Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-409/2020 28.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, iddiaçı X2 (İmişli rayonu, Hacalmuradlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, iddiaçı X2 Cavabdehnə qarşı X1 02 sentyabr 2019-cu il tarixdə İmişli rayonunun Hacalmuradlı kəndində ölməsinin qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı X5 Cavabdehnə qarşı X1 02 sentyabr 2019-cu il tarixdə İmişli rayonunun Hacalmuradlı kəndində ölməsinin qeydə alınmasıbarədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı X5 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, 03.02.1991-ci il tarixdə İmişli rayonunun Hacalmuradlı kəndində anadan olmuş oğlu X4 02.09.2019-cu il tarixdə İmişli rayonunun Hacalmuradlı kəndində yerləşən su hövzəsində hər hansı kənar təsir olmadan ehtiyatsızlıqdan boğularaq ölmüşdür. Oğlu debillik dərəcəsində kəmağıllılıq xəstəliyindən əziyyət çəkirdi. Bu barədə İmişli rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsinə dair 12.09.2019-cu il tarixli qərarla oğlunun ölüm faktı müəyyən edilmişdir. Cavabdehnə müraciət edərək, mərhum oğlunun ölümünun qeydə alınmasını və ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat bundan imtina rəyi vermiş və səbəb kimi ölüm faktını təsdiq edən sənədinin olmamasını göstərmişdir. Ona görədə iddia ərizəsi məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehnə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, doğum haqqında şəhadətnamənin surətini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir.Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddianın əsaslılığı : İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı oğlu X1 ölümünün cavabdeh inzibati orqan tərəfindən qeydə alınmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 09932641 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X5 01.04.1961-ci il tarixdə İmişli rayonu, Hacalmuradlı kəndində anadan olmuş və İmişli rayonu, Hacalmuradlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan İmişli rayon Mərkəzi Xəstəxanasının 12.09.2019-cu il tarixli, 285 nömrəli məktubunun surətindən görünür ki, İmişli rayonu, Hacımuradlı kəndində qeydiyyatda olmaqla yaşayan X4 2004-cü ildən “Oliqofreniya. Debillik dərəcəsi” diaqnozu ilə İmişli MRX-nın həkim-psixiatrın qeydiyyatındadır. İşdə olan İmişli rayon Prokurorluğunun 12.09.2019-cu il tarixli “cinayət işinin başlnmasının rədd edilməsi” barədə qərarının surətindən görünür ki, kəskin ifadə edilmiş debillik dərəcəsində oliqofreniya (kəmağıllılıq) xəstəliyindən əziyyət çəkən X1 İmişli rayonu, Hacımuradlı kəndinin ərazisində yerləşən su hövzəsində hər hansı kənar təsir olmadan öz ehtiyyatsızlığından boğularaq ölməsi cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Cavabdeh tərəfindən verilmiş 29.10.2019-cu il tarixli “ölümün qeydə alınmasından imtina haqqında” rəydən görünür ki, ərizəçi qeydiyyat şöbəsinə ölüm faktını təsdiq edən heç bir sənəd təqdim etmədiyindən, mərhum X1 ölümünün qeydə alınmasından imtina edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1ci bəndinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.6-cı bəndinə əsasən ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi oğlu X1 02.09.2019-cu il tarixdə İmişli rayonunun Hacalmuradlı kəndində yerləşən su hövzəsində hər hansı kənar təsir olmadan ehtiyatsızlıqdan boğularaq öldüyünü nəzərə alaraq onun ölümünün qeydə alınması ilə bağlıdır. Ölümün qeydə alınması üçün isə yetərli əsaslar mövcuddur. Belə ki, işdə olan İmişli rayon Prokurorluğunun 12.09.2019-cu il tarixli “cinayət işinin başlnmasının rədd edilməsi” barədə qərarı ilə kəskin ifadə edilmiş debillik dərəcəsində oliqofreniya (kəmağıllılıq) xəstəliyindən əziyyət çəkən X1 İmişli rayonu, Hacımuradlı kəndinin ərazisində yerləşən su hövzəsində hər hansı kənar təsir olmadan öz ehtiyyatsızlığından boğularaq ölməsi cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh 29.10.2019-cu il tarixli “ölümün qeydə alınmasından imtina haqqında” rəyində X1 qeydiyyat şöbəsinə ölüm faktını təsdiq edən heç bir sənəd təqdim etmədiyini bildirsə də, iddiaçının oğlunun Hacalmuradlı kəndində yerləşən su hövzəsində hər hansı kənar təsir olmadan ehtiyatsızlıqdan boğularaq ölməsinin “cinayət işinin başlnmasının rədd edilməsi” barədə 12.09.2019-cu il tarixli qərarda öz əksini tapmasını nəzərə almamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, X1 02 sentyabr 2019-cu il tarixdə İmişli rayonunun Hacalmuradlı kəndində ölməsinin qeydə alınması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir.Ödənilmiş dövlət rüsumu iddiaçının ərizəsinə əsasən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. X1 02 sentyabr 2019-cu il tarixdə İmişli rayonunun Hacalmuradlı kəndində ölməsinin qeydə alınması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-409/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-409/2020
28.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver