Məhkəmə qərarları › İş №2-1(120)-404/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-404/2020

01.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-404/2020 01.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı (Salyan rayonu, Quyçu kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 12.08.1965-ci il tarixdə Salyan rayonunun Quyçu kəndində doğulmuş, Salyan rayonu, Quyçu kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün Cavabdehnə müraciət etmiş, lakin cavabdeh 13.12.2019-cu il tarixli, **********4 nömrəli məktubunda ona əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 01.06.2020-ci il tarixli iclasında İddiaçı iddia tələbini dəyişərək, 1980- 1983, 1986-1988 və 1996-2001-ci illərdə Salyan rayonu “Q.Səmədov” və “Şəfəq” adına kolxozda əmək iştirakı normasına görə faktiki iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 01.06.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, İİ dərəcəli əlildir, 1980-1983, 1986-1988 və 1996-2001-ci illərdə Salyan rayonu “Q.Səmədov” və “Şəfəq” adına kolxozda işləmiş və əmək haqqı almışdır. Bu barədə arxiv arayışı vardır. Lakin həmin illərdə adı çəkilən kolxozlarda işlədiyi dövr əmək kitabçasında qeyd olunmamışdır. Cavabdehnə əlilliyə görə əmək pensiyasının təyin olunması barədə ərizə ilə müraciət etmişdir. Cavabdeh 13.12.2019cu il tarixli cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiyaların təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İİİ bölüçünün 3.1.1-ci hissəsinə əsasən iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyi əsas gətirilərək, 1980-1983, 1986-1988 və 1996-2001-ci illərdə Salyan rayonu “Q.Səmədov” və “Şəfəq” adına kolxozda işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün ona əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Qeyd edilənləri nəzərə alaraq əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehnə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Cavabdehnə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, ancaq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, X8 12.01.2018-ci il tarixli, 07 nömrəli arayışını, X4 filialının 17.01.2018-ci il tarixli, 18 nömrəli arxiv arayışını, Salyan rayon Məhkəməsinin 11.05.2018-ci il tarixli, 2(057)-806/2018 nömrəli qətnaməsini, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətini və cavabdehin imtina məktubu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəliqərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Salyan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. Belə ki, iddiaçı 12.08.1965-ci il tarixdə doğulmuşdur. 29.12.2017-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ikinci dərəcəli əlil hesab edilmişdir. İddiaçının iş illəri nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin olunması üçün qanunvericiliklə tələb olunan sosial sığorta stajı və pensiya kapitalı yaranmışdır. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququna malikdir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 16444121 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 12.08.1965-ci il tarixdə Salyan rayonunun Quyçu kəndində doğulmuş, Salyan rayonu, Quyçu kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 17.11.1983-cü il tarixli, H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 27.11.1983-cü il tarixdən 10.12.1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi X8 12.01.2018-ci il tarixli, 07 nömrəli arayışından görünür ki, İddiaçı 01.08.1988-ci il tarixdən 48 nömrəli əmrlə Salyan 104 nömrəli Texniki Peşə Məktəbinə istehsalat təlimi ustası vəzifəsinə qəbul edilmiş, 02.10.1995-ci il tarixdən 50 nömrəli əmrlə işdən azad edilmişdir. İşdə olan X4 filialının 17.01.2018-ci il tarixli, 18 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1980-1983, 1986-1988 və 1996-2001-ci illərdə Salyan rayonu “Q.Səmədov” və “Şəfəq” adına kolxozda kolxozçu işləmişdir. İşdə olan Salyan rayon Məhkəməsinin 11.05.2018-ci il tarixli, 2(057)-806/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı hüquqi faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilmiş, İddiaçı 01 avqust 1988-ci il tarixdən, 02 oktyabr 1995-ci ilə kimi Salyan 104 nömrəli Texniki Peşə Məktəbinə istehsalat təlimi ustası vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında elektron çıxarışdan görünür ki, İddiaçı 29.12.2017-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan Cavabdeh iddiaçıya ünvanladığı 13.12.2019-cu il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, 29.12.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş və 01.12.2019-cu il tarixədək ümumilikdə 3086,64 manat məbləğində vəsait ödənilmişdir. Araşdırma zamanı əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının müəyyən edilməsinə baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (01.01.2006-cı il tarixədək müəyyən edilmiş pensiya hüquqlarının pensiya kapitalına çevrilməklə) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün, əlilliyə görə əmək pensiyası hüququnun olmadığı müəyyən edilmişdir. Belə ki, 1980-1983, 1986-1988 və 1996-2001-ci illər üzrə iş stajı əmək kitabçasında yazılmadığı üçün, qanunvericiliyin tələblərinə görə göstərilən dövrün sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir, yəni həmin dövr nəzərə alınmadıqda əlilliyə görə əmək pensiyası hüququ verən pensiya kapitalına malik deyildir. Təyinat əsassız olduğu üçün mövcud qanunvericiliyin tələblərinə görə ödənilən pensiyanın dayandırılması, artıq ödənilmiş 3086,64 manat məbləğində vəsaiti dövlət büdcəsinə bərpası və digər zəruri tədbirlərin görülməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X5 Peşə Liseyinin 26.12.2019-cu il tarixli, 187 nömrəli məktubna əlavə edilmiş 48 nömrəli və 50 nömrəli əmrdən çıxarışlardan görünür ki, İddiaçı 01.08.1988-ci il tarixdən məktəbdə istehsalat təlimi ustası vəzifəsi işinə qəbul edilmiş, istehsalat təlimi ustası işləyən İddiaçı 02.10.1995-ci il tarixdən işdən azad edilmişdir. İşdə olan X4 filialının 27.12.2019-cu il tarixli, 540 nömrəli arxiv arayışına əlavə edilmiş Cavabdeh pensiya sektorunun baş məsləhətçisi X2, X4 filialının arxivçisi Məlahət Sərdarovanın iştirakı ilə tərtib edilmiş 27.12.2019-cu il tarixli, 87 nömrəli aktın surətindən görünür ki, İddiaçı adına rayon arxivi tərəfindən verilmiş arayışı yerində qarşılıqlı olaraq yoxlanılmışdır. Heç bir uyğunsuzluq müəyyən edilməmişdir. İşdə olan Salyan rayon Məhkəməsinin 25.12.2019-cu il tarixli, 2(057)-806/2018 nömrəli məktubunda qeyd edilmişdir ki, 11.05.2018-ci il tarixli, 2(057)-806/2018 nömrəli qətnaməsi 28.06.2018-ci il tarixdə qanuni qüvvəsini almış və icra olunması üçün Cavabdehnə göndərilmişdir. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı 05.03.2020-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, Salyan rayonu, Quyçu kəndində yaşayan İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası hüququ verən azı 12 il 04 ay ((arxiv arayışına əsasən, 1980- 1983, 1986-1988 və 1996-2001-ci illər üzrə, əmək kitabçasında qeyd olunmayan, yəni sığorta stajı kimi müəyyən edilməsi mümkün olmayan, 10 il 09) + (X9 işləməsi faktının təsdiq edilməsi barədə Salyan rayon Məhkəməsinin qətnaməsinə əsasən 01.08.1988-02.10.1995-ci illər üzrə, 07 il 02 ay) + (02 il hərbi xidmət)=19 il 11 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan (29.12.2017-ci il tarixdən İİ dərəcə əlil hesab edildiyindən pensiyanın sığorta hissəsinin məbləği SH=PSK/TxK düsturuna əsasən, 01.01.2006-cı il tarixədək müəyyən edilmiş pensiya hüquqları pensiya kapitalına çevrilməklə nəzərə alınan 13217,69 manat pensiya kaptalı / (144 gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı x 0,771 (52 yaşlı sığortaolunanlar üçün) sığorta davamiyyəti əmsalı)=119,08 manat təşkil edir) pensiya təminatına imkan verdiyi müəyyən edilmişdir. 1980-1983, 1986-1988 və 1996-2001-ci illər üzrə 10 il 09 ay işləməsi faktı əmək kitabçasında qeyd edilmədiyi üçün, yəni göstərilən illərin sığorta stajı kimi hesablanması mümkün olmadığı üçün, eyni zamanda göstərilən illər nəzərə alınmadıqda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi müəyyən edilmişdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. 12.1-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:SH = PSK/(TxK), burada:SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır;K - sığorta davamiyyəti əmsalıdır. 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır 32.2.-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri X4 filialının 17.01.2018-ci il tarixli, 18 nömrəli arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri, yəni 17.01.2018-ci il tarixli, 18 nömrəli arxiv arayışını təqdim etmişdir. Мəhkəmə arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Həmin arxiv arayışına əsasən onun 1980-1983, 1986-1988 və 1996-2001-ci illərdə Salyan rayonu “Q.Səmədov” və “Şəfəq” adına kolxozda əmək fəaliyyətində olduğu müəyyən olunur. Cavabdehin 13.12.2019-cu il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının 29.12.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş və 01.12.2019-cu il tarixədək ümumilikdə 3086,64 manat məbləğində vəsait ödənilmişdir. Araşdırma zamanı əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının müəyyən edilməsinə baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (01.01.2006-cı il tarixədək müəyyən edilmiş pensiya hüquqlarının pensiya kapitalına çevrilməklə) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün, əlilliyə görə əmək pensiyası hüququnun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01.01.2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.2-ci bəndinin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən (01.01.2006-cı il) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Eyni zamanda məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin cavabdehin «Əmək pensiyaları haqqında» Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (01.01.2006-сı il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid etməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki «Əmək pensiyaları haqqında» Qanun qəbul olunanadək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məcburi sosial sığorta haqqı ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il 305 nömrəli Qanununun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Göründüyü kimi 01.01.2006-cı il tarixdən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı 1980-1983, 1986-1988 və 1996-2001-ci illərdə Salyan rayonu “Q.Səmədov” və “Şəfəq” adına kolxozda işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçıya 29.12.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsində qeyd olunan iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1.Tələb olunan sığorta stajı 2. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İddiaçı tələb olunan 12 il 04 ay (52 yaş, əlillik dərəcəsinin təyin olunduğu yaş - 15 yaş, əmək qabiliyyəti olmayan yaş dövrü = 37) x 4 ay = 148 ay/12ay= 12 il 04 ay) sığorta stajını toplamışdır. Eyni zamanda iddiaçının sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan (29.12.2017-ci il tarixdən İİ dərəcə əlil hesab edildiyindən pensiyanın sığorta hissəsinin məbləği SH=PSK/TxK düsturuna əsasən, 01.01.2006-cı il tarixədək müəyyən edilmiş pensiya hüquqları pensiya kapitalına çevrilməklə nəzərə alınan 13217,69 manat pensiya kaptalı / (144 gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı x 0,771 (52 yaşlı sığortaolunanlar üçün) sığorta davamiyyəti əmsalı)=119,08 manat təşkil edir) pensiya təminatına imkan verdiyi müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının əlilliyə görə əmək pensiyası hüququnun yarandığı vaxt (29.12.2017-ci il,52 yaş) qüvvədə olan «Əmək pensiyaları haqqında»Qanunun 6-1-ci maddəsinə görə bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 1980-1983, 1986-1988 və 1996-2001-ci illərdə Salyan rayonu “Q.Səmədov” və “Şəfəq” adına kolxozdakı əmək iştirakı normasına görə faktiki iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən, yəni 29.12.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1980-1983, 1986-1988 və 1996-2001-ci illərdə Salyan rayonu “Q.Səmədov” və “Şəfəq” adına kolxozdakı əmək iştirakı normasına görə faktiki iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən, yəni 29.12.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar