Məhkəmə qərarları › İş №2-1(120)-4033/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4033/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4033/2024 06.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X2 Azərbaycan Respublikasının Milli X8 adına Parakənd kənd tam orta məktəbində direktor müavini vəzifəsindən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə Şirvan İnzibati Məhkəməsinin İnzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “X2 Azərbaycan Respublikasının Milli X8 adına Parakənd kənd tam orta məktəbində direktor müavini vəzifəsindən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 20 avqust 2024-cü il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşdurlar. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X6 2020-ci il tarixdə Parakənd kənd orta məktəbinin direktor müavini kimi işə gəlmişdir. Samirə Şərifova işə başladığı ilk vaxtlar özünü normal aparmışdır. Lakin sonradan Samirə Şərifova mütəmadi olaraq özünü intizamsız göstərməyə başlamışdır. Belə ki, mütəmadi olaraq 8-11-ci sinif şagirdlərini mütəmadi olaraq təhqir edir. Şagirdi təhqiramiz sözlər deyir. Qızlara əxlaqsız tərbiyəsiz deyir. Hətta şagirdlərin valideyinləri onun yanına gələrək nə səbəbdən uşaqlarını söydüyünü soruşduqda isə valideyinləri də söyüb təhqir edir. Uşaqları söydükdən sonra uşaqlar öz valideyinlərinə bunu xəbər verirlər. Bundan sonra valideyin məktəbə gələrək Samirə müəlliməyə irad bildirdikdə müəllimə uşaqların da valideyinlərini də söyüb təhqir edir. Məktəbdə olan müəllimlərdən biri Samirə müəlliməyə zəng edərək ona etdiyi hərəkətləri irad bildirmişdir. Samirə müəllimə isə bildirmişdir ki, rüşvət verib işə gəlmişəm, əccəb edirəm, ona heç kim nə edə bilər. Bunları Samirə müəllimənin səs yazıları olan flaşkart ilə məhkəməyə təqdim edir. Həmin flaşkartda Samirə müəllimənin səs yazıları vardır. Bundan əlavə məktəbin müəllimi Elçin Qasımovu bıçaqla hədələmişdir. Bununla bağlı Elçin Qasımov Təhsil İdarəsinə mraciət etmişdir. Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış və nümayəndələr məktəbə gələrək məktəbdə araşdırma aparmışdır. Lakin nəticəsi barədə məlumat verilməmişdir. Bundan əlavə məktəbin 7 A sinifinə daxil olaraq bütün sinifi söyərək təhqir etmişdir. Uşaqlar ağlayaraq sinifdən çıxıb evlərinə gedərək valideyinlərinə bu barədə deyiblər. Uşaqların valideyinləri DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Lənkəran ŞRPŞ-də araşdırma olsa da sonradan Lənkəran ŞRPŞ tərəfindən məsələnin araşdırılması Regional Təhsil İdarəsinə həvalə edilmişdir. Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılmış lakin yenə də müəlliməyə heç bir irad bildirilməmişdir. Bundan əlavə dəfələrlə onun övladını söyərək təhqir etmişdir. Ona irad bildirdikdə isə söyərək təhqir edir. Həmçinin mütəmadi olaraq müəllimlərin əxlaqları barədə müəyyən sözlər deyir. Ona irad bildirdikdə isə əccəb etdiyini deyir. Əgər məhkəmə orqanı Parakənd kənd tam orrta məktəbi ilə maraqlansa görər ki, məktəbdə Samirə Şərifova direktor müavini olduqdan sonra məktəbdə 100-ə yaxın uşaq qalmışdır. Əvvəllər 350 şagird təhsil aldığı orta məktəbdə Samirə Şərifova direktor müavini təyin edildikdən sonra şagirdlərin sayı kəskin azalmışdır. Belə ki, valideyinlər direktyor müavininin hərəkətlərindən, təhqir və söyüşlərindən bezərək uşaqlarını başqa məktəblərə aparmışlar. Bunun sayəsində hazırda məktəbdə 100-ə yaxın şagird təhsil alır. X2 barəsində olan müraciətlər üzrə aparılmış araşdırmaların nəticələrini, həmçinin onun müəllim kimi işləməsi üçün nə qədər bal toplaması və hansı imtahanlarda iştirak etməsi ilə bağlı dəfələr lazımi orqanlara müraciətlər etmiş, lakin heç bir cavab əldə olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq X2 Azərbaycan Respublikasının Milli X8 adına Parakənd kənd tam orta məktəbində direktor müavini vəzifəsindən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, qeyd olunan məhkəmə iclasınadək ona edilmiş yardıma uyğun nöqsanların aradan qaldırılması təklif olunmuşdur. Məhkəmənin müraciəti iddiaçıya çatdırılsa da iddiaçı məhkəmənin müraciətinə münasibət bildirməmiş və təyin olunmuş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək hazırki iddia tələbinin mümkünsüz sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 iddia tələbinə etiraz edərək İddiaçı iddia tələbində qeyd etdiklərini yalan olduğunu və onun heç bir şagirdlə və valideynlə narahatçılığının olmadığını bildirdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Lənkəran şəhər Təhsil Sektoru Lənkəran rayonu M.Nəzərov adına Parakənd kənd tam orta məktəbinin xx.xx.2020-ci il tarixli, 25 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, X1 şəhər 1 saylı tam orta məktəbin in 17 il pedaqoji staja malik, ali təhsilli Azərbaycan dili və ədəbiyyat ixtisası müəllimi olmuş, xx.xx.2020-ci il tarixindən isə Parakənd kənd tam orta məktəbinə Lənkəran şəhər Təhsil razılıq məktubuna əsasən Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh xx.xx.2024-cü il tarixli, 3- 29-69/2-H-2748-4/2024 nömrəli məktubundan görünür ki, Lənkəran rayonu Parakənd kənd Mikayıl Nəzərov adına tam orta məktəbin direktorunun 12 noyabr 2020-ci il tarixli 25 nömrəli əmrinə Lənkəran şəhər Mehman Bağırov adına 1 nömrəli tam orta məktəbin 17 il pedaqoji staja malik, ali təhsilli Azərbaycan dili və ədəbiyyatı müəllimi X6 məktəbin tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Həmçinin bildiririk ki, Parakənd kənd tam orta məktəbinin direktorunun 20 oktyabr 2023-cü il tarixli 44 nömrəli əmrinə əsasən əmək funksiyalarını düzgün yerinə yetirmədiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasında yol verdiyi nöqsanlara görə tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bununla belə inzibati orqan iddiaçıya cavab vermədiyi üçün hazırki məzmunda iddianın verilməsi qəbulediləndir və mümkündür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 4 nömrəli 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin qərarın 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Göründüyü kimi inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Yəni, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə tərəfindən X2 iddia ərizəsində qeyd edilən müvafiq hərəktləri ilə bağlı apardığı araşdırma nəticəsində Parakənd kənd tam orta məktəbinin direktorunun 20 oktyabr 2023-cü il tarixli 44 nömrəli əmrinə əsasən əmək funksiyalarını düzgün yerinə yetirmədiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasında yol verdiyi nöqsanlara görə tədris (təlimtərbiyə) işi üzrə direktor müavini X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyi müəyyən edilmişdir. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-412/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “X2 Azərbaycan Respublikasının Milli X8 adına Parakənd kənd tam orta məktəbində direktor müavini vəzifəsindən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İddiaçı izah olunsun ki, iddia ərizəsində qeyd etdiyi vəzifəli şəxslərin hərəkətlərində (əməllərində) qanunvericiliyə zidd hərəkətlər (saxtakarlıq, vəzifələrdən sui–istifadə və s.) olması ilə bağlı müvafiq orqanlara (Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və ya cavabdehin nəzarət orqanı olan Azərbaycan Respublikası Təhsil Nazirliyi) müraciət edə və cinayət əməlləri ilə bağlı müvafiq araşdırılmanın aparılması məqsədilə məlumatlandıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “X2 Azərbaycan Respublikasının Milli X8 adına Parakənd kənd tam orta məktəbində direktor müavini vəzifəsindən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar