Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-406/2021 31.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı nümayəndəsi X1 (ünvan 1 ünvanda yaşayan) və Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının nümayəndəsi X3 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının mütəxəssisi, ünvan 2 mənzil 11 ünvanda yaşayan) iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına qarşı «Şəhid adının ədədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və şəhid ailə üzvlərinin əmək pensiyasına əlavənin xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət zamanı şəhid olmuş hərbi qulluqçu olan oğlu X2 şəhid olması ilə əlaqədar onun varisi kimi ona Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanı ilə «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün və şəhid ailə üzvlərinin əmək pensiyasına əlavənin verilməsi onu almaq hüququ yarandığı gündən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1941-ci ildə Lerik rayonu, Laman kəndində anadan olmuşdur. 1961-ci il tarixdə Laman kənd sakini X4 ilə faktiki nikaha daxil olmaqla nikahlarından 8 uşaqları doğulmuşdur. Uşaqlarından xx xxxx 1971-ci ildə Lerik rayonunun Laman kəndində anadan olmuş X6 xx xxxx 1992-ci il tarixdə Lerik rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə səfərbər olunmuş və xidmət keçmək üçün Lənkəran şəhərində yerləşən “Lənkəran özünümüdafiə taboru”na göndərilmişdir. Bundan sonra oğlu Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərə Ağdam rayonuna aparılmışdır. xx xxxx 1993-cü ildə Ağdam rayonu ərazisində gedən döyüşlərdə həlak olmuş və xx xxxx 1993-cü ildə hərbi hissə nümayəndələrinin və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə Lerik rayon Laman kənd qəbirstanlığından dəfn olunmuşdur. Həmin vaxt acınacaqlı olduğundan oğlu üçün ölüm haqqında şəhadətnamə götürmədiklərindən xx xxxx 1971-ci ildə Lerik rayonu Laman kəndində anadan olmuş X2 xx xxxx 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonunun ərazisində döyüş şəraitində ölməsi faktı müəyyən edilməsi barədə Lerik Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən ölüm faktı müəyyən edilmişdir. Bundan sonra sənədləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və DSMF-nin Lerik rayon şöbəsinə təqdim etmiş və ona şəhidlik statusu verilmiş və xx.xx.2019-cu ildən şəhid ailələrinə Prezident təqaüdü və xx.xx.2019-cu il tarixdən şəhidlərin ailə üzvlərinə verilən vəsait ödənilmişdir. Hərbi xidmət zamanı şəhid olmuş hərbi qulluqçu olan oğlu X2 şəhid olması ilə əlaqədar onun varisi kimi ona Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanı ilə «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və şəhid ailə üzvlərinin əmək pensiyasına əlavənin verilməsi onu almaq hüququ yarandığı gündən- xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ödənilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Lerik rayon filialına müraciət etsə də, müraciətindən imtina edilərək, həmin vəsaitin ödənilməsinin filialın imkan xaricində olduğu qeyd edilmişdir. Yaranmış problemin həlli yalnız məhkəmə qaydasında mümkün olduğundan hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, təqaüdün və şəhid ailələrinə verilən vəsaitin məbləği müəyyən dövrlərdə müəyyən məbləğlərdə olmuş və daima artırılmışdır. İddiaçının nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx xxxxxx 2021-ci il tarixli **********2 saylı etiraz məktubunda qeyd edilmişdir ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. xx.xx.2019-cu il tarixli 2(048)-20/2019 nömrəli Lerik Rayon Məhkəməsinin qətnaməsi ilə X2 xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində döyüş şəraitində ölməsi faktı müəyyən edilmiş və bu barədə ölüm şəhadətnaməsi verilmişdir. «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün təyin olunması və ödənilməsi Qaydalarının 8-ci bəndinə əsasən müraciət müddətindən asılı olmayaraq, «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün təyin olunması və ödənilməsi Qaydalarının 8-ci bəndinə əsasən müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir. İddiaçı iddia tələbi şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü və şəhid ailə üzvlərinin əmək pensiyasına əlavənin verilməsi onu almaq hüququ yarandığı gündən – xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ödənilməsidir. İddiaçı şəhid ailəsi statusu Lerik Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(048)-20/2019 nömrəli qətnaməsi ilə verilmiş, Lerik Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2019-cu il tarixdən qanuni qüvvəyə minmişdir. İddiaçı şəhid ailəsi statusu xx.xx.2019-cu il tarixdən yaranır və həmin tarixdən Azərbaycan Respublikası Prezident təqaüdü və şəhid ailəsi üzvü kimi əlavələr ödənilir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə verdiyi imtina qanunauyğun olmuşdur. İddiaçı 2-1(120)-406/2021 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia tələbinə etirazı müdafiə edərək, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, ölüm haqqında şəhadətnamənin və Lerik Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(048)-20/2019 saylı qətnaməsinin surətlərini, Lerik Rayon İHB-nin Şingədulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını və cavabdehin imtina məktublarını əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Lerik rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1– 3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X5, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(048)-20/2019 nömrəli qətnaməsi ilə X2 xx.xx.1993cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində döyüş şəraitində ölməsi faktı müəyyən edilmiş və bu barədə ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçıya Lerik Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(048)-20/2019 nömrəli qətnaməsinin qanuni qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunaraq ödənilir. İddiaçı isə ona qeyd edilən təqaüdün və şəhid ailə üzvlərinin əmək pensiyasına əlavənin xx.xx.2019-cu il tarixədək ödənilməsini xahiş edir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının» 4.1-ci maddəsinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları»nın 8-ci maddəsinə əsasən müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan müdəalarından göründüyü kimi «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları»nda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. İddiaçının mərhum oğlu X2 xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində döyüş şəraitində ölməsi faktı Lerik Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(048)-20/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və həmin qətnamənin qüvvəyə mindiyi tarixdən də iddiaçıya şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunaraq ödənilməyə başlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının şəhid ailəsi statusu Lerik Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(048)-20/2019 nömrəli qətnaməsi ilə müəyyən olunduğundan, onun şəhid ailəsi üzvü kimi əmək pensiyasına əlavəni almaq hüququ da həmin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən yaranmışdır. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçı «Şəhid adının ədədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və şəhid ailə üzvlərinin əmək pensiyasına əlavənin xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına qarşı «Şəhid adının ədədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və şəhid ailə üzvlərinin əmək pensiyasına əlavənin xx.xx.2019cu il tarixədək olan müddət ərzində ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına qarşı «Şəhid adının ədədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və şəhid ailə üzvlərinin əmək pensiyasına əlavənin xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin.
2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov