Məhkəmə qərarları › İş №2-1(120)-4052/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4052/2024

18.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4052/2024 18.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə inzibati işə 18 noyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev qəsəbəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Rusiya Federasiyası Rusiya Dövlət Sosial Universiteti tərəfindən ali təhsil istiqaməti üzrə bakalavr dərəcəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli, qeydiyyat nömrəsi ПМ olan BCБ ******* nömrəli diplomun tanınması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ( tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən cavabdeh qismində Təhsildə Keyfiyyət Təminatı Agentliyi göstərilməklə, Federasiyası Rusiya Dövlət Sosial Universiteti tərəfindən ali təhsil istiqaməti üzrə bakalavr dərəcəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli, qeydiyyat nömrəsi ПМ-9886 olan BCБ ******* nömrəli diplomun tanınması vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1988-ci ildə Cəlilabad rayonu, Xanəgah kəndində doğulmuşdur. 2005-ci ildə Cəlilabad rayonu Xanəgah kənd tam orta məktəbinin 11-ci sinifini bitirmişdir. 2005-ci ildən 2011-ci ilədək Rusiya Federasiyası Rusiya Dövlət Sosial Universitetində təhsil almışdır və Tətbiqi Riyaziyyat və İnformatika ixtisası üzrə bitirərək bakalavr dərəcəsi almışdır. Rusiya Federasiyası Rusiya Dövlət Sosial Universiteti tərəfindən ali təhsil istiqaməti üzrə bakalavr dərəcəsinə dair ona xx.xx.2011-ci il tarixli, qeydiyyat nömrəsi ПМ-9886 olan BCB ******* nömrəli diplom verilmişdir. Eyni zamanda diploma əlavə də verilmişdir ki, bu da onun təhsil aldığı dövr ərzində fənlərdən aldığı qiymətləri özündə əks etdirir. Diplomun tanınması ilə bağlı cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etsə də, müraciətinin təmin olunmasından imtina edilmişdir. İPM 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi təklif olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh TKTA tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, tərəflərindən iddiaçının müraciəti üzrə inzibati icraat aparılaraq iddiaçının əldə etdiyi təhsil haqqında sənədin dövlət nümunəli olmaması müəyyən edilmişdir. Onlar tərəfindən Rusiya Dövlət Sosial Universitetinə göndərilmiş sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixli, 4-1352 nömrəli cavab məktubunda bildirilmişdir ki, “İddiaçı məzunlar siyahısında yoxdur və diplom Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilməmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Eyni zamanda iddiaçının hər bir tədris ili üzrə təhsil aldığı ölkədə olduğu müddət- 2005/2006-cı tədris ili üzrə-getməyib; 2006/2007-ci tədris ili üzrə getməyib; 2007/2008-ci tədris ili üzrə-getməyib; 2008/2009-cu tədris ili üzrə-getməyib, 2009-2010-cu tədris ili üzrə- 3 gün; 2010/2011-ci tədris ili üzrə-1 gün. Halbuki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması zamanı tətbiq edilən Qaydaların 4.1.1ci bəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistiratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələblərin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulmuşdur ki, bu da həmin dövrdə tələbənin hər il üzrə minimum 6-8 həftə xarici ali təhsil aldığı ölkədə olaraq həmin auditoriya dərslərinə qatılmasını zəruri edir. Bakalavr səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. İddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsini qeyri-mümkün edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, iddiaçı isə məhkəmə iclasına gəlməməsi barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, müraciətindən imtina olunduğu üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın müddət ilə bağlı mümkünlük şərtinin ödənilməsinə münasibət bildirir və hesab edir ki, müddət ilə bağlı şərt ödənilmişdir. Faktiki hallar və sübutlar: iddiaçıya məxsus AA******* saylı şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1988-ci il təvəllüdlü Rzayev X2 rayonu, Xanəgah ərazi dairəsi, Xanəgah kəndində qeydiyyatdadır. Rusiya Federasiyası Ali peşə Təhsilinin Dövlət Təhsil Müəssisəsi “Rusiya dövlət sosial universiteti” tərəfindən verilmiş ВСБ ******* saylı diplomun tərcümə və notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Dövlət Attestasiya Komissiyasının 16 may 2011-ci il tarixli qərarı ilə İddiaçı “Tətbiqi riyasiyyat və informatika” ixtisası üzrə “Riyaziyyatçı, sistem proqramçı” ixtisası verilmişdir. Rusiya Federasiyası Ali peşə Təhsilinin Dövlət Təhsil Müəssisəsi “Rusiya dövlət sosial universiteti” tərəfindən verilmiş ВСБ ******* saylı bakalavr diplomuna ПМ-9886 №-li, xx.xx.2011-ci il tarixli əlavənin tərcümə və notarial qaydada təsdiq olunmuş suətindən müəyyən olunur ki, İddiaçı 2005-ci ildə Ali Peşə təhsilinin dövlət təhsil müəssisəsi “Rusiya dövlət sosial universiteti”nə ( qiyabi forma) daxil olmuşdur. 2011-ci ildə Ali peşə təhsilinin dövlət müəssisəsi “Rusiya dövlət universiteti” (qiyabi forma, təhsil müddəti 5 il) bitirmişdir.Dövlət Attestasiya Komissiyasının 16 may 2011-ci il tarixli qərarı ilə “Tətbiqi riyaziyyat və informatika” ixtisası üzrə “Riyaziyyatçı, sistem proqramçı” ixtisası verilmişdir. Diplom RF Elm və Təhsil Nazirliyinin Elm və təhsil sahələrində nəzarət üzrə federal xidmət tərəfindən xx.xx.2011-ci ildə 85014 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Məhkəmənin müvafiq sorğusuna Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 3-38-2/33-2693/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1988-ci il təvəllüdlü X3 dövlət sərhədindən hərəkəti barədə İMAS bazasında məlumatlar aşağıdakı kimi qeyd olunmuşdur. Tarix İstiqamət Ölkə xx.xx.2009 Çıxış Rusiya xx.xx.2009 Giriş Rusiya xx.xx.2010 Çıxış Rusiya xx.xx.2010 Giriş Rusiya xx.xx.2010 Çıxış Rusiya xx.xx.2010 Giriş Rusiya xx.xx.2011 Çıxış Rusiya xx.xx.2011 Giriş Rusiya xx.xx.2011 Çıxış Rusiya xx.xx.2011 Giriş Rusiya - İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq: TKTA-nın “Xarici Dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli, NA 00027979 №-li Qərarında göstərilmişdir ki, Ərizəçinin müraciətinə baxılaraq onun bakalavriat səviyyəsinə uyğun kvalifikasiyaya münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsil əldə etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.2-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır.Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.2-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin autentik ( həqiqi) olması tanınma üzrə ümumi tələblərə aid edilir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci bəndinə əsasən Ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən Təhsilalma formaları aşağıdakı kimi qeyd olunmuşdur: 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli, 34 nömrəli Qərarı ilə ləğv edilmişdir): 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. 1.6-cı bəndinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.3-cü bəndinə əsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. 3.5-ci bəndinə əsasən, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” təsdiq olunsa da, həmin Qaydalar və onun təsdiq edilməsi haqqında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı 03 fevral 2023-cü il tarixli Qərarı ilə ləğv edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 4.1-ci bəndində tanınmaya dair ümumi tələblər qeyd edilmişdir. Həmin tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2.-ci bəndinə əsasən ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. Həmin Qaydaların 3.2.3-cü bəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 3.2.4-cü bəndinə əsasən İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” nın 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalm formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən “Bakalavr” dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; -peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı 2011-ci ildə Rusiya Federasiyası Ali Peşə Təhsilinin Dövlət Təhsil Müəssisəsi “Rusiya dövlət sosial universiteti”nin Tətbiqi riyaziyyat və informatika fakültəsini bitirmiş, xx.xx.2011-ci il tarixdə diplom verilmişdir. Cavabdehin imtinasının əsas dəlili ərizəçinin təhsil haqqında sənədinin dövlət nümunəli olmaması və təhsil aldığı ölkədə olma müddətinin onun diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirmək üçün kifayət hesab olunmamasıdır. İddiaçı isə iddia edir ki, təhsil haqqında sənədin dövlət nümunəlidir və tədris prosessini tam qiyabi formada bitirmiş və tədris prosessində daimi dərslərdə tam iştirak etmişdir. Azərbaycan bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir İddiaçının faktiki təhsil müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın yuxarıda tələbləri ilə uzlaşmadığından, bununla da, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın tələbləri təmin olunmadığından, cavabdehin həmin Qaydaların tələblərindən irəli gələn imtinası əsaslı olmuşdur. Məhkəmə hazırki vəziyyətdə oxşar işlər üzrə inzibati orqanın həm inzibati praktikasını, həm də kassasiya instansiyası məhkəməsinin sərgilədiyi hüquqi mövqeyini, bunun nəticəsində də formalaşan məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddiaçı ona Rusiya Federasiyası Ali Peşə Təhsilinin Dövlət Təhsil Müəssisəsi “Rusiya dövlət sosial universiteti”ndə təhsil aldığını təsdiq edən və həmin universitet tərəfindən ona verilmiş 16 may 2011-ci il tarixli, ВСБ ******* saylı, ПМ 9886 qeydiyyat nömrəli diplomun tanınması və ona müvafiq ekvivalentlik şəhadətnaməsinin verilməsini tələb etsə də, onun bu tələbinin təmin edilməsindən imtina etməkdə cavabdeh qurum haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı istədiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilir. Odur ki, iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə cavabdeh qurum haqlı olmuşdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar