Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4094/2024 05.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi ilə, İddiaçı cavabdeh Lənkəran rayonu Osakücə Bələdiyyəsinə qarşı “alğı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Lənkəran rayonu Osakücə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Lənkəran rayonu, Osaküçə kəndində yerləşən Lənkəran rayonu Osakücə bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin ona, yəni İddiaçı satılması ilə əlaqədar alqı-satqı müqaviləsinin bağlanması öhdıliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2018-ci ildə 0,06 ha torpaq sahəsinin satılması ilə bağlı Lənkəran rayon Osakücə bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyənin əvvəlki sədri onunla razılaşaraq bildirmişdir ki, ödəniş etməlidir. Bununla bağlı onun tərəfindən Lənkəran rayon Osakücə bələdiyyəsinin hesabına 800 manat pul ödənilmişdir.Ona bildirilmişdir ki, pul bələdiyyənin hesabına ödənildikdən sonra 0.06 ha həyətyanı torpaq sahəsinin ona satılması barədə sənədlər təqdim olunacaqdır. Oda 09 iyun 2018-ci il tarixdə və 30 iyul 2018-ci il tarixdə Lənkəran rayon Osakücə bələdiyyəsinin hesabına 800 manat məbləğində pul ödəmişdir. Bundan sonra bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 0.06 ha torpaq sahəsini ayırıb, ona vermişdirlər. Oda də həmin torpaq sahəsində özü üçün 01 mərtəbəli 03 otaqlı fərdi yaşayış evi tikməyə başlamışdır. Hazırda həmin fərdi yaşayış evinin təkcə damı qalıbdır bağlamağa. Lakin bələdiyyənin sədri həmin torpaq sahəsinə dair ona sənəd vermir. Onun tərəfindən bələdiyyənin hesabına pul köçürülsə də, bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsi onun adına rəsmiləşdirilmir. Bununla bağlı bələdiyyənin yeni seçilmiş sədrinə müraciət etsə də, onun müraciətinə baxılmasından müxtəlif əsaslarla imtinalar edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı izahat verərək bildirmişdir ki, onun tərəfindən inşa edilmiş ev artıq sökülüb. Torpaq sahəsi başqa şəxslərə satıldığı üçün aralarında məhkəmə mübahisəsi olmuşdur. İddiaçı izahatında məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. İş materiallarında olan: -iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1968-ci ildə Lənkəran rayonu Osakücə kəndində doğulmuş İddiaçı, Lənkəran rayonu, Osakücə kəndində qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğusuna əsasən Osakücə Bələdiyyəsinin 41 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, müraciətdə qeyd olunan torpaq sahəsi hər hansı bir üçüncü şəxsə özgəninkiləşdirilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, həmin ərazi kənd təsərrüfatı təyinatlı ümumi istifadədə olan torpaq sahəsidir. Məktuba əlavə olunmuş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçılar X2, X12, X13, X14 və X15 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 15 apel 1998-ci il tarixli 07 saylı qərarı ilə Lənkəran rayonu Osakücə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə X12, X3 və digər ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1,00 ha paybəlli torpaq sahəsinin, X4 mülkiyyətinə verilmiş 0,11 ha paybəlli torpaq sahəsinin, X7 mülkiyyətinə verilmiş 0,11 ha paybəlli torpaq sahəsinin, X13 və digər 3 ailə üzvünün birgə mülkiyyətinə verilmiş 0,19 ha paybəlli torpaq sahəsinin cavabdehlər X16, X21 və İddiaçı qanunsuz sahibliyindən azad edilməsi, mülkiyyətində olan torpaq sahələrinə gediş-gəliş üçün nəzərədə tutulmuş ümumi istifadədə olan yolda cavabdeh İddiaçı tərəfindən inşa edilmiş qanunsuz tikilinin ( fərdi yaşayış evinin) sökülməklə və torpaq sahələrinin ətrafına cavabdehlər tərəfindən çəkilmiş paylar və tikanlı məftillərdən ibarət olan hasarın onların öz vəsaitləri hesabına sökülməklə yolun və torpaq sahələrinin əvvəlki vəziyyətinə qaytarılması, onların öz mülkiyyətlərində olan torpaq sahələrindən istifadə etmələrinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və onların qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Lənkəran rayon AİK-nın 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə JN-4** KO ***16018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Lənkəran rayonu, Osakücə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X12, X8 və digər ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1,00 ha paybəlli torpaq sahəsinin, Lənkəran rayon AİK-nın 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə JN-481 KOD-80216018 saylı torpağa mülkiyyət hüququna dair dövlət Aktına əsasən Lənkəran rayonu, Osakücə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X4 mülkiyyətinə verilmiş 0,11 ha payıbəlli torpaq sahəsinin, Lənkəran rayon AİK-nın 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə JN-482 KOD-80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı rayonun Osakücə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X5 mülkiyyətinə verilmiş 0,11 ha payıbəlli torpaq sahəsinin, Lənkəran rayon AİK-nın 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə JN-483 KOD-80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Lənkəran rayonu, Osakücə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X17 və digər 3 ailə üzvünün birgə mülkiyyətinə verilmiş torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolda cavabdeh İddiaçı tərəfindən inşa edilmiş qanunsuz tikilinin ( fərdi yaşayış evinin) cavabdeh İddiaçı vəsaiti hesabına sökülməsi, cavabdeh X6 iddiaçılar X1, X9, X10 və X11 məxsus torpaq sahələrindən və yolun ümumi gediş-gəliş yolu kimi nəzərdə tutulmuş 0,15 ha torpaq sahəsi hissəsindən çıxarılması, həmin torpaq sahəsi ətrafına çəkilmiş ağac dirəklər və tikanlı məftillərin cavabdeh X6 vəsaiti hesabına sökülməklə yol və torpaq sahələrinin əvvəlki vəziyyətinə qaytarılması, iddiaçıların öz mülkiyyətlərində olan torpaq sahələrindən istifadə etmələrinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və onların qanunsuz hərəkətlərinə son qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehlər X16 və İddiaçı tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. İşə apellyasiya qaydasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2021-ci il tarixli 2(106)-487/2021 saylı qətnaməsi ilə cavabdehlər X16 və X23 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə kassasiya qaydasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2022-ci il tarixli qərarı ilə cavabdehlər X16 və İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2021-ci il tarixli 2(016)-487/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər X16 və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Lənkəran Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(049)-55/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə Lənkəran rayon Osakücə Bələdiyyəsi tərəfindən verilmiş 25 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ona ayrılan 2018-ci il tarixdə Osakücə kənd ərazisində yerləşən yolun mühafizəsinə düşmüşdür. Bu səbəbdən ərazidə yaşayan torpaq mülkiyyətçiləri ilə onun arasında mübahisə yaranmışdır. Həmin mülkiyyətçilər yolun açılması ilə bağlı məhkəməyə müraciət etmişdirlər. Məhkəmmə mühafizə yolunun boşaldılmasından ötrü müvafiq qərar qəbul etmişdir. Hazırda Lənkəran rayon elektron kadastr xəritəsi işləndiyindən torpaq sahəsinin sənədləşməsi mümkün deyildir. Elektron xəritə hazır olandan sonra gələcəkdə sənədləşmə işinə müvafiq köməklik göstəriləcəkdir. Mülki Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən qanunla müəyyənləşdirilmiş qaydada verilir. Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. kimi səlahiyyətləri vardır. Həmin Məcəllənin 86.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinin tələbinə görə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 548 saylı Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının 274 İİQ xx.xx.2002-ci il tarixli saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqişəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. (5.2-ci bənd) Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (6.1-ci bənd). Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır (6.2-ci bənd). Hazırkı işdə iddiaçı iddia tələbində alğı-satqı müqaviləsinin bağlanmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəlləyə görə alğı-satqı ikitərəfli müqavilə olmaqla əqdin bir növüdür və akt şəklində tərtib edilmir. Yuxarıda istinad edilən Plenum qərarından göründüyü kimi, hazırkı iş üzrə torpaq sahəsinin alğı-satqısına dair müqavilənin bağlanması tərəflər arasında olan müqavilə münasibətlərindən yaranan mülki hüquq xarakterlidir. Tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından, daha dəqiq, müqavilə münasibətləri olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğu üçün həmin tələbə də inzibati qaydada baxılması mümkün deyildir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının 3.3-cü bəndində qeyd edilmişdir ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından məhkəmənin hazırkı iddia tələbi üzrə göstərəcəyi hüquqi yardım iddianın mümkün sayılmamasına əsas olmuş halları aradan qaldırılmasına və işə inzibati məhkəmə icraatı qaydasında baxılmasına əsas olmadığından iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən göstərilməsi nəzərdə tutulan hüquqi yardım (iddia tələbinin dəyişdirilməsi) hazırkı iş üzə məqsədə müvafiq hesab olunmamışdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. İddiaçıya izah olunur ki, alğı-satqı müqaviləsinin bağlanması ilə bağlı ümumi yurisdiksiyalı məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 45, 78, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Lənkəran rayonu Osakücə Bələdiyyəsinə qarşı “alğı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə olunması” tələbi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-4094/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4094/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver