Məhkəmə qərarları › İş №2-1(120)-418/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-418/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-418/2020 29.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 (Beyləqan şəhəri, Y.Məmmədov küçəsi, ev 15-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Beyləqan bələdiyyəsinə qarşı zəruri hesabat məlumatlarının iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Beyləqan bələdiyyəsinə qarşı Beyləqan bələdiyyəsinin 2015- 2018-ci illər ərzində müıliyyətində olan kənd təsərrüfatə təyinatlı torpaqlarının icarəyə verilməsi və Beyləqan bələdiyyəsi tərəfindən 2015-2018-ci illər ərzində aparılmış abadlaşma işləri və yolların təmiri üzrə iş və xidmətlər barədə məlumatların iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. X7 Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilərək onlardan iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X1 Beyləqan bələdiyyəsinin sədri seçildikdən hazradək, yəni başa çatan 2015-2018-ci illər ərzində yerli büdcənin icrası haqqında illik hesabatı qanunvericilikdə nəzərdə tutulduğu kimi elan etməmişdir. Buna görə bələdiyyənin 2015-2018-ci illər üzrə Gəlir və Xərclərinə dair icmal hesabat məlumatları, tanış olmaq üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsi (hakim X3) vasitəsi ilə Beyləqan bələdiyyəsindən alınıb ona təqdim edilmişdir. Hesabatla tanış olduqda məlum oldu ki, rəqəmlər qeyri-müəyyən olduğundan məlumatlara aydınlıq gətirilməlidir. Hesabatlara aydınlıq gətirilməsi məqsədilə açıqlanması vacib və zəruri olan aşağıdakı iki nüans barədə Beyləqan bələdiyyəsinin sədri N.H.Quliyevə 25.10.2019-cu il tarixdə etdiyi rəsmi müraciət icrasız qalmışdır: - 1) Beyləqan bələdiyyəsinin 2015-2018-ci illər ərzində mülkiyyətində olan kənd təsərrüfatı təsərrüfatı təyinatlı torpaqlarının icarəyə verilməsi barədə məlumat; - 2) Beyləqan bələdiyyəsi tərəfindən 2015-2018-ci illər ərzində aparılmış abadlaşma işləri və yolların təmiri üzrə iş və xidmətlərə dair məlumat. Həmin məlumatların verilməməsi məqsədilə bələdiyyə sədri müxtəlif vasitələrdən istifadə etsə də, müraciətini vaxtında cavablandırmamışdır. Məlum olduğu kimi, cənab Prezidentin öz çıxışlarında mütəmadi olaraq aşkarlığın, şəffaflığın tam bərqərar olması, "kölgə iqtisadiyyatının" real iqtisadiyyatla əvəz olunması məqsədilə ictimai nəzarətin gücləndirilməsini xüsusilə qeyd edir, ciddi tövsiyyələr verir. Bələdiyyələr də Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi üçün ölkə Prezidentinin tövsiyyələri onlar tərəfindən icra olunmalıdır. Hesabatların ərazidə yaşayan seçicilərə aşkarlıq şəraitində çaldırılması qanunvericilik aktlarında ciddi təsbit edilmişdir. "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanunun 12-ci maddəsinə əsasən bələdiyyələrin vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməlidir. Bu məqsədlə bələdiyyələr və onların müvafiq nəzarət komissiyaları bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verir, bülletenlər buraxır, illik hesabatları bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirirlər. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh İmişli rayon Qeydiyyat şöbəsinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Beyləqan bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Beyləqan bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surəti və 25.10.2019-cu il tarixli müraciət ərizəsi əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun : 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3-cü maddəsinə əsasən informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1-ci maddəsinə əsasən sorğu edilən informasiyanın informasiya sahibində olubolmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2-ci maddəsinə əsasən informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 2.4-1-ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 2.5.-ci maddəsinə əsasən informasiya sahiblərindən bu Qanunun tələblərinə uyğun olaraq əldə edilmiş sənədləşdirilmiş informasiyadan, digər məqsədlər, o cümlədən kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına bu şərtlə icazə verilir ki, törəmə informasiya yaradılarkən ilkin mənbəyə istinad edilsin. 3.0.1-ci maddəsinə əsasən informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar; 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. 24.5-ci maddəsinə əsasən informasiya sorğusunın bu Qanunla müəyyənləşdirilmiş icra müddəti sorğunun qeydə alındığı günün sonrakı iş günündən hesablanır. 27.1-ci maddəsinə əsasən aşağıdakı hallarda informasiya sorğusu icra olunmuş sayılır: 27.1.1-ci maddəsinə əsasən informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə; 27.1.2-ci maddəsinə əsasən informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə; 27.1.3-cü maddəsinə əsasən açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə; 27.1.4-cü maddəsinə əsasən informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə. 27-1-ci maddəsinə görə sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən: 12.1. Yerli vergilərin və ödənişlərin yığılmasına, yerli büdcələrə köçürülməsinə və istifadə olunmasına nəzarət bələdiyyələrin müvafiq komissiyaları, habelə seçkili orqanlarda, bələdiyyə qulluğunda işləməyən, yerli məhəllə komitələrinin və vətəndaşların yığıncaqlarında təklif olunan, bələdiyyə iclasında təsdiq olunan nəzarət komissiyaları tərəfindən həyata keçirilir. 12.2. Zəruri hallarda yerli vergi və ödənişlərin yığılmasına və onlardan istifadə edilməsinə nəzarət məqsədi ilə bələdiyyələrin qərarına əsasən müvafiq yoxlamaların aparılması üçün müstəqil auditorlar cəlb oluna bilər. 12.3. Bələdiyyələrin vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməlidir.Bu məqsədlə bələdiyyələr və onların müvafiq nəzarət komissiyaları bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verir, bülletenlər buraxır, illik hesabatları bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirirlər. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 3-cü bəndinə əsasən bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim edir. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları növbəti ilin yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 (on beş) gün müddətində təsdiq edirlər. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s. vasitələrlə çatdırırlar. Məhkəmə qeyd edir ki, informasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir. Sadalanan normalardan görünür ki, iddiaçının cavabdehdən tələb etdiyi informasiyaların sahibi məhz Beyləqan bələdiyyəsidir və cavabdeh informasiya sorğusunu aldığı gündən qanunvericiliklə müəyyən edilmiş müddətində icra etmək öhdəliyi daşıyır. Məhkəmənin qənaətinə görə cavabdeh iddiaçının informasiya sorğusunu icra etməməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). İPM-in 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, Beyləqan bələdiyyəsinin 2015-2018-ci illər ərzində mülkiyyətində olan kənd təsərrüfatə təyinatlı torpaqlarının icarəyə verilməsi və Beyləqan bələdiyyəsi tərəfindən 2015-2018-ci illər ərzində aparılmış abadlaşma işləri və yolların təmiri üzrə iş və xidmətlər barədə məlumatların İddiaçı təqdim edilməsi öhdəliyinin cavabdeh Beyləqan bələdiyyəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərəvəİnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85cimaddələrinəəsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Beyləqan bələdiyyəsinin 2015-2018-ci illər ərzində mülkiyyətində olan kənd təsərrüfatə təyinatlı torpaqlarının icarəyə verilməsi və Beyləqan bələdiyyəsi tərəfindən 2015-2018-ci illər ərzində aparılmış abadlaşma işləri və yolların təmiri üzrə iş və xidmətlər barədə məlumatların İddiaçı təqdim edilməsi öhdəliyi cavabdeh Beyləqan bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar