Məhkəmə qərarları › İş №2-1(120)-4100/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4100/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4100/2024 11.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiyasının, ona güzəştli şərtlərlə təyin olunmuş əmək pensiyasının tarixindən təyin olunması və son 3 il üzrə fərqin ödənilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı son 3 il üzrə fərqin müəyyən edilməsi, ödənilməli olan pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9883/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə, iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-870/2023 nömrəli qərarı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “son 3 il üzrə fərqin müəyyən edilməsi, ödənilməli olan pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2-1(120)-870/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-40/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Şirvan İnzibati Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2-1(120)-870/2023 saylı qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Qərardadda göstərilmişdir ki, məhkəmə kollegiyası qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi həm Qanunun, həm də cavabdeh inzibati orqanınxx.xx.2014-cu il tarixli, 03/89/02-323 nömrəli məktubunu, o cümlədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsinin 17 aprel 2014-cü il tarixli məktubunda göstərilənləri nəzərə alaraq, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiya hüququnun yaranma tarixini hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan qanunvericiliyə uyğun dəqiq və düzgün müəyyən etməli, həmin tarixdən pensiya təyin edilməsi və fərqin ödənilməsi ilə bağlı iddia irəli sürə biləcəyi ilə bağlı iddiaçıya hüquqi təklif etməli idi. Hüququn yaranma tarixinin müəyyən edilməsi həm də ona görə vacibdir ki, ödənişin tələb etdiyi dövrlərdə iddiaçının subyektiv hüququnun olub-olmadığını müəyyən etmək mümkün olsun. Çünki, subyektiv hüquq Qanundan və ya hər hansı inzibati aktdan yarana bilər. Yəni, əvvəlki dövrlər üçün pensiya fərqinin ödənilməsini tələb edərkən həmin dövrlərdə iddiaçı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1.2-ci maddəsində göstərilən pensiya yaşına çatmış olmalı və həmin tarixdən ona pensiya təyin edilməlidir. Başqa sözlə, iddiaçının müraciət etdiyi tarixdən əvvəlki dövrlərə görə (son 3 il üçün) ailə başçısını itirməyə görə əmək pensiyasının fərqinin ödənilməsini o halda tələb edə bilər ki, həmin dövrlər də onun həmin növ pensiyasının təyin edilməsi hüququ olmuş olsun. İşə təkrar baxan birinci instansiya məhkəməsi tərəfindən iddiaçının pensiya hüququnun yaranma tarixi dəqiq müəyən edildikdən sonra həmin tarixdən pensiyanın təyin edilməsinin və fərq məbləğinin ödənilməsin mümkünlüyü araşdırılmalı və bu zamanı iddiaçının 04 avqust 2014-cü il tarixdə hazırki tələblə bağlı cavabdehə (Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxlərlə İş Departamentinə) müraciəti nəzərə alınmaqla, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8oktyabr tarixli Qərardadında və "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyi rəhbər tutulmalıdır. Bundan başqa birinci instansiya məhkəməsi qərarında göstərir ki, İddiaçı qeyd edilən pensiyanı almaq üçün tələb olunan yaş həddi (62 yaşı) 2020-ci ildə tamamlanmış və hüququ yarandığı tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir (bax iş vərəqi 83). Birinci instanisya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 62 yaşı 19 avqust 2020-ci il tarixində tamam olmuş, lakin ona ailə başçısını itirməyə görə əmək pensiyası 19 avqust 2020-ci il tarixində deyil, 01 dekabr 2020-ci il tarixdən təyin edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyindən çıxış edərk şərti olaraq qəbul etsək ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ 62 yaşdan yaranır, bununla belə həmin tarixdən ona pensiyası təyin edilmədiyi aşkar görünür. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının ailə başçısını itirməyə görə əmək pensiya hüququnun yaranma tarixini yuxarıda qeyd edilənlərə əsasən dəqiq müəyyən etməli, həmin tarixdən pensiya təyin edilməsi və fərqin ödənilməsi ilə bağlı iddiaçıya hüquqi təklif etməlidir. Belə olan halda birinci instansiya məhkəməsi məhkəmənin "yardım etmək” vəzifəsini yerinə yetirərək, iddiaçıya arzuladığı məqsədə çatmaq üçün düzgün iddia tələbinin irəli sürə biləcəyi barədə hüquqi təklif etməli və yeni iddia tələbi üzrə mümkünlük şərtlərinin araşdırmalı, iddia mümkün sayılacağı halda, işə mahiyyəti üzrə baxmalı idi. Bundan başqa iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı həyat yoldaşı X4 vəfat etməsi ilə əlaqədar 1 dekabr 2020-ci il tarixdə ailə başçısını itirməyə görə ona təyin edilmiş əmək pensiyası məbləği ilə razı deyildir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının ona ailə başçısını itirməyə görə ödənilmiş əmək pensiyasının məbləği ilə razı olmamasına dair dəlili üzrə araşdırma aparmalı və iddiaçıya ödənilən ailə başçısını itirməyə görə əmək pensiyasının düzgün hesablanıb-hesablanmamasını da müəyyən etməli idi. Hazırki mərhələdə işə baxan birinci instansiya məhkəməsi iddiaçının ailə başçısını itirməyə görə əmək pensiya hüququnun yaranma tarixini müəyyən etməli, həmin tarixdən pensiya təyin edilməsi və fərqin ödənilməsi ilə bağlı iddiaçıya hüquqi təklif etməli və onun ailə başçısını itirməyə görə ödənilmiş əmək pensiyasının məbləği ilə razı olmamasına dair dəlili üzrə araşdırma aparmalı və iddiaçıya ödənilən ailə başçısını itirməyə görə əmək pensiyasının düzgün hesablanıb-hesablanmamasını müəyyən etməlidir. İşə təkrar baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən dəlillər üzrə müvafiq araşdırma aparmalı, bununla bağlı təqdim olunmuş sənədləri tədqiq etməli, zərurət yaranarsa sorğular verməli və sübutlar tələb etməli və bundan sonra gəldiyi nəticəni əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna xidmət edən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-4100/2024 nömrəli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiyasının, ona güzəştli şərtlərlə təyin olunmuş əmək pensiyasının tarixindən təyin olunması və son 3 il üzrə fərqin ödənilməsi” kimi baxılması qərara alınmışdır. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 19 avqust 1958-ci ildə Astara rayonunda anadan olmuş, 14 yanvar 1977-ci ildə mərhum həyat yoldaşı X8 ilə rəsmi nikaha daxil olmuş, mərhum həyat yoldaşı X8 30 mart 1977-ci ildən 18 mart 1993-cü il tarixə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsində polis əməkdaşı xidmət etmişdir. Həyat yoldaşı Sehran Hüseynov 02 noyabr 2008-ci il tarixdə vəfat etmişdir. Bundan sonra AR ƏƏSMN-nin tabeliyində olan DSMF-nin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə görə müraciət etmiş, cavabdeh tərəfindən 1 dekabr 2020-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Təyin olunan pensiyaya əlavə olaraq keçmiş müddət üçün hesablanmış 2091,70 manat fərq hissə-hissə ödənməyə başlamışdır. Ailə başçısını itirməyə görə pensiya təyin edilməmişdən əvvəl yaşa görə əmək pensiyası almışdır. Qanunvericiliyə edilən son dəyişikliklərə əsasən şəxsin almadığı əvvəlki illərə görə pensiya məbləğləri ən çoxu 3 il müddətlə məhdudlaşdırılmışdır. Sadə riyazi hesablama apardıqda ona azından son 3 il üçün 12000-15000 manat ödənməli olduğu halda, cavabdeh son 3 il müddətə verməli olan pensiya məbləğinin fərqini düzgün hesablamayaraq 2091,70 manat müəyyən etmişdir. Bununla bağlı cavabdehə elektron qaydada müraciət edərək, son 3 il üçün illər üzrə fərqin müəyyən edilməsi və fərqin mənə ödənilməsi müraciət etmiş, çünki illər üzrə aldığı yaşa görə pensiya və mərhum həyat yoldaşının təminat məbləği dəyişib. Bundan əlavə 2018-ci ildə aldığı əmək pensiyası rəsmi arayışa əsasən 137 manat olmuşdur. Həyat yoldaşının təminat xərcliyini 500 manatdan götürəndə bu məbləğ illik olaraq təxminən 4500 manata yaxın məbləğ olacaqdır. Bu hal onu göstərir ki, cavabdeh son 1 il üçün azından 4500 manat ödəməli və bu fərq dəyişməz qaldıqda isə son 3 il üçün 12.000 manat ödəməli idi. Hətta 1 il üçün ödənilməli olan məbləğ cavabdeh tərəfindən kiçildilərək 2091,70 manat müəyyən edimişdir. Hazırkı iddianın hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq lazımi inzibati icraat aparmamışdır. Belə ki, cavabdeh müraciətə həmişəki kimi formal yanaşaraq şablon xarakterli cavab ünvanlamışdır. Pozulmuş hüquqlarının bərpasından ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının nümayəndəsi iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı 19 noyabr 2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən verilmiş sorğuya əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 24 noyabr 2020-ci il tarixli, **********1 nömrəli məktubunda iddiaçıya yaşa görə əmək pensiyasının 30 noyabr 2021-ci il tarixədək ödənildiyi qeyd edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Qanunun 31,2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 6.4-cü bəndinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin qeydiyyata alındığı tarixdən sonrakı ayın 1-dən aparılır. Bununla əlaqədar olaraq iddiaçının həyat yoldaşı X4 vəfat etməsi ilə əlaqədar iddiaçıya 1 dekabr 2020-ci il tarixdən Mərkəzi Filial tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən 2021-ci ilin may ayında iddiaçıya mərhum Sehran Hüseynovun təminat xərcliyinin (929,65 manat) 80 faizi- 743,72 manat məbləğində müəyyən edilmiş və 1 dekabr 2020-ci il tarixdən yenidən hesablanmışdır. Nəticədə ona ödənilməli olan 2091,70 manat fərq məbləği müəyyən edilib. Qeyd edilən 2091,70 manat fərq məbləği xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 418,34 manat) ödənilmişdir. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından iddiaçıya ödənilməli olan hər hansı borc məbləği yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14cü maddəsinə əsasən 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İddiaçı “pensiya fərqin ödənilməsi” tələbinə dair iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. İddiaçı məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. - İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Əlövsət qızı xx.xx.1958-ci il tarixdə anadan olmuş, Astara rayonu, Rüdəkənar kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. - İşdə olan xx.xx.1977-ci il tarixli, İ-ЖГ 257286 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X3 xx.xx.1977-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1977-ci il tarixdə 2 nömrə ilə qeyd edilmişdir. - İşdə olan xx.xx.2008-ci il tarixli, AZ-İ 317204 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2008-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya 19 noyabr 2020-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən verilmiş sorğuya əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 24 noyabr 2020-ci il tarixli, **********1 nömrəli məktubunda yaşa görə əmək pensiyasının 30 noyabr 2021-ci il tarixinədək ödənildiyi qeyd edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Bununla əlaqədar olaraq həyat yoldaşı X4 vəfat etməsi ilə əlaqədar 1 dekabr 2020-ci il tarixdən Mərkəzi Filial tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2ci maddəsinə əsasən, 2021-ci ilin may ayında mərhum Sehran Hüseynovun təminat xərcliyinin (929,65 manat) 80 faizi-743,72 manat məbləğində müəyyən edilmiş və 1 dekabr 2020-ci il tarixdən yenidən hesablanmışdır. Nəticədə ödənilməli olan 2091,70 manat fərq məbləği müəyyən edilib. Qeyd edilən 2091,70 manat fərq məbləği xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində “Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 418,34 manat) ödənilmişdir. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından Mərkəzi Filialın sizə ödənilməli olan hər hansı borc məbləği yoxdur. 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinizin 10 faizi-74,37 manat maddi yardım ödənilir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, 038065 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, İddiaçı Əlövsət qızına 01 dekabr 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 418.34 manat və xx.xx.2021-ci il tarixdən 743,72 manat ödənilmişdir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-19005/2023 nömrəli ərizəsindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə çoxuşaqlı ana kimi yasa görə pensiya təyin edilmişdir. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial tərəfindən verilmiş sorğuya əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 24 noyabr 2020-ci il, tarixli **********1 nömrəli məktubunda iddiaçıya çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının 30 noyabr 2020-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. İddiaçı 19 noyabr 2020ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. İddiaçının həyat yoldaşı X4 vəfat etməsi ilə əlaqədar ona 1 dekabr 2020-ci il tarixdən Mərkəzi Filial tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, Qanunda əmək pensiyasının növləri fərqləndirilməklə yanaşı, hər birinin təyin edilməsi üçün fərqli sərtlər müəyyən olunmuşdur. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-275261/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, X1 həyat yoldaşı X4 vəfat etməsi ilə əlaqədar 19 noyabr 2020-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən verilmiş sorğuya əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 24 noyabr 2020-ci il tarixli **********1 nömrəli məktubunda adıçəkilən şəxsə yaşa görə əmək pensiyasının 30 noyabr 2021-ci il tarixinədək ödənildiyi qeyd edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş və 13 may 2022-ci il tarixindən qüvvədən düşmüş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Bununla əlaqədar olaraq İddiaçı həyat yoldaşı Sehran Hüseynovun vəfat etməsi ilə əlaqədar ona 1 dekabr 2020-ci il tarixdən Mərkəzi Filial tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təsdiq edilmiş surəti barədə məlumatın təqdim olunması Mərkəzi Filialın səlahiyyətlərinə aid olmadığından sorğunu aidiyyəti üzrə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala göndərilmişdir. Məhkəmə tərəfindən qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ailə başçısını itirməyə görə pensiyasının, ona güzəştli şərtlərlə təyin olunmuş əmək pensiyasının tarixdən təyin olunması və son 3 il üzrə fərqin ödənilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmaması əsası ilə tələbinin təmin olunmasından imtina etmişdir. İddiaçı ailə başçısını itirməyə görə pensiyasının, ona güzəştli şərtlərlə təyin olunmuş əmək pensiyasının tarixindən təyin olunması tələbi barədə dəqiqləşmə ərizəsi təqdim etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: ...... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.2. sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. 14.3. Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır. 14.4. Bu Qanunun 18.2-ci və 18.3-cü maddələrinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin ailə üzvünə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1 – 7.0.3-cü, 7.0.5-ci və ya 7.0.6-cı maddələrində nəzərdə tutulmuş sosial müavinətlərin məbləğindən az olduqda, həmin ailə üzvünün qeyd olunan müavinətləri almaq hüququ olduğu halda, o, ailə başçısını itirməyə görə pensiya əvəzinə müvafiq sosial müavinəti almaq hüququna malikdir. M a d d ə 35. Əmək pensiyası üzrə payın ayrılması 35.1. Ailənin hər bir üzvünün tələbi ilə onun ailə başçısını itirməyə görə əmək pensiyası payı ayrılır və ona ayrıca ödənilir. 35.2. Ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. xx.xx.2024-cü il tarixli Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən göndərilmiş inzibati icraat materiallarından görünür ki, iddiaçı öz ərizəsi ilə müraciət edərək 2008-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və ona güzəştli şərtlə deyil, yaşa görə pensiya təyin edilmişdir. Bu halda iddia tələbi həmin hissədə təmin edilməməlidir. İnzibati işin araşdırılmış hallarından görünür ki, iddiaçı N.Hüseynov barəsində Fondun Astara rayon şöbəsinin xx.xx.2009-cu il tarixli qərarı ilə yaşa görə əmək pensiyası təyin edilmiş və 2008-ci il tarixdən xx.xx.2020-ci ilədək yaşa görə pensiya ödənilmişdir. xx.xx.2020-ci il tarixdən mərhum əri Sehran Hüseynovun təminat xərcliyinin (929.65 manat) 80 faizi –743.72 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilir. Sonuncu yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmaması əsası ilə tələbinin təmin olunmasından imtina etmişdir. Məhkəmə tərəfindən cavabdeh orqanın bu imtinası qanunsuz hesab edilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh orqana müraciət edərək, ailə başçsını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır (1 iyul 2020 – 30 iyun 2021 tarixə qadınlar üzrə pensiya yaşı 62 yaşdır). - 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. - 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. - 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Beləliklə, qüvvədə olan qanunvericiliyin tələblərinə görə əmək pensiyası şəxsin onu almaq hüququ yarandığı gündən və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə təyin edilir. İddiaçı yaşa görə pensiya almış, sonradan cavabdeh inzibati orqana müraciət edərək ailə başçısını itirməyə görə pensiyanın ona təyin olunmasını xahiş etmişdir, yəni bir pensiya növündən digər pensiya növünə keçmişdir. İddiaçıya yaşa görə pensiya aldığı vaxtlarda onun ailə başçısını itirməyə görə pensiya (daha artıq məbləğdə) almaq hüququ artıq yaranmış, lakin sonuncu həmin hüquqdan həmin vaxt istifadə etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı ailə başçısını itirməyə görə pensiya növünə keçidlə bağlı müraciət edən zaman əvvəlki dövr üçün fərq məbləğini tələb etməkdə haqlı olmuş və cavabdehin bunun qanunvericilikdə nəzərdə tutulmaması əsası ilə ona imtina etməsi qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1695/2023 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İddiaçının artıq qazanılmış hüququndan, hüququnun yarandığı zaman istifadə etməməsi onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. Beləliklə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2020-ci ildən təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası ilə həmin vaxta qədər aldığı yaşa görə əmək pensiyasının arasındakı fərqin xx.xx.2020-ci ildən əvvəlki 3 il üçün hesablanıb ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı xx.xx.2020-ci ildən təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası ilə həmin vaxta qədər aldığı yaşa görə əmək pensiyasının arasındakı fərqin xx.xx.2020-ci ildən əvvəlki 3 il üçün hesablanıb ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar