilində əmək haqqı almışdır. 2000-2001-ci illərdə əmrdə adı olsa da, işə cəlb olunmadığı üçün əmək haqqı almamışdır. X6 yuxarıda qeyd edilmiş Mərkəzinin xx.xx.2020-ci il tarixli, 367 nömrəli arayışından və xx.xx.2021-ci il tarixli, 51 nömrəli məktubundan aydın olduğu kimi iddiaçı yalnız 1999-cü ilin mart ayında işləyərək əmək haqqı almış, 2000-2001-ci illərdə əmrdə adı olsa da, işə cəlb olunmadığı üçün əmək haqqı almamışdır. Əmək kitabçasında qeyd edilsə də iddiaçı faktiki olaraq xx.xx.1999xx.xx.2001-ci illərdə işləməmişdir. Odur ki, sözügedən müddətin sosial siğorta stajı hesablanarkən nəzərə alınması yolverilməzdir. Daha öncə qeyd etdikləri kimi iddiaçının xx.xx.1973-cü və xx.xx.1999-cu illərdə doldurulmuş iki əmək kitabçası mövcuddur. İddiaçının xx.xx.1973-cü il tarixli əmək kitabçasına əsasən iddiaçının sonuncu iş yeri xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək Cəlilabad TNS-da 4-cü dərəcəli elektrik vəzifəsində çalışmışdır. Halbuki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X9 Təsərrüfatının xx.xx.1999-cu il tarixli, 6 nömrəli əmri ilə iddiaçı 2 il müddətinə müvəqqəti fəhləliyə qəbul olunmuşdur. Odur ki, iddiaçının ilk əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək Cəlilabad TNS-da 4-cü dərəcəli elektrik vəzifəsində çalışması faktı ilə onun X9 Təsərrüfatının xx.xx.1999-cu il tarixində işə qəbul olunması ilə arasında uyğunsuzluq yarandığından və iddiaçının X9 Təsərrüfatında işləməsi faktını təsdiq edən sənədlər mövcud olduğundan onun xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək Cəlilabad TNS-da 4-cü dərəcəli elektrik vəzifəsində çalışması şübhə doğurur. Habelə, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Masallı Regional X6 xx.xx.2020-ci il tarixli, 77 nömrəli arayışına əsasən X9 Təsərrüfatında 1998-ci ilin 7 ayı (mart, iyun, iyul, sentyabr, oktyabr, noyabr və dekabr) fəhlə işləmiş və əmək haqqı almışdır. Sözügedən arayış iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək Cəlilabad TNS-da 4-cü dərəcəli elektrik vəzifəsində çalışmadığını təsdiq edən sübutlardan biridir. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 2.2-ci maddəsinə və 2 nömrəli Əlavəyə əsasən əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün pensiyanın növündən asılı olaraq aşağıdakı zəruri sənədlər tələb edilir: 1. şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; 2. ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 imtinanın əsaslı olduğunu bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Masallı Regional X6 xx.xx.2021-ci il tarixli, 51 saylı arayışından görünür ki, İddiaçı 1999-2001-ci illərdə Masallı Meşə İdarəsində əmrlə işəmuzd qaydada fəhlə işləmişdir. 1999-cu ilin mart ayında gördüyü işin müqabilində əmək haqqı almışdır. 2000-2001-ci illərdə əmrdə adı olsa da işə cəlb olunmadığı üçün əmək haqqı almamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********6 saylı imtina barədə məktubundan görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə yaşa görə xx.xx.2018-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. xx.xx.2017-ci il tarixdən qüvvədə olmuş xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, kişilərə yaşa görə (xx.xx.2018-ci il tarixədək 63 yaş 6 ay) əmək pensiyası-fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (xx.xx.2018-ci il tarixədək 16742,88 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış Audit yoxlaması zamanı yuxarıda qeyd edilənləri nəzərə alaraq yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı olmadığı üçün yaşa görə əmək pensiyası hüququ ləğv edilmişdir. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuş və onun 64 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinin qeydinə əsasən xx.xx.2017-ci il tarixdən kişilərin pensiya yaşı artırıldığından iddiaçının pensiya yaşı onun 64 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. İddiaçıya xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması üçün minimum 25 il sosial sığorta stajı tələb olunur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə, xx.xx.1972-xx.xx.1973-cü illərdə - Rayonlararası Tikinti-Quraşdırma İdarəsinin Masallı sahəsində 3-cü dərəcəli çilingərquraşdırıcı; xx.xx.1973-xx.xx.1973-cü illərdə - 10 nömrəli Təmir-Tikinti İdarəsinin Sovxoz –Şərab Tikinti Trestində 3-cü dərəcəli betonçu; xx.xx.1976-xx.xx.1977-ci illərdə- 35 nömrəli Səyyar Mexanikiləşdirilmiş dəstədə 3-cü dərəcəli betonçu; xx.xx.1977xx.xx.1983-cü illərdə - Xüsusi sənaye yaşayış su tikinti” Trestinin 22 nömrəli Tikinti quraşdırma İdarəsində betonçu; xx.xx.1983-xx.xx.1984-cü illərdə - S.Vurğun adına sovxozun tikinti biriqadasında 4-cü dərəcəli suvaqçı; xx.xx.1984-xx.xx.1985-ci illərdə - Təsərrüfat hesablı 40 nömrəli Tikinti quraşdırma sahəsində 4-cü dərəcəli suvaqçı; xx.xx.1985-xx.xx.1986-cı illərdə - Təsərrüfat hesablı 37 nömrəli Tikinti quraşdırma sahəsində 5-ci dərəcəli suvaqçı; xx.xx.1986-xx.xx.1987-ci illərdə - Masallı rayon ASBnin inşaat briqadasında fəhlə; xx.xx.1987-xx.xx.1987-ci illərdə - Altay vilayəti, Aleyski rayonu, Çapayev adına kolxozda 5-ci dərəcəli suvaqçı; xx.xx.1988-xx.xx.1992-ci illərdə - 3 nömrəli “Kəndtikinti” trestinin 31 nömrəli səyyar mexanikiləşdirilmiş dəstəsində 5-ci dərəcəli suvaqçı; xx.xx.1992-xx.xx.1999-cu illərdə Cəlilabad TNS-da 4-cü dərəcəli elektrik kimi əmək fəaliyyəti ilə məşğul olmaqla 24 il 16 gün sığorta stajı vardır. Məhkəmə iddiaçının xx.xx.1999-cu ildən xx xxxxxx 2001-ci ilə kimi X4 işləməsini təsdiqi kimi məhkəməyə təqdim etdiyi əmək kitabçasını sonuncunun həmin müəssisədə işləməsini təsdiq edən sübut kimi qismən qəbul edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçının adına olan əmək kitabçasında onun xx.xx.1999cu ildən xx xxxxxx 2001-ci ilə kimi X4 fəhlə vəzifəsində işlədiyi göstərilsə də, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Masallı Regional X6 xx.xx.2021-ci il tarixli, 51 saylı arayışından müəyyən olunur ki, İddiaçı 1999-2001-ci illərdə Masallı Meşə İdarəsində əmrlə işəmuzd qaydada fəhlə işləmiş, 1999-cu ilin mart ayında gördüyü işin müqabilində əmək haqqı almış, 1999-cu ilin digər aylarında, eləcə də 2000-2001-ci illərdə əmrdə adı olsa da işə cəlb olunmadığı üçün əmək haqqı almamışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəmənin suallarına cavab olaraq xx xxxxxx 1999-cu ildən xx xxxxxx 2001-ci ilə kimi Masallı Meşə İdarəsində əmrlə işəmuzd qaydada fəhlə işlədiyini və hər ay üçün əmək haqqı aldığını bildirsə də, həmin illərdə əmək haqqı almasını təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmənin sorğusuna cavab olaraq iddiaçının 1999-2001-ci illərdə Masallı Meşə İdarəsində əmrlə işəmuzd qaydada fəhlə işlədiyi, 1999-cu ilin mart ayında gördüyü işin müqabilində əmək haqqı aldığı, 1999-cu ilin digər aylarında, eləcə də 2000- 2001-ci illərdə əmrdə adı olsa da işə cəlb olunmadığı üçün əmək haqqı almadığı bildirilmişdir. Məhkəmə tərəfindən əmək kitabçasında qeyd olunan illər şərh olunan əsaslara görə sübut kimi qəbul edilmədiyindən məhkəmə hesab edir ki, əmək kitabçasında iddiaçının xx xxxxxx 1999-cu ildən xx xxxxxx 2001-ci ilə kimi (1999-cu ilin mart ayı istisna olmaqla) X4 fəhlə vəzifəsində işləməsinə dair göstərilmiş iş illəri iddaçıya sığorta stajı kimi qəbul edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cəmi 24 il 1 ay 16 gün sığorta stajı olduğundan bununla da o, tələb olunan 25 illik sığorta stajına malik olmadığından ona sığorta stajına görə pensiya təyin edilə bilməz. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X10 Hüquqi Şəxsinin 8 saylı regional ərazi filialına qarşı “hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar