Məhkəmə qərarları › İş №2-1(120)-414/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-414/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-414/2020 24.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X2, cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 (Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 152, mənzil 111-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh 6 saylı Lənkəran Ərazi Vergilər İdarəsinə qarşı vergi borcunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh 6 saylı Lənkəran Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi borcunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı məhkəmə təqdim etdiyi iddia ərizəsində qanunvericilik tələb etdiyi halda tələbini konkret və aydın göstərməmişdir. Ona görə də iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası mümkün sayılmamalıdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını (vergi borcunun silinməsi öhdəliyinin) xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Ancaq baxılan işdə iddianın xüsusi mümkünlük şərti mövcud deyildir. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etməmişdir. Məhkəmə iddianın mümükün sayılmaması ilə bağlı qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçının nümayəndəsi 11.02.2020-ci, 15.04.2020-ci və 24.06.2020-ci il tarixlərə təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmiş, iddiaçıya 11.02.2020-ci il tarixli, 2- 1(120)-414/2020 nömrəli məktubla vergi borcunun məbləği, onun nəyin əsasında yaranması, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cavabdeh inzibati orqan tərəfindən qərar (qərarlar) qəbul edilib-edilməməsi və s. mühüm əhəmiyyətli hallara dair müvafiq məlumatın və sənədlərin məhkəməyə təqdim olunmaqla, iddianın dəqiqləşdirilməsi təklif olunsa da, iddiaçı müvafiq məlumatı, sənədləri və iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəsini məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırki tələbi ilə əlaqədar ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməmişdir. İddaçıya izah edilir ki, o, hazırkı tələblə ilkin olaraq cavabdeh orqana müraciət etməli, cavabdehin iddia tələbinə münasibətini müəyyən etməli idi. Hazırkı halda isə tələb olunan xüsusi mümkünlük şərti mövcud olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh 6 saylı Lənkəran Ərazi Vergilər İdarəsinə qarşı vergi borcunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh 6 saylı Lənkəran Ərazi Vergilər İdarəsinə qarşı vergi borcunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar