Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-408/2024 19.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 оğlunun katibliyi, İddiaçı1 və onun nümayəndəsi İddiaçı2 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********3 saylı qərarının ləğv edilməsi və 2-ci dərəcəli müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi” barədə iddia tələbi üzrə inzibati işə Şirvan şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Əliyev X6 Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialına qarşı “əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2-1(120)-1315/2023 nömrəli qərardadı ilə İddiaçı1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialına qarşı “əlillik dərəcəsinin bərpa edilməsi və ödənilməmiş ayların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçının və iddia tələbinin olduğu kimi saxlanılması, Dövlət Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialının cavabdeh sırasından çıxarılması, cavabdeh kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tanınması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(120)-1315/2023 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının **********3 saylı qərarının ləğv olunması, əlillik dərəcəsinin bərpa edilməsi və cavabdehin imtinası səbəbindən köçürülməmiş pensiya və təqaüdlərin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2-1(120)-408/2024 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********3 saylı qərarının ləğv edilməsi və 2-ci dərəcəli müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 03 mart 1993-cü taraixdə döyüş zonasında hərbi xidmət keçərkən “sol baldırının dəlib keçən güllə yarası, qamış sümüyünün aşağı 1/3-nün deşilmiş sınığı” diaqnozu qoyulan xəsarət almışdır. Bütün bunlar Azərbaycan Respublikası SHXÇDX-nin Sabirabad rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 865 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli, 227 nömrəli arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş çıxarış epikrizi, MN MHHK-nin həkim rəyi ilə təsdiq edilir, eyni zamanda hərbi travma və Azərbaycan Respublikasının Müdafiəsi Zamanı xəsarət almağı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 03361 saylı arayışındanda məlumdur ki, təyin olunmuş əlillik dərəcəsi müddətsizdir. xx.xx.2022-ci il tarixli qiymətləndirmə məlumatından ona məlum olub ki, diaqnozun əlillik əlamətini təyin etmədiyi barədə qərar qəbul edilib və imtina edilib. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-75-ci maddələrini rəhbər tutaraq, Əlillik dərəcəsinin bərpa olunması və imtina səbəbindən köçürülməmiş pensiya müavinətlərinin ödənilməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 nümayəndəsi İddiaçı2 izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. X5-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilmiş (bax 3cü bənd), şikayətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən baxılmışdır. (bax 4-cü bənd). İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X2 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar: İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 463 nömrəli qərarından görünür ki, Sabirabad RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı1 döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü il tarixdə aldığı və xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək MN Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunduğu yaralanma - diaqnoz :“Sol baldırın dəlib-keçən güllə yarası, qamış sümüyünün aşağı 1/3-nin deşilmiş sınığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Sabirabad rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 865 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 227 nömrəli arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası protokolu haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi MN MHHK-nın 425 nömrəli, xx.xx.2022-ci il tarixli protokolu. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin elektron sistemindən xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixli qiymətləndirmə əsasında İddiaçı1 diaqnoz sağ qamış sümüyünün kompressiya olunmuş qəlpəli sınığı, Aşıq-baldır oynağının funksiyasının pozğunlu, yerişin çətinləşməsi, Asteno-nevrotik hal qeyd edilmiş, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasının TSE-0 AR03361 nömrəli arayışından görünür ki, xx.xx.1998-ci il tarixli, 261 saylı müayinə aktına əsasən İddiaçı1 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təkrar ikinci dərəcəli əlillik dərəcəsi verilmiş və əlillik müddəti müddətsiz olaraq qeyd edilmişdir. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına ünvanladığı xx.xx.2022-ci il tarixli, 865 nömrəli göndərişdən görünür ki, İddiaçı1 diaqnozu sol ayağının dəlib keçən güllə yarasının qalıq əlamətləri. Diskogen mənşəli bel-omba radikuliti, ağrı sindromu” qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-4/2-14-4211/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabirabad rayon sakini İddiaçı1 əlillik vəziyyəti barədə xx.xx.2023-cü il tarixli 2-1 (120)-1315/2023 nömrəli sorğunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı1 xx.xx.1998-ci il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” (Diaqnoz: sağ qamış sümüyünün kompressiya olunmuş qəlpəli sınığı. Aşıq-baldır oynağının funksiyasının pozuntusu, yerişin çətinləşməsi ilə. Asteno-nevrotik hal) müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması əsasında vətəndaş xx.xx.2022-ci ildə Agentliyin Mərkəzi tibbi-sosial ekspert komissiyasının həkim-mütəxəssisləri tərəfindən əyani müayinə olunmuşdur. Müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyası (bundan sonra Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 30 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 21) Sabirabad rayon sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı1 (FİN:xxxxxxx) xx.xx.1998-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ”Sağ qamış sümüyünün kompressiva olunmuş qəlpəli sınığı. Asıq-baldır oynağının funksiyasının pozğunluğu, yerisin çətinləsməsi. Asteno-nevrotik hal” diaqnozu ilə təkrar əyani müayinə olunmuş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında (ESDAS **********7) əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı1 Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 463 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol baldırın dəlibkecən qüllə varası, qamış sümüyünün aşağı 1/3-nin deşilmiş sınığı, diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Əvvəlki əlillik təyinatları MN MHHK-nın xx.xx.1994-cü il tarixli, 161 nömrəli Xəstəlik haqqında Şəhadətnaməsi əsasında aparılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol baldırın aşağı 1/3-nin bayır səthində zərif dəri çapığı, yerişi pozulmamış, əzələ gücü 5,0 bal, tonusu normal, hərəkətlər sərbəst müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının xx.xx.2020-xx.xx.2020-ci il tarixli ******* nömrəli Ambulator kitabçadan Çıxarışda diaqnoz “Xroniki xolesistitin kəskinləşməsi. Xroniki qastrit. Xroniki kolit. Vertebrogen lumbalgiya. Qevri-müəvvən mənşəli fobiya sindromu” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X8 məhkəməyə göndərdiyi İddiaçı1 sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T344/2023 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: 1970-ci il təvəllüdlü İddiaçı1 adına tərtib edilmiş sənədlərə özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. İddiaçı1 iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib ediib göndərilmiş Forma 088 göndərişində qeyd edilmiş “Diaqnozun mətni: “Sol qamış sümüyünün kompressiya olunmuş qəlpəli sınığı, aşıq-baldır oynağının funksiyasının pozğunluğu, yerişin çətinləşməsi, asteno-nevrotik hal” diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinəsi zamanı ekspertlər tərəfindən əmək qabiliyyətinin itirilməsi 0% qeyd edilmişdir. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərkən ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər. 2 .Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə Tibbi-Sosial Ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X8 məhkəməyə göndərdiyi İddiaçı1 sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T66/2024 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: 1970-ci il təvəllüdlü İddiaçı1 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. Vətəndaş İddiaçı1 xx.xx.2023-cü il tarixdə X1 canlı müayinəsi zamanı müəyyən edilmiş diaqnoz ona 2-ci qrup əlillik təyini zamanı Forma 088-də qeyd olunmuş diaqnozlarla (əsas xəstəlik və ağırlaşmaları ilə) ümumən eynilik təşkil edir. Lakin, Forma 088 göndərişində diaqnozda qeyd edilən “Asteno-nevrotik hal” travmatoloji patologiya olmadığından onun İnstitutda müayinəsi zamanı travmatoloqlar tərəfindən göstərilməmişdir. Bu isə “asteno-nevrotik halının onda olmasını inkar etmir, belə ki, bütün göndərişlərdə diaqnozda o, öz əksini tapmamışdır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-15394/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabirabad rayon sakini İddiaçı1 əyani müayinə olunması barədə xx.xx.2024cü il tarixli, 2-1(120)-408/2024 nömrəli qərardadınıza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Bildiririk ki, İddiaçı1 əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı patofunksional pozuntular aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı1 dair tibbi-sosial ekspert komissiyasının qərarının surəti Sizə təqdim olunur. Nəzərə almağınızı xahiş edirik. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3704/2024 nömrəli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyası (bundan sonra-Komissiya) xx.xx.2024-cü il tarixində aşağıda adları göstərilən 18 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. 4. Sabirabad rayon sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı1 (FİN:xxxxxxx) xx.xx.1998-ci il tarixində Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə olunmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. (TSEK arayışının nömrəsi: 03361). Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********7). Vətəndaş 3-17-4/1-13606/2024 nömrəli məktubla DTSERA-ya daxil olmuş Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-408/2024 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022~ci il tarixli 463 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol baldırın dəlib-keçən güllə yarası, qamış sümüyünün aşağı 1/3-nin deşilmiş sınığı. “diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı sol baldırın aşağı 1/3-nin bayır səthində zərif dəri çapığı, yerişi pozulmamış, əzələ gücü 5,0 bal, tonusu normal, hərəkətlər sərbəst müəyyən edilmişdir.” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, yerişində çətinlikdən və əsəbilikdən şikayətlənmişdir. Yandığı üçün hərbi biletinin olmaması barədə sənəd təqdim etmişdir. Müayinə zamanı sol baldırın aşağı 1/3-də çapıq izlənilmiş, hərəkətləri sərbəst olmuş, pedal hərəkətlərini sərbəst icra etmiş, əlillik təyinatına əsas verə biləcək hərəki məhdudluq, kontraktura, nisbi qısalıq müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Əsaslandırıcı hissə və məhkəmənin mövqeyi: Məhkəmə müəyyən edir ki, iddiaçıya ilkin əlillik təyin olunmuş, illər üzrə (hər il olmaqla) təkrar müayinədən keçmiş, sonuncu dəfə TSEK-də xx.xx.1994-cü il tarixdə təkrar müayinədək keçmiş, əlillik “müddətsiz” müəyyən edilmiş, əmək qabiliyyətinin itirilməsi faizi müddətsiz təyin edilməsi həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olmuş, iddiaçı 24 avqust 2022-ci il tarixədək əlilliyə görə pensiya almış, qeyd edilən müddətdə təkrar müayinəyə dəvət olunmamış, buna baxmayaraq, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində əlilliyin müddəti müddətsiz müəyyən edilmişdir. İddiaçı1 xx.xx.2022-ci il tarixindən müddətsiz olaraq təyin edilmiş əlillik dərəcəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarı ilə ləğv edilmişdir. Daha sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3704/2024 nömrəli qərar qəbul olunaraq “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilimişdir. Həmçinin İddiaçı1 məhkəmə iclasında izahatında qeyd etmişdir ki, müavinət köçürülmədiyi üçün dərhal məhkəməyə müraciət etmişdir. Məhkəmə sorğusu əsasında əldə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarından məhkəmə prosesi zamanı məlumatı olduğu üçün tələb dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə iş materiallarından görünür ki, İddiaçı1 müddətsiz olaraq təyin edilmiş əlillik dərəcəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarı ilə ləğv edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(120)-1315/2022 nömrəli qərardadına əsasən xx.xx.2024-cü il tarixdə iddiaçı təkrar olaraq əyani müayinə olunmuş və xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarın dəyişdirilməməsi və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3704/2024 nömrəli qərar qəbul edilimişdir. Qeyd olunan sənədlərdən göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının sağ ayağından müayinə olunduğunu, sağ ayağında olan xəstəlik əlamətləri əlillik dərəcəsinin təyin edilməməsinin əsası kimi qeyd etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını yoxlayaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində hansı hallarda Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İstinad olunan normaya əsasən məhkəmə qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi barədə cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmiş, həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərin özündə ziddiyət olmaqla iddiaçının sağ ayağında müayinələr aparıldığı qeyd edilmiş, digər sənədlərlə iddiaçının sol ayağının dəlib keçən güllə yarası diqnozu ilə ona ilkin əllik təyinatı aparıldığı müəyyən olunduğu hal öz-özlüyündə onun müayinəyə cəlb edilməməsi və ya cəlb edildiyi halda müayinənin düzgün aparılmamasını deməyə əsas verir. Məhkəmə iş materialları ilə müəyyən edir ki, iddiaçıya xx.xx.1998-ci il tarixdə müddətsiz əlillik dərəcəsi təyin olunarkən ona sol daldırın dəlib keçən güllə yarası, qamış sümüyünün 1/3-nin deşilmiş sınığı diaqnozu ilə 2-ci qrup əlillik dərəcəsi təyin edilmiş, əlillik səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı alması, əlillik müddəti isə müddətsiz qeyd olunmuşdur. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, İddiaçı1 müddətsiz əlillik təyin edilməsinə əsas olan qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübut təqdim etməmişdir. Odur ki, cavabdeh orqan iddiaçı barəsində TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadan onu təkrar əyani müayinəyə cəlb etməkdə haqlı olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı1 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********3 saylı qərarı ləğv edilməli və 2-ci dərəcəli müddətsiz əlillik elektron altsistemdə bərpa edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı1 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********3 saylı qərarı ləğv edilsin və 2-ci dərəcəli müddətsiz əlillik elektron altsistemdə bərpa edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-408/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-408/2024
19.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver