Məhkəmə qərarları › İş №2-1(120)-417/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-417/2022

16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-417/2022 16.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi xx katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “İddiaçı məcburi köçkün statusunun təsdiq edən vəsiqəsinin verilməsi vəzifəsinin qoyulması” tələbinə dair inzibati işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “İddiaçı məcburi köçkün statusunun təsdiq edən vəsiqəsinin verilməsi vəzifəsinin qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağdam rayonundan məcburi köçkün düşüb və hal-hazırda Cəlilabad rayonu H.Aslanov küçəsində fərdi yaşayış evinə məskunlaşıb. xx.xx.2003-cü ildə Cəlilabad rayon sakini X5 ilə nigaha girib və nigahdan xx.xx.2004-cü il təvəllüdlü İddiaçı anadan olub. Oğlu İddiaçı məcbur köçkün statusunun verilməsini təsdiq edən vəsiqə ilə bağlı 2021-ci ilin avqustunda Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə mürqaciət etsə də, müsbət cavab almamışdır. Hesab edir ki, övladına məcburi köçkün statusunun verilməsindən imtina qanunsuz və əsassızdır. İmtinaya əsasən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə görə valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. İmtina əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə görə valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Qanuni nümayəndə həyat yoldaşı X4 məcburi köçkün deyil və ünvan 1 ünvanında qeydiyyatdadır. Göründüyü kimi ana X4 məcburi köçkün statusuna malik olmadığından və qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmadığından övladlarına məcburi köçkün statusunun və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Sonradan məhkəmə qərardadı ilə Qanuni nümayəndə əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə cavabdehə bildiriş ünvanlanmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda iddiaçının əvəz edilməsi ilə əlaqədar olaraq qeyd edilməlidir ki, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatdığından və tam fəaliyyət qabiliyyətli hesab edildiyindən onun inzibati məhkəmə icraatında iştirakı mülki prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan şəxslərin mənafeyi onların qanuni nümayəndələri tərəfindən qorunmalıdır. İddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman əsl iddiaçı yetkinlik yaşına çatmadığından məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmuşdur. Lakin, iş məhkəmədə olduğu zaman o, yetkinlik yaşına çatmışdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar İ. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun: normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd; 2.9. Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. 88.1. Normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir. 88.2. Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun:

1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın: 1.1. “Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. 1.2. Məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. Qanunvericiliyin tələbindən də göründüyü kimi mərkəzi icra hakimiyyəti orqanlarının qərarları, həmçinin həmin qərarla təsdiq edilmiş qaydalar Azərbaycan Respublikası ərazisində və həmin ərazidə olan şəxslər, dövlət orqanları üçün məcburi hüquqi qüvvə malikdir. Qeyd olunan səbəbdən də, məhkəmə normativ hüquqi akt statusuna malik olan Azərbaycan Respublikası qanunvericilik sisteminin tərkibində olan mərkəzi icra hakimiyyəti orqanı kimi Komitə tərəfindən qəbul edilmiş Qaydalar”ın 4.1.6-cı yarımbəndinə uyğun olaraq hesab edir ki, iddiaçı məcburi köçkün statusuna malik olmayan şəxsdir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı həmin yarımbəndin hazırkı vəziyyətdə tətbiq edilməsi ilə razılaşmır, imtinanın Azərbaycan Respublikası Qanunlarına və Azərbaycan Respublikası Konstitusiyasının normalarına uyğun olmadığın qeyd edərək iddianın təmin edilməsini xahiş edir. Cavabdeh isə, qeyd olunan yarımbəndin tələbinə uyğun olaraq iddiaçıların anasının məcburi köçkün statusuna malik olmamasını və qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmadığını əsas müəyyən edərək iddiaçılara məcburi köçkün statusunun verilməsindən imtina edir. Məhkəmə hesab edir ki, cavabdehin imtina ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Qaydaların 4.1.6-cı yarımbəndində iddiaçılara məcburi köçkün statusu verilməsinə əsas olmuş hər iki şərt də ödənilmir. Yarımbəndin məzmunundan da göründüyü kimi o uşaqlara məcburi köçkün statusu verilir ki,

1. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun;

2. hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işin faktiki hallarından isə görünür ki, birinci şərt ödənilsə də, ikinci şərt ödənilməmişdir. Göründüyü kimi məhkəmə üçün iddianın imtina əsası həmin 2-ci şərtin ödənilməməsi ilə bağlı olmuşdur ki, işin faktiki hallarından, şəxsiyyət vəsiqəsi məlumatlarından, o cümlədən məhkəmə tərəfindən sorğu nəticəsində əldə edilən məlumatlardan göründüyü kimi iddiaçıların anası xx.xx.1985-ci il təvəllüdlü X1 şəhəri, H.Aslanov küçəsi, ev 74 ünvanda qeydiyyatda olmaqla Əliyeva soyadı ilə AZE 00305181 nömrəli şəxsiyyət vəsiqəsi almış, xx.xx.2020-ci il tarixdə isə ünvan dəyişməsi ilə əlaqədar ünvan 3nmaqla AA ******* nömrəli şəxsiyyət vəsiqəsi almış və hal-hazırda həmin ünvanda qeydiyyatdadır. Belə ki, yarımbəndin tələbindən də göründüyü kimi iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini olmuş olması zəruri şərt kimi müəyyən edilmişdir ki, iddiaçıların valideyni olan anası Cəlilabad şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan və şəxsiyyət vəsiqəsinə malik olan şəxsdir. Qeyd olunan səbəbdən də, məhkəmə normativ hüquqi akt statusuna malik olan Azərbaycan Respublikası qanunvericilik sisteminin tərkibində olan mərkəzi icra hakimiyyəti orqanı kimi Komitə tərəfindən qəbul edilmiş Qaydalar”ın 4.1.6-cı yarımbəndinə uyğun olaraq hesab edir ki, iddiaçı məcburi köçkün statusuna malik olmayan şəxsdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar