Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-405/2021 22.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı (Saatlı şəhəri, Nizami küçəsi, ev 19-da qeydiyyatda olan), vəkili X3 (Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 88, mənzil 29-da qeydiyyatda olan) cavabdehin nümayəndəsi X1 (Salyan şəhəri, A.Ağazadə küçəsi, ev 10 D-3-də qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına qarşı hüququnun yarandığı 25.06.2019-cu ildən təyin edilməklə əmək pensiyasının bərpa edilməsi və halhazıradək yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə Saatlı şəhərində doğulmuş, Saatlı şəhəri, Nizami küçəsi ev 19-da yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 10 iyul 2020-ci il tarixli, **********5 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 30.03.2021-ci il tarixli iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, hüququnun yarandığı 25.06.2019-cu ildən təyin edilməklə əmək pensiyasının bərpa edilməsi və hal-hazıradək yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 30.03.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Saatlı rayon filialında əmək pensiyası təyin edən komissiyaya ərizə ilə müraciət etmiş, ona pensiya təyin edilmiş, daha sonra isə ona məlum olmayan səbəblərdən pensiyası dayandırılmışdır. Əmək kitabçasındakı iş illəri və hərbi xidmət müddəti nəzərə alındıqda 25 ildən artıq sosial sığorta stajı var. Ancaq buna baxmayaraq pensiyası bərpa edilmir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı 19.04.2000-ci il tarixdən 21.12.2005-ci il tarixədək Saatlı rayonu birləşmiş qazanxana və istilik şəbəkəsi sahəsində işlədiyini iddia edir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialı tərəfindən İddiaçı işlədiyi təşkilatın hüquqi varisi olan X8 İstismar sahəsinin həmin dövrlər üzrə bütün sənədlərin ləğv edilməsi və əmr kitablarının saxlanılmaq üçün Saatlı rayon Dövlət Arxivinə təhvil verilməməsi, eləsə də həmin dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair subutların mövcud olmaması səbəbindən dayandırılmış əmək pensiyasının bərpa edilməsinin müsbət həlli mümkün olmamışdır. Göründüyü kimi iddiaçının yaşa görə pensiya hüququ 64 yaşla 25.06.2019-cu il tarixdə yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır. 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı amak pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən 06.04.2018-ci il tarixli, 109 saylı arayışa əsasən İddiaçı 2 il 20 gün hərbi xidmətdə olmuşdur. Beləliklə, İddiaçı X8 İstismar sahəsində işlədiyi illər üzrə bütün sənədlərin ləğv edilməsi və əmr kitablarının saxlanılmaq üçün Saatlı rayon Dövlət Arxivinə təhvil verilməməsi, eləcə də həmin dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair subutların mövcud olmaması səbəbindən qeyd olunan müddət onun sosial sığorta stajına daxil edilə bilməz. İddiaçı mübahisəli sosial sığorta stajı Saatlı rayonu birləşmiş qazanxana və istilik şəbəkəsi sahəsində işlədiyi 5 il 08 ay 02 gün (19.04.2000- 21.12.2005), mübahisəsiz sosial sığorta stajı isə 20 il 02 ay 26 gündür. İddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. 20 il 02 ay 26 günə münasibətdə İddiaçı 16989,6 manat pensiya kapitalı mövcuddur. Tələb olunan pensiya kapitalı isə 23040 manat təşkil edir. Belə olduğu təqdirdə, yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə, İddiaçı yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. İddiaçı 2-1(120)-405/2021 nömrəli inzibati iş üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh (10 saylı regional ərazi filialı) İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur və 25.06.2019-cu il tarixdə 64 yaşı tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Saatlı şəhəri, Nizami küçəsi ev 19-da yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus 07.05.1979-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 06.03.1978-ci il tarixdən 21.12.2005-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəndiqi, İ dərəcəli hüquqşunas X6 06.05.2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı pensiya təyinatının bərpasında cinayət xarakterli hər hansı faktın olmadığı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin iddiaçıya ünvanladığı 10.07.2020-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, yaşa görə təyin edilmiş əmək pensiyası işində əmək kitabçasında əmək pensiyası təyin edilməsi üçün əsas götürülmüş bəzi dövrlərin sosial sığorta stajları üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair subutların mövcud olmadığı müəyyən edilmişdir. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair subutlar mövcud olmayan sosial sığorta stajları nəzərə alınmadığına görə əmək pensiyası hüququnun yaranmadığı aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının məhkməyə ünvanladığı 08.12.2020-ci il tarixli, **********4 nömrəli etirazından görünür ki, vətəndaş İddiaçı əmək kitabçasına əsasən sığorta stajı 23 il 10 ay 8 gün təşkil etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən 06.04.2018-ci il tarixli, 109 saylı arayışa əsasən İddiaçı 2 il 20 gün hərbi xidmətdə olmuşdur. Beləliklə vətəndaşın cəmi 25 il 10 ay 28 gün sığorta stajı yaranmışdır. Vətəndaşın mübahisəli sığorta stajı Saatlı rayonu birləşmiş qazanxana və istilik şəbəkəsi sahəsində işlədiyi 5 il 8 ay 2 gün, mübahisəsiz sığorta stajı isə 20 il 2 ay 26 gün təşkil edir. Saatlı rayonu birləşmiş qazanxana və istilik şəbəkəsi sahəsində 2000-2005-ci illər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə hesabatları filiala təqdim etməmişdir. İddiaçı Saatlı rayonu birləşmiş qazanxana və istilik şəbəkəsi sahəsində 19.04.2000-21.12.2005-ci illərdə işləməsi faktı həmin təşkilatın hüquqi varisi olan X8 İstismar sahəsinin 25.12.2019-cu il tarixli məktubunda göstərilir ki, həmin dövrlər üzrə bütün sənədlər ləğv edilmişdir. Saatlı rayonu birləşmiş qazanxana və istilik şəbəkəsi sahəsinin əmr kitablarının saxlanılmaq üçün Saatlı rayon Dövlət Arxivinə təhvil verilmədiyinə görə həmin dövrlər üzrə əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır. Beləliklə İddiaçı 25 il 10 ay 28 gün sığorta stajı olmasına baxmayaraq onun sosial sığorta stajı öz təsdiqini tapmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Saatlı rayon Statistika İdarəsinin 09.08.2021-ci il tarixli, 118 nömrəli məktubundan görünür ki, Saatlı rayonu birləşmiş qazanxana və istilik şəbəkəsi 20 may 1996-cı il tarixdən Saatlı rayonu üzrə Azərbaycan Respublikasının Statistik vahidlərin dövlət reyestrində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 09.08.2021-ci il tarixli, **********439200 nömrəli məktubunda qeyd edilmişdir ki, Saatlı rayonu birləşmiş qazanxana və istilik şəbəkəsi sahəsi 18.12.1997-ci il tarixdə “X5 Qazanxana və İstilik Şəbəkəsi” adı ilə 9 (doqquz) rəqəmli ********* saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi uçotuna alınmışdır. Saatlı rayonu birləşmiş qazanxana və istilik şəbəkəsi sahəsinin 10 (on) rəqəmli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi uçotuna alınması barədə məlumat aşkar edilməmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçasını) təqdim etmişdir. Мəhkəmə 07.05.1979-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə iddiaçının 19.04.2000-21.12.2005-ci illərdə Saatlı rayonu birləşmiş qazanxana və istilik şəbəkəsi sahəsində işlədiyi müddətin sosial sığorta stajı kimi qəbul edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01.01.2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.2-ci bəndinin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən (01.01.2006-cı il) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Eyni zamanda məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin cavabdehin «Əmək pensiyaları haqqında» Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (01.01.2006-сı il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid etməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki «Əmək pensiyaları haqqında» Qanun qəbul olunanadək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məcburi sosial sığorta haqqı ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının 06 mart 2007ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il 305 nömrəli Qanununun 67ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Göründüyü kimi 01.01.2006-cı il tarixdən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının 19.04.2000-ci il tarixdən 21.12.2005-ci il tarixədək Saatlı rayonu birləşmiş qazanxana və istilik şəbəkəsi sahəsində işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Saatlı rayonu birləşmiş qazanxana və istilik şəbəkəsi sahəsinin 19.04.2000-ci il tarixdən 21.12.2005-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları ödəməməsi, eyni zamanda iddiaçının iş illərinə dair əmək haqqı və əmr kitablarının arxivə təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı əmək kitabçasında qeyd edilən iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı 25.06.2019-cu ildən təyin edilməklə əmək pensiyasının bərpa edilməsi və hal-hazıradək yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı 25.06.2019-cu ildən təyin edilməklə əmək pensiyasının bərpa edilməsi və hal-hazıradək yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-405/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-405/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver