Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4166/2024 05.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə (bundan sonra mətndə Cavabdeh İB ) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən ona dəymiş 10 000 ( on min) manat maddi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu il tarixində Laçın rayon, Pircahan kəndində doğulmuşdur.1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı Xüsusi Təyinatlı, Qoşun Kəşfiyyatı və Motoatıcı hərbi hissələrdə, mayor rütbəsində, zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. Hal hazırda ehtiyyatda olan zabitdir, rütbəsi mayordur. Prezident təqaüdçüsü, 2-ci dərəcə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlildir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur.Xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli. Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X1, Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərin yanında olmuşdur.Ona imtiyazlı şəxs kimi Bakı şəhər İcra Hakimiyyəti, Suraxanı rayon İcra Hakimiyyəti və Suraxanı rayon Hövsan Bələdiyyəsi tərəfindən 4 sot torpaq sahəsi ayrılmışdır, lakin həmin ərazidə ona məxsus yaşayış evinin qaz şəbəkəsinə birləşdirib qazla təhciz edilməmişdir, bir cox vaxtlarda cavabdehə, 3-cü şəxslərə yazılı və şifahi müraciət etsə də, ona biganə cavab verilmişdir ki, müraciəti bu səbəblərdən müsbət həllini tapmamışdır. Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhər, Suraxanı rayon, Hovsan qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinin qaz şəbəkəsinə birləşdirib qazla təhciz edilmədiyi üçün Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir, məhkəmə xx.xx.2023-cü il tarixədək ətraflı araşdırma apararaq ədalətli qətnamə qəbul etməklə iddia tələbi Suraxanı Rayon Məhkəməsinin 2(010)-688/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin etmişdir.Suraxanı Rayon Məhkəməsinin 2(010)- 688/2023 nömrəli xx.xx.2023-cü ıl tarixli qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3691/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qəradadı ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)-688/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilərək qeyd edilmişdir ki, bu kimi iddia tələbi üzrə işlərə İnzibati Məhkəmələrdə baxılmalıdır. Məcbur qalıb ‘‘Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhər, Suraxanı rayon, Hövsan qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinin qaz şəbəkəsinə birləşdirib qazla təhciz edilmədiyi üçün məhkəməyə müraciət etmişdir, məhkəmə hərtərəfli və obyektiv araşdırma apararaq Bakı İnzibatı. Məhkəməsinin 2-1(112)-1490/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbini təmin etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1490/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin edilmədən qüvvədə saxlanılmışdır. Beləliklə cavabdeh tərəfindən ona qarşı etdiyi qanuna zidd hərəkətləri nəzərə alaraq ona külli miqdarda maddi zərər vurmuşdur, yəni onun haqsız olaraq müraciətinə müsbət cavab verməməklə, sənətində şəxsi qərəzçilik etməklə məhkəmə çəkişmələrinə cəlb edilməyi, məhkəməyə sənətləri hazırlamağı, yol gedib gələrkən onun yol xərci, sənətləri toplayarkən bir çox hüquq müdafiəçilərindən ödənişli məsləhət almağı, sonda hər üç instansiya məhkəməsi xeyrinə qərar qəbul etməyi və sair digər bu kimi hallara yol verməkləri nəticəsində ona 10 000 (on min) manat maddi zərər vurmuşdurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərənhcamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddia tələbinə dair yazılı münasibətdə göstərilmişdir ki, iş üzrə Məhkəmə ərazi yurisdiksiyası qaydaları pozulmuşdur. Belə ki, ********** saylı VÖEN ilə qeydiyyatdan keçmiş Cavabdeh hüququ ünvanı ünvan 1 yurisdiksiyasının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci, 30-2-ci, 32-ci, 43-cü, 46-2-ci maddələri ilə müəyyən edildiyi kimi bakı şəhəri üzrə ərazi yuristikasına dair işlərə Bakı İnzibati Məhkəməsində baxıla bilər. 2- 1(120)-4166/2024 saylı iş üzrə əlavə edilmiş iddia ərizəsində qeyd olunan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1490/2024 saylı qərarında Apellyasiya şikayəti, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2294/2024 saylı qərarından isə kassasiya şikayəti verilmişdir. 2- 1(120)-4166/2024 saylı iş üzrə qeyd olunan iddia ərəzisi həmdə Sumqayıt İnzibati Məhkəməsində 2-1(118)-5360/2024 saylı nömrə ilə icraatdadır. Qeyd olunanlara əsasən eyni iddia tələbinə fərqli məhkəmələrdə, eyni vaxta (Şirvan və Sumqayıt İnzibaati Məhkəməsi )baxılması mümkün olmadığından, həmçinin iddia ərizəsində qeyd olunan xüsusatlara Ali Məhkəmənin yekun qərarı olmadığından işin mümkünsüz hesab edilmsini xahiş etmişdirlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(120)-1490/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, İddiaçı Cavabdeh İB-yə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinin qazla təchiz edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(120)-1490/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə birləşdirilərək qaz təchizatı ilə təmin edilməsi öhdəliyi Cavabdeh İB-nin üzərinə qoyulması qərara alınmışdır. İnzibati işin materiallarından müəyyən olunduğu kimi, iş üzrə İddiaçı Laçın rayonu, Qayğı qəsəbəsində qeydiyyatda olsa da, o, ünvan 2 ünvanında yaşayır ( iddia ərizəsinə əsasən). Bu isə onu deməyə əsas verir ki, iddiaçının yaşayış yeri ünvan 2 ünvanıdır ki, İPM-in 8.1.2-ci maddəsinə əsasən, sübutların toplanması, məhkəməyə çatımlılığın təmin edilməsi, habelə məhkəmə araşdırmasının daha tez və səmərəli aparılması üçün hazırki mübahisəyə iddiaçının faktiki yaşayış ünvanı üzrə baxılmalıdır. Belə ki, şərh olunduğu kimi iddiaçının tələbi İPM-də nəzərdə tutulan müstəsna aidiyyətlə bağlı tələblərə aid olmamaqla 8.1.2-ci maddədə nəzərdə tutulan aidiyyət qaydasının təsir dairəsinə düşür. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Bundan əlavə, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə iddianın ərazi aidiyyətini müəyyən etmək üçün ilk növbədə iddianın növü müəyyən olunmalıdır. İddianın predmeti cavabdeh tərəfindən iddiaçıya dəymiş 10 000 ( on min) manat maddi zərərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədədir. İPM-nin yuxarıda bəhs olunan müddəalarına görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Belə olan halda iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-nin 8.1.2-ci maddəsi münahisələndirmə haqqında iddia növü üzrə inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yuridiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin (iddiaçının) yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxıldığını təsbit etmişdir. İddiaçı Laçın rayonunda qeydiyyatda olsa da, məlum səbəblərdən hələ Laçında, yəni qeydiyyatda olduğu yerdə yox, Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayır. Hazırki iddia növü öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan və iddiaçının olduğu yer Bakı şəhəri olduğuna görə mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İPM-nin: 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-nin 8.1.2, 8.5 və 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı Cavabdehnə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair 2-1(120)- 4166/2024 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-4166/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4166/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver