Məhkəmə qərarları › İş №2-1(120)-419/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-419/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-419/2021 17.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı (Cəbrayıl rayonu, G.Veysəlli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), Cavabdeh nümayəndəsi X1 (Şirvan şəhəri, 20 Yanvar küçəsi, ev 26A, mənzil 35-də yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh X3 (Şirvan şəhəri, Mehmandarov küçəsi, dalan 1, ev 3-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdehnə və X5 qarşı evdən kənarda tikdiyi əmlakın sökülüb gətirilməsinin təmin olunması, sökülüb gətirilməsi mümkün olmayan şərikli əmlakının, müqavilə şərtlərinə uyğun olaraq evin və ağacların komission ekspertiza tərəfindən qiymətləndirilərək dəyərinin ödənilməsinin təmin olunması və s. tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdehnə və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evdən kənarda tikdiyi əmlakın sökülüb gətirilməsinin təmin olunması, sökülüb gətirilməsi mümkün olmayan şərikli əmlakının, müqavilə şərtlərinə uyğun olaraq evin və ağacların komission ekspertiza tərəfindən qiymətləndirilərək dəyərinin ödənilməsinin təmin olunması, sabiq qonşusu Sürayə Atayevanın, ona edilmiş etibardan sui-istifadə edərək, heç bir məlumat vermədən qudası tərəfindən əmlakının mənimsənilməsinə şərait yaratdığı üçün əməlinin hüquqi müstəvidə həllinin tapılması və onun tərəfindən mənimsənilmiş əmlakının dəyərinin ödənilməsi, əmlak hüququnun pozulmasında rəhbərlik edərək kobud qanun pozuntusuna yol vermiş vəzifəli və fiziki şəxslərin hüquqi məsuliyyətinin müəyyənləşdirilməsi üçün tədbir görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirdi ki, Əli Bayramlı (Şirvan) Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 69 nömrəli sərəncamına əsasən X4 “Həyat” təşkilatının xx.xx.1996-cı il tarixli 116 saylı məktubu nəzərə alaraq Əli-Bayramlı şəhərində məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə yaşayış evləri tikilməsi üçün şəhərin cənub sənaye zonasında, Şirə zavodunun şərq hissəsində 6,0 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsində X4 “Həyat” təşkilatı tərəfindən qaçqın və məcburi köçkün ailələri üçün 20 ədəd sığınacaq tikilmişdir. Həmin sığınacaqlarda yaşayacaq qaçqın və məcburi köçkün ailə başçıları ilə, o cümlədən İddiaçı ilə “Həyat” vasitəsi ilə UNHCR tərəfindən verilən daş evlərdə yaşayış şərtləri barədə müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1-ci bəndində göstərilmişdir ki, münaqişə qurtarana qədər UNHCR bu evlərdə sahiblik hüququnu saxlayacaq, bu o deməkdir ki, bu evi sata, maddi xeyir götürmək üçün istifadə edə, başqasına verə bilməz. Bu ev yalnız torpaq sahibi və UNHCR-a təqdim olunmuş siyahıda göstərilmiş ailə üzvlərinin istifadəsi üçündür. Müqavilənin 1-ci bəndində göstərilənlə iddiaçı razı olmuşdur. Müqavilənin ikinci bəndi ilə iddiaçı evin yaxşı saxlanılması, qapı və pəncərələrinin zədələnməməsi üçün əlindən gələni edəcəyini, binanın yaxşılaşdırılması üçün işlər görə, binaya əlavələr edə biləcəyini, üçüncü bəndinə əsasən hökumət ona münaqişə qurtarana qədər bu evdə yaşamaq hüququnu təmin edəcəyini, kiminsə onu bu evdən güclə çıxarmağa cəhd edərsə torpaq sahibinə, UNHCR-ə və ya “Həyat” təşkilatına məlumat verəcəyini öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərir ki, xx.xx.2016-cı il tarixdə Şirvan şəhərini tərk etmişdir. İddiaçı ona verilən sığınacağı könüllü olaraq tərk edərək özünə başqa şəhərdə daimi yaşayış yeri seçib, orada davamlı surətdə yaşamasına baxmayaraq sığınacağı tərk etməsi barədə UNHCR-i, “Həyat” təşkilatını və torpaq sahibini məlumatlandırmalı olduğu halda, bunu etməmişdir. O iddia ərizəsində həmçinin, göstərmişdir ki, sığınacaqdan köçüb gedərkən evi və açarlarını qonşusu Sürayə Atayevaya vermişdir. Sürayə Atayeva da öz növbəsində həmin evi qızına vermişdir. Azərbaycan Respublikasının MM-nin 155.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüquqi ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Əli Bayramlı (Şirvan) Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 69 nömrəli sərəncamına əsasən X4 “Həyat” təşkilatının xx.xx.1996-cı il tarixli 116 saylı məktubu nəzərə alaraq Əli Bayramlı şəhərində məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə yaşayış evləri tikilməsi üçün sənub sənaye zonasında, Şirə zavodunun şərq hissəsində 6,0 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaqlar kateqoriyasındadır. Göstərilən torpaq sahəsinin üzərində tikilmiş 20 ədəd sığınacaq X4 “Həyat” təşkilatının mülkiyyətindədir. İddiaçının həmin torpaq sahəsi üzərində tikilmiş sığınacağa və torpaq sahəsinə heç bir mülkiyyət hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası MM-nin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. İddiaçının iddia ərizəsində irəli sürdüyü tələblərin Cavabdehnə heç bir aidiyyəti yoxdur və İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyildir. İddiaçı iddia ərizəsində ona verilmiş sığınacaqdan xx.xx.2016-cı il tarixdə köçüb getdiyini, sığınacağın açarlarını etibar etdiyi qonşusu Sürayə Atayevaya verdiyini, sonradan Sürayənin həmin sığınacağı qızına verdiyini, iddiaçının sığınacaqda yaşayanlarla telefon vasitəsi ilə danışığını və çəkdirdiyi metal hasara görə onlardan 1000 manat pul istədiyini göstərmişdir. Belə olan halda, iddiaçı həmin şəxslərə qarşı əmlak və yaxud pul tələbinə dair iddia ərizəsi ilə ümumi məhkəmələrə müraciət etməlidir. İddiaçı iddia ərizəsində evdən kənarda tiktirdiyi metal əmlakının sökülüb gətirilməsini, sökülüb gətirilməsi mümkün olmadıqda şərikli əmlakın müqavilənin şərtlərinə uyğun olaraq evin və ağacların komission ekspertiza tərəfindən qiymətləndirilərək dəyərinin ödənilməsini, qonşusu Sürayə Atayevanın ona etdiyi etibardan sui-istifadə edərək onlara heç bir məlumat vermədən qudası tərəfindən əmlakın mənimsənilməsinə şərait yaratması üçün onun əməlinə hüquqi müstəvidə həllini tapmasını və onun tərəfindən mənimsənilmiş əmlakın dəyərinin ödənilməsini, onun yazdıqlarına şübhə varsa telefon danışıqlarının çıxarılmasını və məhkəmədə dinlənilməsini, respublikada qanunların əliliyinin mövcud olmasını sübut etmək məqsədilə əmlak hüququnun pozulmasında rəhbərlik edərək kobud qanun pozuntusuna yol vermiş vəzifəli və fiziki şəxslərin hüquqi məsuliyyətinin müəyyənləndirilməsi üçün tədbirin görülməsinin və Azərbaycan Respublikasının CPM-nin müvafiq maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına məlumat verməsini tələb etmişdir. Cavabdeh fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri barədə” əsasnaməyə uyğun olaraq həyata keçirir. İddiaçı iddia tələbində göstərdiklərinin heç birinin İcra Hakimiyyətinə aidiyyəti yoxdur. Belə ki, Şəhər İcra Hakimiyyətinin hər hansı bir işçisi tərəfindən onun konstitutsion hüquqları pozulmamış, onun daxil olmuş müraciətlərinə müəyyən edilmiş müddətlərdə rəsmi cavablar göndərilmiş, iddia etdiyi metal çəpərin mənimsənilməsi, sökülməsi və digər hallara yol verilməmişdir. Bu məsələ iddiaçı ilə sabiq qonşusu Sürayə Atayeva və onun qızı arasında olan mülki mübahisədir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 bildirdi ki, X4 “Həyat” təşkilatının tərəfindən verilən evdə İddiaçı ilə qonşu olmuşdur. İddiaçı 2016-cı ildə başqa yerə köçüb gedərkən evi mühafizə edib qorunması üçün açarlarını ona vermişdir. Daha sonra 2020-ci ilin yay aylarında bu ev əlil şəxsə verilmişdir. Bundan sonra həmin ev barədə məlumatı yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Əli-Bayramlı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, beynəlxalq qeyri-dövlət hümatinar “Həyat” təşkilatının məktubu nəzərə alınaraq Əli-Bayramlı şəhərində məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə yaşayış evləri tikintisi üçün şəhərin cənub sənaye zonasında, Şirə zavodunun şərq hissəsində 6,0 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan “Hayat” nümayəndəsi və İddiaçı tərəfindən xx.xx.1998-ci il tarixdə imzalanmış “Hayat” vasitəsilə UNHCR tərəfindən verilən daş evlərdə yaşayış şərtlərindən (müqavilədən) görünür ki, UNHCR maliyyəsi ilə daş sığınacaqlar tikən “Hayat” təşkilatından İddiaçı ailəsi üçün sığınacaq tikilməsini xahiş etmişdir. Həmin müqavilənin birinci bəndində qeyd edilmişdir ki, münaqişə qurtarana qədər UNHCR bu evlərdə sahiblik hüququnu saxlayacaq. Bu evi sata, maddi xeyir götürmək üçün istifadə edə, başqasına verə bilməz. Bu ev yalnız torpaq sahibi və UNHCR-a təqdim olunmuş siyahıda göstərilmiş ailə üzvlərinin istifadəsi üçündür. Münaqişə qurtarandan sonra evlərin taleyi məsələsi torpaq sahibi, UNHCR və İddiaçı arasında müzakirə olunacaq. İşdə olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, 680 nömrəli məktubunda qeyd edilmişdir ki, ...”Sizinlə bağlanmış müqavilədə işğal altında olan torpaqlar azad olunana və ya məcburi köçkünlər dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunana qədər Sizə həmin sığınacaqda yalnız yaşamaq hüququnun verildiyi bildirilmişdir. Lakin Siz 10 ildən artıqdır ki, Şirvan şəhərində yaşamamısınız və həmin evdən istifadə etməmisiniz. Bağlanan müqavilənin şərtlərinə görə mənzilin satılması, bağışlanması və hədiyyə verilməsi yolverilməzdir.” Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə hesab edir ki, hazırkı halda İddiaçı cavabdeh inzibati orqan tərəfindən subyektiv hüququnun pozulduğu müəyyən olunmur. Başqa sözlə, iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddia ərizənizdə cavahdeh kimi fiziki şəxs X8 qeyd edilmişdir. Fiziki şəxs olan cavabdehə (X6) qarşı hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə bir qayda olaraq cavabdeh qismində inzibati orqan çıxış edir. Məhkəmənin iddia tələbinin “müqavilə şərtlərinə uyğun olaraq evin və ağacların komission ekspertiza tərəfindən qiymətləndirilərək dəyərinin ödənilməsinin təmin olunması” hissəsinə dair qeyd edir ki, qeyd olunan tələb mülki xarakterli olduğundan iddiaçının həmin tələb bağlı ümumi məhkməyə (rayon və ya şəhər) müraciət etmək hüququ vardır. Eyni zamanda iddia tələbinin “Sürayə Atayevanın, ona edilmiş etibardan sui-istifadə edərək, heç bir məlumat vermədən qudası tərəfindən əmlakının mənimsənilməsinə şərait yaratdığı üçün əməlinin hüquqi müstəvidə həllinin tapılması və onun tərəfindən mənimlənilmiş əmlakının dəyərinin ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh fiziki şəxsin hərəkətlərində cinayət xarakterli hüquqpozmalarının olub-olmaması araşdırmaq hüquq mühafizə orqanlarının səlahiyyətinə aiddir. Qeyd olunan məsələ ilə bağlı hüquq mühafizə orqanlarına (daxili işlər orqanlarına və s.) müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-1822/2020 nömrəli hüquqi yardım məktubu ünvanlanaraq, həmin hüquqi yardım məktubuna münasibət bildirmək təklif olunmuşdur. Lakin iddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onun təmin olunması xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar