Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4166/2025 09.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının 11 noyabr 2024-cü il tarixli, xxxxxxx0001 saylı qərarının ləğv edilməsi və 11 noyabr 2024-cü il tarixdən ona orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 09 fevral 2026-cı il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “(F 06,5) Birinci Qarabağ müharibəsi zamanı alınmış beyin silkələnməsi nəticəsində üzvü dissosiativ pozuntu. Vegetativ dammar davamsızlığı, yüngül paroksizmal əlamətlərlə” diaqnozu ilə 2-ci qrup əlillik təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının ünvanının Beyləqan rayonu olduğunu, Beyləqan rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2025-ci il tarixli, 2-1(112)-6720/2025 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının 11 noyabr 2024-cü il tarixli, xxxxxxx0001 saylı qərarının ləğv edilməsi və 11 noyabr 2024-cü il tarixdən ona orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Birinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşmüşdür. xx.xx.1993-cü il tarixdə N saylı hərbi hissənin tərkibində döyüşlər zamanı yanında düşmən mərmisi partlaması nəticəsində yaralanmış, partlayış dalğasının nəticəsində kəllə-beyin travması almışdır. Həmin gün hərbi hissə komandirinin gondərişi ilə hospitala göndərilmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi 53 gün hospitalda müalicə olunmuşdur. Müalicədən sonra ona «(F 06) Müharibə zamanı partlama nəticəsində alınmış beyin silkələnməsi nəticəsində üzvi dissosiativ pozuntu. Vegetativ damar davamsızlığı, yüngül əlamətlərlə» diaqnozu qoyulmuşdur. Lakin sinirlərindəki pozuntuya görə ona verilən sənədləri itirmişdir. Ona görə də əlilliyin verilməsi üçün müraciət edə bilməmişdir. Bir müddət sonra həmin sənədlərin surətini almaq üçün Dövlət Sərhəd Xidmətinə, hospitala, DSX-nin arxivinə müraciətlər etmişdir. Lakın sənədlərin surəti ona təqdim olunmamışdir. Nəhayət 2024-cü ildə aldığı xəsarət, aparılan müalicə, qoyulan diaqnoz barədə sənədlər Dövlət Sərhəd Xidmətinin Mərkəzi arxivindən tapılmış və ona təqdim edilmişdir. Eyni zamanda Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2024-cü il tarixdə onu yenidən tibbi müayinədən keçirmiş və 1993-cü ildə təyin olunmuş diaqnoz yenidən təsdiqini tapmışdır. Hətta diaqnoz 1993-cü ildə F06 ilə qiymətləndirildiyi halda 2024-cü ildə br az da şiddətlənərək F06.5 ilə qiymətləndirilmişdir. Mövcud qanunvericiliyə görə F06 dərəcəli beyin silkələnməsi əmək qabiliyyətinin itirilməsi və 2-ci qrup əlilliklə qiymətləndirilir. Onda isə diaqnoz F06.5-dir. Bu o deməkdir ki, ona 2-ci qrup əlillik təyin olunmalıdır. O, əlilliyin təyin olunması üçün verilən diaqnozla cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Lakin cavabdeh əlilliyin təyin olunmasından imtina vermişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik barədə həm 1993-cü il, həm də 2024-cü il tarixli qərarı olduğu halda cavabdeh öz imtinasında xəstəlik əlamətlərinin aşkar olunmadığını əsas göstərmişdir. Cavabdeh tərəf onu görməmiş müayinə etməmişdir. Sənədlərdə xəstə olduğu və bu xəstəliyi Birinci Qarabağ müharibəsində aldığı göstərildiyi halda cavabdeh xəstə olmadığını müəyyənləşdirmişdir. Bildirir ki, o, Birinci Qarabağ müharibəsində 5 il Vətənə xidmət etmiş, torpaqlarımız uğrunda döyüşmüşdür. Yanında mərmi partlaması nəticəsində partlamanın dalğasında 5-6 metr kənara düşmüşdür. Nəticədə beyin silkələnməsi olmuşdur. 1993-cü ildən bu günə kimi baş ağrısından əziyyət çəkir. Eyni zamanda tez-tez şəxsiyyət pozuntusu yaranır və o, nə etdiyini bilmir. Belə bir vəziyyət yarananda o, sənədlərini də hara qoyduğunu, hara tulladığını bilmir. Çətinlliklə 30 ildən sonra sənədlərinin arxivdə kötüyünü tapmışdır. 2024cü ildə müayinə nəticəsində də müəyən olunmuşdur ki, 30 ildə onun xəstəliyi keçməmiş və hətta az da olsa şiddətlənmişdir. 30 il bundan qabaq ona əlillik təyin olunmalı olduğu halda, hələ bu gün də bundan cavabdeh imtina edir. Nəzərə almırlar ki, o, sağlamlığını avtoqəzada deyil, Vətən yolunda döyüşərkən itirmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Ağdam RƏD-in xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni. Üzvi (İ QM zamanı alınmış zərbə dalğası nəticəsində) şəxsiyyət pozuntusu, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Səbəbi ilə imtina edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Beyləqan rayon İHB-nın Orta Əlinəzərli kənd İƏD tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 13 nömrəli arayışa əsasən Quliyev X3 rayonunun Orta Əlinəzərli kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” phş-nin 30 may 2024-cü il tarixli 4133 nömrəli rəyindən görünür ki, Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli göndərişinə əsasən xx.xx.1974-cü il təvəllüdlü İddiaçı tibbi müayinədən keçmiş və ona “1-ci Qarabağ müharibəsi zamanı alınmış beyin silkələnməsi nəticəsində üzvi dissosiativ pozuntu F06.5” diaqnozu təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-38-55/2-693/2024 nömrəli qərarından görünür ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu, ehtiyatda olan sabiq əsgər İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Beyləqan şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-11/2-162/2024 nömrəli göndərişinə əsasən xidmət zamanı alınmış xəstəliyin səbəb əlaqəsinə baxılmışdır. Təqdim olunan sənədlərə (DSX HH-nın xx.xx.1993-xx.xx.1993-cü il tarixli, 647 nömrəli xəstəlik tarixi, 2 nömrəli Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4133 nömrəli rəyi) əsasən aşağıdakı qərar verilmişdir: Diaqnoz “(F06.5) Birinci Qarabağ müharibəsi zamanı alınmış beyin silkələnməsi nəticəsində üzvi dissosiativ pozuntu. Vegetativ-damar davamsızlığı, yüngül paroksizmal əlamətlərlə”. Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin a) yarımbəndi, DSX MHHK-nın iyul 2024-cü il tarixli, 7 saylı protokolu. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 116931 nömrəli “Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış”dan görünür ki, Quliyev X3 Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında müayinə və müalicə olunmuş, ona İ Qarabağ müharibəsi zamanı zərbə dalğası nəticəsində alınmış “F07.0 Üzvi şəxsiyyət pozuntusu, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu təyin olunmuşdur. Xəstənin vəziyyəti qrafasında bildirilmiçdir ki, İ Qarabağ müharibəsi zamanı 1993-cü ildə Kasalıq yüksəkliyi istiqamətində yaxınlığında mərmi partlaması nəticəsində xəsarət almış, əsəbilik, yuxusuzluq, baş ağrıları, kəkələmə, sinəsində boğulma və qıcolmalardan əziyyət çəkir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış”dan görünür ki, Quliyev X3 Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında müayinə olunmuş, xəstəliyin başlama tarixi xx.xx.1993-cü il olaraq qeyd olunmuş, ona İ Qarabağ müharibəsi zamanı “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu təyin olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 14181641 nömrəli “Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış”dan görünür ki, Quliyev X3 Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında müayinə və müalicə olunmuş, ona İ Qarabağ müharibəsi zamanı zərbə dalğası nəticəsində alınmış “F07.0 Üzvi şəxsiyyət pozuntusu, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu təyin olunmuşdur. Pasiyentin vəziyyəti qrafasında iddiaçının vəziyyəti “Zahirən narahatdır. Bələdliyi saxlanılıb. Ünsiyyətə həvəssiz daxil olur. Verilən suallara qısa cavab verir. Kəkələmə qeyd olunur. Əhval-ruhiyyə fonu enikdir. əsəbilik, yuxusuzluq, baş ağrıları, kəkələmə və qıcolmalardan şikayət edir. Emosional reaksiyaları qeyri-stabildir. Konfliktə meyllidir. Koqnitiv funksiyaları geri qalır. Tənqidi hissəvidir” kimi qiymətləndirilmişdir. Beləliklə, iş materiallarına və yuxarıda sadalanan tibbi sənədlərə əsasən iddiaçı Quliyev X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Beyləqan şöbəsi tərəfindən hərbi xidmətə göndərilmiş, xx.xx.1993-cü il tarixdə N saylı hərbi hissənin tərkibində döyüşlər zamanı yanında mərmi partlaması nəticəsində yaralanmış, partlayış dalğasının nəticəsində kəllə-beyin travması almış, N saylı hərbi hissə komandirinin iş materiallarında olan xx.xx.1993-cü il tarixli gondərişi ilə hospitala göndərilmiş və xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü ıl tarixə kimi, yəni 53 gün hospitalda müalicə olunmuş, müalicədən sonra ona «(F06) Müharibə zamanı partlayışla əlaqədar alınmış beyin silkələnməsi nəticəsində üzvi dissosiativ pozuntu. Vegetativ damar davamsızlığı, yüngül əlamətlərlə» diaqnozu qoyulmuş, Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli göndərişinə əsasən Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” phş-də 30 may 2024-cü il tarixdə tibbi müayinədən keçmiş və ona “1-ci Qarabağ müharibəsi zamanı alınmış beyin silkələnməsi nəticəsində üzvi dissosiativ pozuntu F06.5” diaqnozu təyin edilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Beyləqan şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-11/2- 162/2024 nömrəli göndərişinə əsasən Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-38-55/2-693/2024 nömrəli qərarı ilə Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu, ehtiyatda olan sabiq əsgər İddiaçı xidmət zamanı alınmış xəstəliyinin səbəb əlaqəsinə baxılmış ona “(F06.5) Birinci Qarabağ müharibəsi zamanı alınmış beyin silkələnməsi nəticəsində üzvi dissosiativ pozuntu. Vegetativ-damar davamsızlığı, yüngül paroksizmal əlamətlərlə” diaqnozu təyin edilmiş. Həmçinin, iddiaçı Quliyev X3 Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında müayinə və müalicə olunmuş, ona İ Qarabağ müharibəsi zamanı zərbə dalğası nəticəsində alınmış “F07.0 Üzvi şəxsiyyət pozuntusu, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu, həmin tibb müəssisəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müayinə olunmuş, xəstəliyin başlama tarixi xx.xx.1993-cü il qeyd olunmaqla ona İ Qarabağ müharibəsi zamanı mərmi partlayışı nəticəsində alınmış xəstəliyi ilə əlaqədar “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 11 noyabr 2024-cü il tarixli, xxxxxxx0001 saylı qərarından və həmin qərara əlavə edilmiş tibbi sənədlərdən görünür ki, iddiaçının əlillik vəziyyətinə baxılmış və yuxarıda sadalanan tibb müəssisələri tərəfindən İddiaçı xəstəliyi ilə əlaqədar qoyulmuş diaqnozlar öz təsdiqini tapmış, lakin cavabdeh “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2025-ci il tarixli, 3-17-4/2-29525/2025 saylı məktubunda qeyd edilmişdir ki, məhkəmənin qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən agırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2025-ci il tarixdə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 11 noyabr 2024cü il tarixli, xxxxxxx0001 saylı qərarını mübahisələndirmişdir. Məhkəmə iddiaçıya təyin olunmuş diaqnozun əlillik əlaməti təyin etməməsi barədə cavabdeh inzibati orqanın əsaslandırılmamış qərarını həqiqəti əks etdirməyən inzibai akt hesab edir. Belə ki, iş materiallarına və iş üzrə təqdim olunmuş tibbi sənədlərə əsasən İddiaçı xx.xx.1993-cü il tarixdə N saylı hərbi hissənin tərkibində döyüşlər zamanı yanında mərmi partlaması nəticəsində yaralanması, partlayış dalğasının nəticəsində kəllə-beyin travması alması, hərbi hissə komandirinin gondərişi ilə hospitala göndərilməsi, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü ıl tarixə kimi 53 gün hospitalda müalicə olunması, müalicədən sonra ona təyin olunmuş «(F 06) Müharibə zamanı partlama nəticəsində alınmış beyin silkələnməsi nəticəsində üzvi dissosiativ pozuntu. Vegetativ damar davamsızlığı, yüngül əlamətlərlə» diaqnozu, sonrakı müayinə və müalicələr nəticəsində ona təyin olunmuş “(F06.5) Birinci Qarabağ müharibəsi zamanı alınmış beyin silkələnməsi nəticəsində üzvi dissosiativ pozuntu. Vegetativ-damar davamsızlığı, yüngül paroksizmal əlamətlərlə” diaqnozu, “F07.0 Üzvi şəxsiyyət pozuntusu, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu və “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu 31 il müddətində təsdiq olunmuşdur. İddiaçıya təyin olunmuş diaqnozlarda əksini tapmış xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci “Psixi və davranış pozuntuları” bölməsinin 7.6.2-ci “F06 baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular, üzvi mənşəli şəxsiyyət pozuntusu” bəndinin orqanizmin funksiyasının pozulma faizinin 35-60 və orqanizmin funksiyasının pozulma müddətinin 2 il qeyd olunduğu 7.6.2.1-ci (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması), həmçinin, orqanizmin funksiyasının pozulma faizinin 65-80 və orqanizmin funksiyasının pozulma müddətinin 2 il qeyd olunduğu 7.6.2.2-ci (məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti) yarımbəndlərinə tam uyğunluğu təsdiq olunur. İş materiallarında olan Beyləqan Rayon Mərkəzi Xəstəxanasının məhkəməyə ünvanladığı 29 iyul 2025-ci il tarixli, 18-1-29/2-987/2025 nömrəli məktubunda bildirilir ki, İddiaçı “Şəxsiyyət pozuntusu. Funksional tutmalar, koqnitiv funksiyaların tutması” diaqnozları ilə dispanser qeydiyyatdadır. Göründüyü kimi, İddiaçı xx.xx.1993-cü il tarixdə N saylı hərbi hissənin tərkibində döyüşlər zamanı yanında mərmi partlaması nəticəsində aldığı kəllə-beyin silkələnməsi ilə əlaqədar ona təyin olunmuş ilk diaqnoz (F06), Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” phş tərəfindən 30 may 2024-cü il tarixdə təyin olunmuş diaqnoz (F06.5), Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-38-55/2- 693/2024 nömrəli qərarı ilə təyin olunmuş diaqnoz (F06.5) və Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təyin olunmuş diaqnozlar (F07.0) onun xəstəliyinin 31 il ərzində heç bir müsbət dəyişikliklər olmadan davam etdiyini və xəstəliyinin “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci “Psixi və davranış pozuntuları” bölməsinin tələblərinə cavab verdiyini, bunun isə ona əlillik təyinatının aparılması üçün əsas olduğunu təsdiq etməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaçıya əlillik təyinatından imtina edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı Beyləqan Rayon Mərkəzi Xəstəxanası, Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi”, Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası və Respublika Psixiatriya Xəstəxanası tərəfindən təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə İddiaçı xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-8218/2025 nömrəli qərarında İddiaçı səhhətində agırlaşmaların və patofunksional pozuntuların aşkar olunmadığı bildirilsə də, yuxarıda sadalanan tibb müəssisələri tərəfindən ona təyin olunmuş diaqnozlardakı xəstəlikləri ilə bağlı müsbət dəyişikliklərin mövcudluğu barədə qeydin əksini tapmaması onun xəstəliyinin hazırki vaxtadək heç bir dəyişiklik olmadan davam etdiyini təsdiq edir. İddiaçı səhhəti ilə bağlı yuxarıda sadalanan diaqnozların iddiaçıya məhz mötəbər tibbi müəssisələr tərəfindən təyin edildiyi, iddiaçıda olan və əlilliyin təyin olunmasına əsas verən xəstəliklərin həmin diaqnozlarda öz əksini tapdığı halda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya heç bir tibbi açıqlama vermədən əlillik təyinatından imtina etməsi iddiaçının əlillik vəziyyətinin obyektiv qiymətləndirilməməsi qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə İddiaçı ona əlilliyin təyin olunmasına əsas olan diaqnozu, xəstəliyinin hal-hazıradək mövcud olması tam təsdiq olunur. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarında iddiaçıya əlillik təyinatından imtinanın faktiki və hüquqi halları müəyyən olunmamış, nəticədə iddiaçının qanuni əsaslarla malik olduğu hüquqlarına ciddi müdaxilə edilmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 11 noyabr 2024-cü il tarixli, xxxxxxx0001 saylı qərarının ləğv edilməsini və ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X5 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X5 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan onun iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-996/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 11 noyabr 2024-cü il tarixli, xxxxxxx0001 saylı qərarı ləğv edilməli və 11 noyabr 2024-cü il tarixdən ona orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 11 noyabr 2024-cü il tarixli, xxxxxxx0001 saylı qərarı ləğv edilsin və 11 noyabr 2024-cü il tarixdən ona orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-4166/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4166/2025
09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver