Məhkəmə qərarları › İş №2-1(120)-4171/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4171/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4171/2024 17.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, İddiaçı, üçüncü şəxs Hacıqabul şəhər Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı X12 və Hacıqabul şəhər Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “qərarın, alğı-satqı müqaviləsinin və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi) qarşı X12 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin iş üzrə 3-cü şəxs X1 dair Hacıqabul Bələdiyyəsinin 04 dekabr 2006-cı il tarixli, 12 nömrəli qərarının, alğı-satqı müqaviləsinin, hüquqların dövlət qeydiyyatına alınmasına dair 11 aprel 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ona məxsus torpaq sahəsinə aid hissədə və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunması öhdəliyinin cavabdehə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışlar ki, iş üzrə cavabdeh inzibti orqan DƏDKR publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunda yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin X4 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi əsası ilə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Üçüncü şəxs Mikayılov Anar xx.xx.2006-cı il tarixində Hacıqabul rayon Bələdiyyəsinə müraciət edərək ona həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Hacıqabul Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 nömrəli qərarına əsasən ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi 04 dekabr 2006-cı il tarixli, 246 nömrəli alqı-satqı müqaviləsi ilə Anar Məlikova satılmış və torpaq sahəsi üzərində 11 aprel 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Mübahisəli torpaq sahəsi 15 ildən artıqdır ki, onun istifadəsindədir. Torpaq sahəsi X19 tərəfindən üzərində olan fərdi yaşayış evi ilə birlikdə X9 satılmışdır. X15 torpaq sahəsini alqı-satqı müqaviləsi ilə aldıqdan sonra torpaq sahəsi üzərində xx.xx.2015-ci il tarixli çıxarışla mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Həmin torpaq sahəsi X13 mülkiyyətində olmuşdur. X13 adına verilmiş torpağa dair pasportdan müəyyən olunur ki, torpaq sahəsi 2052,3 kv.m ibarət olmuşdur. 2052,3 kv.m torpaq sahəsinin 0,013 ha hissəsi X10 adına çıxarışla rəsmiləşdirilmiş, qalan torpaq sahəsi ilə zəbt torpaq sahəsi kimi onun istifadəsində olmuşdur. Hesab edir ki, üçüncü şəxsə verilmiş çıxarış qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra X12 və Hacıqabul şəhər Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş, İPM-in 49-cu maddəsinə və İPM-nin 47-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli məhkəmə bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi və üçüncü şəxslər tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, üçüncü şəxs X12 məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Məhkəmə subyektiv hüquqa anlayış verərək qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi). İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. İş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışının surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında 0,013 ha torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 44,1 kv.m olan fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində X8 adına qeydə alınmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2020-ci il tarixli şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2008-ci il tarixdə ölmüş X11 vərəsəsi oğlu X20 idi, lakin onun xx.xx.1995-ci il tarixində ölümü ilə əlaqədar ona çatası miras pay oğlu -X14, qızı- X17, oğlu-X3 və onlar miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX 13 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X16-ya verilmiş **********27 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 44,1 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Göründüyü kimi, hazırki işdə iddiaçının subyektiv hüququ mövcud deyildir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə qanunla nəzərdə tutulmuş qaydada İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah olunmuşdur ki, iddia tələbi bir neçə hissədən ibarətdir bələdiyyə qərarının, alğı-satqı müqaviləsinin və sözügedən qərar əsasında verilmiş çıxarışın ləğv edilməsi. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman hər iki tələbi üzrə cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi bələdiyyə qərarının və alğı-satqı müqaviləsinin ləğvinə dair tələbin üzrə cavabdeh qismində çıxış edə bilməz.İddiaçıya Hacıqabul Bələdiyyəsinin 04 dekabr 2006-cı il tarixli, 12 nömrəli qərarının, alğı-satqı müqaviləsinin ləğvinə dair iddia ərizəsi ilə Hacıqabul Bələdiyyəsinə qarşı məhkəmədə iddia qaldıra biləcəyi izah olunmuşdur. Beləliklə iddiaçıya məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə dair subyektiv hüququnu təsdiq edən sübutların təqdim olunması, iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılılması, iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) təklif olunsa da, qeyd olunan hallar iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Belə ki,Məhkəmə tərəfindən mahiyyəti üzrə verilmiş müvafiq sorğuya DƏDKR publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 3-21-3-38/2-2744/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş: X5 xx.xx.2006-cı il tarixli 12 nömrəli qərarına əsasən Hacıqabul şəhər sakini X6 fərdi yaşayış evi tikmək üçün M.Əliyev küçəsində 0,06 ha torpaq sahəsi satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli aktın surətindən müəyyən olunur ki, Hacıqabul rayon sakini X12 bələdiyyə orqanına xx.xx.2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmı, bələdiyyə ərazisinin 0,06 ha torpaq sahəsinin satılması barədə 2006-cı il 04 dekabr tarixində 12 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X12 tərəfindən Hacıqabul rayon Kapital bankının ********** hesabına əvvəlcədən 120 manat haqq ödəmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində X4 adına qeydə alınmışdır. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə almaq lazımdır ki, cavabdeh məhz etibarlı və hüquqi qüvvəyə malik hüquqmüəyyənedici sənəd, yəni Hacıqabul Bələdiyyəsinin 04 dekabr 2006-cı il tarixli, 12 nömrəli qərarı əsasında X4 torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə almışdır və bu zaman “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinin tələbinə uyğun davranmışdır. Eyni zamanda məhkmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamənin 3-cü bəndində Xidmətin vəzifələri aşağıdakı kimi göstərilmişdir: 3.0.18. Daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23 Daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26 Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı, cavabdeh DƏDKR publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı Hacıqabul Bələdiyyəsinin 04 dekabr 2006-cı il tarixli, 12 nömrəli qərarının, alğı-satqı müqaviləsinin ləğvinə dair tələbinə cavab verməli inzibati orqan olmadığı üçün iddiaçının bu tələbinə də baxıla bilməz. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 8-ci bəndində göstərilmişdir ki: 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçıya izah olunur ki, hazırki qərardadda yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra, iddia tələbi üzrə subyektiv hüquqa malik olan şəxs tərəfindən yenidən eyni iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı X12 və Hacıqabul şəhər Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “qərarın, alğı-satqı müqaviləsinin və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar